Mahir rəqqasə
Nisəxanım Rəhimovanın
yetişməsində müəllimlərinin böyük rolu
olub
Rəqqasəlik
böyük zəhmət, daim diqqət, vaxt, fədakarlıq
tələb edən bir sənətdir. Bu sahədə peşəkar
olmaq üçün rəqs sənin həyat yoluna
çevrilməlidir. Nisəxanım Rəhimova da ömrünü-gününü
rəqsə bağlamış, ifa etdiyi rəqslərin ona bəxş
etdiyi səadəti ilə yaşamış bir sənətkardır.
Onun Azərbaycan rəqs sənətində müəyyən
xidmətləri, özünəməxsus dəsti-xətti
var. Nisəxanımın sənəti öz incəliyi,
kaloritliyi, lirikliyi ilə rəqs səhnəmizdə silinməz
qoyub.
1951-ci ildə Bakı şəhərində dünyaya göz açan Nisəxanım Rəhimovanın hələ uşaqlıqdan incəsənətə həvəsi olub. Balaca qızın bu böyük marağını hiss edən valideynləri onu tez-tez teatr tamaşalarına gətirərlərmiş. O zaman heç kimin ağlına belə gəlməzdi ki, izlədiyi balet tamaşaları sonradan Nisəxanımın xoreoqrafiya sənətinə bağlanmasına təkan verəcək. Rəqsə olan marağı Nisəxanımı 1961-ci ildə Bakı Xoreoqrafiya Məktəbinə gətirib çıxarır. Qəbul imtahanlarından uğurla çıxan bu istedadlı qız Mariya İvanovna Çernikovanın sinfinə qəbul olur. Nisəxanım Rəhimovanın gələcəkdə peşəkar rəqqasə kimi yetişməsində, bu çətin sənətin incəliklərinə yiyələnməsində onun müəllimlərinin böyük rolu olub. Bu siyahıda respublikanın əməkdar müəllimi Roza Hacıyeva, əməkdar artistlər Nailə Mahmudova, İrina Koqarliskaya, xalq artistləri Nailə Nəzirova, Xumar Zülfüqarova, Konstantin Bataşov, SSRİ-nin xalq artisti Leyla Vəkilova, xalq rəqsi müəllimi Minə Cəfərova kimi sənətkarların adları var. Aşağı siniflərlərdə oxuyarkən müəllimləri Nisəxanımın qeyri-adi istedadını hiss edərək onu Opera və Balet Teatrının məşğələlərinə göndərirlər. Həmin illərdə o, uşaq tamaşalarında bir sıra maraqlı obrazlar yaradır. Nisəxanım bəstəkar Morozovun «Doktor Aybolit» baletində Vaniçka, Boriz Zeydmanın «Qızıl açar» baletində Buratino, Ə.Abbasovun «Qaraca qız» baletində Qaraca qız rolunu canlandırıb. O, bəstəkar P.İ.Çaykovskinin «Şelkunçik» baletində siçanların rəqsini, Ə.Bədəlbəylinin «Qız qalası» baletində şən kənd uşaqlarının rəqsini məharətlə ifa edib.
O zaman yaşının az olmasına baxmayaraq, Nisəxanım balet sənətinin parlaq ulduzları ilə eyni səhnəni paylaşıb. SSRİ xalq artisti Leyla Vəkilova, respublikanın xalq artistləri K.Bataşov, Çimnaz Babayeva, Tamilla Şirəliyeva kimi sənətkarlarla bir səhnəyə çıxmaq həqiqətən böyük uğur sayılırdı. 1969-cu ildə Bakı Xoreoqrafiya Məktəbində SSRİ xalq artisti Leyla Vəkilovanın sinfini bitirən Nisəxanım sevdiyi balet səhnəsinə yox, müəllimi Xumar Zülfüqarovanın təkidilə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına təyinat alır. Böyük sənətkar olan Xumar xanım onun istedadının gələcəkdə milli xoreoqrafiya sənətinə bir töhfə olacağını bilirdi. Ansamblda işlədiyi 5 ay ərzində Nisəxanım demək olar ki, bütün rəqslərdə iştirak etdi. Amma Nisəxanım öz yaradıcılığında daha fərqli ifa tərzi olan rəqslər axtarışında idi. Bu axtarış onu 1970-ci ildə Rəşid Behbudovun rəhbərlik etdiyi Mahnı Teatrına gətirdi. O zaman belə bir dahi insanın teatrında işləmək böyük məsuliyyət idi. Rəşid Behbudov kimi dünya miqyaslı bir sənətkarla eyni səhnəni paylaşmaq və onun ifa etdiyi mahnılara solo rəqslər ifa etmək şərəfli və qürurlu bir iş idi. Mahnı Teatrının səhnəsində Nisəxanımın ilk uğurlu rəqslərindən biri «Türk tanqosu» oldu. R.Behbudovun ifa etdiyi bu mahnıda solo rəqsin quruluşçu-baletmesteri xalq artisti R.Axundova idi. Konsert proqramlarında onun öz solo rəqsləri də olurdu. «Qavallarla»rəqsi, «Qaraçı», «Kavboy» rəqsləri bu qəbildən idi.
Çox maraqlıdır ki, Nisəxanımın həyat yoldaşı Əvəz Qasımov da ömrünü-gününü rəqsə həsr etmiş insan olub. O, Politexnik Texnikumunda təhsil ala-ala həm də texnikumun ansamblında rəqslə məşğul olmağa başlayıb. O zaman ansambla Nailə Mahmudova və əməkdar artist Qorxmaz Qurbanov rəhbərlik edirdi. Əvəz Qasımovun olduqca istedadlı gənc olduğunu görən ansambl rəhbərləri onu Dövlət Filarmoniyasına dəvət edirlər. O, 1967-ci ildə Dövlət Estrada Orkestrində Rauf Hacıyevin rəhbərliyi altında solist rəqqas kimi çalışmağa başlayıb. Ə.Qasımov 1975-ci ildə Fikrət Əmirov adına mahnı və rəqs ansamblına keçir. Nisəxanımın gələcək həyat yoldaşı ilə tanışlığı da elə burada olub. Onun ifa etdiyi rəqslər arasında «Azərbaycan suitası», «Qaytağı», «Bulaq başında» kimi gözəl əsərlər var. Ansamblda çalışdığı müddətdə Əvəz Qasımov Zemfira Həsənova, Aliyə Ramazanova, Sona Əliyeva kimi rəqqasələrlə tərəfi müqabili olub. Amma onun 15 illik əvəzolunmaz tərəf müqabili ömür-gün yoldaşı Nisə xanımdır. Onların səhnə yaradıcılıqlarında yüksək peşəkarlıq, özünəməxsus şirinliklə ifa etdikləri «Naz eləmə» rəqsi tamaşaçıların qəlbinə yol tapıb. Bundan əvvəl isə o, bu rəqsi Q.Qurbanov, K.Dadaşov, A.Hüsyenov, Ə.Qasımov, X.Bəşirov və gənc rəqqas Ş.Cəfərovla ifa edib.
O, həm də təcrübəli pedaqoqdur. Rəqqasəlik fəaliyyəti ilə yanaşı, Nisəxanım həm də 1991-1997-ci illərdə Bakı Xoreoqrafiya Məktəbində dərs deyib. Onun yetişdirdiyi tələbələr müxtəlif ansambllarda solist işləyirlər. Nisəxanım bugünədək əldə etdiyi bilikləri sevə-sevə gənclərimizə öyrədir.
Oktay
Xalq Cəbhəsi.-
2012.- 15 may.- S.13.