Yusif Vəzirin həyatının son illəri
Firuz Mustafa: «Ədibin nəşinin
öz vətəninə gətirilməsi onun ruhuna və
uğrunda vuruşduğu ideallara ən böyük hörmət
olardı»
Tanınmış yazıçı Yusif Vəzir Çəmənzəminli 1887-ci ildə Şuşa şəhərində anadan olub. Atası Məşədi Mirbaba Mirabdulla oğlu Vəzirov Şuşa bəylərindən biri idi. Yusif Vəzirin daşıdığı Vəzirov soyadı XVIII əsr Qarabağ hökmdari İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olan Mirzə Əliməmmədağanın tutduğu vəzir vəzifəsi ilə bağlı olaraq nəsildən-nəslə keçib. İbrahimxəlil xanın vəziri Mirzə Əliməmmədağa Vəzirov soyadını daşıyan Məşədi Mirbaba (Yusif Vəzirin atası) nəslinin ulu babasıdır. 1797-ci ilin iyununda İran hökmdarı Ağaməmməd şah Qacar Şuşanı zəbt etdiyi zaman İbrahimxəlil xan tərəfindən Türkiyə dövlətinə yenicə səfir təyin olunmuş Mirzə Əliməmmədağanı dustaq etdirib qətlə yetirir. Uzun illərdən sonra Türkiyədə səfirlik etmək Mirzə Əliməmmədağa nəslinin nümayəndəsi Y.Çəmənzəminliyə nəsib olur. O, 1919-cu ildə yeni yaranmış Azərbaycan Demokratik Cümhuriyyətinin Türkiyədə ilk səfiri olur. Yusif Vəzirin atası Məşədi Mirbaba İran, Orta Asiya və Türkiyənin bir qismini gəzmişdi, fars və türk dillərini mükəmməl bilirdi.
Yusif Vəzir Şuşada Molla Mehdinin məktəbində oxuyur. Məşədi Mirbaba oğlu Yusifi Ağdama aparır, təhsili ilə özü məşğul olur, ona türk və fars dillərini öyrədir. Yusif 1896-ci ildə Şuşa realnı məktəbinə daxil olur. Yusifin riyaziyyata o qədər də marağı yox idi. Yusif oxuduğu kitablarda rəssamların və heykəltəraşların tərcümeyi-halına diqqət yetirərdi. Hələ kiçik yaşlarında rəsm əsərləri çəkməklə məşğul olmuşdu. Gözlənilmədən onun böyük qardaşı Əbülhəsən xəstələnir, 1904-cü ildə vəfat edir. Bu hadisə Yusifi sarsıdır. Bir müddətdən sonra qardaşı Əbülhəsənin yaratdığı zəngin kitabxana Yusifə verilir. Yusif Vəzir kitabxanadaki rus və əcnəbi klassiklərin kitablari ilə yaxından tanış olandan sonra onda rəsm ilə bərabər ədəbiyyata da böyük maraq oyanır. Çexovun şirin və duzlu hekayələri Yusif Vəzirin çox xoşuna gəlir.
1906-ci ildə atası
vəfat edir. Onun vəfatından
sonra ailə 19 yaşlı Yusifin himayəsində qalır.
O, yatalaq xəstəliyindən
yatır. Yusifin bibisi onun sağalacağına ümidini
itirib Şuşaya göndərir. Yusifin üç
ay yataqdan qalxa bilməməsi ailəni böyük çətinliklər
qarşısına qoyur.
Ailə köməksiz qalır.
Yusifin anası Seyid oğlunun həyatını
xilas etmək üçün əlindən
gələni edir.
Ailənin ağır
vəziyyətində Yusif
hələ uşaq ikən Güney Azərbaycanın «Çəmənzəmin»
adlı kəndindən
qaçaraq Şuşaya
pənah gətirmiş,
Yusifgilin Həyətlərində
sığınacaq tapmış
Həsənxan, Nifti və Fərəc qardaşları onlara kömək edir. Yusif sağaldıqdan sonra anasına deyir ki, əgər
mən gələcəkdə
adlı-sanlı adam olsam, sədaqətli qonşularımızın
kəndlərinin adını
özümə təxəllüs
qəbul edəcəyəm.
Yusif Vəzir
Bakıya gəlir, realnı məktəbin altıncı sinfinə daxil olur. Şuşadakı milli ədavət Vəzirovlar ailəsini də ata-baba yurdundan didərgin düşməyə məcbur
edir. Onlar Aşqabada köçməli
olurlar. 1907-ci ildə
Yusif Vəzirin «Molla Nəsrəddin» jurnalında «Bakı realnı məktəbinin altıncı sinif şagirdi Mir Yusif Vəzirov» imzası ilə yazısı çap olunur. Bu yazıdan sonra
ona təhqir və hədələmə
məktubları gəlir.
Yusif Vəzir 1910-cu ildə Kiyevə gedir, Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olur. Kiyevdəki 5 illik tələbəlik
dövründə vətənlə
əlaqəni kəsmir.
Yusif Vəzir Bakıda nəşr olunan qəzetləri və jurnalları müntəzəm olaraq alır və Azərbaycanda baş verən hadisələrlə
yaxından tanış
olur. 1912-ci ildə
«Yeddi hekayə»,
1913-cü ildə isə
«Həyat səhifələri»
adlı kitablarını
Kiyevdə çap etdirir. 1917-ci ildə Kiyevdə oxuyan azərbaycanlı tələbələri ətrafına
toplayaraq Türk Ədəbi Mərkəziyyə
firqəsi «Musavatin» Kiyev şöbəsini yaradır. Həmin şöbəyə başçılıq etmək
üçün Yusif
Vəzir sədr seçilir. Müstəqil Ukrayna Respublikası yarandıqdan sonra Azərbaycan Demokratik Cumhuriyyəti Yusif Vəziri Ukraynada diplomatik nümayəndə
təyin edir. 1919-cu ildə isə
o, səfir kimi İstanbula göndərilir.
1925-ci ildə qardaşı
Miri 29 yaşında Parisdə vəfat edir. Yeganə qardaşının vaxtsız vəfatı Yusif Vəziri sarsıdır. O, vətəni
Azərbaycana qayıtmağı
qərara alır. Yusif Vəzir 1926-cı ilin aprel ayında həmişəlik olaraq mühacirətdən vətənə
qayıdır. Yusif Vəzirin
1937-ci ildə cürbəcür
bəhanələrlə işdən
kənar edilir. 1938-ci ilin avqust
ayında Yusif Vəzir Urgəncə yola düşür.
O, Urgənc pedaqoji instituta baş müəllim və eyni zamanda institut
kitabxanasına müdir
təyin olunur.
1940-cı il yanvar ayının 25-də
Yusif Vəzir Urgəncdə həbs edilib Bakıya gətirilir. O, altı aya yaxın Keşlə həbs düşərgəsində saxlanıldıqdan
sonra 1940-cı ilin iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs
düşərgəsinə göndərirlər. 1943-cü il yanvarın
3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs
düşərgəsində vəfat edir.
Yazıçı Firuz Mustafa hesab
edir ki, Azərbaycanın böyük
yazıçısı Yusif
Vəzir Çəmənzəminlinin
məzarının vətənə
gətirilməsi ədibin
ruhuna böyük diqqət və sayğı nümunəsi
olardı: «Yusif Vəzir Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfiri
kimi fəaliyyət göstərərkən gənc
dövlət qırmızı
imperiyanın qanlı
caynağına keçdi,
səfarətxana öz
fəaliyyətini dayandırmalı
oldu. O, bəlkə də Türkiyədə qalsaydı, daha dolğun bir həyat yaşaya bilərdi. Yusif Vəzir sovetlərin
qələbəsindən sonra
Parisə mühacirət
etmişdi, orada «Paris xəbərləri» qəzetində
«Şərq məktubları»
başlığı altında
köşə yazıları
ilə çıxış
edirdi. O, bəlkə
də Parisdə qalsaydı, Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında daha fəal iştirak edərdi. Yusif Vəzir Özbəkistanın
Urgənc şəhərindəki
Xorəzm Vilayət Pedaqoji İnstitutunda rus dili müəllimi
kimi kollektivdə böyük nüfuz qazanmışdı. O, öz
pedaqoji fəaliyyətini
davam etdirsəydi, sonralar sakit bir alim ömrü
yaşayardı. 30-cu illər repressiyası Yusif Vəzirin və onun ailəsinin
həyatına böyük
faciələr gətirdi.
O, öz isti yuvasından, ev-eşiyindən,
el-obasından, göz
bəbəyi kimi sevdiyi Vətənindən
didərgin düşdü.
Yusif Vəzirin həyatının
son illəri Özbəkistanla
bağlı olub.
1937-ci ildə müxtəlif bəhanələrlə
işdən azad edilmişdi. Heç yerdən
bir qəpik gəliri olmayan Yusif Vəzir Azərbaycan kommunistlərinin
o vaxtkı başçısı
Mircəfər Bağırova
ərizə ilə müraciət edir, heç bir cavab almır. Yerli hakimiyyətdən bir kömək görməyən yazıçı
1937-ci il iyun ayının 8-də Ümumittifaq
K(b)P-nın Baş katibi İ.V.Stalinə ərizə
ilə müraciət
etməli olur. Onun ərizəsinə Baş
katibdən də bir cavab gəlmir.
Yusif Vəzir bir aya yaxın Moskvada qalır, «əlaqədar» idarələrin
qapısını döyür,
Stalinə yazdığı
ərizə barədə
dəfələrlə Mərkəzi
Komitəyə müraciət
edir, hər yerdə eyni laqeydliklə qarşılanır.
Təzədən Bakıya
qayıdan Yusif Vəzir qonşu ölkələrdə iş
axtarmaq məcburiyyətində
qalır. 1938-ci ildə «Kommunist» qəzetində oxuduğu bir elanın sorağı ilə sənədlərini Özbəkistana
göndərir. Müsabiqədən uğurla keçən Yusif Vəzir Urgəncdəki pedaqoji instituta baş müəllim və eyni zamanda institut
kitabxanasına müdir
təyin olunur. Amma az sonra yazıçı həbs edilib Bakıya gətirilir.
Günlərin bir günü böyük ədibin uyuduğu qəbristanlığın
yerini müəyyənləşdirmək
qərarına gəldim. Təbii
ki, Yusif Vəzirin qəbrinin dəqiq yerini iki mənbədən öyrənmək olardı:
onun öldüyü həbs düşərgəsindən
və dəfn olunduğu qəbristanlıqdan.
Beləliklə, mən Yusif Vəzirin (Vəzirov Yusif Çəmənzəminlinin)
dəfn olunduğu qəbristanlığı, daha
dəqiq desəm, onun məzarını axtarmaq qərarına gəldim. Dost-tanışlardan,
məlumat kitabçalarından,
mətbuatdan xeyli məlumat əldə etdim.
Suxobezvodnoye Qorki (indiki Nijni
Novqorod) şəhərinin
115-120 kilometrliyində, Semyonov
rayonunun şimal-qərb
hissəsində yerləşən
qəsəbədir. Ərazisi 380 hektardır. 1963-cü ildən şəhər tipli qəsəbə statusu daşıyan bu yer ötən
əsrin 30-cu illərində
dustaqlar üçün
«iş yeri» kimi fəaliyyətə başlayıb. Buradakı məhbuslar
dəhşətli katorqa
şəraitində saxlanmaqla
yanaşı, ağır
fiziki işlərə
də cəlb edilirdilər. Yusif Vəzir
ən ağır məhbəs şəraitində
belə son nəfəsinəcən
qələmi yerə qoymayıb. O, hər
gün yazıb-yaradıb.
Çəmənzəminli nikbin insan idi, sabaha ümidlə
baxır, hesab edirdi ki, bir
gün haqq öz yerini tapacaq, onun yazıları
öz doğma ölkəsinin vətəndaşlarına
çatacaq. Sürgün dostlarının yazdığına
görə, böyük
ədib son nəfəsində
məhbəs nəzarətçisindən
xahiş edib ki, onun yazdıqlarını
həbsxana çardağının
altında əlçatmaz,
xəlvəti bir yerdə gizlətsin.
Həmin
yeri ədibin özü əvvəlcədən
müəyyənləşdiribmiş.
Nəzarətçi hörmətlə yanaşdığı ziyalı
məhbusun xahişini
yerinə yetirir.
Amma «susuz quru yerin»-
Suxobezvodnoyenin yağış
və çisəyi həmin yazıları elə o əlyazmaları müəllifinin ömrü,
həyatı kimi çürüdüb məhv
eləyib. Böyük Azərbaycan
yazıçısının nəşi uzun illərdir ki, gözdən-könüldən uzaq bir yerdə
məskunlaşıb. İnanmaq olmaz ki, Yusif
Vəzirin ruhu sakitcəsinə uyumaqdadır.
Mənə elə gəlir
ki, ədibin nəşinin öz vətəninə gətirilməsi
onun ruhuna və uğrunda vuruşduğu ideallara ən böyük hörmət olardı».
Uğur
Xalq Cəbhəsi.-
2012.- 1 noyabr.- S.14.