Xacə Hümam Təbrizi

 

O, şair, xəttat olmaqla yanaşı, həm də alim və dövlət xadimi idi

 

XIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən və ana dilli ədəbiyyatımızın ilk təmsilçilərindən biri də Xacə Hümam Təbrizidir. Şairin əsl adı Məhəmməd, atasının adı Əla (Əlai), ləqəbi Hümaməddin, təxəllüsü Hümam, nisbəsi isə Təbrizidir. Atasının adının Əla olması sənətkarın divanındakı «Eşitməyə layiq bir söz varsa, o, sənin — Hümam ibn Əlanın qəzəlləridir» — beytindən də məlum olur. Doğulduğu yer dəqiq bəlli deyilsə də, nisbəsindən bu yerin Təbriz olduğunu söyləmək mümkündür. Vəfat tarixi qaynaqlarda, bir qayda olaraq, 1314-cü il göstərilir. Təvəllüd tarixi isə dəqiq şəkildə bəlli deyil. «Mücməli-fəsihi» onun 10 iyun 1314-cü ildə 116 yaşında vəfat etdiyini yazır. Belə olduqda, şairin 1198-1200-cü illərdə doğulduğunu söyləmək olar. Hümam Təbrizinin şeirlər divanını çar etdirən İran alimi Rəşid Eyvəzi isə sənətkarın təxminən 1238-1239-cu illərdə anadan olduğunu söyləyir və öz qənaətində müəyyən hesablamalara əsaslanır. Hər halda, ikinci fikir daha ağlabatan görünür.

Əli İbrahim xan «Sühufi-İbrahim» təzkirəsində yazır: «Xacə ömrünün axırlarında dünyanı tərk edib, dünya malından və dünya vəzifələrindən göz örtərək Şeyx Seyid Fərqaninin müridi olmuşdur. O, Məkkəyə gedib qayıdandan sonra guşənişin olmuş və təsəvvüf təriqətini qəbul etmişdir. Xacə Hümam hicri qəməri 713-(1313), ya da 714 (1314)-cü ildə Təbrizdə vəfat etmişdir. Onu Təbrizdə özü tikdirdiyi xanəgahda dəfn etmişlər».

Mənbələrdə Hümamın atası Əlanın zövq əhli olduğu və arabir şeirlər də yazdığı, həmçinin, sənətkarın ağıllı, elm və istedad sahibi, hətta alim və şairlərin görüşünə təşrif buyuran bir oğlu da olduğu qeyd edilir. «Rövzətülcinan» şairin bir müddət Şeyx Həsən Bulqariyə müridlik etdiyini xəbər verir.

Xacə Hümam dövrünün ən tanınmış və qabaqcıl şəxsiyyətlərindən idi. Dövlətşah Səmərqəndi «Təzkirətüş-şüəra»da 20 ən məşhur sənətkar sırasında H.Təbrizidən də söhbət açır. Təzkirə müəllifi Şeyx Sədi Şirazi (1203-1292) və Porboha Cami kimi nüfuzlu şəxsiyyətlərin hicri VII əsrin sonlarında Təbrizə Hümamın görüşünə gəldiklərini qeyd edir.

Ümumiyyətlə, Xacə Hümam dövrünün bir sıra görkəmli dövlət, elm, mədəniyyət və ədəbiyyat xadimləri ilə yaxın olmuş, onlarla əlaqə saxlamış, bəziləri ilə mənzum və mənsur şəkildə məktublaşmışdır. Tanınmış dövlət xadimi və alim Şərafəddin Harun, istedadlı üləmalardan Nurəddin, İbrahim Həməvi, şair Qütbəddin Əmiqi belələrindən olmuşlar. Onun Elxani vəziri Fəzlullah Rəşidəddin və vəzir, Elxanilərin nüfuzlu dövlət xadimi Sahib Divan Şəmsəddin Məhəmməd Cüveyni ilə də isti münasibətləri var imiş. Hətta F.Rəşidəddin hörmət əlaməti olaraq oğlanlarından birinə Hümamın adını qoymuşdur. Mənbələr onun 1277-78-ci illərdə (h.676) Kiçik Asiyada baş verən qarışıqlıq zamanı oradakı hadisələri nizama salmaq üçün Abaqa xanın göstərişi ilə Osmanlı ölkəsinə gedən Sahib Divan Şəmsəddin Cüveyni ilə birlikdə olduğunu xəbər verir.

Bu məlumatın həqiqiliyini şairin şeirləri də təsdiq edir. Belə ki, sənətkar divanındakı şeirlərində həmin səfərdən danışır və Ş.Cüveyniyə müraciətlə belə bir səmimi misra da işlədir: «Lütf edərək, Azərbaycandan Ruma gəldin».

Hümam Təbrizi şair, xəttat, fəsahətli natiq olmaqla yanaşı, həm də görkəmli alim və dövlət xadimi idi. O, bir müddət Elxanilər dövlətində Azərbaycan vəziri kimi yüksək rütbəli dövlət vəzifəsində çalışmışdır. Ş.Cüveyninin bir məktubunda Rumdakı ovqaf idarəsinin yuxarı çinli bir işçisinə tarşırılır ki, «məmləkətin ovqafının gəlirindən ömürlük olaraq hər ildə min dinar Hümamın haqqında ödənilsin». Xacə Rəşidəddinin Bağdad hakimi Əmir Əliyə məktubunda da ömürlük dövlət təqaüdü təyin edilən alimlər sırasında Hümamın da adı çəkilir.

Xacə Hümam Nəsirəddin Tusidən dərs almışdı. Bir alim kimi elmi ictimaiyyətdə böyük nüfuzu var idi. Xacə Rəşidəddinin Quran təfsirinə aid «Tozihat» əsərinə rəy vermiş 200 qabaqcıl alimdən biri də H.Təbrizi olmuşdur. XIII-XIV yüzilliklərin alimləri ondan danışarkən, adətən onu «qüdvətül-üləma» («alimlərin başçısı») adlandırmışlar. «Rövzətül-cinan»da göstərilir ki, «Xacə Hümam ən böyük şairlərdən biri olmaqla bərabər, üləma silkinə mənsub idi».

Şeirlərindən bəlli olur ki, Hümam gəncliyində bir qızı sevmiş, lakin hansı səbəbdənsə onunla qovuşa bilməmiş və şairin sevgilisi «özündən ixtiyarsız» Təbrizi tərk edərək, Əlvənd dağının ətəklərində yerləşən Həmədan şəhərinə köçmüşdür. Bu ayrılıq izsiz qalmamış, onun yaradıcılığında əks-sədasını tapmışdır. Şeirlərinin birində bu xüsusda o, belə yazır: «Həmədandan sevgilisinin qoxusu gəldiyi kimi, nakam aşiqin əsərlərində də həmin ətri duymaq mümkündür».

Xacə Hümam orta əsrlərin universal qabiliyyətə malik şəxsiyyətlərindən olmuşdur. O, şair, alim, dövlət xadimi, gözəl xəttat, ədəbiyyatçı və həm də hamını valeh edən bir «əhli-söhbət» kimi tanınmışdır. Türk, ərəb və fars dillərini mükəmməl bilmiş, hər üç dildə şeirlər yazmışdır. Onun dəri dilində və kilikcə də poeziya nümunələri yaratdığı barədə məlumatlar vardır. Poeziya sahəsindəki məharətinə görə o, «Azərbaycan şeirinin Sədisi» adını almışdır.

H.Təbrizi haqqında ilk bilgi verən Həmdulla Qəzvini Müstofinin «Nüzhətül-qlub» əsəridir. Bundan sonra Dövlətşah Səmərqəndi («Təzkirətül-şüəra»), Əli Nəzmi («Divist-soxənvər»), Təqiəddin Kaşi («Xülasətül-əşar və zübdətül-əfkar»), Əli İbrahim xan («Sühufi-İbrahim»), M.Tərbiyət («Danişməndani-Azərbaycan») və s. təzkirəçilər, habelə «Mücməli-fəsihi», «Rövzətül-cinan» və b. çoxsaylı təzkirə və mənbələr sənətkar haqqında məlumat, bir çox hallarda isə əsərlərindən nümunələr vermişlər. Şairin fars dilindəki əsərləri bir neçə dəfə çap edilmişdir. Bu nəşrlər içərisində Cənubi Azərbaycanlı alim Rəşid Eyvəzinin hazırladığı və 1972-ci ildə geniş müqəddimə ilə çap etdirdiyi Təbriz nəşri xüsusi yer tutur.

Bu gün H.Təbrizinin əlimizdə Azərbaycan türkcəsində yeganə bir şeiri, fars dilində divanı, ərəbcə bir neçə şeiri və «Söhbətnamə» adlı poeması vardır. Qaynaqlar onun nəsr əsərləri də yazdığını soraq verir. Bizə gəlib çatan az sayda nəsr məktubları da bunu sübut edir. Sənətkarın şeirləri onun ölümündən sonra vəzir Xacə Rəşidəddinin göstərişi ilə toplanıb divan şəklinə salınmışdır.

Hümamın Azərbaycan dilində bizə gəlib çatan şeiri «Cümə günü» rədifli bir mürəbbesidir. Həmin şeiri ədəbiyyatşünas alimlərimizdən T.Xalisbəyli və M.Müsəddiq Elmlər Akademiyasının Əlyazmaları İnstitutunda tapıb «Hümam Təbrizi» adlı ön sözlə birlikdə çap etdirmişlər. Lakin onlar çox haqlı olaraq şeirin həqiqətən də H.Təbriziyə aid olub-olmamasına bir qədər ehtiyatlı yanaşaraq, onu «oxucuların istifadəsinə və onların müzakirəsinə verməyi» lazım bilmişlər. Doğrudan da, ola bilsin ki, gələcək araşdırmalar bu mürəbbenin başqa şairə aid olduğunu sübut etsin. Bununla belə, bizcə, şeiri H.Təbriziyə aid etmək üçün ciddi əsas vardır.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 9 noyabr.- S.13.