9 May faşizm üzərində qələbə günüdür

 

 Vaqif Arzumanlı: «Azərbaycan legionlarını faşist Almaniyası ordusunun üzvləri kimi yox, öz millətinin gələcək taleyi uğrunda vuruşan fədakar döyüşçülər kimi qəbul edirəm»

 

Zərdüşt Əlizadə: «Bəzi insanlar xalqımızı İkinci Dünya Müharibəsində qalib gələn xalqlar sırasından pozmaq cəhdlərində bulunurlur»

 

Akif Nağı: «Mayın 9-u qələbə günü kimi qəbul olunmalı, amma böyük bir təntənə ilə qeyd olunmamalıdır»

 

Mayın 9-da bəşəriyyətə fəlakət gətirən Hitler Almaniyası üzərində qələbənin 67-ci ildönümü tamam olur. Bu bayram keçmiş sovet imperiyasının hazırda müstəqillik əldə edən əksər respublikalarında rəsmi şəkildə qeyd olunur. Bildiyimiz kimi 1941-ci il iyunun 22-də faşist Almaniyasının xalqlar həbsxanası olan Sovet imperiyasına hücumu ilə İkinci Cahan Savaşında sonu Hitlerin məğlubiyyətilə nəticələnən yeni bir mərhələ başlamışdı. Hansı ki, həmin müharibədə Sovet imperiyasının tərkibinə daxil olan digər xalqlarla çiyin-çiyinə Azərbaycanın oğul və qızları da döyüş meydanlarında igidlik göstərmişdilər. 640 minə yaxın azərbaycanlı cəbhəyə getmişdi ki, onların da yarıdan çoxu döyüşlərdə həlak olmuşdu. Belədə faşist rejimi üzərində qələbədə azərbaycanlıların da böyük xidmətləri oldu. Əldə olunan qələbədə sırf azərbaycanlılardan ibarət 16-cı, 23-cü, 77-ci və 402-ci milli atıcı diviziyalarının da böyük xidmətləri olmuşdu. Bundan başqa Bakı nefti Sovet imperiyası ordusunun yanacaqla təmin edilməsində ən önəmli yer tutmuşdu. Hərbi texnikanın yanacaqla təminatının 70 faizə qədərini məhz Bakı vermişdi.

Lakin bu müharibə Azərbaycan və azərbaycanlılar üçün parodoksal bir xarakter daşıyırdı. Çünki xeyli sayda azərbaycanlı eyni zamanda Almaniyanın tərəfində, Azərbaycanın müstəqilliyi naminə hərbi əməliyyatlarda iştirak edirdilər.

Xatırladaq ki, 1941-ci ildə azərbaycanlı siyasi mühacirlər tərəfindən Qafqaz Müsəlman legionu yaradılmışdı. 1942-ci ildə Azərbaycan legionu adlandırılan bu legion 2 polk, 20 batalyon olmaqla 38 min azərbaycanlı əsgər və zabitdən ibarət idi. Bir sözlə İkinci Cahan Savaşında azərbaycanlılar hər iki tərəfdə vuruşmuşlar. Hazırkı dövrdə Azərbaycanda həmin savaşa birmənalı baxış yoxdur. Bir çoxları 1941-1945-ci illər müharibəsini Böyük Vətən Müharibəsi kimi yad etsələr də, bunun əksini düşünənlər də yox deyil.

Görəsən 9 may Böyük Vətən Müharibəsində qələbə günü kimi qeyd olunmalıdır, yoxsa ona başqa prizmadan baxmaq lazımdır?

Siyasi şərhçi, professor Vaqif Arzumanlı 9 mayı faşizm üzərində qələbə günü kimi qeyd etməyi vacib olduğunu vurğuladı: «9 may uzun illər Böyük Vətən Müharibəsində qələbə günü kimi qeyd edilib. Amma əslində onun dairəsi daha genişdir. Yəni İkinci Dünya Müharibəsində qazanılmış qələbə günüdür. Ona hansı prizmadan da yanaşsaq faşizm üzərində qələbə günü kimi qeyd olunur. Fikrimcə bu obyektivdir. Qələbəni təkcə SSRİ-lə bağlamaq da doğru deyil. Qələbədə sovet dövlətinə daxil ollan bir çox respublikaların, bir sıra Avropa ölkələri və Amerikanın da rolunu qeyd etmək lazımdır. 9 mayı xüsusilə faşizm üzərində qələbə günü kimi vurğulamaq istərdim. Həmin tarixin ölkəmizdə də məhz bu səpkidə bayram edilməsinin tərəfdarıyam. Çünki faşizm üzərində qələbə çalınmasında dünyanın bir sıra xalqları kimi Azərbaycan xalqının da xüsusi xidmətləri var. Bakı nefti olmasaydı bu qələbənin qazanılması çox çətin məsələ idi. Azərbaycan neftinin 80 faizi hesabına SSRİ müharibədən qalib çıxdı. Azərbaycanlılardan ibarət yaradılan milli diviziyaların da qələbənin əldə edilməsində xidmətləri qeyd olunmalıdır. Ona görə də 9 may bayramı hər il qeyd etmək lazımdır. Almaniya tərəfində vuruşan soydaşlarımızın məqsədi isə müstəqil Azərbaycanın yaranması idi. Azərbaycan legionlarını faşist Almaniyası ordusunun üzvləri kimi yox, öz millətinin gələcək taleyi uğrunda vuruşan fədakar döyüşçülər kimi qəbul edirəm».

Politoloq Zərdüşt Əlizadə 9 mayı Böyük Vətən Müharibəsində qələbə günü kimi xatırlayır: «Azərbaycan insanı çox çətin və böhranlı vəziyyətdə yaşayır. Bu müsibətlər də əsasən onun başında aydın və məntiqi bir koordinasiya sisteminin olmamasından irəli gəlir. Yəni Azərbaycan insanı elə düşünür ki, onun tarixi yoxdur. O bu günlə yaşayır, ən yaxşı halda sabahı fikirləşir. XX əsrdə biz bir çox müharibələrdə iştirak etmişik və yalnız birində qələbə çalmışıq. O da bütün dünyanın tərəqqipərvər xalqları ilə bərabər faşizm üzərində əldə olunan qələbədir. Ona görə də bizim millət də dünyanın qalibləri sırasındadır. 640 min azərbaycanlı müharibəyə gedib, 380 mini həlak olub. Onlar arasında Sovet İttifaqı Qəhrəmanları da var. İndi isə bir sıra adamlar bu qələbədən imtina etməyi təklif edir. Bu isə əslində babalarımızın xatirəsinə hörmətsizlikdir. İkinci Dünya Müharibəsində Əlcəzair xalqı da Fransanın tərkibində faşizmə qarşı vuruşaraq qalib xalqlar sırasında yer tutub. Amma bizdəki bəzi insanlar xalqımızı İkinci Dünya Müharibəsində qalib gələn xalqlar sırasından pozmaq cəhdlərində bulunurlur. Doğma dayım müharibədə itkin düşüb. Ona xəyanət edib deməliyəm ki, həyatını mənasız yerə puç edib? Bütün dünya faşistləri lənətləyir, bizimkilər isə faşistlər tərəfində vuruşanları tərifləyir. Düşünürəm ki, bu hal həyat və dünya haqqında aydın koordinasiya sisteminin olmamasından irəli gəlir».

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə bir qədər fərqli düşünür. Belə ki, o mayın 9-nu qələbə günü kimi yad etsə də, onun təntənəli şəkildə qeyd olunmasının əleyhinədir: «600 mindən artıq azərbaycanlı Sovetlər Birliyi tərəfində İkinci Dünya Müharibəsində iştirak edib. 200 minə qədər azərbaycanlı da əks cəbhədə, legionerlərin sırasında çıxış edib. Ona görə də bu məsələdə Azərbaycan və keçmiş sovet respublikalarının çoxunda ikili yanaşma var. Pribaltika respublikaları və Ukraynada məsələyə yeni yanaşma ortadadır. Belə vəziyyət isə eyni respublikanın vətəndaşlarının hər iki cəbhədə vuruşması kimi ziddiyyətlə bağlıdır. Amma hesab edirəm ki, hər iki amil diqqətə alınmalı, həm legionerlərin tərkibində vuruşanların haqqı tanınmalı, apardıqları mübarizə qəbul olunmalıdır. Eyni zamanda digər tərəfdən müharibədə iştirak edən soydaşlarımızın xatirəsinin üzərindən xətt çəkmək olmaz. Onların da zəhməti yerə vurulmamalıdır. Mayın 9-u faşizm üzərində qələbədir. Fikrimcə, mayın 9-u qələbə günü kimi qəbul olunmalı, amma böyük bir təntənə ilə qeyd olunmamalıdır. Sadəcə həlak olan insanların xatirə günü kimi qeyd olunmalıdır».

 

 

Rüfət SULTAN

 

Xalq Cəbhəsi.- 2012.- 8 may.- S.8.