«Daha özgə faciələrini oynamaq istəmirəm…»

 

Zərnigar Ağakişiyeva: «Təkliyin nə olduğunu indi anlayıram»

 

«Teatrı seçdiyimə görə bir an belə peşman olmamışam»

 

Onun haqqında çox sözlər demək, roman yazmaq, bəlkə də film çəkmək belə olar. Amma o, öz həyatının romanını hələ də yaza bilməyib… Söhbət öz şəxsi həyatını unudub teatr, tamaşaçı sevgisi ilə kifayətlənən, bu gün isə təkliyin nə olduğunu anlasa da, bunu etiraf etməyə çətinlik çəkən, bəzən hətta qorxan, lakin bu qorxunu büruzə verməyən, hər sözünün başında «peşman deyiləm» deyən Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyevadan gedir. Bu gün Akademik Milli Dram Teatrının səhnəsindən tamaşaçıları salamlamasa da, filmlərdə mükəmməl ana və qaynana, psixoloji rollar oynamasa da insanların ürəyində alqışlanan Zərnigar Ağakişiyeva… O, alqışları ona ünvanlanan sevgi dolu baxışlar da hiss edir və sadəlövhcəsinə «məni sevən, ucaldan, yüksək qiymətləndirən xalqım qarşısında baş əyirəm» deyir… Çox zaman müsahibədən uzaq qaçan Zərnigar Ağakişiyeva APA-ya müsahibəsində həyatının gizli, bu günə kimi danışmadığı məqamlarına toxunub. Hər rolu ilə ürəyimizdə iz qoyan Zərnigar xanımla dövlətin ona verdiyi, yenicə köçdüyü evində görüşdük…

- Sizin həyatınıza nəzər salanda hər zaman düşünürəm — Siz özünüz üçün deyil, cəmiyyət, insanlar və tamaşaçılar üçün yaşamısınız…

- Doğrudur… Həyatımın mənası da o olub. Bu gün teatra getməsəm də, tamaşaçı ilə səhnədən ünsiyyət saxlamasam da, bu o demək deyil ki hər şey bitib. Həyatımı insanların ruhunu, qəlbini sevindirməyə həsr etmişəm. Bu ömrüm boyu belə davam edib. Bu mənim həyatımın mənası, ən dəyərli anları olub. Nəinki peşmanam, əksinə sevinirəm ki, Allah mənə məhz bu yolu nəsib edib. Teatra gələndə özümə üç il vaxt müəyyənləşdirdim. Düşündüm ki, əgər tamaşaçı marağı zəif olsa, xoşagəlməz hal yaşansa, yerimdə saysam, çıxışlarım tamaşaçı tərəfindən orta səviyyədə qəbul olunsa, bu sənətdə qalan deyiləm. Amma bir il ərzində artıq hamı «o qız, filan rolu oynayan qız» dedi və adım yaddaşlarda, dillərdə qaldı. Əgər ürəklərdə varamsa, səhnədə olmasam belə, tamaşaçıların qarşısında baş əyirəm. Yəni bu həyatı mənim üçün maraqlı, sevincli, mənalı edən tamaşaçı olub.

- İstənilən münasibətlərdə sevgi ön sıralarda olur. Deyirlər, insanı da sevgi yaşadır. Siz, sadəcə tamaşaçı sevgisi ilə kifayətlənmisiniz…

- Təbii… Məni bu gün sənətə, həyata bağlayan şeyin tamaşaçı sevgisi olduğunu demirəm. Biz aktyorlar ömrümüzü nəyə sərf etdiyimizi bilirik. Ömrümüzü şübhəsiz tamaşaçıya sərf edirik. Tamaşadan sonra mənə yaxınlaşıb tanış olur, gül dəstəsi gətirirlər. Bunların hər biri böyük diqqət, qiymət deməkdir. Ömrümü sənətə sərf etdim və buna heç də peşman deyiləm.

- Amma qurban vermisiniz… Bu illər ərzində ailə qurmaq arzunuz olub?

- Onu mən hiss etməmişəm. Axı insanı yaşadan sevgidir və mən bu sevgini alırdım. O sevgi, tamaşaçı sevgisi mənə xəyanət etmədi. Ümumiyyətlə, sevgisiz heç nə yoxdur, bu tək insan üçün nəzərdə tutulmayıb. Bütün canlıların sevgiyə ehtiyacı var. Heyvanlar da öz sevgilərini özlərinə məxsus şəkildə nümayiş etdirir və əvəzini istəyir. Həyat sevgi, məhəbbət üzərində qurulub. Sevgi ailədə də olur. Əgər orda təmənna yoxdursa. Bəzən elə olur ki, ailələr qurulanda müəyyən təmənnalar güdülür. Qarşılıqlı sevgi əsasında ailə qurmaq, uşaqların bu ailədə sevgi içərisində böyüməsi başqa şeydir. Hər zaman düşünmüşəm ki, ailə həyatım ya belə olsun, ya da heç olmasın. Başqa cür istəmirəm, istəməzdim də. Həmişə çəkinmədən demişəm ki, ailə o zaman ailə olur ki, hər iki tərəf bir sənətin yolçusu olur, günü-güzəranı maraqlı, amalı bir olur. Amma cəmiyyətdə elə ailələr, insanlar var ki, onlar həyat yoldaşlarının aktrisa olmasını istəmirlər. Ona görə yox ki, bu, pis peşədir, yoldaşına baxırlar və s. Sadəcə ailənin mövcud bir proqramı və qanunu var. Ola bilər bunu qəbul etsinlər, amma sonda sən özün baxıb görürsən ki, günorta 3-ə qədər və axşam saat 7-dən 11-dək teatrdasan, bir ay qastroldasan. Bu adam olur azad, yəni sən varsan, ya yoxsan, onun daha fərqi yoxdur. Biri var ki, biz həyatın üzünə ideoloji, fantastik və yaxud mənəviyyat müstəvisində baxırıq. Həyatın üzünə dik baxanda görürsən ki, hər bir kişi işdən evə istirahətə gəlir, ailə başçısıdır, onu evdə isti nəfəs qarşılamalıdır. Əgər gəlib görür ki, evdə heç kim yoxdur, soyuducudan özü çıxarıb nə isə hazırlayırsa, bunlar hamısı səbəbdir. Təbii ki, ailə quranda kişi istəməz ki, həyat yoldaşının adı dillərdə hallansın. Bu həyatın reallığıdır, amma biz bunu nədənsə qəbul etmirik.

- Siz çıxışlarınızın birində 13 il bir insanla eyni evi bölüşdüyünüzü demisiniz.

- Bəli, həyat yoldaşım olub. Mən həddindən artıq sərbəst idim, o da özü üçün sərbəst idi. O ailə deyildi… Uşaq da olmurdu. Qadın azad olanda, kişi də başlı-başına qalıb o biri tərəfdə lap azad olur. Belə insanların birgə ailə qurması və bu ailənin ömür boyu davam etməsi mümkünsüzdür. Bizdə də belə oldu.

- Zərnigar xanım, yaşadığınız illər, problemlər, keçirdiyiniz stresslər Sizi belə iradəli edib, ya özünüzü sınmaz qadın kimi qələmə verirsiniz?

- Bu, çox ağır sualdır və suala cavab vermək üçün mən uşaqlığımdan başlamalıyam. Biz kənddən rayona köçəndən bir-iki il sonra rus məktəbinə getdim. Uşaqlıqdan mən insanları müşahidə, dərk etmək, başa düşmək, həyatın özünü, həyatın varlıqlarını dərk etmək istəmişəm, mən belə bir insan olmuşam. Daim suallara cavab axtarmışam. Görünür bəlkə də rol üzərində belə işləməyin də təməli o vaxtı — mənim anlamadığım vaxtlardan formalaşıb. Həyatda ağrılara, acılara qalib gələndə sevinc hissi də olur. Və yaxud sevinc hissi əvvəl gəlir, sonra ağrı və acıya dönür. Yəni, həyat təzadlıdır. Əgər bizi kənardan çox xoşbəxt görürlərsə, heç kim anlaya bilməz, bu, nəyin bahasına başa gəlib. Həyat həm ağır, həm mürəkkəb, çətin və nə yaxşı ki sevimlidir, gözəldir. Həyatın gözəlliyi onun rəngarəngliyidir, mən bütövlükdə insanın məskən saldığı planeti nəzərdə tuturam. Uşaqlıqda rəssam olmuşam və hər şeyi, dünyanın rənglərini müşahidə edirəm. Həyat gözəldir, tox, ya ac ol, dövlətli və ya kasıb ol. Çox istərdim ki, insanlar bir-birlərini çox sevsinlər, çox diqqətli olsunlar.

- Həyatınızda heç uğursuz sevgi yaşamısınız?

- Bəli, yaşamışam. O zaman başa düşmürdüm, çünki cavan idim. Səbəb mənim tutduğum o məkandır. Elə bir şey olmayıb ki biləsən — bu sevgini o sevgiyə qurban verməyə dəyər, ya dəyməz. Mən həmin məqamda, məhz həmin anda buna hazır idim. Həyatda ən böyük sevgi əlbəttə qarşılıqlı məhəbbətdir, söhbət yaxşı, möhkəm, sona kimi hər çətinliyə tab gətirən ailədən gedir. Ailədə böyük hörmət, izzət, mənalı davranış, qarşılıqlı istək olmalıdır. Elə-belə qapıdan girdi-çıxdı, bir-birlərindən xəbərsiz hara isə getdi, mən bu münasibətlərdən danışmıram. Övladların ailədə varlığı artıq münasibətlərin möhkəmlənməsi deməkdir. Artıq ümumi problem çıxır — böyütmək, həyat vermək, gələcəyini qurmaq.

- O zaman belə deyək — sevdiniz, inandınız, yanıldınız…

- Yanılmadım, sadəcə anladım, dərk etdim. Bu adama mənim sənətim lazım deyildi. İstəyir, amma ki bu məsələ imkan vermir. Çox qısa zamanda mən aktrisa kimi qəbul olundum. Məni başqa cür də təsəvvür etmirlər. Bu, çox qəliz məsələdir. Baxın indinin özündə məsələn, hansısa ailənin qızının adını çəkəndə nəslini belə soruşurlar və sözsüz ki, sənətini soruşurlar. Həkim, ya müəllimə olduğunu eşidəndə əladır deyirlər. Bu o demək deyil ki, bizim sahədə işləyən insanlar ailəyə layiq deyillər, amma biz başqasının duymadıqlarını duymağı bacarırıq, bizdə intellekt, bacarıq, istedad, insani keyfiyyətlər var.

- Həyatda istənilən peşədən bir gün ayrılmaq məcburiyyətində qala bilərsən. Müxtəlif səbəblərdən bu yaşanılır. Amma insan məhz o an həyatında səhv addımlarını və qərarlarını dərk edir. Siz bu gün səhnədən uzaqlaşmısınız, indi necə, həyatınızdakı bəzi qurbanlara görə peşmançılıq çəkirsinizmi?

- Yox, bir an belə peşman olmamışam. Həyat ağırdır, hətta vəzifədə olsan belə, hər hansısa üstünlüyün olsa belə, yenə də həyatın özünə görə bir ağırlıqları var. Kimsə kiməsə baxıb köks ötürərək ona bəxtəvərlik oxuya bilər, amma bəlkə də həmin insanın içi özünü, çölü özgəni yandırır. İnsan hansısa bir məqamda öz övladlarına, nəvələrinə, tutduğu mövqeyə, fəth etdiyi zirvələrə baxıb təsəlli tapır. Amma adam da var ki, elə hey görürsən ki, əziyyət çəkir. Xoş güzəranının da əziyyətini çəkir. Həyatda belə şeylər var və o səbəbdən həyatın özünü yaşamaq ağırdır. Həyat mənim üçün həmişə ağır olub, həyatdan qorxmuşam. Həm bu sənəti sevmişəm, həm bu, mənim üçün maraqlı olub. Teatra, səhnəyə, əsərlərə, rejissorlara, müəlliflərə, rəssamlara olan sevgim məni həyatdan uzaqlaşdırıb. Bu sənət özü də bir həyatdır. Həyatın içində həyat…

- Siz Akademik Milli Dram Teatrından gedəndən sonra bu məsələ ətrafında müxtəlif fikirlər dolaşdı. Həyatınızın mənası dediyiniz teatrdan niyə ayrıldınız?

- Əsl səbəbi yaş məsələsidir. Doğru deyirəm. Dövlətin qanuni var, 65 yaşa kimi harada işləyirsən işlə, bu yaşda təqaüdə çıxmalısan. Hətta bu məsələ teatrlara şamil olunmasa belə, sən əgər lazımsansa, çıxdıqdan sonra səni dəvət edə bilərlər. Hər tamaşanı müqavilə əsasında oynamaq olar. Nəsil dəyişir, burada fakturanın də çox böyük önəmi var, yəni, sən dünənkinin arasında necə görünəcəksən? Məndən sonra gələn elə nəsildir ki, onlar nənələri də, anaları da oynaya bilərlər. Yəni sənin üçün orada elə bir rol olmalıdır ki, o fakturada, o görkəmdə yalnız həmin aktrisa oynaya bilər. Bir məsələ də var, səhhətim buna imkan vermir. Artıq yaş özünü göstərir, orqanizm tələb edir və deyir ki, artıq məni rahat burax, daha stressə salma, mən bacarmıram. Bunu mənə mənim orqanizmim deyir. Artıq özüm də hiss edirəm ki, nə isə rahatlıq istəyirəm. Daha özgə faciələrini oynamaq istəmirəm.

Bir var aktrisa oynamır, sadəcə, təqdim edir, amma özü qıraqda qalır. Mən özgə dərdini öz dərdim kimi oynayıram, özgə faciəsini öz faciəm edirəm. Buna ürək dözmür axı. Sənətimin əsas qayəsini təşkil edən psixoloji rollardan danışıram. On ildir ki, şəkər xəstəliyi ilə mübarizə aparıram. Bəxtiyar Vahabzadənin «Dar ağacı»nda iki oğul anasını o cür həyəcanla, o cür burulğanlarla, təslim olmamaq vüqarı ilə, həm də şəkərlə mübarizə apararaq oynamışam. Amma indi bunu istəmirəm. Sözsüz, ürək istəyir, amma orqanizmim mənə yalvarır, deyir ki, «get dərmanını iç, get vaxtlı-vaxtında rejimini saxla, get gəz, zövq al». Sən demə, bütün bu xəstəliklərin baisi stress və əsəb imiş. İnsan hər şey üçün sarsıntı keçirir. İnsan həyatı rəngarəngdir, burulğanlıdır. Arzular insanı hər yerə çırpır. Arzu — bir istək və bir andı. Amma o arzunun reallaşmasına illər, o illəri yaşamağa dözüm, səbir lazımdır. İnsan səbir edə-edə yaşayır və arzularına çatır…

 

 

Xalq Cəbhəsi.- 2012.- 3 noyabr.- S.15.