«Şuşanın işğalı Azərbaycanın tarixində ən faciəli hadisələrdən biridir»

 

 Vaqif Arzumanlı: «Şuşanın işğalı əslində sonrakı məğlubiyyətlərimizin başlanğıcı oldu»

 

Mehdi Mehdiyev: «Bu şəhərin işğalı ilə onun ətrafının müdafiəsi daha da zəiflədi»

 

Ermənistanın Şuşa şəhərinin işğal etməsinin növbəti ildönümü gəlir. Artıq 20 ildir ki, bu şəhər erməni tapdağı altındadır. Şuşa şəhəri 1992-ci ilin may ayının 8-də təcavüzkar ordunun hücumuna məruz qalaraq işğal edilib. Əslində onun işğalı ilə bütün Qarabağ ərazisinin işğalının əsası qoyuldu.

Şuşa şəhəri Dağlıq Qarabağ ermənilərinin Ermənistanla birbaşa əlaqə yaratmalarında başlıca maneə idi. Hə qədər ki, Şuşa bizim əlimizdə idi, Ermənistan Dağlıq Qarabağdakı separatçılarla geniş əlaqələr qura bilmirdi.

Şuşanın işğalı Qarabağ savaşının gedişinə təsir göstərdi. Həmin təsirin nədən ibarət olduğunu həmsöhbətlərimizlə aydınlaşdırmağa çalışdıq.

Siyasi şərhçi, professor Vaqif Arzumanlının fikrincə, Şuşanın işğalı əslində sonrakı məğlubiyyətlərimizin başlanğıcı oldu: «Şuşa şəhəri Azərbaycan dövlətçiliyi və milli mədəniyyətinin, etnoqrafiyasının çox qiymətli, maraqlı parçasıdır. Şuşa təkcə bizim yox, bütünlükdə Şərq dünyasının, Şərq etnoqrafiyasının, arxeologiyası və mədəniyyətinin bir hissəsi kimi tarixə düşüb və bu gün də həmin tarixi əhəmiyyətini qoruyub saxlamaqdıdır. Şuşanın işğalı Azərbaycanın, onun dövlətçilik tarixində ən faciəli hadisələrdən biridir. Təəssüf ki, Şuşa bütün dövrlərdə alınmaz bir qala olduğu halda çox asanlıqla düşmən tərəfindən işğal edilmişdi. Bu şəhərin işğalı Dağlıq Qarabağ münaqişəsində, Azərbaycan-Ermənistan müharibəsində ermənilərin xeyrinə böyük divident qazandırdı. Şuşanın birinci Qarabağ müharibəsində Azərbaycanın qələbələr qazandığı, milli ordumuzun irəlilədiyi bir ərəfədə bəzi qüvvələr tərəfindən düşmənə təslim edilməsi nəticəsində ordumuzda böyük bədbinlik yarandı, xalqın əhval-ruhiyyəsində faciəvi məqamlar yaşatdı. Həmin şəhərin işğalı ilə nəinki böyük bir ərazimizi, tarixi mədəniyyətimizi də itirdik. Şuşanın işğalı ardınca Azərbaycanın ayrı-ayrı rayonlarının, xüsusilə də cənub-qərb rayonlarının işğalı ilə nəticələndi. Həmin işğal təəssüflə demək olar ki, birinci Qarabağ müharibəsində ermənilərin qələbəsinin təminatı oldu. Şuşa ermənilərin əlinə keçməsəydi, söz yox ki, digər işğal olunan ərazilərimiz də düşmənin əlinə keçməyəcəkdi. Şuşanın işğalı ordumuz və xalqımızda bir ruh düşkünlüyü yaratdı. Çünki Şuşa şəhəri işğal olunan ərazilərimiz arasında ən möhtəşəmi, tarixi baxımdan ən qiymətlisi, strateji baxımdan ən zirvə ərazi idi».

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev də dedi ki, şəhərin düşmənin əlinə keçməsilə ətraf ərazilərin müafiəsi işi də zəiflədi və nəticədə onlar da işğala məruz qaldı: «Şuşa şəhəri Azərbaycanın tarixi abidəsidir. Ölkəmizin ən qədim şəhərlərindən biri olaraq Şuşa incəsənətimizin mərkəzi olub. Eyni zamanda bu şəhər əlçatmaz bir qaladır. Onun işğalı Azərbaycan üçün böyük itkidir.

Yüksəklikdə yerləşdiyindən şəhər hərbi baxımdan da strateji əhəmiyyət daşıyan vacib bir məntəqə idi. Şuşanın işğalı ilə onun ətrafının müdafiəsi daha da zəiflədi. Ona görə də Şuşanın müdafiəsi gücləndirilməsi idi. Amma təəssüf ki, o dövrdə bir sıra günahkarların səhvi üzündən şəhərin mövqeyi xeyli zəiflədiyindən Şuşa düşmənin əlinə keçdi. Şuşa şəhəri işğal olunmasaydı, ətrafında sonradan cərəyan edən bir çox proseslər olmazdı, digər rayonlarımız işğala məruz qalmazdı».

Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyinin sədri Yaşar Cəfərli də bildirdi ki, həmin işğalla bütün Qarabağ ərazisinin itirilməsinin əsası qoyuldu: «Şuşanın işğalı bütövlükdə bizim Silahlı Qüvvələrin şəxsi heyətinin əhval-ruhiyyəsinə çox mənfi təsir göstərdi. Eyni zamanda erməni silahlı qüvvələrində bir ruh yüksəkliyi yaratdı. Demək olar ki, bu işğal müharibənin gedişində ciddi bir dönüş yaratdı və son nəticədə Şuşanın işğalı ilə bütün Qarabağın işğalı təəssüf ki, baş verdi».

 

 

Rüfət SULTAN

 

Xalq Cəbhəsi.- 2012.- 3 may.- S.8.