İren Melikoffun folklorşünaslıq irsi

 

Onun tədqiqatlarında türk mifoloji düşüncəsi təhlil obyektinə çevrilmişdir

 

Sovet İttifaqının mövcud olduğu yetmiş ildə siyasi məqsədlər naminə ayrı-ayrı mədəniyyətlərin unutdurulması və «ruslaşdırılması» istiqamətində, xüsusən, türkdilli xalqların öz milli kökündən qoparılması üçün insanı dəhşətə gətirən müxtəlif vasitələrdən istifadə olunub. Belə ki bərəkət, xeyirxahlıq, insanlara yardım, gözəllik və s. kimi məqsədləri özündə ehtiva edən Novruz bayramı az qala unutdurulmuş, «Oktyabr», «28 Aprel», yalançı məhsul bayramlarının, «komsomol» toylarının, ənənəvilikdən uzaq yas mərasimlərinin zorla xalqın məişətinə daxil olunmasına cəhd edilmiş, xalq mahnılarına, nağıllara, dastanlara senzura tərəfindən «əl gəzdirilmiş», bir sıra folklor janrlarının tədqiqinə yasaqlar qoyulmuşdu. Lakin mühacir ömrü sürən Azərbaycan ziyalıları bir çox hallarda xalq ədəbiyyatı nümunələrinin araşdırılmasına özlərinin azadlıq ideallarının həyata keçməsinin tərkib hissəsi kimi xüsusi həssaslıqla yanaşmış, folklor materiallarının toplanması, nəşri və təbliğinin, daha doğrusu, milli-mənəvi sərvətin öyrənilməsinin vacibliyinə diqqət yetirmişlər. Təəssüf olsun ki, siyasi-ideoloji səbəblər üzündən uzun illər Azərbaycan elmi-nəzəri fikrinin mühacirətdə yaranan tədqiqatlara diqqət yetirməsinə qadağalar qoyulmuş, bəzən isə, yanlış və qərəzli münasibət bildirilmişdir.

İyirminci yüzildə siyasi təqiblər üzündən doğma torpağından didərgin düşərək, qürbət ömrü sürməyə məhkum edilən Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Əhməd Cəfəroğlu, Ceyhun bəy Hacıbəyli, Səlim Rəfiq Rəfioğlu, Nağı Keykurun, Hüseyn Baykara, Əbdülvahab Yurdsevər, Məmməd Sadıq Sənan (Aran), Hilal Münşi, Məcid Musazadə, Mustafa Haqqı Türkəqul, Yunus Lənkəranlı, Nəbi Turablı, Əli Volkan (Usta), Əziz Alpaut (Mir Əbdüləziz Seyid), Zeynal Saray və başqaları Vətəndən uzaqlarda xalqının zəngin mənəvi sərvətlərinin düzgün, qərəzsiz tanıtdırılması uğrunda mübarizə aparmış, xalq ədəbiyyatının bütün janrlarını buya başqa şəkildə araşdırmış, beləliklə, mühacirətdə folklorla bağlı çox zəngin tədqiqatlar yaranmışdır. Bu tədqiqatların müəlliflərindən biriuzun illər Strasburq Türk Etüdləri İnstitutunda Şərq dillərindən dərs deyən, 1970-ci ildən «Turcica» dərgisinin əsasını qoyan əslən azərbaycanlı İren xanım Melikoffdur.

Azərbaycanlı ata (İsgəndər Məlikov) və rus ananın (Yevgeniya Mokçanova) övladı olan İren xanım 7 noyabr 1917-ci ildə, Böyük Oktyabr sosialist inqilabının baş verdiyi gün Peterburqda dünyaya gəlmişdir. Siyasi hadisələr nəticəsində bütün var-dövlətini itirən Məlikovlar ailəsi bir il sonra əvvəl İngiltərəyə, daha sonra Fransaya köçməyə məcbur olmuşlar. İren xanım ingilis, fransız dilləri ilə yanaşı, atasından Henri Masse, Əbdulhaq Adnan, Jan Denibaşqa alimlərdən Şərq mədəniyyətini, ədəbiyyatını öyrənmişdir ki, bu bilgilər onun yaradıcılığına ciddi təsir göstərmişdir.

İren xanımın zəngin yaradıcılıq irsinin mühüm bir hissəsi folklorla bağlıdır. O, 1957-ci ildə «Məlik Danişmənd» dastanı, «Danişməndnamə»nin tənqidi incələməsi» adlı doktorluq işi müdafiə etmişdir. 1962-ci ildə «Türk-İran dastan gələnəyində Xorasan təbərdarı Əbu Müslüm» adlı əsərini tamamlamışdır ki, həmin tədqiqatda «yoxsulların, müsəlman olmayanlarin da qəhrəmanı» və onunla bağlı yaranan dastan təhlil edilmişdir.

1969-cu ildə İren xanım bəktaşi-ələvilərin bir toplantısında iştirak edirbu hadisə onun yaradıcılığında ciddi dönüşə səbəb olur. O il bəktaşilik üzrə araşdırma apararkən ələvi dünyası ilə qarşılaşır. Bir inqilabdır bu onun üçün, «mənəvi bir oyanış» da deyə bilərik; çünki bütün yaşamına olduğu kimi, fikir yaşamına da yeni bir yön verir… O tarixdən başlayaraq çalışmalarında əsas mövzu bəktaşilik, ələvilik və qızılbaşlıq olacaqdı.

1995-ci ildə fransızca nəşr olunan, 2008-ci ildə Turan Alptekin tərəfindən türk dilinə tərcüməsi yayınlanan «Dastandan masalatürkoloji yolçuluqlarım» adlı tədqiqat əsəri isə İren xanımın zəngin folklor araşdırmalarının yekunu hesab edilə bilər. Kitabın içərisində verilən «Türk Qafqazyalılıq: Babək Xürrəmi və Seyid Battal», «Gürcülər, türkmənlər və Trabzon: «Kitabi-Dədə Qorqud» üzərinə», «Türk dastan ədəbiyyatında Kərbəla olayı», «Halva qutsallığı və halva dağıtma ənənəsi: ortaçağ Türkiyəsində məslək loncalarında bir uyğulama üzərinə araşdırma», «Anadolu türklərinin dinsəl-qəhrəmanlıq mətnlərində simvollaşan saylar» və s. fəsillərdə adlarından da göründüyü kimi, folklorun müxtəlif janrları ilə bağlı incələmələrə yer verilmişdir.

Beləliklə, İren Melikoffun «Bektaşi-ələviliyin simvollaşması üzərinə: on iki heyvanlı təqvimdən on iki imama» məqaləsində «Xıdır Nəbi» mərasimindən ətraflı bəhs edilmiş, digər xalqların adət-ənənələrilə müqayisələr aparılmışdır. Müəllif Novruzdan altı həftə qabaq, qarların əriməyə başladığı fevral ayında Anadoluda «Xıdır», Cənubi Azərbaycanda «Nəbi» və ya «Xıdır Nəbi» adı altında bayram keçirildiyini, onun romalıların fevraldakı şənliklərinə uyğun gəldiyini bildirmişdir.

Bu bayramın keçirilməsinin 1975-ci ildə şahidi olan İren xanım məqaləsində onun təsvirini vermişdir: «Qutlama hər il eyni günlərdədir və tam fevral qutlamaları dönəmindədir. Üç gün oruc tutulursonra arınma uyğulamaları gəlir, yuyunulur, təmizlənilir və yeni paltarlar geyilir. Cümə axşamını cüməyə bağlayan gecə yerə bir örtük atılaraq üzərinə un səpilir. Ertəsi sabah isə un üzərində at nalına bənzəyən bir cür izlər olursa, bu, o evə Xızırın gəldiyini göstərir. Anadoluda bu unla paylanmaq üçün «kömə» və ya «kömmə» adı verilən müqəddəsləşmiş çörək yapılır».

İren xanım bu bayramla əski dönəmlərdə türklərin on iki heyvanlı təqvim əsasında qarşıladıqları yeni il törənlərini müqayisə etmiş və səyyah Marko Polonun qeydlərinə istinadən, həmin bayramın da fevralda keçirildiyini, ona «» adı verildiyini, bəyazın burada önə çıxan rəng olduğunu müəyyənləşdirmişdir.

«Xıdır Nəbi» bayramında yerinə yetirilən rituallarla bağlı müəllif yazır: «Xızır üçün tarlalarda, əkin sahələrində qoyundan, keçidən qurbanlar kəsilir. Qırılıb qaynadılmış buğda ilə müqəddəsləşmiş yemək hazırlanır. Bu yeməyə «kavud» (qovut) adı verilir. Kəsilən qurbanların qanı tarlalara sərpilir. Bu Anadolu və Azərbaycanda da bir bərəkət bayramıdır»).

1945-ci ildə müdafiə etdiyi «Xalq ədəbiyyatında mövsüm və mərasim nəğmələri» adlı dissertasiya işində «Xizri (Xıdır) yaşıllıqlq, baharla əlaqədar əsatiri bir surət», İlyası isə «yağış və dənizlə əlaqədar olan bir mif» kimi səciyyələndirən professor M.Təhmasib «Xıdıra Xıdır» (bu mərasimi M.Təhmasib belə adlandırır) mərasimini daha çox «Avesta»da olan ənənələrlə müqayisə etmişdir: «… Xıdıra Xıdır» ənənəsinin … qədim Misir əsatiri, qədim Midiya əqidə və etiqadları, eləcə də bunların əsasında yaranmış «Avesta» ehkamları ilə əlaqədar olduğu görünür». M.Təhmasibdən fərqli olaraq, professor A.Nəbiyev «Novruz bayramı» kitabında «Xıdır Nəbi» mərasiminin təsvirini verərkən — «Xıdır Nəbi» kiçik çillədən sonra keçirilən Novruzqabağı mərasimlərdəndir. Qədim əkinçilik görüşlərilə bağlı yaranıb», — yazaraq, haqlı olaraq, onun tarixini daha əski çağlara bağlamışdır.

«Azərbaycan xalq ədəbiyyatı» dərsliyində isə A.Nəbiyev «Xıdır Nəbi» bayramının yaranması səbəblərini daha ətraflı şərh etmişdir: «Babalarımız belə ölməz bir həqiqətə, mifik dünyagörüşünə inanmışlar ki, insan həyatının əzəl yaşayışı üçün tanrının yaratdığı dörd müqəddəs ünsürünSuyun, Odun (istinin), Yelin (havanın) və Torpağın hər ilin başlanğıcında təzələnməsini adamlar görməli, təntənə ilə qarşılamalı və bayram etməlidirlər. Yalnız müqəddəs dördlüyə bəslənən etiqad insanları xoşbəxtliyə, bolluğa və firavanlığa qovuşdura bilər».

Bu bayram günlərində doğulan oğlan uşaqlarına Xızır və ya Xıdır adı verildiyini nəzərə çatdıran İren xanım da onun köklərinin çox əski zamanlara uzandığını, hətta şamançılıqla bağlı olduğu qənaətlərini irəli sürmüşdür. Xıdır və ya Xızır adının zamanla Xıdır İlyasonun tələffüzə uyğunlaşdırılaraq Xıdırəlləz şəklində işləndiyini, onu qeyri-adi, «ümidsizlik anlarında son bir çarə olaraq ortaya çıxan, sirliölümsüz kişilikdir» kimi səciyyələndirən müəllif xalq ədəbiyyatında bu obraza sıx-sıx təsadüf olunduğunu göstərməklə yanaşı, örnək kimi «Aşıq Qərib» dastanını xatırlatmışdır.

Tədqiqatında İren xanım bir sıra xalqlarda müxtəlif adlarla bu bayramın qeyd edildiyini müəyyənləşdirmişdir: «Xızır (Xıdır) adı Xıdırəlləz (Xıdır İlyas) biçiminə dönüşən Saint Georgian yortusu kimi, ilk Osmanlı və Osmanlı dönəmlərə dirənmiş xristian kökənli bayramlara verilmişdir. Bu ad eyni zamanda Əziz Serge, Əziz Karalambos kimi başqa adlarla da birləşmiş bulunur». Bu bayramın xristian kökənli olduğunu iddia edənlərə müəllif yenidən canlanma və «Tanrının insan biçimində» görülməsi inanclarının çox qədim zamanlara, türklərin Göy Tanrı inanclarına əsaslandığını bildirmişdir.

Maraqlıdır ki, 1975-ci ildə yazdığı «Ələvi adətləri üzərinə notlar: Bəzi Orta Anadolu qutlamaları dolayısıyla» məqaləsində İren xanım yanvardan marta qədər olan müddətdə keçirilən üç — 10-13 yanvardakı Kağant, 11-14 fevraldakı Xıdır Nəbi, 7-12 martdakı haftamol bayramları ilə bağlı nüqayisəli araşdırma aparmışdır. Müəllif bir-birinə çox bənzəyən bu bayramlardan türk mənşəli Xıdır Nəbinin daha qədimlərə söykəndiyini, kağantın ermənilərlə yunanlar tərəfindən yeni il bayramı kimi, İran kökənli haftamolun isə ölülərin xatirəsini yad etmək məqsədilə keçirildiyini, bu zaman yerinə yetirilən ayinlər haqqında da məlumat vermişdir.

Xatırladaq ki, Azərbaycanda müasir dövrümüzdə də fevralın 9-11-i arasında Xıdır Nəbi bayramı keçirilməkdə və bu mərasim zamanı müxtəlif ayinlər icra olunmaqdadır. Qeyd etmək lazımdır ki, İren Melikoffun mifologiya ilə bağlı tədqiqatları xüsusilə maraq doğurmaqdadır. Belə ki, alimin «Halva qutsallığı və halva dağıtma ənənəsi: ortaçağ Türkiyəsində məslək loncalarında bir uyğulama üzərinə araşdırma», «Anadolu türklərinin dinsəl-qəhrəmanlıq mətnlərində simvollaşan saylar», «Qazan» sözcüyü üzərinə» və b. tədqiqatlarında türk mifoloji düşüncəsi təhlil obyektinə çevrilmişdir.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 7 noyabr.- S.13.