«Döngələr»
filmi yaddaşlarda qalacaq
Rauf Rəcəbov:
«»Carçıfilm» öz fəaliyyətini zövqlü və
tələbkar tamaşaçı rəyi əsasında
qurur»
İctimai Televiziya və Radio Yayımları Şirkətinin «Carçıfilm» Yaradıcılıq Birliyinin çəkdiyi bədii və sənədli filmlərin, klip və video-çarxların Nizami kino mərkəzində nümayişi ictimai rəydə ciddi rezonansa səbəb olub.
Qeyd edək ki, «Carçıfilm» yalnız film istehsalı ilə məşğuldur və Yaradıcılıq Birliyində bu günədək iki yüzdən çox bədii, sənədli və televiziya filmi çəkilib. Bu filmlər arasında ən çox maraq doğuranlardan biri «Döngələr» adlı çoxseriyalı bədii televiziya filmidir.
İctimai Televiziyanin «Carçıfilm» Yaradıcılıq Birliyinin direktor müavini Rauf Rəcəbovla elə «Döngələr»lə bağlı söhbətləşdik…
- Rauf müəllim, «Döngələr» filminin əsas ideyası nədir və bu filmlə «Carçıfilm» tamaşaçılara nə demək istəyir?
- İctimai Televiziya tamaşaçılara 1980-ci illərin sonlarından başlayaraq 90-cı illərin əvvəllərinə qədər tarixin ekran yaddaşı olan «Döngələr» adlı çoxseriyalı bədii televiziya filmini təqdim edir. İctimai-siyasi proseslər nəticəsində cəmiyyətdə baş verən dəyişiklərin insan mənəviyyatına təsiri, yüksək mənəvi dəyərlərin naqisliklərə qalib gəlməsi filmin əsas ideyasıdır.
80-ci illərdən başlayaraq bu günlərə kimi yaşanan tariximizin ekran mənzərəsi və ən yaxın tariximizin bədii bir parçası bu filmdə öz əksini tapıb.
…Uzaq bir dağ rayonunda insanlar adi sovet həyatı yaşayırlar. Sevən sevir, işləyən işləyir. Rayonun birinci katibi partiyanın tapşırıqlarını vicdanla yerinə yetirir. 37-ci illərin təlatümünü yaddan çıxarmır. Xalqını, torpağını sevir.
Zaman keçir, demokratiya, istiqlal yelləri bu dağlara da gəlib çıxır. Və hər şey bundan sonra başlanır. 20 Yanvar, Qarabağ, meydan hadisələri və daha nələr, nələr…
Bu yollarda yaxşı yaxşı olaraq qalır, pis elə pisliyini davam etdirir. Çünki yaxşı adamı qova-qova namərd eləmək istəsələr də, onun kökündə yaxşılıq varsa, heç vaxt pis ola bilməz. Pis isə heç vaxt yaxşı ola bilməz. «Döngələr» çoxseriyalı bədii filminin əsas ana xətti də məhz budur.
- Filmin həyəcanlandırıcı leytmotiv musiqisi, maraqlı aktyor ansamblı var… Film bütün yaradıcı komponentlərilə bir bütövdür, tamdır…
— Şübhəsiz, musiqisiz film emosiyaları tam ifadə edə bilmir. Musiqi auditoriyaya ekranda baş verənləri daha emosional şəkildə çatdıra bilir. Bəzən musiqi sözdən daha qüvvətli olur. Filmin bütün çalarlarını özündə ehtiva edən musiqi də tamaşaçının diqqətini yönəldə bilir.
Eyni zamanda hər bir rejissor filmin və ya tamaşanın uğurunu təmin etmək üçün dəqiq aktyor seçimi aparmalıdır. Filmin uğurlu alınması üçün mükəmməl aktyor seçimi aparılıb, sonuncu dəfə bu aktyor heyətini hansı filmdə izlədiyimi xatırlamıram. Yenə də uğur nəticədən asılıdır və biz nəticənin ürəkaçan olacağına ümid edirik! Soyuq və yağmurlu hava şəraitində aparılan çəkilişlər yaradıcı heyətdə qətiyyən ruh düşkünlüyü yaratmayıb. Məsələn Belorusda 28 dərəcə şaxtada çəkilişlər aparılıb. Hər işin keyfiyyəti onu həyata keçirənlərdən çox asılıdır. Elə bu filmin uğurlu alınması da yaradıcı heyətin işə can yandırması ilə bağlı olub. Təsviri nöqteyi-nəzərdən çəkilişlər klassik ənənəyə uyğun aparılıb. Amma müasir texnologiyalar və çəkiliş üslubunun tətbiqi işin keyfiyyətini daha da artırıb.
Filmdə yaradıcı qrup həm operator sənətinin bugünkü tələblərindən, həm də klassik təsvir anlayışından kənara çıxmayıb. Çox təəssüf ki, çəkilən filmlərin əksəriyyəti tez bir zamanda unudulur. 15 seriyalı «Döngələr» bədii filmi isə yaddaşlarda qalacaq.
Tarixi filmdə rəssam işləmək keçmişə qayıdıb yenidən bu günə gəlməkdir və bu iş çox məsuliyyətlidir. Bu sahədə işləyənlər bəzi xüsusiyyətlərə malik olmalıdır. Xalqa keçmişi göstərmək — bu, rəssamların öhdəsinə düşür. Xüsusən, geyimlərlə bağlı iş çox məsuliyyətlidir və bu işi də filmin rəssamları çox mükəmməl yerinə yetiriblər.
İnsan hər bir işə məsuliyyətli və ciddi yanaşmalıdır. Tarixi filmdə bu məsuliyyət daha da çoxdur. Bu film eyni zamanda gənclər üçün bir mənbə də hesab oluna bilər.
İsmayıl Ömərov və Rafiq Səməndərin ssenarisi əsasında çəkilən filmin quruluşçu rejissoru Cavid Təvəkküldür. Filmin çəkilişləri Azərbaycanın müxtəlif rayonlarında, eləcə də Belorusda və Türkiyədə aparılıb.
- Bildiyimizə görə, «Carçıfilm»də istehsal olunan filmlərin Hizami Kino Mərkəzində nümayiş etdirilməsi Azərbaycanın televiziya tarixində ilk hadisədir…
- Doğru deyirsiniz, belə bir tədbir ilk dəfə keçirilirdi. İlk dəfə idi ki, televiziya kanalı çəkdiyi filmlərin güniş ekranda nümayişini təşkil etmişdi. Dövlət strukturlarının nümayəndələrinin, millət vəkillərinin, ictimai təşkilatların təmsilçilərinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin, kino və teatr ictimaiyyəti nümayəndələrinin, adi tamaşaçıların iştirak etdiyi tədbir sözün əsil mənasında kino bayramı idi. Festivala gələn qonaqlar İctimai Televiziyanın «Carçıfilm» Yaradıcılıq Birliyinin istehsal etdiyi filmlər barədə, ümumiyyətlə, kino sahəsində televiziyanın gördüyü işlər haqqında böyük məhəbbətlə danışdılar.
Azərbaycan Respublikası Prezidentinin ölkədə milli kino istehsalının inkişafına xüsusi diqqət yetirməsi, film çəkilişləri üçün televiziya şirkətlərinə müvafiq vəsait ayırması bu işə marağı xeyli artırıb. İndi, demək olar ki, bütün televiziya kanalları film çəkməyə üstünlük verir. Öz məhsulları ilə — çəkdiyi ekran əsərləri ilə Nizami kino mərkəzində tamaçılarla birbaşa görüşə gəlməyə ilk dəfə İctimai Televiziya qərar verdi.
İctimai Televiziya və Radio Yayımları şirkətinin sevimli televiziya kanalı olduğunu nümayişlərə tamaşaçıların xüsusi maraq göstərməsi də sübut edirdi.
Bu tədbirin keçirilməsində əsas məqsəd tamaşaçılarla canlı ünsiyyət, onların rəyinin öyrənilməsi idi. Çünki «Carçıfilm» öz fəaliyyətini zövqlü və tələbkar tamaşaçı rəyi əsasında qurur.
Adətən belə tədbirlərin ilk günü təmtəraqli keçsə də, sonrakı günlər maraq bir qədər azalır. Amma bu dəfə belə olmadı. «Carçıfilm» günlərinin keçirildiyi bütün günlər ərzində — bütün seanslar zamanı zal dolu olu. Bu da İctimai Televiziyanın kino-mətbəxinə tamaşaçıların verdiyi ən böyük qiymət idi.
Murad
Xalq Cəbhəsi.- 2012.- 14 noyabr.- S.7.