Qələbənin
67 illiyi
Cəmil Həsənli: «Müharibədən
sonra Bakıya qəhrəman şəhər statusunun verilməməsi
tarixin ən böyük ədalətsizliklərindən
biridir»
Bu gün faşist Almaniyası üzərində qələbənin 67-ci ildönümüdür. Faşist Almaniyasında, 1940-cı il dekabrın 18-də təsdiq edilmiş SSRİ-yə hücum – «Barbarossa planı» ildırım sürətli müharibə strategiyasına əsaslanırdı. Məqsəd güclü, qəfil zərbə ilə Sovet ordusunu darmadağın etmək, qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmaq idi. Hitler Almaniyasının qəsbkarlıq planında Azərbaycan, Bakı nefti xüsusi yer tuturdu. Alman-faşist işğalçılarına qarşı mübarizədə Azərbaycan xalqı da son qələbəyə qədər fəal iştirak etdilər. Onlar cəbhədə və arxada şücaət və igidliklər göstərərək düşmən üzərində qələbənin sürətləndirilməsinə öz töhfələrini verdilər. Yüzlərlə azərbaycanlı düşmənə qarşı döyüşlərdə mərdlik, igidlik və qəhrəmanlıq nümayiş etdirdi.
Müharibə xalqın bütün maddi və mənəvi qüvvələrini ciddi sınağa çəkmişdi. Əhalinin böyük əksəriyyəti bütün fəaliyyətini cəbhənin mənafeyinə, düşmənin tezliklə darmadağın olunması vəzifəsinə tabe edərək müharibənin ilk günlərindən yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirir, ümumxalq vətənpərvərlik təşəbbüsü göstərirdi.
Tədqiqatçıların araşdırmalarına görə, adıçəkilən müharibədə 600 mindən çox Azərbaycan vətəndaşı döyüşüb. Onların yarıdan çoxu geriyə dönməyib. Qayıdanlar isə yarımcan qayıdıblar. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə döyüşən azərbaycanlıların cərgəsində hərbi təyyarəçilərimizin, aviatorlarımızın, hərbi və mülki aviasiya sənayesində çalışan mütəxəssislərimizin xüsusi yeri olub.
Tarixçi Elçin Muradovun fikrincə, gərginliyinə və amansızlığına görə misli görünməmiş bu müharibədə Sovet İttifaqında yaşayan xalqlar öz vətənlərinin azadlığını və müstəqilliyini qoruyub-saxlayıb, dünyanın bir sıra ölkələrini faşizm əsarətindən xilas ediblər. Xalqlarımız ön və arxa cəbhələrdə fədakarlıq və kütləvi qəhrəmanlıq, vətənpərvərlik və beynəlmiləlçilik, misilsiz dözüm nümayiş etdiriblər. Bunlarsız qalib gəlmək mümkün olmazdı. Bu cür sarsılmazlıq, bu cür qələbə əzmi tarixdə görünməyib. Tarixçi qeyd edib ki, bu qələbənin tarixi əhəmiyyəti böyükdür: «9 May – Qələbə Günü – son dərəcə amansız, dəhşətli döyüşlərdə həlak olmuş milyonlarla insanın xatirəsinə dərin ehtiram günü kimi, ümumxalq hüzn, ədalətin təntənəsi və insanlarımızın qəlbində qürur günü kimi qalacaq. Fikir verin, bu gün də Vətənin azadlığı və müstəqilliyi uğrunda həlak olmuş insanların xatirəsini ehtiramla yad etməyə, döyüşçülərin məzarlarının, memorial komplekslərin, abidələrin və heykəllərin, partizanların, o vaxt gizli fəaliyyət göstərən könüllülərin, faşist düşərgələrində olmuş məhbusların məzarlarının qorunmasına və lazımi vəziyyətdə saxlanılmasına daim qayğı göstərməyə, Böyük Vətən müharibəsi illərində faşist işğalçılarının qətlə yetirdiyi döyüşçülərin və mülki vətəndaşların məzarlarının axtarışı ilə bağlı işləri fəallaşdırmağa diqqət yönəlir».
Professor Cəmil Həsənlinin
fikrincə isə, Azərbaycanın neft sənayesi
müharibədə böyük rol oynadı. Bütün Sovet texnikası Azərbaycan nefti
üzərində oturmuşdu. Bütün təyyarələr, tanklar, nəqliyyat vasitələri Bakı nefti ilə hərəkət edirdi.
Bu
baxımdan, müharibədən sonra
Bakıya qəhrəman şəhər statusunun
verilməməsi tarixin ən böyük ədalətsizliklərindən biridir. Çünki, keçmiş SSRİ-də qələbəyə
bu qədər kömək etmiş ikinci paytaxt şəhəri yox
idi: «Azərbaycan üçün
müharibə dövründə cərəyan edən ən əsas
məsələlərdən biri də, Cənubi
Azərbaycanla bağlı hadisələr idi.
1941-ci ilin avqustunda Sovet qoşunları İngiltərə
qoşunları ilə birgə İrana daxil oldu. Sovet
qoşunları İranın şimalını tutduqdan sonra böyük bir coğrafi ərazi, yəni Əfqanıstan sərhədlərindən
başlayaraq Türkiyə sərhədlərinədək
böyük bir ərazi
Sovet İttifaqının nəzarətinə
keçdi. Sovet
qoşunları Türkmənistandan, Azərbaycandan və Xəzər
dənizi vasitəsi ilə İrana daxil oldu. Sovet
qoşunları İrana daxil
olandan sonra Azərbaycandan
siyasi işçilərin birinci
dəstəsi İrana ezam
olundu. Onlar 1942-ci ilin yazınadək İranda
fəaliyyət göstərdi. Bu siyasi missiyaya Əziz Əliyev
rəhbərlik edirdi. Sözün
əsl mənasında, bu insanlar
Cənubi Azərbaycanda bir vətənpərvərlik
təbliğatı apardılar. Cənubi Azərbaycanda ictimai-siyasi fikrin, milli kimlik şüurunun
oyanmasında mühüm rol
oynadılar. «Vətən Yolunda» və digər
qəzetlər nəşr edilirdi. Bunlar ordu qəzetləri olsa da, əski əlifba ilə
Azərbaycan dilində nəşr edilirdi
və ictimai fikrin
formalaşmasına ciddi təsir göstərirdi».
Cəmil Həsənli onu da vurğulayıb ki, hələ,
1939-cu ilin sonu
40-cı ilin əvvəllərində, o zaman ki,
Sovet İttifaqı Almaniya
ilə əməkdaşlıq edirdi, ingilis və fransızlar ehtiyatlanırdı ki, Bakı nefti xammal kimi faşizmin
nəzarətinə düşə bilər. Bu səbəbdən onlar,
Bakı neft mədənlərinin
bombardıman edilməsi istiqamətində planlar
hazırlayırdılar: «Bu plan Suriya və İraqdan təyyarə uçuşları ilə
həyata keçirilməli idi. Lakin,
1940-cı ilin mayında Fransa
işğal olunduğuna
görə bu plan
gerçəkləşdirilə bilmədi. 1943-cü ildə
faşist Almaniyasının Şimali Qafqazı zəbt etməsi zamanı
müttəfiqlər arasındakı yazışmalara baxanda da görürük
ki, artıq ingilislər və amerikanlar Bakının faşistlərin
nəzarətinə keçmə ehtimalı yaranmasından
narahatlıq keçirir. Bunun nə dərəcədə
böyük fəlakətə səbəb
olacağını onlar anlayırdı. Nəzərə
almaq lazımdır ki,
20-ci əsrdə SSRİ dağılana qədər Bakıda neft hasilatında ən yüksək rəqəm
müharibə dövründə olub. 1941-ci ildə
22 milyon ton neft çıxarılıb. 1941-1945-ci illərdə Bakıda 75 milyon ton neft istehsal olunub. O dövr Sovet İttifaqında bütün
hərəkət edən
qurğular Bakı neftinin hesabına hərəkətə gətirilib.
Bu baxımdan, Bakı neft sənayesi qələbəni
təmin edən ən böyük əmək cəbhəsi idi».
Rusiyanın Azərbaycandakı fövqəladə
və səlahiyyətli
səfiri Vladimir Doroxin,
əsgərlərin qardaşlıq
qəbrinə əklil
qoyulması mərasimində
deyib: «Azərbaycanda Qələbə gününün
qeyd olunması səviyyəsi sivil dövlətin tarixi yaddaşının təzahürüdür.
Rusiya Federasiyasının Azərbaycan
Respublikasındakı səfiri
qismində ilk dəfə
sizi Böyük Vətən Müharibəsindəki
Qələbə Gününün
ildönümü münasibətilə
təbrik etmək mənim üçün böyük şərəfdir.
9 may həqiqətən də
müqəddəs bayramdır.
Onun əhəmiyyətini
nə ötən illər, nə də faşizmə qalib gələn ölkənin ərazisində
yaranan dövlət sərhədləri mane ola bilməz. Sizin hərbi şücaətiniz
və əyilməz cəsarət ruhunuz, hazırda Böyük qələbənin meyvələri
hesabına yaşayan insanların yaddaşında
həmişəlik qalacaq».
Onun sözlərinə
görə, müharibə
nə qurbanlarını,
nə də qəhrəmanlarını milliyyətlərə
bölməyib: «Azərbaycanlıların
faşizmin darmadağın
edilməsinə verdiyi
töhfə onların
vətəndaş borcuna
fədakar xidmətinin
nümunəsidir. Azərbaycanda Qələbə gününün
qeyd olunması səviyyəsi sivil dövlətin tarixi yaddaşının təzahürüdür.
Xalqlarımızın həyat və
ləyaqətini qorumuş
qalib döyüşçülərə,
arxa cəbhənin fədakar əməkdarlarına
təzim və əbədi şöhrətimizi
çatdırırıq».
Cavid
Xalq Cəbhəsi.-
2012.- 9 may.- S.7.