Şuşanın işğalı ədəbiyyatımızda

 

Şəbnəm Karslı: «Müharibə və onun nəticələri ədəbiyyatımızda kifayət qdər işıqlandırılmayıb»

 

Kənan Hacı: «Şuşa qayıdandan sonra möhtəşəm əsərlər yazılacaq»

 

Firuz Mustafa: «Ədəbiyyat adamları da öz sözlərini bədii söz vasitəsilə deməlidirlər»

 

 «Şuşanın dağları başı dumanlı»… Ustad Xan Şuşinskinin yazdığı və oxuduğu bu mahnını eşidəndə istər-istəməz adamın ürəyi ağrıyır. Çünki əsası Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan Şuşanın başını doğrudan da dumanlar alıb. Şuşa 1992-ci il mayın 8-də erməni qəsbkarları tərəfindən işğal olunub. Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşanın onlarla tarixi abidələri, o cümlədən Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı «Gövhər ağa məscidi», Xurşud Banu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi yağmalanıb. Hətta Üzeyir bəy Hacıbəyli, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəlləri belə düşmən gülləsinə tuş gəlib… Lakin böyükdən-kiçiyə hamı inanır ki, ən yaxın vaxtlarda Şuşanın başının üstündəki qara duman çəkiləcək, Qarabağ savaşında yüzlərlə şəhid verən Şuşa erməni işğalından azad ediləcək. Bəs görəsən ədəbiyyatımızda Şuşanın işğalı ümumiyyətlə təsvir olunurmu?

Yazıçı-publisist Cavidan hesab edir ki, çağdaş ədəbiyyatımızda Qarabağ müharibəsi öz yerini tutmayıb: «Piştaxtaya 2-3 roman və bəzi hekayələr çıxarılıb ki, onlar da bu boşluğu doldurmaq üçün kifayət eləyə bilməz. Bizim kitabxanamız yoxdu hələ, kitablarımız var bu müharibəylə bağlı, bu isə çox az işdir. Əslində Şuşanın da, digər rayonların da işğalı barədə sənədli-publisistik əsərlərə daha çox ehtiyac var, əlimizdə olanları oxumağa, olmayanları yaratmağa, sonra bu sənədli-publisistik xronikanı bədiiləşdirib ədəbiyyatımız adından təqdim etməyə çalışmaq lazımdır. Tam bütöv bir komanda, kollektiv işin bəhrəsi kimi Ədəbiyyatın təsir gücünü nəzərə alsaq, bu dəqiqə yaxın keçmişimiz olan son 20 ilin atəşkəsəqədər və atəşkəs dövrlərini əks etdirəcək əsərlər mütləq yazılmalıdır. Hətta mən deyərdim ki, dövlət səviyyəsində bu məsələ qoyulmalıdır. Biz gözləyə bilmərik ki, məsələn, Xocalı barədə dünyaya çıxacaq bədii əsər erməni yazıçısı tərəfindən qələmə alınsın və onu minlər, milyonlar oxusun.

Bu yaxınlarda Türkiyədə yaşayan həmakrımız Kəbutər Haqverdinin Xocalı hadisələrinə həsr etdiyiİstanbulda nəşr etdirdiyi «Qar qan rəngindəydi o gecə» kitabı özünün ardı kimi mütləq bir bədii əsərin də yazılmasını tələb edir. Bu halda publisistika tarixi açmağa xidmət edirsə, bu tarixin tamamlanmış görüntüsü alınsın deyə, mütləq bir bədiiyyata da ehtiyac var. Baxın, son zamanların ajiotajı hansı kitabların ətrafında cərəyan edir – İskəndər Palanın «ŞahSultan» romanı, Güntay Gəncalpın «Səfəvilər» kitabı çıxar-çıxmaz indiyədək oxuyub bildiyimiz tarix çalxalandırılıb sanki. Əsasən gənc nəslin tarixə baxışını konkret məcralara yönəltmək məqsədi olan bu iki kitab bir-birini gözəlcə tamamlayır. Qarabağa aid 2-3 kitabımız var, kitabxanamız yoxdur, dünya isə gözləmir, öz inkişafındadır».

Yazar Şəbnəm Karslının fikrincə, nəinki 8 may Şuşanın işğalı günü, ümumiyyətlə müharibə və onun nəticələri ədəbiyyatımızda kifayət qdər işıqlandırılmayıb: «Müharibə bitməyib. Buna görə də bir yazıçının müharibədən yazması və hələ məğlub bir tərəf kimi yazması uğurlu nəticələnmir. Bizim qələbəmiz olmadığı kimi tam məğlubiyyətimiz də olmayıb. Bu absurd psixoloji durumda müharibə mövzusunun kütləviləşdirilməsinin özü də gözlənilən deyil».

Yazar Kənan Hacı hesab edir ki, Şuşanın işğalını ədəbiyyat hələ lazımınca həzm edə bilməyib: «Yəqin Şuşa işğaldan azad olunandan sonra bu müharibənin bədii obrazı ədəbiyyatda görünəcək. Biz indi Şuşayla bağlı psevdopatriotimzlə məşğuluq. Şuşa haqqında pafosdan xali, realist düşüncəylə yazılmış hansısa bir şeirya hekayəyə rast gəlməmişəm. Yəqin bu ondan irəli gəlir ki, Şuşa indi bizim əlimizdə deyil. İnanıram ki, Şuşa qayıdandan sonra möhtəşəm əsərlər yazılacaq. Düşmənə nifrət ruhunda yazılan əsəri də zərərli hesab edirəm. Gəncliyə nifrət aşılamaq olmaz. Tarixi olduğu kimi təqdim etmək lazımdır. Şuşanın işğalında hansı satqınlıqlar olub, bunları doğru-dürüst qələmə almaq lazımdır. Bu, bədii publisistikanın işidir».

Yazar Şərif Ağayar düşünür ki, zamana ehtiyac var: «Tamam pessimist olmaq da lazım deyil. Qarabağ mövzusunda az-çox dəyərli nümunələr var. Düşünürəm ki, indən belə lap çox olacaq. Məncə biz, böyrümüzdə baş verən acılı-şirinli reallıqlara biganə qalıb bəşəri mövzularla dünyanın diqqətini cəlb edə bilmərik. Əvvəl evin içi, sonra çölü».

DGTYB başqanı Əkbər Qoşalı hesab edir ki, nə Şuşanın itkisini «cənnət-məkanımız», «yurdumuzun zümrüd tacı», «göy yaylaqlar, sərin bulaqlar» üstə «gözələmələr»lə yad etməyin, nə də işğala şeir həsr etmək bu halda düzgün deyil: «Bəyəm, Şuşa gözəl təbiətə malik olmasaydı onu erməniyə peşkəşmi etməliydik? Bilirsiz, Şuşa şeirə də, romana da, ən gözəl əsərlərə layiqdi. Ancaq Şuşa bizdən bədii əsər gözləmir, QƏHRƏMANLIQ ƏSƏRİ gözləyir! Yəni, düşmən işğalından azad olunmağır, üzrəngli bayrağımızı gözləyir! Bax, ondan sonra nə qədər istəsən şeir də yazarıq»…

Yazar-publisist Nəzirməmməd Zöhrablının fikrincə, təkcə 8 May Şuşanın işğalı yox, bütövlükdə Qarabağ müharibəsi və həqiqətləri ədəbiyyatımızda kifayət qədər işıqlandırılmayıb: «Kəmiyyət baxımından bəlkə də bunu birmənalı söyləmək olmaz, hərçənd bu da var. Amma Qarabağonun içərisində Şuşanın işğalının bütün gerçəkliklərinin üzə çıxarılması, yəqin ki, zaman tələb eləyəcək. Əvvəlcə bu proseslərə siyasi baxımdan bir aydınlıq gətirilməsi vacibdir. Sonra ədəbiyyat öz axarını tapa bilər. O zaman yazılar, əsərlər də əhəmiyyətli alınacaq. İndikə yazılarsa içərisində hansı çirkabların olduğu dəqiq bilinməyən yaranın tamamilə qaysaqlaya bilməyən üstünün qaşınmasına cəhddən başqa bir şey deyil».

Yazar Dəyanət Osmanlı hesab edir ki, torpaqlarımızın ermənilər tərəfindən əzəli və zamanımızdakı işğalı, ümumən təcavüz məsələsi həyatımızın bütün sahələri üçün daim aktuallıq daşımalıdır: «Problemin həllindən sonra da bu aktuallıq saxlanılmalıdır. Qarabağın, konkret olaraq Şuşanın işğalı faktı ilə əlaqədar daha böyük və təsirli layihələr həyata keçirilməlidir, xüsusən ədəbiyyat, kino, publisistika sahəsində. Bu zaman təbliğat və yayımın miqyası da nəzərə alınmalıdır. Hazırda işğalın tanıdılması işində ictimai-siyasi tədbirlər və publisistika ədəbiyyatdan irəlidədir».

Yazıçı-dramaturq Firuz Mustafanın fikrincə, Şuşanın işğalı, bunun səbəbləri, gərək əvvəlcə tarixçilər tərəfindən dəqiqləşdirilsin, cinayətə hüquqçular tərəfindən hüquqi qiymət verilsin: «Əlbəttə, ədəbiyyat adamları da öz sözlərini bədii sözün vasitəsilə deməlidirlər. Təəsssüf ki, bu qeyd olunan cəhət və məsələlərin heç biri qənaətbəxş deyildir».

Yazıçı Faiq Balabəyli hesab edir ki, Şuşanını işğalı ədəbiyyatımızda kifayət qədər işıqlandırılmayıb: «Baxmayaraq ki, bu haqda çox yazılıb. Amma elə bir mövzudur ki, bununla kifayətləmnək olmaz. Şuşalı yazarların əsərlərində bu daha qabarıqdır. Kərim Kərimlinin və digərlərinin bu mövzuda əsərləri olsa da düşünürəm ki, daha çox yazmaq lazımdır. Demək olar ki, bütün yazarlarımız bu mövzuya toxunub. Rəhmətlik Akif Səməd deyirdi ki: işə bax, evimə gedə bilirəm, Şuşaya gedə bilmirəm. Elçin İsgəndərzadənin də Şuşa ilə bağlı əsərləri var. Amma çox azdır. Hamımız yazmalıyıq. Ordumuzun gələcəkdə görəcəyi işi yazarlarımız bu gün gerçəkləşdirməlidir».

Yazar Azad Qaradərəlinin fikrincə, haranın işğalı ədəbiyyatımızda işıqlandırılıb ki, Şuşanın işğalı da işıqlandırılsın: «Şuşanın da, o biri rayonların da işğalını siz gənclər daha doğru, dürüst yaza biləcəksiniz, buna əminəm. Mən isə öz payıma deyə bilərəm ki, mümkün qədər hekayələrimdə və son kitabım olan «Burda yer fırlanmırdı» (Qanun 2011) işğallar seriyası barədə qələmimin gücü hara qədər çatırsa, ora qədər yazmağa çalışmışam».

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 8 may.- S.14.