Rizvan Əlikli — unudulmuş
şair, tərcüməçi və xəttat
Azərbaycan ədəbiyyatı kimi kitab mədəniyyəti ənənələrinin kökündə də türkçülük, millilik, bəşərilik kimi gözəl, nəcib amillər durur. Qədim dövrdən və orta əsrlərdən üzü bəri elm, ədəbiyyat, incəsənət, folklor incilərini yaradanlar öz kökünə qırılmaz tellərlə nə qədər bağlanmış və ondan nə qədər qidalanmışlarsa, Azərbaycan kitab mədəniyyəti yaradıcıları da iftixar hissi duyduqları kökə o qədər bağlanmış, qidalanmış və qidalandırmışlar. Çünki milli-mənəvi dəyərləri olmayan xalq dünya kitab okeanına qoşula bilməz. Bu ənənə əsrdən-əsrə təkmilləşərək nəsillərin varislik əlaqələrinin inkişafına yol açmışdır. Nəticədə ölməz söz abidələrini yaradanlar və insanları yarıdanlar əcdadlarından miras qalmış mənəvi dəyərləri əsrdən-əsrə ötürərək nəsillər arasındakı varislik əlaqələrinin qırılmazlığını təmin etmişlər. Belə unudulmaz simalar Azərbaycanın hər bir bölgəsində fəaliyyətləri ilə yüzlərlə kitaba həyat vermişlər. Məsələn, əvvəlki əsrlərdə olduğu kimi XIX əsrdə də Quba şəhərinin müxtəlif yaşayış bölgələrində xeyli mütərcim və xəttat türk, ərəb, fars və s. dillərdə saysız-hesabsız nəzm və nəsrlə yazılmış kitaba həyat pasportu versələr də indiyə qədər onlardan heç birinin kitab mədəniyyəti sahəsindəki xidmətləri öyrənilməmişdir.
Belə unudulmuş simalardan biri də adları çəkilən tərcüməçi, xəttat və b. kitab sənəti adamları ilə bir əsrdə yaşamış və türk dünyasına söz sərvəti ilə xidmət yükünü şərəflə daşımış Rizvan Əliklidir. O, öz dövrünün tanınmış təhsilli ziyalılarından olsa da, bu məqaləyə qədər onun haqqında oxucu və tədqiqatçılara heç nə məlum deyildi. Halbuki o, Şərq və dünya kitab mədəniyyətinin nailiyyətləri ilə yaxşı tanış idi. Türk, ərəb, fars, Əlik və s. dilləri yaxşı bilirdi. Bakı, Şamaxı, Dərbənd, Quba, Xınalıq, Buduq, Haput və s. yaşayış məskənlərinin kitabçıları, kitab sifarişçiləri, qələm sahibləri ilə ünsiyyət ona çox şey öyrətmişdi. Abbasqulu ağa Bakıxanovun bədii əsərlərinin, Xaltanlı Tağının Divanının və b. müəlliflərin kitablarının R.Əliklinin xətti ilə köçürülməsinə dair söz-söhbətlər indi də yerli əhali arasında səngimək bilmir: Kommunist rejiminin 70 illik hegemonluğu dövründə onun şəxsiyyətini və xidmətlərini öyrənməyə səy göstərilməməsi təəssüf də doğurur, təəccüb də. Başqa cür desək, Rizvan Əliklinin əlindən yüksək zövqlə işlənmiş xeyli ədəbi, elmi, dini və dünyəvi kitab çıxsa da bu gün onun haqqında müfəssəl söz demək çətindir. Bunun əsas səbəbi material qıtlığıdır.
Rizvan Əliklinin yaşadığı kəndin memarlıq üslubu ilə tikilən mənzilləri olmasa da, yaraşıqlı fasadları ilə göz oxşayan yaşayış binaları çox olmuşdur. Bu kəndin ayrıca kitab emalatxanası olmadığından o, yaşadığı evin otaqlarından birini iş otağına çeviribmiş. Kitablar burada yazılır, yoxlanılır və cildçiyə verilirdi. Onun tamamladığı kitabları İlyas adlı bir əlikli cildləyərdi.
Rizvan Əliklinin xidmətlərinin unudulmasını bizə nə tarix bağışlayar, nə də onun narahat ruhu. Qaz və elektrik işığının olmadığı bir zamanda özünə qədərki kitab istehsalçıları kimi o, çətinliklərlə üzləşsə də əzmkarlıq nümayiş etdirmişdir. Elm, ədəbiyyat və kitab mədəniyyətinin tərəqqisi naminə qarşılaşdığı əziyyətlərə məziyyətlərlə cavab vermişdir. Qışın şaxtalı-boranlı vaxtlarında əlləri və ayaqları soyuqdan donsa da gündüz Günəş, gecələr isə şam və lampa işığında ərsəyə gətirib dövriyyəyə buraxdığı kitablarla neçə-neçə donuq beyinlərin donunu açmış, kitab səhifələrinə köçürdüyü mənəvi günəş şüaları ilə insanların ömür yoluna işıq saçmışdır.
Rizvan Əliklinin XIX əsrin 30-cu illərində Azərbaycanın qədim mədəniyyət beşiklərindən biri olan Quba qəzasının (indiki Quba şəhərinin) Əlik kəndində doğulduğu, əsrin sonuna qədər yaşadığı güman edilir. Onu bizdən böyük bir zaman fərqi ayırsa da, illər keçdikcə xeyirxah iş və əməlləri bu parlaq simanı bizə yaxınlaşdırır və sevdirir. Onun dövrünə qədər xəttatlıq kitab mədəniyyətinin əsas aparıcı sahəsi olmuşdur. Bütün əsrlərdə ona dövlət və dünya əhəmiyətli iş kimi baxılmışdır. Milyonları barındıran bu qədim sənəti məşğuliyyət sahəsi seçmiş qələm sahiblərinin əməyi ilə dövlətin himayəsində fəaliyyət göstərən kitab emalatxanalarında, fərdi emalatxanalarda və şəxsi kitabxanalarda saysız-hesabsız kitablar dünya səyahətinə buraxılış vəsiqəsi almışdır. Onların zəmanəmizə çatanları nə qədər çox olsa da, tarixin iç qatlarına çəkilərək itkin düşənləri də az olmamışdır. Belə bir tale yaşamış çoxsaylı kitab istehsalçılarından biri olan Rizvan Əliklinin həyat və fəaliyyətinə dair müxtəsər təsəvvür yaratmağa və bilmədiyimiz naməlum həqiqətləri üzə çıxarmağa kömək məqsədi daşıyan bu yazı ilə onun ömür kitabının ilk səhifəsi açılır. Bu kitabın açılmamış digər qapalı səhifələrinin açılacağı günə şübhəmiz az, ümidimiz daha çoxdur. İnamla demək olar ki, zamanın bizdən əsirgədiyi bağlı sirlərin qapısına açar salmağın mümkün olacağı gün Rizvan Əliklinin də narahat ruhunun sevindiyi gün olacaqdır. Bu məqalə həmin məqsədə xidmətin bir nümunəsidir.
Unudulmuş şair, tərcüməçi və xəttatın qələm incilərinin izinə düşmək və XIX əsrdəki şöhrətini bərpa etmək milli-mənəvi dəyərlərimizə hörmətin bir əlaməti olsa da, onun haqqında yalanları təkzib, həqiqəti təsdiq etməyə səy göstərmək zamanın öz tələbidir.
Digər bir məsələnin qoyuluşunda və həllində də Rizvan Əliklinin halal haqqının üstündən sükutla keçilməsi təəssüf doğurmaya bilməz. Halbuki belə yanaşma «Seyfəlmüluk»un 1864-cü il tarixli əlyazma nüsxəsinin mütərcimi və katibi (xəttatı) haqqında məlum tarixi həqiqəti saxtalaşdırmağa və unutdurmağa gətirib çıxara bilər. Bu meyar nəzərə alınmadığına görə, adı çəkilən nüsxənin Bakı nəşrinin müqəddiməsində yazılmışdır ki, «bu variantda qəhrəman əvvəldə «Şahzadə Mirzə» adlanır. Katib sonluqda da «Tamam oldu …in kitabı Şahzadə» sözləri ilə tamamlanır. Deməli, «Seyfəlmüluk» dastanını fars dilindən Azərbaycan türkcəsinə tərcümə edən, təkmilləşdirən, öz xətti ilə əlyazma kitabı kimi hasilə gətirən və nəsildən-nəsilə ötürən bir unudulmuş simanın adı məlumdur. Məlum olmayan isə onun haqqında indiyə qədər deyilməmiş həqiqət idi. Nə yaxşı ki, Rizvan Əliklinin öz avtoqrafında adını açıq yazması bəzi qələm sahiblərinin biganəliyinə son qoydu. 100 ildən çox unudulmuş bir ziyalımızın halal haqqının gec də olsa üzə çıxması çox mətləblərə yol aça bilər.
Göründüyü kimi, dastanın mütərcimi və xəttatı adını «əbcəd» hesabı və müəmmalarla deyil, açıq yazmışdır. Bu kitab «bitdi, tamamlandı, yazılıb qurtardı» mənasını verən «təmmət şod» ərəb və fars tərkibli söz birləşməsindən də aydın görünür ki, Rizvan Əlikli dastan üzərində təkcə tərcüməçilik işi aparmamışdır. Onu mənsub olduğu xalqın milli ruhuna uyğunlaşdırmağa və bu dastanı «nəzm ilə» tərcümədən imtina edib «nəsr ilə türkə tərcümə qıldım», lazım gələn məqamlarda rübailərlə bəzədim deyən bəzi müasirləri kimi əsərdə tamamlama işi aparmağa çalışmışdır. Belə olmasaydı, əsərin sonunda öz fikrini «bu kitab tamamlandı», əvəzinə «farscadan türkcəyə bu tərcümə tamamlandı» kimi yazardı. Dastanın Bakı nəşrinə müqəddimədə bircə cümlə ilə də olsa bu fikrin təsdiqi açıq etiraf edilir: «Bizcə, «Seyfəlmüluk»un Azərbaycan variantını (Rizvan Əlikli nüsxəsini) sırf tərcümə əsəri kimi qəbul etmək düzgün olmazdı». AMEA RƏİ fondunda saxlanan dastanın Rizvan Əlikliyə məxsus əlyazma nüsxəsinin Bakı nəşrinə müqəddiməsində əsərin adının müəllifli kitab kimi kriptonimlə qeyd edilməsi də həmin həqiqətin doğruluğuna xidmət edir.
Nədənsə, əsəri xeyirxah bir niyyətlə tədqiq edən müəllif «R.İ.» kriptoniminə münasibət bildirməmişdir. Axtarışlarımızın elmi nəticəsi göstərir ki, «R» Rizvan Əliklinin adının baş hərfi, «İ.» isə soyadının, yaxud atasının (…oğlu) adının baş hərfidir.
«Seyfəlmüluk» dastanının Rizvan Əlikli nüsxəsi «Kitabi-Dədə Qorqud»dan üzü bəri süzülüb gələn, milli kökə, qədim dastançılıq və türkçülük ənənələrimizə bağlı bir əsərdir. Onun ilk çapının qayçılanmış hissələri bərpa edilib tam mətni latın əlifbası ilə nəşr olunarsa, adı çəkilən əlyazma kitabının qələmə alınmasının 150 illiyi (2014) ərəfəsində bu təşəbbüs unudulmuş irsə unudulmaz qayğının parlaq təzahürü kimi qarşılanar və söz mədəniyyətimizin boy sırası bir kitab tutumu qədər artar. Bu ideya belə bir fikrə haqq qazandırır ki, klassik irs keçmişi öyrənmək üçün bizi geriyə qaytarsa da, tərəqqiyə, irəliyə səsləyir.
Oktay
Xalq Cəbhəsi.- 2012.- 6 noyabr.- S.15.