«Aşıq Qərib»
operası
XX əsr Azərbaycan musiqi mədəniyyətində yaradıcılığı ilə qızıl fonda daxil olmuş sənətkarlar az deyil. Onlar arasında fəaliyyəti və irsi ilə milli musiqi sənətinin böyük mərhələlərini şərtləndirən — Üzeyir Hacıbəyov kimi nəhəng sima xüsusi yer tutur. Onunla bir dövrdə yaşayan, onunla çiyin- çiyinə yeni ənənələrin, janr və formaların bünövrəsini qoyan Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov, Niyazi, Əfrasiyab Bədəlbəyli, sonrakı nəsil — Səid Rüstəmov, Cövdət Hacıyev, Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov və bir çoxlarının da irsi, yaradıcılığı ilə Azərbaycan musiqisinin böyük bir inkişaf mərhələsi bağlıdır. Bu sənətkarlar arasında Üzeyir Hacıbəyovun qardaşı, silahdaşı, onun yolunun davamçısı Zülfüqar Hacıbəyovun da musiqi mədəniyyətindəki apardığı yeniliklər, nailiyyətlər əvəzolunmazdır. Məhz Azərbaycan milli musiqili teatrının yaranmasında görkəmli bəstəkarımız Zülfüqar Hacıbəyovun xidmətləri böyükdür. O, Hüseynqulu Sarabski, Mirzəğa Əliyev və bilavasitə bərabər musiqili teatrının və xalq yaradıcılığı ilə bağlılığı uğrunda çalışmış bir sənətkardır.
1915-ci ildə Zülfüqar Hacıbəyovun yaradıcılığında mühüm yer tutan «Aşıq Qərib» operası yazıldı. Bir çox Azərbaycan operaları kimi «Aşıq Qərib » operası da səhnəyə çətinliklə yol tapa bildi və tez zaman müddətində Azərbaycan ictimaiyyətinin diqqətini cəlb etdi. Opera 1916 — cı il mayın 13-də Hacı Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyuldu və bir çox mətbuat səhifələrində işıqlandırıldı. «Aşıq Qərib» operasının librettosunu bəstəkar Zülfüqar Hacıbəyov yazıb. Librettonun əsasını bütün Zaqafqasiyada geniş yayılmış eyni adlı aşıq dastanı təşkil edirdi.
Əsərin süjet xətti Aşıq Qəriblə Şahsənəm arasındakı məhəbbət üzərində qurulub. Əsərin qəhrəmanı Rəsul (Qərib) Təbriz vilayətində yaşayan Məmməd Sövdagarın oğludur. Atası rəhmətə gedəndən sonra İsfahan lotularının fırıldağına məruz qalan Rəsul ( Qərib ) atasından ona qalan sərvəti itirir.O bir gecə məhəbbət dastanlarımız üçün xarakter olan buta alır. Yuxuda gördüyü dərviş, Tiflisdə yaşayan xacə Sənanın qızı Şahsənəmin butasını ona verir.Qərib Şahsənəmi görmək, yetişmək üçün Tiflisə getmək fikrinə düşür.Anasının təkidi ilə o, ailəsini də özü ilə aparmalı olur.Tiflisdə qəhvəxanada onu gözəl bir aşıq kimi qəbul edirlər.Üstəlik də,onun Güloğlan üzərində çaldığı qələbə Qəribin hörmətini bir az da artırır. Məclisdə iştirak edən Dəli Mahmud Qəribə Şahsənəmi tapmaqda kömək edəcəyinə söz verir.
Qəribin başına gələn əhvalat Şahsənəmin də başına gəlir,bir gecə ona buta verilir. Şahsənəmin atası şəhərə qərib bir aşığın gəldiyini və Tiflis əli arasında hörmət qazandığını eşidib qonağı evinə dəvət edir. Həmin gün qonaqlıqdan sonra Qərib Şahsənəmlə bağda görüşür. Qərib Şahsənəmin xahişi ilə anasını elçi göndərir. Xacə Şahsənəm üçün 40 kisə qızıl başlıq istəyir. Bu xəbərdən hali olan Şahvələd (Şahsənəmin əmisi oğlu) Şahsənəmi almaq fikrinə düşür və onun üçün bir xonça hədiyyə də göndərir, lakin Şahsənəm xonça gətirən qoca qarını evdən qovur. Şahvələdin məsləhəti ilə qoca qarı Qəribi də aldatmaq fikrinə düşür və onun şəhərdən getməsini məsləhət görür.Lakin Aşıq Qərib yenidən Şahsənəmlə görüşür, Şahsənəm ona kömək məqsədi ilə qızıl verməyi məsləhət edir, Qərib isə qəbul etmir. Qərib 40 kisə qızıl pul qazanacağını və onu gözləyəcəyini tapşırır və Qərib şəhərdən çıxır. Ruma getmək fikrinə düşür. Şahvələd onu öldürmək fikrinə düşsə də Qəribin Kürü keçdiyini görüb kor — peşman geri qayıdır. Qərib isə Hələb şəhərinə gəlir və burada da ustad aşıq kimi tanınır.Güloğlan, Şahvələdin təkidi ilə Qəribin anasının yanına gəlib, oğlunun həramilər tərəfindən öldürüldüyünü deyir. Şahsənəm Qəribin anası ilə birlikdə onun üçün yas saxlayırlar. Özləri isə Şahvələdin bu yaxınlarda toy edib Şahsənəmi alacağından narahatlıq hissi keçirirlər.Onlar Hələbə gedən tacirlərlə Qərib üçün xəbər göndərmək istəyirlər. Onlar Tacir Əhmədlə (Bəzirgan) rastlaşırlar,Tacir Əhməd isə Qəribin atası Məmmədin dostu çıxır və söz verir ki,Qəribi tapıb gətirəcək.Bu vaxtlar Hələb şəhərində olan Qərib öz sənəti ilə məşhur olur. Deməli, Hələb paşası şəhərə Qərib adında bir aşığın gəldiyini eşidir və onu tapıb gətirməyi əmr edir.Bu vaxt ərzində Əhməd Bəzirganla rastlaşan Qərib yola düşməyə hazırlaşır.Lakin Hələb paşasının adamları gəlib onu saraya aparırlar.Qərib məclisdəki bütün aşıqların üzərində qələbə çalır və məclisdəkilərin hörmətini qazanır. Hələb paşası onun sarayda qalıb bolluq içində yaşamasını təklif edir. Qərib başına gələn əhvalatı paşaya anladır, paşa ona 40 kisə qızıl verir, həmçinin, küçədə çovğun olduğunu görüb onu buraxmaq istəmir, lakin Qərib yola düşür. Bir qədər getdikdən sonra atını itirən Qərib bir nəfər ağ atlı şəxsin köməyilə Tiflisə gəlib çatır. Şahsənəmin toyu olduğunu eşidən Qərib məclisə gəlir, məclisdə onun sağ-salamat olduğunu başa düşürlər. Onu öldürdüyünü deyən Güloğlan qorxudan qaçıb gizlənir, Şahvələd Qəribi öldürmək istəyir, lakin Dəli Mahmud ona imkan vermir, nəticədə Şahvələd Şahsənəmi Qəribə verdiyini deyir. Camaat Şahvələdin bu sözünü alqışlayır, Qəribin bacısını Şahvələdə, Şahsənəmi isə Qəribə verirlər.
Qeyd etmək lazımdır ki, «Aşıq Qərib» dastanının məzmunu operanın libretto məzmunundan fərqlənir. Lakin dastanla operanın librettosu arasındakı cüzi fərqlər nə operanın quruluşuna təsir göstərir, nə də onu ideya baxımından zəiflədir.
Oktay
Xalq Cəbhəsi.- 2012.- 6 noyabr.-
S.13.