Noqay yazılı ədəbiyyatı
Sıbra
Jırayı noqay şairləri poetik sözün banisi sayılır
Noqaylar ədəbiyyat tarixlərini miladi V-X yüzildə yazılmış Orxon-Yenisey qəbirüstü abidələrindən, Mahmud Kaşğarlının «Divani lüğat it-türk»ündən (XI yüzillik), Yusif Balasaqunlunun «Kutadqu biliq»indən, Əhməd Yəsəvinin «Hikmətlər»indən (XII yüzillik), Süleyman Bakırkanlının (XII yüzillik), Əhməd Yügnəkinin (XIII yüzillik), Rabğuzinin (XIV yüzillik) yaradıcılığından, «Nahsül feradis» kimi əsərlərdən başlayırlar. Araşdırmaçı Əli Şamil bildirir ki, hətta bəzi araşdırıcılar bu siyahını daha da genişləndirərək Xarəzminin «Məhəbbətnamə»sini, Qütbünün «Husrevü Şirin»ini, «Kodeks kumanikus»u və b. əsərləri də buraya daxil edirlər: «Sovet ədəbiyyatşünasları noqay yazılı ədəbiyyatının XIV yüzildən başladığı fikrindədirlər. Sıbra Jırayı noqay şairlərinin babası hesab edirlər. Onun adına nadir hallarda «Şopbaşlı» epiteti əlavə edilməz: bu da «zərif başlı» deməkdir. XIV əsrin sonlarında yarandığı güman edilən, dastanlarda 180 yaşlı qoca kimi tanıdılan və şeirləri dillər əzbəri olan şairin xalq arasında nüfuzu olduqca böyükdür. Bu cür öygülər onu «Kitabi-Dədə Qorqud»dakı ozan Qorquda bənzədir. XIV yüzildə bədii sözün görkəmli ustası olan Sıbra noqay tayfalarının müstəqil dövlət yaratmaq uğrunda Qızıl Orda xanları ilə mübarizəsinin tərəfdarı kimi tanınır. Sıbra çoxlu xalq mahnılarının yaradıcısı sayılır. Ancaq bizim günlərə onlardan yalnız bir neçə poetik monoloq (tolkau) gəlib çatıb. Sıbradan sonrakı yüzillərdə yaşayan noqay şairləri onu poetik sözün banisi kimi təsvir edirlər.
Sıbradan sonra Parızdak Şaban ulunu bu ədəbiyyatın böyük siması sayırlar. XV yüzildə yaşamış Şal Kiyiz Tileniş ulu, XVI yüzildə yaşamış Asan Kaykılı, Dosmambet Azaylı, Jirenşe Şeşen, XVII yüzildə yaşamış Kazı Tuvan Suyunişi ulu və başqalarının yaradıcılığında doğrunun yalan, haqqın, həqiqətin zülm üzərində qələbəsi, sevgi aparıcı mövzudur. Şal Kiyiz Tileniş ulunun şeirlərindəki axıcılıq, dilin şirinliyi, Asan Kaykılının poeziyasındakı dərin fəlsəfi fikir yalnız çağdaşlarını deyil, sonrakı nəsilləri, noqaylara qonaq olmuş səyyahları da heyrətə salmışdı.
Noqaylar islamı qəbul etdikdən sonra XVIII yüzildən uyğur əlifbası ilə yanaşı ərəb əlifbasından da istifadə ediblər».
Yerli kadrlar rus dilini öyrənməklə Avropaya çıxış, oradakı elmi, mədəni fikirlə tanışlıq imkanı əldə edirdi: «Rusiya və Avropa ziyalılarının təsiri ilə onlar ədəbiyyata yeni ədəbi biçimlər-hekayə, povest, roman, sonet, dram kimi janrlar gətirirdilər. Abdurrahman Ömərov (1867-1933) mədrəsələr üçün dərs kitablarını redaktə və nəşr edir, siyasi və ədəbi qəzet və jurnallara maarifçilik ruhunda məqalələr yazır, folklor nümunələri toplayaraq çap etdirirdi. Onun 1913-cü ildə nəşr etdirdiyi «Noqay jırları» kitabına yazdığı ön söz bu gün də elmi əhəmiyyətini itirməyib. Həbibulla Ömərov, Nəsib Mevluberdiyev, Abdurrahman Əliyev, Əli Hosayev, Kurbanəli Erembetov kimi maarifçi aydınlar 1914-cü ilədək Həştərxanda «Toy», «İslah» və «Maarif» adlı jurnallar nəşr ediblər».
Sovetlər Birliyində gedən ideoloji mübarizə noqay ədəbiyyatından da yan keçmədi: «Xalqın dastanlar söyləyən, özü də yeni dastanlar qoşan Acı Molla Noğman ulu Sovet hökumətinin tərənnümçüsünə çevrildi. Çağdaş noqay ədəbiyyatının inkişafında və formalaşmasında Abdulhamid Canıbəyovun (1879-1955) xidməti böyük idi. O, etnoqrafik və tarixi materiallar toplamaqla, nəşriyyat işi və pedaqoji fəaliyyətlə məşğul olurdu. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultayın iştirakçısı olmaq onu yaradıcılığa daha da həvəsləndirdi. Milli məsələyə diqqətini artırdı və türk xalqlarının latın qrafikalı vahid əlifbasının yaradılması uğrunda çalışan aydınların sırasına qoşdu. Ədəbiyyata yeni gələn Musa Kurmanaliyev (1894-1972) və Zeit Kaybəliyev (1898-1979) kimi gənclər sinfi mübarizəni aparıcı mövzuya çevirməyə, ənənəvi poeziyanı yeniləşdirməyə çalışırdılar. Bununla yanaşı Basir Abdulin 1932-ci ildə yazdığı «Düşmən yenildi», «Batrak», 1934-cü ildə yazdığı «Əməyin yendiyi zaman», Hasan Bulatıkov 1936-cı ildə yazdığı «Fatimat» pyesləri ilə noqay ədəbiyyatında dramçılığın əsasını qoyurlar. Basir Abdulin (1892, Həşdərxan vilayətinin Tiyek kəndi-1937) sonralar Həşdərxan və Kazan şəhərlərində mədrəsə təhsili görmüşdü. Ərəb, rus və türk dillərini bilən ədib xalqının tarixini və folklorunu öyrənməyə də həvəs göstərmişdi, öyrəndiklərindən sonralar bədii əsərlərdə geniş istifadə etmişdi. Sosializmin tərənnümçüsü kimi tanınmasına baxmayaraq 1937-ci ilin irticasından o da qurtara bilməmişdi. Yalnız B.Abdulin və H.Bulatıkov deyil, onlarla aydın, yazıçı həbs edilir və güllələnir».
Araşdırmaçı bildirir ki, sosializm quruculuğunun ilk illərində ədəbiyyatla məşğul olanların yazdıqlarından çox, onların tərcümeyi-hallarına diqqət yetirilirdi: «Kasıb ailədən olan gənclərə daha geniş imkanlar açır, onları yazıb-yaratmağa həvəsləndirir, əsərlərini nəşr edir, pyeslərini səhnələşdirirdilər. Kasıb ailədə doğulub ədəbiyyata gələn gənclərdən biri də Fazil Apas ulu Abdulcəlilov idi. II Dünya Savaşının başlanması da ədəbiyyatda bədii dəyərlərin arxa plana keçməsinə, publisistikanın qabarmasına şərait yaradır. 1941-1950-ci illərdə yazılan şeir, hekayə, roman və pyeslər bədii cəhətdən zəif olub qəzet və jurnal məqalələrini xatırladır. 50-ci illərdən sonra faşist Almaniyası üzərində Sovetlər Birliyinin qələbəsi ədəbiyyatın əsas mövzusuna çevrilir. Fazil Abdulcəlilovun «Güclülər ailəsi» (1950), Suyun Qarayevin «Tazasu sərgisi» (1965), «Durnacık» (1974) və b. noqay ədəbiyyatının savaş mövzusunda ən yaxşı əsərləri sayılır».
Sovetlər dönəmində noqayların ədəbi və elmi mərkəzləri Karaçay-Çərkəz Muxtar Vilayətində və Dağıstan Muxtar Respublikasında fəaliyyətə başladı. Karaçay-Çərkəzdə Fazil Abdulcəlilov (1913-74), Salechgan Zalyandin (1924-73), Söyün Qarayev (1927-2001), Maqomet Kirimov (1927), Canbolad Türkmenov (1935), Askerbiy Kireyev (1938), Gülcamal Mirzayeva (1940), Keldixan Kumratova (1944-2003), Dağıstanda isə Musa Kurmanalıyev (1894-1972), Zeit Kaybalıyev (1898-1979), Kuruptursun Orazbayev (1924-90), Qamzat Asıgeldiyev (1939-66), Anvarbek Kultayev (1941), Kadriya Temurbulatova (1948-78) və b. yazıçı və şairlər yazıb-yaradıb və yaradırlar: «1960-cı illərdə sovet ədəbiyyatında baş verən dəyişiklik noqay ədəbiyyatından da yan keçə bilməzdi. Ədəbiyyatda «60-cı illər nəsli» deyə bir ifadə işlədilməyə başladı. Bu nəslin nümayəndələri 20-50-ci illərin ədəbi simaları kimi ideologiyaya daha çox önəm vermir, sənətkarlığı önə çəkir, bədii təsvir vasitələrinə üstünlük verirdilər. Bekbiyke Kulunchakova (1946), Valeri Kazakov (1948), İsa Qarayev (1949) və b. yeni nəsil peşəkar şair və yazıçıların meydana çıxması ədəbiyyata marağı artırdı. İ.Qarayevin yaradıcılığı çağdaş problemlərə yönəlib, insanın gündəlik qayğıları yazıçının əsas mövzusudur. Onun qəhrəmanları insanlıq ləyaqəti, mənəvi borc, sevgi və ləyaqət haqqında düşünür. Yazıçı keçmişdən mənəvi dəyərləri alaraq gələcəklə birləşdirməyə çalışır. İ.Qarayevin yaradıcılıq axtarışları bədii cəhətdən də dolğundur.
İsa Söyün ulu Qarayev noqay ədəbiyyatında araşdırıcı ədib kimi tanınır. Atası Söyün Qarayev noqay ədəbiyyatının görkəmli simalarındandır. 1970-1990-cı illərdə sosial-əxlaqi problemlər (Murat Kirimov) gündəmə gətirilir, epik və lirik xalq dastanları əsasında pyeslər (Askerbiy Kireyev) yazır.
Noqay ədəbiyyatında yeniləşmə gedir. Bu yeniləşmə tarixə obyektiv yanaşma, milli miraslara yiyə çıxma, milli özünüdərk, qapalı sovet məkanından çıxıb çoxçalarlı dünya sivilizasiyasına canatma şəklində özünü göstərir».
Uğur
Xalq Cəbhəsi.-
2012.- 4 may.- S.14.