Azərbaycan Xalq
Cümhuriyyəti dövründə təhsil
Bu dövrdə təhsilin milli
yönünün yaranması ilə bağlı əhəmiyyətli
addımlar atıldı
Bilik
insana özünü əvəzsiz, müstəqil varlıq
olaraq təsdiq etmək üçün gərəkdir.
İnsanilik tələbi insanı Vətənə sevgi
üstə kökləyir. Günümüzün indiki
çağında xalqın, dövlətin daim inkişaf etməsini
şərtləndirən ən gərəkli vasitələrdən
biri təhsildir. 1842-ci ildə Bakı, Şirvan, Quba, Dərbənd,
Nuxa, Şuşa qəzalarında və Talış vilayətində
cəmi 605 məktəb var idi ki, burada 637 müəllim 5742
şagirdə ibtidai bilik verir, yazıb-oxumaq öyrədilirdi.
Təxminən bu qədər uşaq da rus məktəblərində
və gimnaziyalarda təhsil alırdı. İlk sənət məktəbi
1843-cü ildə Şəkidə yaradılmışdı.
Bu məktəbdə ipəkçilik sənəti sahəsində
savadlı fəhlələr hazırlanırdı.
Hökumət
1847-ci ildə ilk müsəlman məktəbini təcrübə
üçün 2 illiyə açmasına baxmayaraq XIX əsrin
50-ci illərində artıq 11 müsəlman məktəbi fəaliyyət
göstərirdi. 1847-ci ildə Tiflisdə ilk müsəlman məktəbi
açıldı.
Təhsil
problemləri üzrə mütəxəssis İslam Əsgəroğlu
deyir ki, yeni tipli təhsil müəssisələrinin tələbatına
cavab verə biləcək müəllimlərin
hazırlanmasında Zaqafqaziya Müəllimlər
seminariyasının rolu xüsusi qeyd edilməlidir: «Müsəlman
bölgələrində açılan məktəblərdə
müəllimlərin çatışmaması, digər tərəfdən
isə azərbaycanlılar arasında rus hökumətinin
siyasətinin təbliğini gücləndirmək istəyi
1879-cu ildə seminariyada Azərbaycan şöbəsinin
açılması ilə nəticələndi. Azərbaycan
şöbəsinin 1880-ci ildə təsdiq olunmuş əsasnaməsinə
görə, onun məqsədi Zaqafqaziyanın Azərbaycan kəndlərindəki
ibtidai məktəblər üçün bilikli və təcrübəli
müəllimlər hazırlamaqdan ibarət idi. İlk dəfə
seminariyaya 32 nəfər qəbul olundu. Bunlardan 19-u şöbənin
əsas siniflərinə, 13-ü isə hazırlıq siniflərinə
seçilmişdi. Qori müəllimlər
seminariyasının Azərbaycan şöbəsinin ilk
buraxılışı 1882-ci ildə oldu. Zaqafqaziya müəllimlər
seminariyasının Azərbaycan şöbəsi mövcud
olduğu 40 il ərzində 250 nəfərdən çox
savadlı, istedadlı müəllim
hazırlamışdı».
Azərbaycan
Demokratik Cümhuriyyəti dövründə təhsilin milli
yönünün yaranması ilə bağlı əhəmiyyətli
addımlar atıldı: «Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti qısamüddətli mövcudluğu
dövründə çoxəsrlik maarif və məktəb
salnaməsinə də təkrarolunmaz şanlı səhifələr
yazdı. Hökumət milli təhsil quruculuğu sahələrində
elə bir təməl yaratdı ki, ondan sonrakı mərhələdə
təhsil, elm, mədəniyyət də həmin bünövrə
üzərində yüksəldi. Dövlət büdcəsində
təhsilə ayrılan vəsait başqa sahələrlə
müqayisədə üstünlük təşkil edirdi. Azərbaycan
Xalq Cümhuriyyəti milli dövlətçiliyin əsaslarının
yaradılması istiqamətində həyata keçirdiyi tədbirlər
çərçivəsində xalq maarifini inkişaf etdirməyə
xüsusi diqqət verirdi. Ölkədə təhsil sistemini
nizama salmaq, milli təhsilin möhkəm bünövrəsini
qoymaq məqsədilə 1919-cu il iyunun 30-da Xalq Maarif
Nazirliyinin ştatı təsdiq edilir.
AXC
elan edilənə qədər Azərbaycanda ana dilində orta
məktəb yox idi, «realnı» məktəblərdə isə
Azərbaycan dili məcburi deyildi və ona həftədə cəmi
1 saat vaxt ayrılırdı. Yalnız AXC dövründə
Abdulla Şaiqin səyləri sayəsində Bakı realnı
məktəbi nəzdində 3 aylıq Azərbaycan dili
kursları açıldı.
Hökumətin
planında yaxın vaxtlarda Azərbaycanda 3 ali məktəb
yaratmaq dururdu: Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı
İnstitutu və Dövlət Konservatoriyası. Azərbaycan
parlamentinin qəbul etdiyi qərara əsasən 1919-cu ildə
Bakı Dövlət Universiteti təsis olundu və bununla da
ölkədə müasir tipli dünyəvi ali təhsilin əsası
qoyuldu».
1919-cu
ildə Azərbaycan parlamenti 100 nəfər gəncin ali təhsil
almaq üçün xarici ölkələrin ali məktəblərinə
göndərilməsi haqqında qərar çıxardı.
Bunlardan 10-u İngiltərəyə, 23-ü İtaliyaya, 45-i
Fransaya, 9-u Türkiyəyə göndərildi. 13 nəfər
isə Rusiyada təhsil almalı idi. Ancaq həmin dövrdə
Rusiyada ictimai-siyasi vəziyyətin qeyri-sabitliyi onların təhsil
almasına imkan vermədi. Azərbaycanda o dövrdə
böyük bir ziyalı dəstəsi meydana gəlmişdi.
Onların əksəriyyəti Moskvada, Peterburqda, Avropanın
bir çox şəhərlərində yüksək təhsil
almış, Avropa, dünya mədəniyyətilə
yaxından tanış olan və bunları mənimsəmiş
insanlar idilər. Hökumətdə təkcə xalq maarifi
nazirləri olmuş Nəsib bəy Yusifbəyli (sonralar IV, V
hökumət kabinetlərində baş nazir olub) Novorossiysk
Universitetinin hüquq fakültəsini, Rəşid Xan Kaplanov
Parisdəki Sorbonna Universitetinin hüquq fakültəsini, Həmid
bəy Şahtaxtinski Novorossiysk Universitetinin hüquq fakültəsini,
Nurməhəmməd Şahsuvarov Qori Müəllimlər
Seminariyasını, Tiflis Müəllimlər İnstitutunu və
Kiyev Universitetinin hüquq fakültəsini bitirmiş, Avropa mədəniyyətini,
Şərq sivilizasiyasını dərindən mənimsəmiş,
vətənpərvər, həqiqi Azərbaycan
ziyalıları idilər.
Hələ
1871-ci ildə çar II Aleksandr Tiflisdə olarkən şəhər
idarəsi burada bütün xərcləri özləri tərəfindən
ödənilməklə universitet açılması
xahişi ilə ona müraciət etsə də, bu xahiş yerinə
yetirilməmişdi. Rusiyada 1917-ci il Fevral inqilabından sonra
yaranan müvəqqəti hökumətin maarif naziri
S.F.Oldenburq Tiflis şəhər dumasına məktub-teleqram
göndərərək xahiş edir ki, Cənubi Qafqazda
açılması nəzərdə tutulan yeganə ali məktəbin
— Tiflis «rus universitetinin» layihə və smetasını
qısa zamanda hazırlayıb hökumətin müzakirəsinə
təqdim etsinlər. Bu, əslində çar
bürokratiyasının müstəmləkə əsarəti
altında olan xalqlara qarşı yeritdiyi siyasətin, xüsusən
maarif və mədəniyyət sahəsindəki siyasətin əsaslı
şəkildə tənəzzülü demək idi. Tiflisdə
«rus universiteti»ni açmaq üçün yerli ali qadın
kurslarının professorlarından ibarət komissiya
yaradılır. Bu komissiyaya görkəmli alim və cərrah,
pedaqoq, üç universitetin — Saratov (1909), Tiflis (1918) və
Bakı (1919) universitetlərinin yaradılmasında
mühüm rol oynamış professor V.İ.Razumovski
başçılıq edir. Sonrakı hadisələri
V.İ.Razumovski belə xatırlayır: «… İşimiz
qurtarana yaxın Qafqaz Zaqafqaziya Respublikası kimi Rusiyadan
ayrıldı və gürcülərdən, ermənilərdən
və türklərdən ibarət qarışıq hökumət
təşkil edildi. Xalq maarif naziri Bakılı Xan Xoyski
(1917-ci il noyabrın 15-də Tiflisdə E.P.Gegeçqorinin
başçılığı ilə yaradılan Zaqafqaziya
Komissarlığında maarif komissarı olmuş Fətəli
xan Xoyski nəzərdə tutulur) idi. Biz Tiflisdə «rus
universiteti»nin təşkili üçün
apardığımız işdən istifadə etməyi həmin
hökumətə təklif etdik. Nazir (Xan Xoyski) bizi dinlədi,
Qafqazda rus universitetinin təsis edilməsinə rəğbətini
bildirdi, lakin əlavə edib dedi: «Bəs niyə Tiflisdə? Bəlkə
universiteti Bakıda açmaq daha düzgün olardı?» O,
bizim məlumat məktublarımızı nəzərdən
keçirmək üçün götürdü və bizim
məqsədimiz barədə Nazirlər Şurasına məlumat
verəcəyini vəd etdi. 1919-cu ilin əvvəllərində
Azərbaycan Respublikasının xalq maarif naziri Həmid bəy
Şahtaxtinski (əslində nazir müavini idi) Tiflisə gəldi.
O, rus universitetini Bakıya köçürmək təklifi
ilə gəlmişdi… yaxşı binalar, maddi təminat və
s. vəd etdi».
1919-cu
il mayın əvvəllərində Azərbaycan hökuməti
Bakı Dövlət Universitetinin təsis edilməsi ilə əlaqədar
sənədləri və müvafiq tədbirləri
hazırlamaq, eləcə də universitetin
açılmasını sürətləndirmək
üçün Xalq Maarif Nazirliyi nəzdində universitet
komissiyasının yaradılması haqqında 8 maddədən
ibarət olan əsasnamə qəbul edir. Komissiyanın 21 may
1919-cu ildə keçirilən birinci iclasında Xalq Maarif
Naziri Rəşid bəy Qaplanov çıxış edərək
universitetin açılması barədə hökumətin
mövqeyinin qəti olduğunu və bütün arzu edənlərin
burada təhsil ala biləcəklərini bildirir. O göstərirdi
ki, hökumət universitetin açılması və
avadanlıqla təchiz edilməsi üçün lazım
olan vəsaiti əsirgəməyəcək.
Universitet
komissiyası qısa zamanda gərgin əmək sərf edərək
böyük, səmərəli işlər görür. Belə
ki, onlar may ayının 31-də Bakı Dövlət
Universitetinin açılması haqqında bəyannamə,
Bakı şəhərində dövlət universitetinin təsis
edilməsi haqqında qanun layihəsi və ona əlavə
edilən izahlı qeydlər, universitetin nizamnaməsi və
1919-20-ci tədris ili üçün tarix-filologiya fakültəsinin
tərkibində Şərq şöbəsi olmaqla ştat və
smeta layihəsi kimi mühüm sənədləri
hazırlayıb Xalq Maarif Nazirliyinə təqdim edirlər.
İyun ayının axırlarında vaxtdan səmərəli
istifadə edən universitet komissiyası Maarif Nazirliyinə təqdim
etdiyi qanun layihəsi əsasında universitetin təşkili,
qurulması və avadanlıqla təchiz edilməsi
üçün ona 3,5 milyon manat ayrılmasını
xahiş edir. Universitetin açılmasına böyük əhəmiyyət
verən hökumət Maarif Nazirliyindən qısa müddətdə
gələn bu sənədi o dövrdə ciddi maddi
sıxıntı keçirməsinə baxmayaraq həmin vəsaiti
hətta artırıb 5 milyona çatdırır. Hökumətin
qəbul etdiyi sənədlər 1919-cu ilin iyul-avqust
aylarında əvvəlcə parlamentin qanunvericilik, büdcə-maliyyə
komissiyalarında və parlamentdə təmsil olunan
partiyaların fraksiyalarında qızğınlıqla
müzakirə olunur. Bu müzakirələr zamanı aydın
olur ki, ictimaiyyətin, hökumətin və həm də
parlamentin içərisində universitetin
açılmasının əleyhdarları da var. Universitetin
açılmasına qarşı çıxanlar belə
hesab edirdi ki, tədrisin rus dilində aparılması buraya dəvət
olunan rus professorlarına tələbələr arasında
ruslaşdırma təbliğatı aparmaq imkanı verəcək.
Onların fikrincə, bu alimlər tələbələrə
elm öyrətməkdən daha çox missionerlik edərək
çarizmin milli siyasətini təbliğ edəcəklər.
Bu amili əsas göstərərək onlar milli
kadrlarımızın yetişməsinə qədər
gözləməyi məsləhət görürdülər.
Qeyd edək ki, bu diskussiya parlamentin komissiyalarında, plenar
iclaslarında, mətbuat səhifələrində, siyasi
partiyalarda, hətta hökumətdə də
aparılırdı. Tədrisi rus dilində olacaq universitetin
açılmasının əleyhdarları tələbə
gənclər arasında da fəal təbliğat işi
aparırdı. Bu cəhətdən xüsusilə
«İttihad», «Əhrar», «Müsəlman sosialist bloku» daha
çox fərqlənirdi. Mətbuatda rus dilində olan
universitetin açılmasına mənfi münasibət bəsləyən
yazılar və gənclər qrupunun qəbul etdiyi qətnamələr
çap edilməyə başlayır. Hətta belə təkliflər
də səslənir ki, Azərbaycan üçün
universitet yaratmaq əvəzinə, müəyyən sayda gənci
təhsil almaq üçün Qərbi Avropaya göndərmək
daha sərfəlidir. Azərbaycan elm və maarifinin ilk milli məbədini
yaratmaq yolunda böyük maneə və çətinliklər
olmasına baxmayaraq, milli hökumət və heç bir
çətinlikdən qorxmayan ziyalılarımız bu işi
uğurla başa çatdırdılar. 3 aylıq gərgin
müzakirələrdən sonra Azərbaycan parlamenti 1919-cu il
sentyabrın 1-də ictimai fikir tariximizdə, elmin, maarifin
inkişafında əvəzedilməz xidməti olan ilk
universitetin açılması haqqında qanun qəbul etdi».
Uğur
Xalq Cəbhəsi.- 2012.- 21 noyabr.-
S.14.