Şuşa musiqi məktəbinin nümayəndəsi

 

Ağalar Əliverdibəyovun musiqişünaslıq fəaliyyəti çoxşaxəlidir

 

Müasir Azərbaycan musiqişünnaslıq fikrinin təşəkkülü və inkişafında görkəmli Şuşa ziyalılarından sayılan Ağalar bəy Əliverdibəyovun da mühüm xidmətləri olmuşdur. Onun bu sahədəki fəaliyyəti bir sıra mütəxəssislər tərəfindən (S.Rüstəmov, A. Məmmədov, F.Əliyeva, A.Xəlilova) qeyd edilsə də, deyə bilərik ki, hələ tam mənasında dəyərləndirilməmişdir. Ağalar bəy Ələkbər oğlu Əliverdibəyov 1880-ci ildə anadan olmuşdur. O, Ağdamın dövlətli mülkədarı, Xan qızı Xurşudbanu Nətavanın süd qardaşı Kərbəlayi Ələkbərlə Telli xanımın altı övladından biri idi. Kərbəlayi Ələkbərin birinci nigahından daha üç övladı olmuşdu. Onlardan biri də dahi Üzeyir Hacıbəyovun anası Şirin xanım idi. Şirin xanımla Ağalar Nətavanın başçılıq etdiyi «Məclisi-üns»ün yığıncaqlarında fəal iştirak edirdilər.

Ağalar bəy muğamın sirlərini məşhur xanəndə Hacı Hüsünün ustadı sayılan Mir Baba Mir Abdulla oğlu Vəzirovdan öyrənmişdi. Onun musiqiçi kimi yetişməsində xanəndələrdən Şükür Aruşanzadə və Muxtar Bədəlbəyli ilə ünsiyyəti və tarzən Cavad bəy Xazalanski ilə birgə çıxışları da böyük rol oynamışdı. Öz növbəsində Ağalar bəy Üzeyir Hacıbəyovun ilk müəllimi olmuş, dahi bəstəkarın qəlbində xalq musiqisinə və muğam sənətinə qarşı böyük məhəbbət hissi oyatmışdı. Ağalar Əliverdibəyov mükəmməl Avropa təhsili almış mütərəqqi ziyalılarımızdan biri olmuşdur. O, 1901-ci ildə Peterburq Texnoloji İnstitutunu, sonra isə Varşava İnşaat İnstitutunu bitirmişdir. Gənc mütəxəssis 1913-cü ildə vətənə qayıtmış, Bakı şosse yolları idarəsində mühəndis vəzifəsində işləmişdir. O, həmçinin gözəl muğam bilicisi kimi Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik sinfində dərs demişdir. A.Əliverdibəyov ixtisasca inşaat mühəndisi olsa da, Şuşanın mədəni mühiti onun bir musiqişünas kimi yetişməsində həqiqətən konservatoriya rolunu oynamışdır. Bu aydın zəkalı maarif xadiminin musiqi görüşlərində orta əsr nəzəriyyəçilərinin müəyyən təsiri özünü göstərsə də, o özünün yüksək bilik səviyyəsi və cari musiqi həyatına sıx bağlılığı sayəsində Azərbaycanda müasir musiqişünaslıq təfəkkürünün formalaşmasında müsbət rol oynamışdır. Gənc yaşlarından A.Əliverdibəyov müxtəlif xalqların musiqi tarixinə böyük maraq göstərmiş, bu mövzuya aid ədəbiyyatı diqqətlə mütaliə etmiş, Qarabağın və ümumiyyətlə, Azərbaycanın musiqi həyatı sahəsində qiymətli müşahidələr aparmış, öz fikir və mülahizələrini daim qələmə almağa səy göstərmişdir. A.Əliverdibəyov müxtəlif dünya xalqlarının mədəniyyətini əhatə edən «Musiqi tarixi» adlı dolğun məzmunlu kitab yazmışdır (əlyazma, 339 səh.1243).

A.Əliverdibəyov Şuşanın yüksək bədii atmosferini geniş tarixi-ictimai və mədəni şərait fonunda parlaq şəkildə əks etdirmişdir. Şəhərin təhsil müəssisələri (o cümlədən məşhur musiqi məktəbləri), şeirmusiqi məclisləri («Məclisi-üns», «Məclisi-fəramuşan» Şuşa musiqi mədəniyyətinin çiçəklənməsinə səbəb olmuşdur. Bir çox xanəndələr, tarkamança ustaları, aşıqlar, habelə qavalqarmon ifaçıları haqqında verilmiş dəyərli bilgilər, toy-düyünlərin və rəngarəng folklor mühitinin şərhi bu füsunkar diyarın zəngin musiqi həyatının açıb göstərir.

Ağalar bəy özünün ifaçılıq təcrübəsində muğam, mahnı və təsniflərə əsas yer ayırsa da, xalq musiqisini küll halında öyrənməyə çalışmış, müasir elmi təsəvvürlərlə həmahəng səsləşən təsnifat növünü ortaya qoymuşdur. Onun sadaladığı dörd xalq musiqi yaradıcılığı sahəsindən birincisi muğamat sənətini, digəri isə aşıq havalarını nəzərdə tutursa, «Qaraçılar musiqisi» adlandırılan və geniş kütlələrə aid edilən üçüncü növə həm mahnı, həm də oyun havalarını şamil etmək olar. Adları çəkilən musiqi növləri hazırda geniş yayılmış təsnifat sistemilə əsasən üst-üstə düşür. Müəllif həmin musiqi janrlardan başqa, «Şəbeh» tamaşalarında istifadə olunan dini musiqini, idman yarışlarını müşayiət edən cəngi havalarını və yaslarda ağıların oxunmasını da qeyd etməyi unutmur. «Musiqi tarixi» əsərinə görə demək olur ki, ağılar xidməti məqsədlərdən başqa həmçinin estetik funksiya da daşıyırdı.

A.Əliverdibəyov müxtəlif musiqi janrları arasındakı əlaqələri və təsirləri də çox incəliklə sezə bilmişdir. Məsələn, «qaraçılara» məxsus qədim və sadə folklor mahnılarının xalq musiqisində bünövrə rolunu oynaması aşağıdakı qeyddən məlum olur: «Bu mahnılar ağızdan-ağıza keçib, nöqsanları təkmil olunub və gələcək ədəbi və vəznli mahnılar üçün məvad (material) ədd olunurdu». Müasir folklor tədqiqatları göstərir ki, arxaik nəğmələr və nisbətən sonralar yaranmış xalq mahnıları arasında ladmelodik əlaqələrin olmasına baxmayaraq, onların mətni təkmilləşdirilmiş, vəzn əsası isə daha mütəşəkkil keyfiyyət qazanmışdır. Tədqiqat əsərinin «Azərbaycan musiqisi» bəhsində milli muğam sənətimizin özünəməxsus növü sayılan zərbi-muğamların tarixinə işıq tutan bir maraqlı qeyd də vardır. A.Əliverdibəyov «Mənsuriyyə» və «Səmai-şəms»in zərbi-muğam şəklinə düşməsini Sadıqcanın adı ilə bağlayır ki, bu da janrın son əsrlərdə təşəkkül tapdığını düşünməyə əsas verir: «Bunun (Sadıqcanın – X. F.) təşəbbüsatına görə «Mənsuriyyə»ni və «Səmai-Şəms»i dairənin dəm tutması ilə ifa edirlər».

Nəzərə çatdıraq ki, göstərilən nümunələrin hazırda iki ifa variantı məlumdur (zərb ilə və zərbsiz). A.Əliverdibəyov musiqinin heyvanlara göstərdiyi təsiri məsələsini Şərq xalqlarının (hind, ərəb, Azərbaycan) təcrübəsi əsasında şərh edir. Bu baxımdan Qarabağ folklorundan alınma nümunələr xüsusi əhəmiyyət daşıyır. «Qarabağ atları musiqiyə o dərəcədə alışmışlar ki, cıdıra çıxan vaxtı zurnada «Koroğlu» havasını çalanda atları yerlərində saxlamaq mümkün deyildi. Musiqinin başqa növlərə təsiri şayani-diqqətdir. Qarabağ atları su içən vaxtı bunlara məxsus müəyyən bir mahnı, fit çalınmasa, su içməkdən çəkinirlər».

A.Əliverdibəyov Azərbaycan musiqi folklorunda baş verən proseslərin mahiyyətinə varıb olduqca dərin və qiymətli müşahidələr aparmış, yeni dövrün tələblərinə uyğun olaraq, xalq mahnılarının Avropa not sistemi vasitəsilə yazıya almaq zərurətini qeyd etmişdir. «Azərbaycanda hər bir yeni mahnıların vətəni Qarabağ olub, buradan cəmi Qafqaziyaya ağızdan-ağıza tövsiyə olunmuşdu. Belə üsulla nəşr bəzi qəzalarda mövcud ləhnlərin və mahnıların təğyir və təbdil (dəyişdirmə) tapmağına, bir müddətdən sonra bilmərrə (tamamilə) məhv olmağına səbəb olmuşdu. Bu mahnıların və ləhnlərin nota köçürülməyin və həmişəlik qeyd etməkliyin lüzumu və ehtiyacı görünürdü. Bu niyyəti hüsula gətirmək üçün bu sahədə birinci qədəm qoyan Üzeyir Hacıbəyov olmuşdu».

Üzeyir bəyin bu işə hələ gənc yaşlarından başlaması faktı da son dərəcə diqqətəlayiqdir. Hələ seminariyada oxuyarkən bir neçə Azərbaycan xalq mahnılarını nota salmışdı. Bu sahədə A.Əliverdibəyovun özünün fəaliyyiəti hələlik yalnız ümumi şəkildə bəllidir. Görkəmli bəstəkarımız S.Rüstəmov onun vəfatından xeyli sonra çıxmış mahnı toplusunun ön sözündə yazmışdır: «Böyük musiqi həvəskarı Ağalar bəy Əliverdibəyovun əlyazmasında altı yüzdən artıq xalq mahnı və təsniflərinin mətnləri var idi. Ağalar bəy mahnıların mətninə baxan kimi melodiyasını yada salıb oxuyardı. Mən onların içərisindən iki yüz mahnı seçib nota köçürmüşdüm».

Təəssüf ki, A.Əliverdibəyovun ifasından konkret olaraq hansı mahnıların yazıya alınması və onların hansı not məcmuələrində yayınlanması tam aydınlaşdırılmamışdır. Memarlıq və İncəsənət İnstitutunun arxiv materialları məsələni bir qədər işıqlandırır. Burda saxlanılan bir musiqi qovluğunun iki hissəsində müvafiq olaraq 50 və 49 xalq mahnısının əlyazması toplanmışdır. Birinci hissənin ilk səhifəsində nümunələri oxumuş (A.Əliverdibəyov) və nota yazmış (S.Rüstəmov) şəxslərin adları və tarix qeyd olunmuşdur. Mahnıların üslub etibarı ilə yaxınlığını nəzərə alsaq, onların (cəmi 99 nümunə) bir nəfər tərəfindən təqdim olunduğunu ehtimal etmək olar. Bu əlyazmaların böyük qismi ikicildlik məcmuədə çap olunsa da, digər məcmuədəki (1967) nümunələrin «tərcümeyi-halı» gizli qalır və tərtibatçının «Ön söz»də ifa etdiyi fikri hələlik konkret misallarla təsdiqlənmir.

A.Əliverdibəyov sadəcə olaraq zəngin bir informant deyil, doğma musiqi folklorunun qayğıkeş toplayıcısı hesab edilməlidir. Həmin musiqi nümunələri hər hansı bir zümrəyə mənsub olmadığına görə, onlara buya başqa xanəndənin, yaxud el nəğməkarının repertuarı kimi baxmaq olmaz. Ağalar Əliverdibəyov el havalarını əvvəlcə özünün qeyri-adi musiqi hafizəsinə köçürmüş, sonra da onların nota yazılmasında bəstəkar S.Rüstəmova böyük yardım göstərmişdir. Gördüyümüz kimi, «Qafqazın konservatoriyası» sayılan gözəl Şuşanın yetirdiyi mütərəqqi Azərbaycan ziyalısı Ağalar bəy Əliverdibəyov həm musiqi tarixçisi, həm də doğma musiqi folklorunun toplayıcısı və bilicisi kimi maraqlı musiqinünaslıq fəaliyyəti göstərmişdir. Onun qələmindən çıxmış sanballı «Musiqi tarixi» və səsindən nota köçürülmüş xalq mahnıları tədqiq olunduqca bu görkəmli şəxsiyyətin bir musiqişünas kimi parlaq siması daha aydın görünəcək və onun milli musiqi elminin inkişafında oynadığı rol daha yaxşı dərk olunacaqdır.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 9 may.- S.14.