Azərbaycan səhnəsinin Cülyettası

 

1937-ci il yanvarın 1-də «Bakınski raboçi» qəzeti yazırdı: «Gənc aktrisa Barat səhnədə çılğın, iradəli, mərd və eyni zamanda zərif qadın obrazının öhdəsindən layiqincə gəldi. Cülyetta rolu tamaşaçıların qəlbində silinməz iz qoydu». Bu, Barat Şəkinskayanın yaradıcılığına verilən ilk və ən yüksək peşəkar qiymət idi. Cülyetta obrazı onun səhnə xoşbəxtliyinin müjdəçisi olur. Hər şey elə bundan sonra başlayır…

 

«Tanrının hədiyyəsi»

 

Nənəsi Gövhər xanım uzun illər idi ki, Həzrət Abbasa yalvararaq, ondan nəvə payı istəyirdi. Həbib xan Şəkinskinin qızına Barat adını da elə Gövhər xanım özü vermişdi. Onun ulu babasının babası Qarabağ xanı İbrahim xan acar knyazı Abaşidzenin qızı ilə evlənmişdi. Bu nikahdan qızları Gövhərağa və oğlan övladları İskəndərağa dünyaya gəlmişdi. Şairə Natəvan onların ögey bacıları idi. Barat xanımın atası İskəndərağanın nəvəsidir. Şəhərin mərd oğullarından sayılan İskəndərağa vaxtilə çar Rusiyasının ordusunda vuruşub, həm də Şəki qəzasının rəisi olub. O, Ədürrəhim bəy Haqverdiyevin qardaşı qızı Ağcaxanımla evlənmişdi. Baratın ata babası Süleyman xan Şəkinski, ana babası isə ömrünün sonuna kimi barışdırıcı münsif işləmiş Kərimbəy Hacıyev olub. Barat xanım və Mehdi Məmmədovun oğlu Elçinin övladı həmin Kərim bəyin adını daşıyır.

Şuşanın say-seçmə şəxslərindən sayılan Həbib xan Şəkinski bəy nəslindən olan Ağca xanımla evlənmişdi. Ailə həyatları yolunda getsə də, bir dərdləri vardı. Ağca xanım gəlin köçdüyü vaxtdan bir-birinin ardınca üç ölü uşaq doğmuşdu. Buna görə də qaynanası Ziba bəyimin qəzəbinə tuş gəlmişdi. Ağca xanım növbəti dəfə hamilə olanda Ziba bəyim öz hikkəsini yeridir. Oğluna deyir ki, «arvadını götür apar atası evinə, qoy ölü uşağını orada doğsun, sonra qaytar bizə».

Ağca xanım gəlib anası Gövhər xanımın yanına. Bəy nəslindən olan bu qadın çox ağıllı və tədbirli xanım idi. Ona görə uşaq doğulanda Ziba bəyimin məkrindən ehtiyatlanaraq, Şuşa şəhərinin ən məşhur mamasını çağırıb. Üstəlik, şahidlik üçün şəhərin qazısı, hörməti hamı tərəfindən uca tutulan Əbdürrəhim ağanı və məşhur həkim Kərim bəy Mehmandarovu da evinə dəvət edib. Mamanın yanında isə Qarabağ xanlığının sayılıb-seçilən iki möhtərəm xanımı olub. Ağcaxanımı sancı tutanda bu adamların hamısı bir nəfər kimi Gövhər xanımın malikanəsində toplaşır. Beləliklə, 1915-ci il iyunun 7-də uşaq dünyaya gəlir. Düzdür, bu dəfə uşaq diri doğulur, amma çox cılız və sısqa olur. Ona görə də məsləhətləşib belə qərara gəlirlər ki, uşağın olduğunu hələlik nənəsinə deməsinlər. Üç həftə gözləsinlər, körpə sağ qalsa, onda Ziba bəyimə xəbər versinlər. Uşaq doğulduqdan 21 gün sonra birinci dəfə ağlayır. Hamı təəccüb edib ki, dünyaya gələn kimi ağlamayan körpə necə salamat qalıb. Uşaq ağlayandan sonra Ziba bəyimə xəbər verilib. Uşağın təvəllüdü də elə həmin gündən – 28 iyundan hesablanıb. Amma Ziba bəyim nə körpəni, nə də anasını qəbul etməyib: «Ağca heç vaxt diri uşaq doğa bilməz. Körpəni Həbib xanın strajnikinin arvadı doğub verib ona». Bu dəhşətli iftiradan sonra Həbib xan, eləcə də şəhərin əksər camaatı Ziba bəyimdən üz döndərib. Hətta Həbib xan baş götürüb, Rusiyaya gedib. Hərbi zabit kimi yüksək rütbələr alıb, Denikinin ordusunda vuruşub.

Uşağın adına gəlincə, nənəsi Gövhər xanım hər yerdə deyərmiş ki, Həbibin balası qurban olduğum Həzrət Abbasın mənə baratıdır. «Barat» sözünün mənası hədiyyə, töhfə, ərməğan deməkdir. Sonradan Həbib xanla Ağca xanımın daha bir qızı və oğlu dünyaya gəlib. Oğlanın adını Süleyman, qızın adını isə Səriyyə qoyublar. Ziba bəyim oğlunun doğma balasını qəbul etməsə də, uzun illərdən sonra Barat xanım ona əsl nəvəlik edib. Amma o, nənəsindən onu və anasını niyə qəbul etmədiyini bircə dəfə də olsun soruşmayıb. Ziba bəyim düz 120 il ömür sürüb.

 

Ayrılıq həsrəti

 

1920-ci ilin qışında 11-ci Qızıl Ordu Şuşaya daxil olur. Ağca xanımın dayısı qubernator İbrahim bəy Vəlibəyovun qətlindən sonra Həbib xan arvadını və uşaqlarını qaynanasına tapşırıb, İrana qaçır. O zaman Baratın cəmi altı yaşı var idi. Bir gecə Ağca xanımgilin darvazası döyülür. Gələn Həbib xanın denşiki (əlaltısı) idi. O, deyir ki, şəhərə səs yaymayın, Həbib xanı öldürüblər. O, guya başsız qalmış ailəni nicat üçün Ağdamın Göytəpə kəndində yaşayan Ağca xanımın bacısı Kübra xanımgilə (həyat yoldaşı Zülfüqar Mirzəcamalov) pənah aparmaq məcburiyyətində qalıb. Əslində ailə Göytəpəyə çatan kimi Arazın o tayında olan Həbib xana xəbər çatdırılacaqdı. Onun adamları gəlib Ağca xanımı, Baratı, Səriyyəni və bələkdə olan dörd aylıq Süleymanı İrana keçirəcəkdilər.

Denişik bu xəbəri çatdırıb gecəylə geri dönür. Səhər şəhərə səs yayılır ki, rus əsgərləri Həbib xanı öldürüblər. İyirmi beş yaşlı Ağcaxanım qiymətli əşyalarını qızıla dəyişib uşaqları ilə birgə uzun yola çıxır. Ailə Göytəpəyə çatanda onların qarşısını quldurlar kəsir. Soyğunçuları hələ uzaqdan görən balaca Barat tez əynindəki paltarlarını cırmağa başlayır. Ağca xanım təəccüblü halda qızından niyə belə etdiyini soruşanda gözləmədiyi cavabı eşidir: «Qoy bizi bu halda görüb, yoxsul olduğumuzu düşünsünlər». Ağca xanım bütün qızıl əşyalarını balaca Süleymanın bələyində gizlətmişdi. Buna baxmayaraq, quldurlar üst-başlarını axtarıb, nələri vardısa götürürlər. Elə bu zaman xəbər çıxır ki, bolşeviklər Mircamalov qardaşlarını da güllələyiblər. Artıq İrana getmək mənasız idi. Ağca xanım Gəncə yaxınlığında Səfiqurdda yaşayan böyük bacısı Rəxşəndənin yanına yollanmağa qərar verir. Beləcə, Şuşa əsilzadələrindən olan ailənin dörd üzvü Gəncədə yeni yuva qurur. Ağca xanım sonralar Barat xanım şöhrətli aktrisa olanda belə deyirdi: «Quldurlar Göytəpədə bizi yağmalayarkən yoxsul olduğumuzu düşünsünlər deyə Barat yaxasını cıranda anlamışdım ki, qızım artist olacaq».

Üç uşağı böyütmək çox çətin idi. Amma illər bir-birini əvəz edirdi. 1922-ci ildə İrandan Mir Murtuza adlı bir kişi onlara Həbib xandan xəbər, pay-püş azacıq pul gətirir. Barat xanımın Məstan mama dediyi yaxın ata qohumu ildə bir dəfə həmin Mir Murtuza kişi ilə İrana gedir, Həbib xanla görüşür, qayıdanda isə Ağca xanımın balalarına pal-paltar cibxərci gətirir. Ailə Həbib xanla ünsiyyətdə olduğunu uzun müddət sirr saxlayır. 66 ildən sonra Barat xanım dəftərə köçürtdüyü xatirələrində yazırdı: «Güzəranımız təzə-təzə düzəlirdi. 1928-ci ildən İrana gediş-gəliş yolları bağlandı. Bir neçə gündən sonra anamı hökumət idarəsinə çağırıb dedilər ki, yollar bağlanıb, amma hələ bir ay möhlətiniz var. İstəsəniz, siz İrana köçə bilərsiniz. Ya gedin, ya da dilinizdən iltizam verin ki, xariclə əlaqələrinizi birdəfəlik kəsəcəksiniz. Anam fikirləşmək üçün bir neçə gün vaxt istəyir. Böyük xalam Rəxşəndə Səfkürdskaya köçməyimizin qəti əleyhinə idi. Çünki bunu da Şura hökumətinin kələyi oduğunu düşünür, elə yoldaca hamımızı tutacaqlarından ehtiyat edirdi. Beləcə, Gəncədə qalmağa razılıq verdik…»

«Nənəm yazılı surətdə İrandakı qohumları ilə bütün əlaqələrini kəsəcəyinə söz verdi. Əlbəttə ki, atamın orada yaşadığını kimsəyə söyləyə bilməzdi. Ailəni xilas etməyin başqa yolu yox idi. İllər sonra Qarabağdan olan Nəsirbəy Cavanşirov babamı sonuncu dəfə I Dünya müharibəsindən əvvəl Şuşada Molla Pənah Vaqifin məzarı üstə gördüyünü söylədi» – deyə, Barat xanımın böyük qızı Solmaz xanım danışır.

 

Uşaqlıq illəri

 

1921-ci ilİyirmi beş yaşlı gənc qadın balalarını dolandırmaq üçün olmazın əziyyətlərinə qatlaşırdı. Onun yeganə arzusu övladlarını oxutmaq idi. Nənə pedaqoji texnikumun qızlarına paltar tikməklə pul qazanırdı. Ana isə barama qurdları üçün tut yarpağı yığır, Gəncə Seleksiya Stansiyasına göndərirdi. O, həm birinci dərəcəli 2 saylı qızlar gimnaziyasında təhsil alırdı. Səhnəyə ilk dəfə on yaşında çıxıb. 1924-cü il idiGəncə qadın klubunda on dəqiqəlik «Lenin artıq yoxdur» tamaşası hazırlanırdı. Məktəbli qız rolunu balaca Barat oynayırdı. Həmin tamaşa şəhər rəhbərliyinin xoşuna gəldi tövsiyə edildi ki, bu əsər bütün məktəb müəssisələrdə göstərilsin. Beləliklə «Lenin artıq yoxdur» tamaşası Bakıya gətirildi. Bu, Barat Şəkinskayanın Bakıya ilk gəlişi idi. Nənəsi onun səhnəyə çıxmasını istəmirdi. Arzusu Baratı həkim görmək idi. Məktəbdə oxuyanda onu tar dərnəyinə yazdırmışdılar. Solaxay olduğuna görə qızcığaz üçün hətta xüsusi tar da hazırlatmışdılar. Çox yaxşı musiqi duyumu var idi. Amma iki ayağını bir başmağa dirəmişdi ki, mən idman dərnəyinə gedəcəyəm. Sonda dediyini edir.

Bir gün Gəncənin işçi klubunda «Zəlzələ» tamaşası oynanılırdı. Barat xanıma Haykanuş adlı gənc qız obrazını həvalə edirlər. Yalvar-yaxarla anasını da tamaşaya baxmağa aparır. Tamaşa vaxtı kimsə səhnədən «Haykanuş bu gecə məni feyziyab edəcəkdeyə, qışqırır. Bu sözləri eşidən kimi Ağca xanımın ürəyi xarab olur. Özünə gəldikdən sonra Barata bir daha kluba getməyəcəyini söyləyir. Amma anam tərsliyindən dönmür, dram dərnəyinə getməyə davam edir. Qızını teatrdan uzaqlaşdırmaq üçün Ağca xanım qatara bilet alıb, onu Bakıyaqardaşı Məmmədhəsən bəy Hacıyevgilə göndərir. Bir müddət dayısı evində yaşayan Barat Şəkinskaya Gəncəyə qayıdanda yenə müxtəlif dram dərnəklərinin fəallarından birinə çevrilir. Sonradan artıq Azərbaycan Dövlət Akademik Dram Teatrında peşəkar aktyorluqla məşğul olanda anasını zorla Səməd Vurğunun «Vaqif» pyesi əsasında səhnələşdirilmiş tamaşaya getməyə razı salır. Barat xanım bu tamaşada qaçaq Eldarın dəstəsinə qoşulan gürcü qızı Tamaranın rolunu ifa edirdi. Evə gələndə anasından onun ifasını bəyənib-bəyənmədiyini soruşur. Ağca xanım isə cavabında belə deyir: «Xoşuma gəlmədi! Fatma Qədri, Sona xanım geyiniblər yarlı-yaraşıqlı Qarabağ libaslarını. Baxanda adamın ürəyi açılır. Amma sənCır-cındır bir paltarı keçirmisən əyninə, əlinə tüfəng alıb düşmüsən üstlərindən cin ürkən, saç-saqqal basmış kişilərin dalınca».

Beləcə, Ağca xanımın ayağı teatrdan kəsilir. Bu hadisədən düz səkkiz il sonra «O olmasın, bu olsun» filminə baxır. Ağca xanım bu dəfə üz-gözünü turşudaraq, qulluqçu Sənəm rolunu bəyənmədiyini söyləyir: «Bu da qulluqçuBir o qalmışdı, Həbib xanın qızı kiminsə qapısında qulluqçuluq edir…»

Barat xanım artıq xalqın sevimli aktrisasına çevrilsə , anası onun seçdiyi sənəti hələ qəbul edə bilmirdi

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 16 may.- S.15.