Tırınqı və nanaylar

 

 Azərbaycan xalq musiqisi həmişə özünün melodiyasının rəngarənliyi, təravəti ilə fərqlənmiş və dinləyicilərin rəğbətini qazanmışdır. Bütün musiqi janrlarında, o cümlədən milli musiqinin əhatə etdiyi sahələrin, janrların hamısında melodiyanın xarakterik xüsusiyyətləri özünün emosionallığı, səciyyəvi cəhətləri ilə seçilmişdir. Azərbaycanın peşəkar musiqi sənət nümunələrindən tutmuş şifahi ənənəvi professional musiqi janrlarına, o cümlədən folklor musiqisinin əhatə etdiyi bütün sahələrdə mövcud olan ayrı-ayrı sənət abidələrinin, musiqi janrlarının hamısında ilkin olaraq yadda qalan cəhətlərdən biri musiqimizin melodikliliyi, rəngarəng metro-ritmik xüsusiyyətləridir. Azərbaycanın xalq yaradıcılığında nəğmə və mahnı janrı, folklor musiqi nümunələri daha çox özünün xarakterik xüsusiyyətləri, səciyyəvi cəhətləri ilə seçilir. Azərbaycanın ayrı-ayrı regionlarında yaşadılan və özünün üslub, forma və hətta bəzən melodik dil xüsusiyyətlərinə görə fərqlənən mərasim nəğmələri, xalq mahnıları, aşıq havaları rəngarəng, zəngin repertuarı ilə seçilir. Xalq mahnılarından yazan musiqişünas V.Belyayev qeyd edir ki, «xalq mahnısı-bədii ədəbi-musiqili əsərdir. O özülündə mətnə malikdir və fikri məzmun onun ifadəliliyində öz əksini tapır. Mətn poetik formanı şeirin misralarının metrik və ritmik təşkilini təcəssüm etdirir, hansı ki, mahnının melodiyasının yaranmasının ritmik bünövrəsidir».

Qərbi Azərbaycanın musiqi folklorunda geniş yayılmış, lakin az öyrənilmiş musiqi janrlarından biri də tırınqı və nanaylardır. Tırınqı və nanayların mətn quruluşlarının təhlili göstərir ki, tırınqılar əsasən xalq mahnılarının formalaşıb inkişaf etməsində xüsusi rol oynamışdır. Bu şeir janrı əsasında olan nəğmələr mərasim nəğmələri olub əsasən toy-düyünlərdə ifa olunardı. Tırınqılar toy-düyünlərdə oxunduğu üçün onun əsas bəndindən sonra gələn iki misralı nanayı əksər hallarda toya yığışmış kütlə xor şəklində oxuyardı. Ucqar kəndlərdə isə həmin nanayı bir və ya bir neçə adam oxumaqla məclisi yola verərdilər. Təhlil edəcəyimiz «Ay qız kimin qızısan» və «Mübarək» havaları mərasimlərdə oxunan tırınqılardır.

«Ay qız kimin qızısan» havasının mətn quruluşu 11 hecalıdır. Mətndə verilən əsas fikir dörd misrada söylənilsə də, bizcə, havanın əsas melodiyasının leytmotivi sonrakı 2 misrada deyilən fikrin melo-poetikası ilə bağlıdır. Bu tırınqı havasının ifa xüsusiyyəti, üslubu, nəhayət, ifa forması da nanaylardan fərqlənir. Müqayisə üçün qeyd edək ki, əgər nanaylarda əsas mətnin birinci misrasından sonra avazlamanın birinci misrası, əsas bəndin ikinci misrasından sonra avazlamanın ikinci misrası oxunursa, burada belə ifa tərzi tam əksinədir. Yəni tırınqı havalarının ifasında bəndin bütün misraları oxunduqdan sonra, onun nanayı olan onbirlik hecaya əsaslanan avazı oxunur. Bu faktın özü sübut edir ki, xalq mahnılarının oxunuş qaydasının, yəni kuplet və nəqərat deyilən bəndlərin ifasının formayaradıcı amili onlardan qədim olan tırınqıların ifa forma xüsusiyyətləri olmuşdur. Şeirin mətninin ifa edilən mahnının forma xüsusiyyətlərinə təsiri barədə V.Belyayev yazır ki, «hər yeni misrada özünün müxtəlif ritmik tərtibini alan mahnı mətninin öncə şeir misrası olan mətnin hər frazası melodiyanın yarnmasına uyğun gəlir. Bu misraların eyni avaz üstündə ardıcıl ifası birsətirli və ya bir hissəli mahnı formasının yaranmasına gətirib çıxarmışdı». Musiqişünasın bu izahını musiqi folkloru janrlarına da aid etmək olar. Qərbi Azərbaycan musiqi folklorunda rast gəldiyimiz əksər nanaylar həqiqətən də bu formaya uyğun gəlir və onların melodik inkişaf xətti get-gedə əksilmə, yəni aşağı enmə üzrə hərəkət edir. Azərbaycan xalq mahnıları haqqında V.Belyayev başqa bir əsərində yuxarıda deyilən fikrimizi bir növ təsdiq etmiş tərzdə yazır: «Azərbaycan xalq mahnılarında əksər melodik hərəkət növü get-gedə əksilmə üzrə, hərdən isə, qabaqcadan, çox halda ya kvartaya sıçrayışla, ya da kiçik yüksəlmə hərəkəti ilə öz həllini tapır. Bununla yanaşı əlahiddə saxlınılmış tonun oxunmasının tez-tez melodiyaya, əsasən də ladın kvinta pərdəsinə həllinə rast gəlirik».

Təhlil edilən «Ay qız kimin qızısan» havasının melodik quruluşunda deyilən faktlarla qarşılaşırıq. Bu havanın melodik inkişafında kvartaya sıçrayışlara, eyni zmanda, kiçik yüksəlmə hərəkətinə rast gəlirik. Havanın ilk xanəsindən «Şur» ladının intonasiyaları eşidilir və meldodiyanın hərəkəti kiçik yüksəlişlə yuxarı, zil səslərə doğru hərəkət edir. Əvvəla onu xüsusi olaraq qeyd etmək istərdim ki, havanın melodik dili musiqi folkloru janrlarına, xüsusən də təhlilə cəlb etdiyimiz nanayların musiqi dilinə oxşar deyil. Bu, ilk növbədə, onu göstərir ki, havanın melodik dili xalq mahnılarının dilinə daha çox yaxındır.

Melodik quruluşun birinci a hissəsi 12 xanədən ibarət bitmiş musiqi cümləsindən ibarətdir. Birinci hissə, hər biri 6 xanə olan iki musiqi fikrindən yaranmışdır. Birinci musiqi fikri kiçik yüksəlmə üzrə hərəkət edib tonikanın və ya «Şur»un «Mayə» pərdəsi olan «fa diyez» səsinin kvarta yuxarı pərdəsində öz həllini tapır. Yarım kadans fuksiyasını daşıyan musiqi fikrinin formayaradıcı xüsusiyyətlərində həm 3/4 metrik ölçüsü, həm də melodik xəttin tədrici yüksəlişi və enişi üzrə hərəkət edən musiqi frazası əsas rol oynayır. Bu musiqi fikri V.Belyayevin dediyi kimi havanın mətninin birinci misrasının məzmununu təşkil etmişdir. İkinci misranın musiqi fikrini isə ikinci 6 xanədə verilmiş melodiya təşkil edir. Əvvəlki musiqi fikrindən fərqli olaraq, mətndə verilən fikrə yekun vuran ikinci musiqi cümləsi öz inkişafını get-gedə enən xətt üzrə tapmışdır. Mətn 4 misradan ibarət olduğu üçün birinci hissənin melodiyası iki dəfə təkrar olunur.

«Ay qız kimin qızısan» havasının ikinci hissəsi 7 xanədən ibarətdir. Havacatın birinci misrasının mətni birinci 3 xanədə verilmişdir, ikinci misranın mətni isə növbəti 4 xanədə ifa olunur. İkinci hissənin əsas musqi fikrinin formayaradıcı xüsusiyyətlərində həm 6/8 metrik ölçüsü, həm də V.Belyayevin dediyi kimi melodiyada kvarta səsinə sıçrayışlar və get-gedə tonikaya enmə hərəkəti təşkil edir.

Təhlil etdiyimiz tırınqı havasının ikinci hissəsinin mətni və melodiyası sonrakı inkişaf mərhələsində xalq mahnısı kimi tanınan «Ay qız kimin qızısan» havasının əsasını, yəni onun əsas melo-poetikasını və semantikasını təşkil etmişdir. Müqayisə üçün qeyd edək ki, tırınqı havasında mətnin quruluşundakı fikir melodiyanın formalaşmasında iştirak edən musiqi fikirlərinin forma quruluşu bir qədər fərqli şəkildə verilmişdir. Adətən musiqi havalarında mətndə ifadə olunan fikir musiqi cümləsinin quruluşu ilə tam uyğunluq təşkil edir. Daha dəqiq desək vergüllə bitən misranın musiqi fikri yarım kadans şəklində özünü göstərirsə, ikinci misranın sonunda fikri tamamlayan nöqtəli misrada musiqi fikrinin sonu tonikada, tam kadansla bitir. Tırınqının oxunuşunda birinci misranın musiqi fikri də tonika səsində, ikinci misranın sonluğu da tonikada bitir. Xalq mahnısı şəklində ifa edilən havada melodiyanın quruluşu fərqlidir.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 13 noyabr.- S.13.