Şöhrəti vüqarına sığışdırmayan şair

 

 İsgəndər Etibar: «Xaqani dərin fəlsəfi düşüncələrə baş vurub»

 

Azərbaycanın şairi Əfzələddin Xaqaninin poeziyası həyata, dünyaya, insanlara özünəməxsus, ciddi yanaşma tərzinin olması ilə seçilir. Tanınmış şair İskəndər Etibarın fikrincə, Xaqaninin yaradıcılığını dərk etmək üçün Xaqani təfəkkürünün müəyyən bir məqamına yetmək gərəkdir. O, Xaqani haqqında söz deməyin elə də asan iş olmadığı qənaətindədir: «XXI əsrin övladı əsrin elm və texnikası ilə nə qədər öyünsə də, elmin, texnikanın o qədər də yüksəlmədiyi XII əsrin dahi Xaqanisi, Hizamisi, XIII əsrin Həsirəddin Tusisi, XIV əsrin Həsimisi, XVI əsrin Füzulisi qüdrətinə, əlçatmazlığına ucala bilmir. Zaman və məkandan asılı olmayaraq yetişən dahilər bəşəriyyətin övladı olur və vaxt, zaman dahilərə kölgə sala bilmir. Xaqani hər hansı bir şeirini yazarkən sanki yerdən-göydən ayrılıb, yazacağı mövzunun dərinliklərinə enib, bu dərinlikdən elə incilər tapıb üzə çıxarıb ki, oxucu heyrətlənib; həmin şeiri oxuduğu ana kimi hər hansı mövzuda necə böyük hikmətlərin, bənzətmələrin olduğuna heyran qalıb».

İ.Etibar hesab edir ki, Xaqani bu və ya digər obyektdə fəlsəfə axtarmayıb: «O, hikmətlə, biliklə o qədər dolmuşdu ki, qələmə aldığı mövzu qeyri-iradi olaraq zəngin bilik və qüdrətli təb hesabına fəlsəfi məntiqlə yekunlaşırdı. Xaqani filosof deyil, ancaq filosof kimi düşünür, dərin fəlsəfi fikir və düşüncələrə baş vururdu».

Xaqaninin çətin həyat tərzi olub. Onun yetişməsinə ilk növbədə fitri istedadı, digər tərəfdən də XII əsr Şirvan ədəbi-elmi mühitinin zənginliyi, ən əsası isə əmisi Kafiyəddin ibn Ömər Osmanın böyük qayğısı səbəb olub: «Ədəbiyyatşünaslar Xaqaninin Sokrat, Platon, Aristotel fəlsəfəsini qəbul, ya da inkar etməsindən yazırlar. Hərdən fikirləşirəm ki, Xaqani bu filosoflarla tanış olmasaydı, müdrik, böyük təfəkkür sahibi olardımı? Məncə, bəli. Çünki onun təfəkkürü, savadı qat-qat yüksəkdə idi».

İ.Etibar təəssüflənir ki, Xaqani Qərbdə öz doğma vətənindən daha çox tədqiq edilib: «Məmmədağa Sultanovun və S.Rzaquluzadənin tədqiqat əsərləri Xaqani dəryasında damla kimi görünür. Digər tərəfdən, mərhum ədəbiyyatşünas Qafar Kəndlinin Xaqaninin yaradıcılığını tədqiq yönündə xüsusi zəhməti olub».

Şairin adı İbrahim, atasının adı Əlidir. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adıdır.

Şair 1126-ci ildə Şamaxıda anadan olub. İlk təhsilini əmisindən alıb. Dövrünün müxtəlif elmlərinə dərin maraq göstərib. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir, orada böyük şöhrət tapır. Xaqani Şirvani Şamaxıdakı saray mühitinin əzici təsirinə dözə bilmir. Saray çəkişmələri paxılların münasibəti nəticəsində şair həbs edilir.

Məkkəyə ziyarətə getdikdən sonra bir daha saraya qayıtmayaraq Təbrizdə məskən salır. Daha sonralar Xaqani Yaxın Şərq ölkələrində səfərdə olur təəssüratlarını poetik əsərlərində verir. Şair ömrünün son illərini Təbrizdə keçirir. Onun doğulduğu yurdunaŞammaxıya olan sevgisi aşağıdakı bir neçə beytdən aydın görünür:

 

Şamaxı, ey mənim sevimli yurdum,

Mən sənin qoynunda xaniman qurdum.

İndisə acığın tutmuşdur mana,

Mən sənin qoynundan ayrılsam, ana,

Ümidim, pənahım Təbrizdir, Təbriz,

O şəhər mənə doğmadır, əziz.

 

Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divani, «Töhfətül-İraqeyn» poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə «Şiniyyə» «Mədain xərabələri» qəsidələri, «Həbsiyyə» şeirləri «Töhfətül-İraqeyn» poeması daxildir. Dövrün ən böyük şairlərindən biri kimi tanınan Əfzələddin Xaqani yaradıcılığında diqqəti ən çox çəkən cəhət hər beytdə, hər misradakı dərin obrazlılıq elmilikdir.

Mütəxəssislərin fikrincə, Şərqin bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə edir. Bəzən onun əsərlərində dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan ezopdilli qənaətlər irəli sürülür, poetik simvollardan geniş istifadə edilir. Azərbaycan ədəbiyyatında ilk epistolyar məsnəvi sayılan «Töhfətül-İraqeyn» («İki İraqın töhfəsi») (1156) poemasında da Xaqani bir sıra simvol eyhamların köməyi ilə özü ilə mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olub.

Xaqani Azərbaycan ədəbiyyatında böyük lirik şairlərdən biri kimi tanınır. Onun qəzəl rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulub. Yaradıcılığında Azərbaycan poetik məktəbinin əksini tapmış özəlliklərindən biri türklüyə dərin məhəbbətdir.

Xaqani 1199-cu ildə vəfat edib. Şairin məzarı Təbrizin Sürxab qəbiristanlığındakı «Şairlər məqbərəsi» adlanan yerdədir.

 

 

Xalq Cəbhəsi.- 2012.- 13 noyabr.- S.14.