Pola Neqri – səssiz kinonun ulduzu

 

Pola Neqri səssiz kinonun ən yaxşı aktrisalarından biri kimi tarixə düşüb. Onda hər şey gözəl, sirli, ekzotik, həm xarici gözəlliyi, həm də geyim manerası baxımından mükəmməl idi. Əsl adı isə Polya Xalupes idi. Bütövlükdə, onun həyatı melodram ssenarisi idi. Yoxsul uşaqlıq dövru, sonra isə ani uğur, dünya şöhrəti, zadəganlar, adlı-sanlı adamlarla macəralar, axırda isə tənha qocalıq.

Uşaqkən Barbara Apaloniya adlandırılan Pola Neqri Rusiya imperiyasının qərb rayonlarından biri olan Polşanın Lipno şəhərində anadan olmuşdu. Əslində ailələri bura Slovakiyadan gəlmişdi. O, fəhlə Yeji Xalupes və xanımı Eleonoranın yeganə övladı idi. Aktrisa özü haqqında deyirdi ki, o, yüzilliyin sonuncu günü 31 dekabr 1899-cu ildə doğulub. Bioqraflar isə onun yaşını araşdırmağa başlamışdılar. Polyak rejissoru, aktrisa haqqında sənədli filmin müəllifi Mariuş Kotovski Linponun arxivindən onun doğum tarixinin dəqiq 31 yanvar 1897-ci il göstərilmiş doğum şəhadətnaməsini tapmışdı.

Baxmayaraq ki, onun ailəsi 1905-ci ildə atasının həbsindən və Sibirə sürgünündən sonra yoxsulluq içərisində idi, ağıllı Pola Peterburqda və Varşavada öz çalışqanlığı sayəsində xoreoqrafiya və musiqi təhsili almağı bacarmışdı. Zaman keçdikcə bu gənc gözəllə yenidən «Sfinks» kinokompaniyası maraqlanır və rejissor Aleksandr Hertsin çəkdiyi həmin «Ehtiraslar köləsi»ndə ilk dəfə uğurla çıxış edir. İlk tamaşadan sonra o bu kiçik kinostudiyanın ulduzu olur və Apoloniya Xalupesdən Ada Neqrinin familiyasını götürdüyü Pola Neqriyə çevrilir. Həmin dövrdə Birinci Dünya Müharibəsi gedirdi, ardınca rus inqilabı baş vermişdi. Tezliklə o, Berlinə Maks Reynhardtın truppasında işləməyə yollanır. Avropa bu ərəfədə yarım dağıdılmış vəziyyətdə idi, hər yerdə işsizlik, yoxsulluq, infilyasiya baş alıb gedirdi. 1918-ci ilin noyabr inqilabından sonra Almaniyada imperiya hakimiyyətinin yerinə Veymar respublikası hökuməti gəlir. İncəsənət də bu dövrdə inqilabi dəyişikliklər yaşayır. İnsanlar ekspressionizm, pasifizm, sosializm, kubizm, kommunizm haqqında mübahisələr edirlər. Sosioloq və publisist Ziqfrid Krakauer özünün məşhur «Kaliqaridən Hitlerəcən. Alman kinosunun psixoloji tarixi» kitabında həmin dövrü belə təsvir edir: «Bütün Almaniyada manifestlər və çağırışlar geniş yayılmışdı, iclas keçirilən ən kiçik zallar belə səs-küylü və qızğın diskusiyalardan səksənirdi: Müharibədən qayıdan cavan yazıçı və rəssamlar kinostudiyanı özləri üçün əyləncə məkanı seçmişdilər. Kino onlar üçün naməlum yollar açan incəsənətə çevrilmişdi.

Hələ Birinci Dünya Müharibəsi zamanı alman hökumətini kinematoqrafla böyük planlar bağlayırdı. Nüfuzlu siyasətçi, Antanta ölkələri ideoloji qarşıdurması ideyasına tutulan general Erix Lüdendorf ölkənin kiçik studiyalarını Hollivuda meydan oxuyan və milləti birləşdirməyə qadir olan böyük bir kinostudiya adı altında birləşdirməyi təklif edirdi. Layihənin bir qismi dövlət tərəfindən, bir qismisə böyük alman bankları tərəfindən maliyyələşdirilmişdi və nəticədə 18 dekabr 1917-ci ildə UFA kinokonserni yaradılmışdı. Bundan sonra kinoulduz və istedadlı rejissor tapmaq lazım gəlirdi. Ulduz Pola Neqri, rejissorsa aktyor Ernist Lüubiç oldu. Onlar alman kinematoqrafiyasını yaratmağı qarşılarına məqsəd qoyurlar. Demək lazımdır ki, bu vəzifənin öhdəsindən bacarıqla gəlmişdilər də.

1918-ci ildə Pola Lyübiçin iki müvəfəqiyyətli filmi – bugünümüzə qədər də gəlib çatan «Ma mumiyasının gözləri» və «Karmen»də çəkilir. Bir ildən sonra isə onlar tarixi film olan, XV Lüdoviqin sevgilisi və Böyük fransız inqilabı zamanı ölən, yüngül «madam Dübarri»dən bəhs edən film üzərində işləyirlər.

Studiyanın başbilənləri bu filmə görə Lübiçə hədsiz miqdarda vəsait ayırmışdılar. Filmin ilk tamaşası 1919-cu il sentyabrın 18-də böyük alman kinoteatrı UFA Palastda baş tutur. Uğura söz ola bilməzdi. Pola Neqrinin ifasında zərif, gözəl və intiriqaçı qadın rolu hamını vəcdə gətirir: həm UFA-nın rəhbərlərini, həm də bütün dünya tamaşaçılarını, o sıradan Hollivud filmlərilə öyünən amerikanları. Elə həmin ildə Pola gənc polyak zabiti və zadəganı Yevgeni Dombski ilə tanış olur və onunla evlənir. Dostlarının xatırladığı kimi, aktrisaya «qrafinya Pola» deyə müraciət edəndə çox xoşuna gəlirdi. İki il keçəndən sonra Pola qraf Dombskidən ayrılır, başqa bir kişi ilə nişanlandığını elan edir. Onun yeni sevgilisinin adı Çarli Çaplin idi. Həmin dövrdə aktrisa Hollivuda köçərək, Paramount studiyası ilə müqavilə bağlayır. Amerikan kinostudiyalarının rəhbərləri bu ərəfədə Avropa kinosunda baş verənləri diqqətlə izləməyə başlamışdılar. Ən perspektivli istedadlara şirnikləndirici müqavilələr təklif edirdilər ki, bunlardan heç kim imtina etmək istəmirdi. Misal üçün, Polaya həftədə 300 dollar verirdilər. Bu dövrdə kino hələ də səssiz olaraq qalırdı, buna görə də heç kimi maraqlandırmırdı Avropadan gələn qonağın aksenti varmı, ümumiyyətlə, o, ingiliscə danışa bilirmi?

Hollivudda miss Neqri parlaq ulduzlardan birinə çevrilir. O, «Qadağan olunmuş cənnət» (1924), «İspan rəqqasəsi» (1923), «Aktrisanın maraqları» (1928) melodramlarında, eləcə də rus həyatından bəhs edən «Moskvalı qadın» faciəsində oynayır. Bu dövrdə Hollivudda Pola Çarli Çaplinlə sevgi macərası yaşayır. Çapli hər yanda gələcək toydan danışırmış. Lakin bu iki temperamentli, şöhrətpərəst və eqoist aktyor bir-birinə heç cürə öyrəşə bilmirlər. İkiillik macəradan sonra Pola Hollivudda şöhrət və müvəffəqiyyətdən Çarlidən heç də geri qalmayan Rudolfo Valentinoya görə Çaplindən boşanır.

Çaplinin kim olduğunu hamı bilir. Lakin Valentinonun adı yalnız kinomanlara məlumdur. Vaxtilə onlar eyni səviyyəli ulduzlar idi. İri qara gözləri və solğun üzünün düzgün cizgiləri olan bu gənc italiyalının şöhrətini müasir aktyorlar heç yuxularında belə bilməzdilər. Valentinonun pərəstişkarlarının öz kumirinə sevgisi aktyorun həyatını qorxulu edən kollektiv isterikanı xatırladırdı. Bir dəfə onun filmlərindən birinin premyerası zamanı qadın izdihamı kinoteatrı mühasirəyə alanda aktyor canını damdan qaçmaqla qurtarmışdı. Bu qədər pərəstişkarı olan Valentinonun çox məşhur, ironik, özündən razı Pola Neqriyə üstünlük verməsini də başa düşmək olar. Lakin bu roman da çox uzun sürmür. 23 avqust 1926-cı ildə Rudolfo uğursuz əməliyyatdan sonra dünyasını dəyişir. Bütün Amerika Pola Neqrinin dəfn mərasimində bayılması haqda reportajları ürək ağrısıyla oxuyurdu. Buna baxmayaraq Amerikanlar bir il keçdikdən sonra onun knyaz Serj Mdivaniyə ərə getməsi xəbərini eşidəndə çox təəccüblənmişdilər. Əlbəttə, bütün bu nikahlar ötəri idi və Polanın gürcü knyazı Serjlə münasibətləri də bu baxımdan istisna deyildi. İrəlidə isə onu daha ciddi hadisələr gözləyirdi. Əvvəla, aktrisanı 5 milyon dollardan, eləcə də Beverli – Hilzdəki mülkündən, Parisdəki qəsrindən və villasından məhrum edən böyük depresiya başlamışdı. İkincisi isə kino səsli olmuşdu. Polanın çox gözəl, həyəcanlı səsi vardı, lakin o, amerikan tamaşaçısının xoşuna gəlməyən slavyan aksentindən qurtula bilmirdi. Həmin dövrdə Pola Neqrinin Hollivudda bir az mövqeyi laxlayanda, gözlənilmədən o, Almaniyada yada düşür. 1934-cü ildə ona Hans Ramonun «Mazurka» melodramında çəkilməyi təklif edirlər. Lakin Berlin Veymar respublikası dövründə küçə nümayişləri və mitinqləri ilə, kafelərdə mübahisələri, teatrlarda böyük rejissorları ilə birlikdə unudulmaq dərəcəsində idi. Buna baxmayaraq, alman prodüserləri 15 il bundan əvvəl olduğu kimi Pola Neqriyə arxayın idilər və bundan uddular da. Polanın iştirakı ilə «Mazurka» nasist Almaniyasında yeganə bədii film olur ki, onu xaricdə müvəffəqiyyətlə tanıdır və məşhurlaşdırır. Bu film də «Madam Bovari» kimi siyasi bir film idi və alman kinematoqrafiyası bu filmdən sonra daha da irəli getdi.

Pola Neqrinin bu oyunu alman tamaşaçıları tərəfindən rəğbətlə qarşılanır. Nəticədə o, Hitlerin sevimlisinə çevrilir. Başqa diktatorlar kimi, Hitler də çox sentimental idi. Həmin dövrlərdə Kreml kinozalında «Böyük şəhərin işıqları»na baxanda göz yaşlarını gizlədə bilməyən Hitler, Avropanın başqa səmtində «Mazurka»nın qəhrəmanının taleyinə hönkür-hönkür ağlamışdı. Bu dövrlərdə nasist liderləri əsmər qadınlara daha çox meyl edirdilər. Misal üçün, Qöbbels əsmər çexiyalı Lidiya Baarovaya görə karyerasını, ailəsini, Almaniyanı atmağa hazır idi. Hitlerin isə, şübhəsiz ki, Pola Neqridən çox xoşu gəlirdi. Görəsən, Adolf Hitler və Pola Xalupes arasında sevgi macərası olmuşdumu? Kino tarixçiləri bu suala bu vaxtacan dəqiq cavab tapa bilmirlər. Bircə bu məlumdu ki, Hitler aktrisanın pərəstişkarı idi, həm də müvafiq xidmət orqanları aktrisanın əslini araşdıranda fürer şəxsi göstərişi ilə yoxlamaları dayandırmağı əmr etmişdi. Bu da məlumdur ki, Pola anasına məktubunda çox məşhur almanla sevgi əlaqəsi olduğunu etiraf etmişdi. Məsələ onda idi ki, Hitler bu dövrdə həddindən artıq məşhur idi və belə faktları gizlətmək çox çətin idi. Yeri gəlmişkən, Paris jurnallarından Pour Vous yazanda ki, Pola fürerin sevgilisidir, o bu qəzeti məhkəməyə vermiş və prosesi udmuşdu. Çox keçmədən o, başa düşür ki, Hitler Almaniyasında daha yaşamaq olmaz. İkinci dünya müharibəsinin başlanmasına bir il qalmış aktrisa Mavi Sahilə köçür. Fransanın işğalından sonra isə Portuqaliyaya gedir. 1941-ci ilin əvvəlində fürerin sevimli aktrisası Lissabon limanında qaçqınlara qoşularaq gəmi ilə Nyu-Yorka yola düşür. Hələ yaxşı ki, o, 1943-cü ilin noyabrında Berlində nəhəng yanğının işığında UFA Palast kinoteatrının dağıdıldığını görmədi. Hansı ki, 26 il bundan əvvəl «Madam Dübarri»nin ilk tamaşası burada olmuşdu.

Demək olmazdı ki, onu Amerikada gözləyirdilər. Burada artıq, Marlen Ditrix, İnqrid Berqman, Ketrin Xepyörn kimi məşhur ulduzlar var idi. Bir neçə il keçəndən sonra komediyaların birində ona madam Ksenya Smetana rolu verilir. Beləcə Hollivudda onun gözəl vokal səsinə və xoşagəlməz aksentinə uyğun rol tapılır. Lakin onun madam Dübarridən madam Smetanaya çevrilməsi Polaya ruhlandırıcı görünmürdü. Nə edəsən, bundan sonra slavyan qadınlarının komik rollarını oynamağa məcbursan. Belə bir oyuna girişməyə dəyərdimi? Həm də bu dövrdə o, Texas neft maqnatının varisi Marqaret Uestlə tanış olur. Bu tanışlıq Polanın həyatında böyük rol oynayır. 1957-ci ildə rəfiqələr San-Antonioda böyük malikanədə yaşayırlar və o vaxtdan Polanı kişi kinoprodüserlərin «xeyirxahlığı» maraqlandırmır.

Ömrünün sonrakı üç onilliyində Pola özünün sakit təminatlı həyatını yaşayır. O özünə xeyirli və zövqverici məşğuliyyət də tapır: yerli simfonik orkestrin himayəçisi olur, «Ulduzların memuarı» adlı xatirələrini yazır. Xatırlamaq lazımdır ki, 1964-cü ildə Pola «Ay işığı» melodramında çəkilir. Bu onun son 21 ildə və kinematoqrafik tərcümeyi-halında birinci və sonuncu rolu olur. O, 1 avqust 1987-ci ildə 90 yaşında ağciyər iltihabından San-Antonio şəhərində vəfat edir.

Onun həyatının birinci coşğun və ikinci sakit dönəmi arasındakı ziddiyyət o qədər böyük idi ki, inanmaq olmur, bu həmin qadındırmı? Təsəvvür etmək çətindir, bu qadın necə uzun və müxtəlif həyatlar yaşaya bilib. Əlbəttə, Pola Neqri dövrünün tanınmış simalarındandı. O, hər yerdə tanınırdı, sevilirdi. Çoxlu tamaşaçı sevgisi qazanmışdı. Lakin bütün bunlar onu xoşbəxt edə bilmişdimi və yaxud da o, bütün bunların miqyasını təsəvvür edirdimi? Yəqin ki, bu da onun həyatının böyük sirləri ilə bağlı idi…

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 5 may.- S.14.