Peşəkar fortepiano
ifaçısı
Üzeyir Hacıbəyov:
«Rixter əsil musiqiçidir»
Svyatoslav
Teofiloviç Rixter — XX əsr fortepiano ifaçılıq sənətində
ən əhəmiyyətli və sanballı simalardan biridir.
Çalğısı mümkünlük və müyəssərlik
hüdudunda olan bir pianoçu S.Rixterin ifa üslubu
öz-özlüyündə yeganə idi. Fikir dərinliyi,
hisslərin şəffaflığı, hər hansı
standartlardan məhrumluq, ifadə aydınlığı heyran
edirdi. S.Rixter — son dərəcə geniş imkanları və
təbiiliyi ilə seçilən bir pianoçudur. Eyni zamanda
onun çalğısında heç bir ifadə
kasadlığı, müəmmalı cizgilər yoxdur. Hər
şey dəqiq, müəyyən, sabit və
dürüstdür. Rixter çalğısında
aydınlıq digərlərindən daha qabarıqdır.
Royal arxasında o son dərəcə məntiqlə
düşünür. Fikrin və hissin ən incə
çalarlarını o tamamilə aydın ifadə edir, hər
zaman nə söyləyəcəyini dəqiq bilir və
öz yaradıcı ideyalarını ifadə etmək
üçün lazimi vasitələri tapa bilir. Onun
ifaçı obrazları hər zaman kəskin şəkildə
təsviri relyeflidir və praktiki olaraq strukturca nəzərə
çarpıcılığa malikdir. O, obrazı daha çox
memarcasına tökür — yapır, nəinki çalır.
Royal arxasında o sanki təbiətin özü tək
bilavasitə olaraq yaradır, o, musiqini bütün ruhu ilə
ifa edir.
S.Rixter
1915-ci il martın 20-də Jitomirdə musiqiçi ailəsində
anadan olmuş, geniş bədii tələbatlı
insanların əhatəsində böyümüşdür.
Atası — Teofil Daniloviç — Vyana Musiqi Akademiyasında təhsil
almış pianoçu və orqanist idi. Anası — Anna Pavlovna
(qız familiyası Moskalyova) — geniş erudisiyalı musiqi həvəskarı
idi, rəssamlığa da meyli vardı.
Uşaqlıqdan
S.Rixter musiqi öyrənmək sahəsində öz
ixtiyarına buraxılmışdı, öz imkanları sayəsində
musiqi ədəbiyyatının ən gözəl nümunələri
ilə tanış olurdu. Onun musiqiyə, ümumiyyətlə
incəsənətə sönməyən həvəsi
vardı. O nəinki çalır, musiqi əsərləri bəstələyir,
həmçinin dramlar yazmaq, rənkarlıqla məşğul
olmağa cəhd göstərir. Əsasən opera klavirlərinin
öyrənilməsi onu cəlb edir. Topladığı az məbləğdə
pulu o, klavirlərin alınmasına xərcləmiş və
Qlinka, Verdi, Çaykovskiy, Vaqnerin operalarını
böyük zövqlə çalar və öyrənərmiş.
Sonralar o, simfonik ədəbiyyatın öyrənilməsi ilə
məşğul olur, tez-tez müğənniləri
müşayiət edir.
Onun
bir pianoçu kimi debütü 1934-cü ilin mayında
Odessada Mühəndislər Evində geniş konsert
proqramı ilə çıxış edərkən oldu.
Proqramda Şopenin əsərləri qeyd olunmuşdu. Fa minor
balladası, dördüncü skertso, noktürnlər,
prelüdlər, etüdlər. Konsert uğurla keçdi, lakin
S.Rixterin yaradıcılıq planları daha geniş bədii
spektrə yönəldiyindən və bunların həyata
keçməsi üçün dirijorluq ən münasib vasitə
kimi görünürdü. Hansısa səbəblər ona
dirijorluqla məşğul olmağa mane olur. Rixter gözlənilmədən
teatrla, doğma şəhərlə vidalaşır və
Moskvaya, pianoçu olmaq qəti qərarı ilə yola
düşür. Bu, 1937-ci ildə baş verir. O, Moskva
Konservatoriyasına, professor G.Q.Neyqauzun sinfinə daxil olur.
Gənc
S.Rixterin məşhur müəllimi ilə
görüşü haqqında Genrix Qustavoviç belə
yazır: «Tələbələr Odessadan gəlmiş,
Konservatoriyaya, mənim sinfimə daxil olmaq istəyən bir gəncə
qulaq asmağımı xahiş etdilər. «O musiqi məktəbini
bitiribdirmi? — mən soruşdum. «Xeyir, o heç bir yerdə
oxumamışdır». Etiraf edim ki, cavab məni bir qədər
çaşdırdı. Musiqi təhsili olmayan bir adam
Konseavatoriyaya hazırlaşır?… Bu qoçağı
görmək maraqlı idi. Budur, o gəldi… O çox təmkinlə
çalırdı, mən deyərdim, hətta sadə və
ciddi. Onun çalğısı musiqiyə qəribə bir təsirliyi
ilə məni dərhal cəlb etdi. Mən tələbələrimdən
birinə pıçıldadım: «Məncə, o dahiyanə
musiqiçidir. Elə o gündən Svyatoslav Rixter mənim tələbəm
oldu».
G.Q.Neyqauzun
sinfində təhsil onun bənzərsiz istedadının
inkişafına güclü təkan verdi. Bu zamandan Rixter əsl
pianoçu kimi məşğul olmağa başlayır. O,
tez-tez konsertlərdə çıxış edir, özü
də hər bir konsert həm məşhurluq yolunda növbəti
addım, həm də axtarışlar, düşüncələr
məktəbi, öz üslubunun tapılması, repertuarın
zənginləşməsi demək idi. 1945-ci ilin sonunda
pianoçuların ümumittifaq müsabiqəsində S.
Rixter birinci mükafatı qazanır. S.Rixterin daha da
tanınmasına çıxışlarının daima
genişlənən coğrafiyası və çox əhatəli
repertuarı kömək edir. Onun ifasında İ.S.Baxın
bütövlükdə «Yaxşı temperasiya edilmiş
klavir»i, Motsartın sonataları, Bethovenin sonata, variasiya, rondo,
baqatelləri, Bramsın intermetso və kapriççiosu,
Şubertin demək olar ki, bütün sonataları, Şuman,
Şopen, Skryabin, Raxmaninov, Çaykovskiy, List,
Şostakoviç, Musorqski və bir çox başqa müəlliflərin
əsərləri səslənir. Repertuar
siyahısının artması musiqiçinin daxili yüksəlişi,
özünəməxsus üslubunun şəffaflaşması
ilə müşayiət olunur. Rixterin o dövr
çıxışlarından biri də Bakıda keçir.
K.X.Səfərəliyevanın
xatirələrindən bir epizod: «… 40-ci illərin əvvəllərində,
— o zaman Konservatoriya kiçik zalı olan köhnə,
darısqal bir binada yerləşirdi, — Üzeyir bəy məni
öz sinif — kabinetinə dəvət etdi. Otağa daxil olanda
sadə geyimli, mənə tanış olmayan bir gənc
gördüm. Üzeyir bəy bizi bir-birimizə təqdim
etdikdən sonra məndən soruşdu: «Siz konsert təşkil
edə bilərsinizmi? Bu gənc pianoçu öz qulluğunu
təklif edir və konservatoriyanın tələbələri
üçün İ.S.Baxın prelüd və fuqa silsiləsini
ifa etmək istəyir». Gənc pianoçunun adı Svyatoslav
Rixter idi. 30-cu illərin ortasında mən Moskvada olarkən
eşitmişdim ki, Genrix Qustavoviç Neyqauzun sinfində
istedadlı bir tələbə — pianoçu var,
hansını ki, o müəyyən vaxtadək heç kəsə
göstərmir. Mən böyük məmnuniyyətlə konserti
təşkil etməyə razılıq verdim və Rixterlə
birlikdə zala getdik, o, royalı yoxlamaq istəyirdi. S.Rixterin
proqramı o qədər geniş idi ki, onu iki konsertə
bölmək olardı. Zal ağzınadək dolmuşdu, dinləyicilərin
hamısını yerləşdirmək mümkün
olmadığından siniflərin qapılarını
açıb, vestibüldə, keçidlərdə durub qulaq
asırdılar. Hamı onun Baxın əsərlərini nə
cür ifa etməsinə heyran olmuşdu. Konsertdən sonra
S.Rixter Üzeyir bəyə bu cür qəbula görə
öz təşəkkürünü bildirdi. Biz isə
öz növbəmizdə Üzeyir bəyə gənc pianoçuya
ona xas olan xeyirxahlıqla yanaşmasına, müəllim və
tələbələrə bu cür unudulmaz ifanı dinləmək
imkanı yaratdığına görə minnətdar idik. S.
Rixter otaqdan çıxdıqdan sonra Üzeyir bəy dedi:
«Köykəb xanım, mənim sözlərimi unutmayın. Bu
gəncin böyük gələcəyi var. Uzaqdan gələsən,
təmənnasız, yalnız çalmaq xatirinə
çalasan. Bu əsil musiqiçidir».
İllər
ötdükcə S.Rixterin istedadı genişlənir, mükəmməl,
daha universal olur. Rixter heç zaman öz şöhrətinin
bəhrələrindən rahat istifadə etməyib, bu ona xas
deyildi. O qarşısına daima yüksək tələblər
qoyur, irəli gedir, əldə olunanlarla heç zaman kifayətlənmir.
Özü üçün vacib, maraqlı, yeni hesab etdiyi hər
bir şeyi mənimsəyir, daha çox dərinliyə,
çoxşaxəliliyə, öz individuallığı ilə
ifa etdiyi musiqinin vəhdətinə nail olur. Bu gün S.Rixterin
yaradıcılığı tarixin nailiyyətinə
çevrilmişdir. Eyni zamanda o, vallarda, lent yazılarında,
«Əsrin pianoçusu»nun canlı ifasını dinləmiş
insanların xatirəsində hələ uzun illər boyu
qalacaqdır.
Oktay
Xalq Cəbhəsi.- 2012.- 23 noyabr.-
S.15.