«Azərbaycana gələn
işçi miqrantlara
hüquqi yardımlar göstəririk»
Sahib
Məmmədov: «Hazırda ölkəmizdə məhkəmə
vasitəsilə informasiyanın əldə olunması adi
praktikadır»
Azərbaycanda
vətəndaş cəmiyyətinin inkişafında ən fəal
iştirak edən qeyri-hökumət təşkilatlarından
(QHT) biri də Vətəndaşların Əmək
Hüquqlarını Müdafiə Liqasıdır (VƏHML).
Birliyin fəaliyyəti və vətəndaş cəmiyyətinin
inkişafı üçün gördüyü işlərlə
daha yaxından tanış olmaq istədik. Bu məqsədlə
də təşkilatın rəhbəri Sahib Məmmədovla
həmsöhbət olduq.
- Təşkilatınız
nə vaxtdan fəaliyyət göstərir?
- Vətəndaşların
Əmək Hüquqlarını Müdafiə Liqası 1997-ci
ilin iyun ayında təsis olunub. Ədliyyə Nazirliyi tərəfindən
18 mart 2000-ci il tarixində dövlət qeydiyyatına
alınıb.
- Fəaliyyətiniz
hansı sahələri əhatə edir?
- Təşkilatın
əsas missiyası ölkənin sosial sferasında insan
hüquq və azadlıqlarının təmin olunması
istiqamətində hüquqi, ictimai, maarifləndirici və vəkillik
fəaliyyətlərini həyata keçirməkdir. VƏHML
sosial-iqtisadi hüquqların müdafiəsi, fundamental
hüquq və azadlıqların təmin olunması istiqamətində
də ixtisaslaşıb. Təşkilat işini əsasən
monitorinqlər, məhkəmə çəkişmələri,
ictimai kampaniyalar, maarifləndirmə və vəkillik fəaliyyətləri
şəklində qurur. Təşkilatın müvafiq dövlət
qurumları ilə əməkdaşlıq münasibətləri
var.
- Təşkilatınızın
daxil olduğu şəbəkələr var?
- Bəli.
Daxil olduğu Milli Koalisiya və şəbəkələr
var. Təşkilatımız Korrupsiyaya Qarşı Mübarizə
Aparan Təşkilatların Məlumat və Əməkdaşlıq
Şəbəkəsinə, Mədən Sənayesində
Şəffaflıq Təşəbbüsü Koalisiyasına,
Ədliyyə Naziri yanında Penitensiar Xidmət üzrə
İctimai Komitəyə, Mədən Sənayesinin Təsirləri
üzərində Vətəndaş Nəzarəti Şəbəkəsinə
(Citizens Response Network) daxildir. Beynəlxalq koalisiya və şəbəkələrdən
isə İnformasiya Azadlığı üzrə Vəkillik
Şəbəkəsinin (FOI advocacy network) adını çəkmək
olar.
- Bəs
əməkdaşlıq etdiyiniz xarici təşkilatlar
varmı?
-
Polşada fəaliyyət göstərən İnsan
Hüquqları üzrə Helsinki Fondu ilə əməkdaşlığımız
var.
- Fəaliyyətinizi
hansı proqramlar əsasında həyata keçirirsiniz?
- Bir
neçə istiqamətdə proqramlarımız var. Bunlara
şəffaflığın artırılması, dövlət,
bələdiyyə və onlara bərabər tutulan subyektlərin
informasiya resurslarına çıxışın
asanlaşdırılması, strateji məhkəmə çəkişmələri,
sərbəst toplaşmaq azadlığının təmin
olunması istiqamətində vəkillik fəaliyyəti,
korrupsiyaya qarşı mübarizə, ədalətli və əlverişli
əmək şəraitinin yaradılması və məşğulluğun
təmin edilməsi, neft sənayesinin təsirləri üzərində
vətəndaş nəzarətinin təmin olunması,
işçi miqrantlar və onların ailə üzvlərinin
müdafiəsinin təşkili və insan hüquqları ilə
bağlı beynəlxalq təşkilatlara (BMT Komitələrinə,
Avropa Şurasının müvafiq qurumlarına) dövlət
hesabatlarına alternativ hesabatların verilməsi daxildir. Bu
proqramların hər biri ilə bağlı ayrıca fəaliyyətimiz
var. Məsələn, strateji məhkəmə çəkişmələrinə
aid proqramımız əsasında liqa tərəfindən son
5 il ərzində 300 məhkəmə çəkişməsi
təşkil olunub. Onlardan bir qismi strateji məhkəmə
çəkişmələridir. Uğurlu strateji məhkəmə
çəkişmələrinə aid bir çox nümunələr
göstərmək olar. Məsələn, ölkəmizdə
ilk dəfə olaraq informasiya sorğusunu cavablandırmayan mərkəzi
icra hakimiyyəti orqanı məhkəmədə uduzub və
tələb olunan informasiyanı təqdim edib. Bu yaxşı
presedent yaradıb və hazırda ölkədə məhkəmə
vasitəsilə informasiyanın əldə olunması adi
praktikadır. Bizim torpaq mülkiyyətçiləri – bp, Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan
Respublikası Dövlət Torpaq və Xərtəçəkmə
Komitəsinə qarşı məhkəmə çəkişmələrimiz
olub. Bütün müdafiəni Vətəndaşların Əmək
Hüquqlarını Müdafiə Liqası həyata
keçirib. 2 il davam edən məhkəmədə Apellyasiya
Məhkəməsi ölkənin yeni neft tarixində ilk dəfə
olaraq torpaq mülkiyyətçilərinin şikayətini təmin
edib. 15 nəfər mülkiyyətçinin şikayəti nəticəsində
qəbul olunmuş məhkəmə qərarı presedent
yaradır və daha 7200 mülkiyyətçiyə şamil
oluna bilər. Strateji məhkəmə çəkişmələrinin
həyata keçirilməsilə bağlı təşkilat
Polşanın İnsan hüquqları üzrə Fondu,
Londonda yerləşən Interights təşkilatları ilə
əməkdaşlıq edir. Hazırda VƏHML bir neçə
strateji məhkəmə çəkişməsi həyata
keçirmək niyyətindədir.
-
Qeyd etdiniz ki, korrupsiyaya qarşı mübarizə ilə
bağlı da fəaliyyətiniz var. Mübarizəni hansı
istiqamətdə aparırısınız?
- VƏHML
ölkədə fəaliyyət göstərən Korrupsiyaya
Qarşı Mübarizə Aparan Təşkilatların Məlumat
və Əməkdaşlıq Şəbəkəsinin təsisçilərindəndir.
Liqa ekspertləri Azərbaycan Respublikası Prezidenti tərəfindən
təsdiq olunmuş 2007-2011-ci illər üçün şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiyaya dair tədbirlər planının
layihəsinin hazırlanmasına qoşulub. Liqa korrupsiyaya
qarşı mübarizə istiqamətində fəaliyyətini
şəbəkə daxilində davam etdirir.
- Bəs
ədalətli və əlverişli əmək şəraitinin
yaradılması və məşğulluğun təmin
olunması ilə bağlı hansı fəaliyyətiniz var?
- Bu
fəaliyyət təşkilatın uzunmüddətli
planında davamlı şəkildə həyata keçirilən
fəaliyyətlərdəndir. Təşkilat fəaliyyət
göstərdiyi 11 il ərzində bu fəaliyyətlə
bağlı 21 adda nəşr hazırlayıb,
çoxsaylı treninqlər, konfranslar, debatlar təşkil
edib və siyasət sənədləri (policy paper)
hazırlayıb. Liqanın ölkənin 6 regionunda əsasən
əmək və mülkiyyət hüquqlarının
müdafiəsilə bağlı hüquqi yardımlar göstərən
ictimai qəbul otaqları fəaliyyət göstərib.
Liqanın uzunmüddətli fəaliyyət planında təhlükəsiz
əmək şəraitinin yaradılması, Əmək Məcəlləsinə
dəyişikliklərə dair təkliflər hazırlamaq, məhkəmələrdə
hüquqların müdafiəsini təşkil etmək kimi fəaliyyətləri
nəzərdə tutulur. Bir az əvvəl də qeyd etdiyim
kimi bizim işçi miqrantlar və onların ailə üzvlərinin
müdafiəsinin təşkiliylə bağlı da
proqramımız var. Liqa başqa ölkələrdən Azərbaycana
gəlmiş işçi miqrantlara hüquqi yardımlar
göstərir. İşçi miqrantların
hüquqlarının vəziyyəti ilə bağlı
hesabatlar hazırlayır. Liqanın uzunmüddətli fəaliyyət
planında işçi miqrantlara və onların ailə
üzvlərinə hüquqi yardımların göstərilməsi
nəzərdə tutulur.
- Həyata
keçirdiyiniz hansı layihələr olub?
- Azərbaycanda
alternativ həmkarlar ittifaqlarının yaradılması və
sosial-iqtisadi hüquqlarla, insan hüquqlarını müdafiə
edən QHT fəalları üçün insan
hüquqlarına dair seminarların təşkili, regionlarda
icma əsaslı təşkilatların yaradılması,
sosial-iqtisadi hüquqların təlimi, əmək
hüquqlarına dair soraq kitabının nəşri,
Bakıda və regionlarda əhalinin təminatsız hissəsinə
pulsuz hüquqi yardımların edilməsi, total neft əməliyyatları
zamanı sosial risklərin azaldılması, «Əmək
hüquqları üzrə hüquqi yardım mərkəzinin
yaradılması və «əmək münasibətlərini tənzimləyən
sənədlər» adlı soraq kitabının
hazırlanması və digər istiqamətlər üzrə
layihələrimiz olub.
-
Sosial-iqtisadi hüquqların təlimi ilə bağlı
hansı işləri həyata keçirmisiniz?
- Bu
layihə çərçivəsində ümumi tirajı 30
min olmaqla 6 adda yaddaş kitabçası nəşr olunub.
Layihə çərçivəsində həmçinin
«Kollektiv müqavilələri necə bağlamalı» adlanan
broşür hazırlanaraq 600 tirajla nəşr olunub.
Yaddaşlar və kitabçalar işçilər və həmkarlar
ittifaqları fəalları arasında yayılıb. Layihə
2000-ci ildə həyata keçirilib.
- Bəs
QHT fəalları üçün treninq-seminarların təşkili
və yaddaşların nəşri ilə bağlı layihə
əsasında hansı işlər görülüb?
- Bu
layihə çərçivəsində Azərbaycanın 6
sənaye regionunda 4 günlük treninq-seminarlar təşkil
olunub. Treninq-seminarlar əmək hüquqlarına həsr
olunub. Layihə çərçivəsində əmək
hüquqlarına dair 1000 tirajla soraq kitabı, əmək
haqlarının və müavinətlərin ödənilməsi
adlı 3000 tirajla kitabça və 5 adda və ümumi
tirajı 50 min olmaqla «Fərdi əmək kontraktları»,
«İstirahət və məzuniyyət hüququ», «Fərdi əmək
mübahisələrinin həlli qaydaları», «Əməyin və
sağlamlığın mühafizəsi», «Qadınların əmək
hüququ» adlı kiçik həcmli yaddaşlar
hazırlanaraq nəşr olunub. Layihə çərçivəsində
Azərbaycanda ilk dəfə olaraq sosial-iqtisadi hüquqlara dair
internet səhifəsi də yaradılıb.
- Həmkarlar
ittifaqlarının yaradılması ilə bağlı da
layihəniz olub. Bu sahə üzrə hansı işləri həyata
keçirmisiniz?
- Bu
layihə 1999-cu ildə həyata keçirilib. Layihə
çərçivəsində aparıcı sənaye sahələrinin
işçiləri və həmkarlar ittifaqları fəalları
üçün 10 treninq-seminar təşkil olunmuş və
«Həmkarlar ittifaqı təşkilatını necə
yaratmalı» adlı soraq kitabçası hazırlanaraq nəşr
olunub.
-
Hansı monitorinqləri həyata keçirmisiniz?
-
Monitorinqlər müxtəlif istiqamətlər üzrə
olub. Məsələn, Azərbaycan Respublikasında
daşınmaz əmlak və əmək
hüquqlarının təminolunma vəziyyətinin, informasiyanın
əldə edilməsinin, dövlət orqanlarının qaynar
xətt xidmətlərinin, şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
ilə bağlı fəaliyyət planının icrasına
hökumət nəzarətinin effektivliyinin, ünvanlı
sosial yardımların verilməsinin və başqa sahələrin
monitorinqini aparmışıq. Bu monitorinqə dair hesabatlar da
hazırlamışıq. Həmin hesabatlarla istənilən vətəndaş
təşkilatın saytına daxil olmaqla tanış ola bilər.
Saytdan fəaliyyətimizlə bağlı daha ətraflı məlumatlar
da əldə etmək olar. Saytın «linklər» bölməsində
mütxəlif beynəlxalq təşkilatların rəsmi
saytlarının linkləri də yerləşdirilib. Məsələn,
vətəndaşlarımız BMT, BMT-nin İnsan
Hüquqları üzrə Ali Baş Komissarının, Avropa
Şurasının,
İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin, Beynəlxalq
Əmək Təşkilatının və digər beynəlxalq
qurumların elektron ünvanları ilə tanış ola bilərlər.
Real CƏFƏRLİ
Xalq Cəbhəsi.-
2012.- 8 may.- S.10.