Şuşanın
başı üstündən duman çəkilmir…
Telman Mehdixanlı:
«Şuşalılar alınmaz qalanın keşiyini namusla,
vicdanla çəkirdilər»
Azərbaycanın
tarixi şəhəri Şuşanın işğalından
20 il ötür. Şuşalı çağlardan
ömrü boyu, nəsillikcə o yerlərdə yaşayan
soydaşlarımızın böyük bir nisgillə
danışması istər-istəməz ürək
parçalayır. Şuşanın, Qarabağın
azadlığının ip ucu isə görünmür ki,
görünmür. Problem beynəlxalqlaşıb,
çıxılmaz dalana dirənib. 20 il qabaq – 8 may 1992-ci ildə
Şuşaya 3 istiqamətdə hücum oldu. 155 nəfər həlak
oldu, 167 nəfər isə yaralandı. Bununla da Şuşa
şəhəri və onun 30 ətraf kəndlərində
yaşayan 24165 nəfər Azərbaycan türkü erməni-daşnak
faşistlərinin etnik təmizləmə siyasətinin
qurbanlarına çevrildilər. Şuşa bölgəsi bu
savaşda 193 nəfər şəhid verdi. 17 mayda isə ermənilər
iki istiqamətdə Laçın rayonuna hücum etdilər.
Laçın şəhəri və onun 125 kəndi
işğala məruz qaldı. Rayonun 71 min əhalisi didərgin
düşdü. 328 nəfər şəhid, 36 nəfər
girov oldu, 100 nəfər isə itkin düşdü.
Şuşa
şəhərinin əsası 1750-ci ildə Qarabağın
ilk xanı Pənah xan tərəfindən qoyulub. Pənah
xanın qala üçün seçdiyi yer əvvəllər
tamamilə meşə ilə örtülü bir sahə olub,
üç tərəfdən sıldırım qayaların əhatəsində
idi. Pənah xan tərəfindən salınan şəhər
əvvəllər «Pənahabad» adlanıb, sonralar şəhərin
yaxınlığında yerləşən Şuşakəndin
adıyla Şuşa qalası adlanıb.
Asif
Atanın Şuşanın Qarabağın tarixi taleyində əvəzsizliyi
barədə 1988-ci ildə yazdığı fikri
maraqlıdır: «Qarabağın əsl, təbii, tarixi
başşəhəri Şuşadır. Stepanakert-süni,
qondarma, yalançı, başşəhəridir.
Dağlıq Qarabağ muxtariyyatı – qondarma, süni,
zorakı bir düzəltmədir. Xəlqi birliyi pozmaq,
yağılıq közünü alışdırmaq,
«Oğru yadına daş salmaq» niyyətinə xidmət eləyir.
Qarabağlılar Stepanakerti Qarabağın başşəhəri
saymamalıdırlar! Dağlıq Qarabağ
muxtariyyatını rədd etməlidirlər! Ya Azərbaycanın
Dağlıq Qarabağ üzərində səlahiyyəti
formallaşacaq, ya da Dağlıq Qarabağ muxtariyyatı
formallaşmalıdır. Üçüncü yol yoxdur.
Qarabağda erməni muxtariyyatını formallaşdırmaq gərək,
son nəticədə yox etmək!»
Publisist
Telman Mehdixanlı təəssüflə bildirir ki, sovet
dövründə Şuşamızda on küçə var
idisə, onun 5-nə erməni adı verilmişdi. Şuşa
rayon partiya komitəsinin ikinci katibi mütləq erməni
olmalıydı. Ata-baba yurd yerimizin adı dəyişdirilmişdi
– Xankəndi yox, Stepanakert kimi tanınmışdı.
Respublikamızın ərazisində cəllad,
türkçülüyün düşməni, minlərlə
soydaşlarımızı qətlə yetirən
Şaumyanın adını daşıyan küçələr,
müəssisələr, hətta rayonlar mövcud idi…
Bütün bunlar bəs necə rəsmiləşirdi?
Sualın cavabı birmənalıdır: erməni hiyləsi və
bizim unutqanlığımız sayəsində! 1988-ci il
fevralın 22-də Qarabağ uğrunda ilk iki şəhid
balamız niyə tez-tez xatırlanmır? Axı onlar torpaq, Vətən
uğrunda canlarını qurban verənlərdir!
Şuşanın sinəsinə dağ çəkən,
şuşalılara quyu qazdırıb, yüzlərlə
şuşalını diri-diri ora töküb, üstlərini
örtən Mkırtıçyanın qızı Varsenik
Bayrama (ad şərtidir) ərə verilmişdi. Bayram
Şuşanın mərkəzində böyük bir
mağazanın müdiri idi. Varsenik isə çörək
zavodunda işləyirdi. Şuşamız sonuncu dəfə
işğala məruz qalan günlərdə Bayram nə qədər
haraylasa da, «arvadı» gizləndiyi zirzəmidən
çıxmayıb. Orada əyləşib, «ərinin» illər
boyu topladığı var-dövləti, sərvəti
«qoruyub»… Nə biləydik, hardan duyaydıq ki, başı bəlalar
çəkən qədim Şuşamızın, ermənilərin
törətdiyi neçə-neçə terrorların
şahidi olmuş şuşalıların bugünkü
övladlarını nələr gözləyir? Şuşa
sözün həqiqi mənasında alınmaz qala idi. Ora
yalnız iki səmtdən giriş vardı: Ağa
körpüsü və Zarıslı kəndi tərəfdən.
İşğal ərəfəsində oradan ermənilər
baş götürüb qaçmışdılar. Qalan
üç-beş nəfər də üzə
çıxmır, zirzəmilərdə gizlənirdilər. Bəs
indi onun içini oyan qüvvələr kimlər, nələr
idi? Axı Şuşada barmaqla sayılası mümkün
olmayan vətənsevər, igid, ölümündən
qorxmayan oğullar gecə-gündüz oyaq qalırdılar ki,
birdən düşmən qapılarını döyər. Bəs
niyə bu gün göynəyə-göynəyə, yana-yanan
həsrətini çəkdiyimiz, üzüyün
qaşına bənzətdiyimiz müqəddəs
torpağımız – qala şəhərimiz Şuşa
düşmən tapdağı altında zarıyır, inildəyir,
dağılır, uçulub-sökülür? Sakinləri isə
ağızlarının dadını, süfrələrinin bərəkətini
itiriblər. Şuşanın yaranışı,
inkişafı üç mərhələdə baş
vermişdi. Birinci, 1753-54-cü illərdə olub. Bu müddətdə
əsasən qala divarları və qəsrlər tikilmişdi.
İkinci, İbrahim xanın hakimiyyəti dövründə
orada yeni məhəllələr salınmaqla yanaşı,
Böyük Cümə məscidinin inşası başa
çatdırılmışdı. Şəhərin daha
sürətlə və milli arxitekturaya uyğun genişlənməsi
1805-ci ildən sonraya təsadüf edir. Bu diyar tarixi abidlərlə
zəngin olduğu üçün 1977-ci ildə qoruq-şəhər
statusu alıb. Şuşa dəniz səviyyəsindən təxminən
1800 metr hündürlükdə yerləşir. Orada təkrarsız
coğrafi görünüş və bənzərsiz iqlim
şəraiti mövcuddur. Havası neçə-neçə
xəstəliyə dərmandır. Qırxqız, Kirs, Murov,
Bağrıqan, Sarıbaba dağları xeyli aralıda olsalar
da, oradan aşkar görünür. Şəhərin ərazisi
təxminən 400 hektara yaxındır. Şəhərdə
və kəndlərdə çeşid-çeşid ipək,
pambıq parçalar toxunardı. Orada çox dəyərli
sənətkarlar çalışardı. Əhalinin suya olan
ehtiyacının ödənilməsi üçün Xan
qızı Natəvan 1873-cü ildə Şuşaya
Sarıbaba dağından su kəməri çəkdirmişdi.
Bütün Zaqafqaziyada yeraltı kanalizasiya sistemi ilk dəfə
Şamaxıdan sonra Şuşada
quraşdırılmışdı. Şəhərdə 17 məhəllə
var idi. Əhalisi təxminən 40 min nəfərə
çatırdı. Bu yurd yerimiz həm də unikal istirahət
guşələri ilə tanınmışdı. Turşsuyun,
Səkili bulağının, İsa bulağının,
Fındıqlı gölünün sorağı çox yerə
yayılmışdı. Şuşa həm də musiqi
konservatoriyası kimi ad açmışdı. Ta qədimdən
son vaxtlara qədər burada fəaliyyət göstərən
100 nəfərə qədər bənzərsiz
ifaçılarımızın adları milli tariximizə
yazılıb. Onlardan Sadıqcanın, Hacı
Hüsünün, Cabbar Qaryağdıoğlunun, Seyid
Şuşinskinin, Xan əminin, Bülbülün,
Zülfü Adıgözəlovun adları daha populyar olub.
Sakinlər boş vaxtlarını «Bazarbaşı» deyilən
yerdə – Mədəniyyət evi ilə Xan qızı Natəvanın
imarəti arasındakı bulvar kimi tanınan ünvanda
keçirərdilər. Vaxt-bivaxt oradan
çal-çağır səsi kəsilməzdi.
Şuşada bitən gül, ot, çiçək, taxıl
və ərzaq məhsulları da başqa ərazimizdə bitən
məhsullardan fərqli və dadlı olardı. Buna görə
də Şuşa xörəklərinin özünəməxsus
şirin tamı, xoş ətri vardı. İnsanları həddən
artıq gülərüz, qəlbləri açıq, qonaqpərvər
idilər. Çox təəssüf ki, 1988-ci ildən
başlayaraq adamlardakı bu müsbət keyfiyyətlər də
tədricən ərşə çəkilirdi. Lev
Nikolayeviç Qumilyov özünün azərbaycanlı yetirmələrinə
belə bir məsləhət görmüşdü: «Öz
xalqınızı tərifləməyə
çalışmayın, o, onsuz da böyükdür, bir
şey ki, gözəldir, onun tərifə ehtiyacı yoxdur». Mən
də Şuşanı və şuşalıları tərifləməyə
ehtiyac duymuram. Çünki o diyar və orada yaşayan azərbaycanlılar
gözəldir və hünərli, qorxubilməz igidlərdir.
Elə olurdu ki, həmin qoçaqlar günlərlə isti
xörək, doyunca yuxu üzünə həsrət
qalırdılar. Ancaq sınmırdılar, əyilmirdilər,
fəxr edirdilər ki, alınmaz qalanın keşiyini namusla,
vicdanla çəkirlər.
Yerli
sakinlərin hünərli, qorxubilməz ümimiləşmiş
obrazlarının simvolu, ölümündən sonra haqlı
olaraq Azərbaycanın Milli Qəhrəmanı fəxri
adına layiq görülmüş Ramiz Qənbərin müqəddəs
ruhunu yad etməyi özümə borc bilirəm.
Döyüşkənliyi, cəsarəti, düşmənə
nifrəti başına bəla açdı. Dedilər, onu da
arxadan vurublar. Ramizin timsalında 72 nəfər şəhid
olanları, 25 nəfər itkin düşənləri də
ehtiramla yad edirik. 1992-ci il may ayının 8-də
Şuşamız son azadlıq gününü yaşadı.
Görənlər danışırlar ki, elə o vaxtdan da
onun başının üstündən çiskin, qar, duman əskik
olmur. Yalnız bircə təskinliyi var: yaranışı boyu
çox amansızlıqlar görsə də, yenə Azərbaycanın
tərkibində qalıb, Azərbaycan Türklərinin sevimli
şəhəri, yurd yeri olub, yenə olacaq».
Uğur
Xalq Cəbhəsi.-
2012.- 8 may.- S.11.