«Füyuzat»ın şairi

 

Tam bir il — 1906-cı ilin 1 noyabrından 1907-ci ilin 1 noyabrına qədər Əli bəy Hüseyn-zadənin redaktorluğu, Hacı Zeynalabdin Tağıyevin maddi yardımı və imtiyaz sahibliyi ilə Bakıda, Nikolayevski küçəsindəki «Kaspi» mətbəəsində çap olunan «Füyuzat» jurnalının ən fəal yazarlarından biri və bəlkə də birincisi Məhəmməd Hadi olmuşdur. Hər nömrəsi 16 səhifədən ibarət olan, cəmi 32 sayı işıq üzü görmüş (jurnalın 6 nömrəsi 1906-cı ildə, 26 nömrəsi isə 1907-ci ildə çıxmışdır) bu məcmuənin 23, 24 və 31-ci nömrələri istisna olmaqla, qalan 29 nömrəsində M.Hadinin şeir, məqalə və tərcümələrdən ibarət əlli yazısı çap olunmuşdur. Jurnalda çap etdirdiyi əsərlərində M.Hadi əvvəlki idealına sadiq qalaraq, əsasən, maarif və mədəniyyəti, hürriyyəti, yer üzünün əşrəfi olan insana məhəbbəti təbliğ etmiş, həqiqi arzusunun millətinin səadəti olduğunu təkrar-təkrar bəyan etmişdir.

Əli bəy Hüseynzadə tərəfindən Həştərxandan jurnalın redaksiya heyətinə dəvət edilən M.Hadi «Həyat» qəzetində olduğu kimi, «Füyuzat»da da üç istiqamətdə fəaliyyət göstərmişdir: şair kimi; publisist kimi; tərcüməçi kimi. «Füyuzat»ın ilk nömrəsindən son nömrəsinə qədər məcmuə ilə əməkdaşlıq etmiş M.Hadinin jurnalın ilk sayında forma və məzmunca fərqli dörd şeiri çap edilmişdir ki, «Fünunmaarif» şeiri bunlardan birincisidir. 17 beytlik qəsidə formalı bu əsər şairin, 1908-ci ildə Bakıda çap etdirdiyi «Firdovsiilhamat» kitabı istisna olmaqla, sonralar çap olunmuş heç bir kitabına düşməmişdir.

Maarif tərbiyyətbəxşayi — hissiyyəti — vicdandır, Maarif rövnəqəfzayi — riyazi-fikrətü candır — beyti ilə başlanan şeir ruhu etibarı ilə şairin bu əsərə qədər «Həyat» qəzetində və «Dəbistan» jurnalında dərc etdirdiyi «Məktəb», «Məktəb şərqisi», «İnsan nə ilə mükərrəm olur», «Lövheyi-təsviri-maarif», «Maarifə doğru» şeirləri ilə səsləşir.

Janrına görə müxəmməs olan «Amali-tərəqqi» əsəri beş bənddən ibarətdir. Azadlıq, istiqlalmaarifin təbliği niyyəti ilə yazılmış bu şeir mətnində heç bir dəyişiklik edilmədən həm «Firdovsi-ilhamat»da, həm də M.Hadinin poetik əsərlərinin nisbətən kamil nəşri hesab olunan kitablarında çap olunmuşdur.

«Əsasi-fikrimiz təmini-istiqbali-millətdir», — deyən şair bildirir ki, cəhalət odu vətənin sinəsinə çalın-çarpaz dağ çəkib, cəhl və qəflətdən maarifin nuru, ziyası sönüb. Hər tərəfi yaramazlıqlar bürüdüyündən (M.Hadidə «xari-şaqavət») «vətən gülzarı xar olmuş», səadətdən əsər-əlamət yoxdur. Ən istəkli əməli «irtiqayi-mülki-millət» (millət mülkünün, vətənin yüksəlişi və inkişafı) olan şairə görə əsarət zəncirini qırmaq, millətin istiqlalını qazanmaq üçün iki başlıca yol var: təhsil, maarif və həqiqət. Çünki:

 

Həqiqət sayəsində kəsbi-qüdsiyyət qılar millət,

Həqiqətlə edər növi-bəşər təhsili-hürriyyət.

Həqiqətlə olur baği-vətən gülzari-əmniyyət,

Həqiqət zahir olsa, parlayar ənvari-ülviyyət,

Həqiqətbin olanlar vasili-fövzü hidayətdir.

 

Hüseyn Bayqaranın «Azərbaycan istiqlal mübarizəsi tarixində ilk milli şair» adlandırdığı M.Hadinin «Füyuzat»ın noyabrın 13-də çıxan ikinci sayında iki şeiri dərc edilmişdir. «Şirvanzadə» imzası ilə gedən birinci şeir «Təraneyi — qəmpərvəranə» adlanır. «Bilməm ki?» rədifli bu əsər on altı beytdən ibarətdir və qəsidə formasında yazılmışdır. Məzmun və ideya baxımından əvvəlki şeirlərdən fərqlənən bu əsəri şairin fəlsəfi lirikasının ən gözəl nümunələrindən biri hesab etmək olar. Bəşər, insan və cəmiyyət, istiqlalistibdad barədə düşüncələrini bildirmək niyyəti ilə yazılmış şeirin ilk bəndi ilə şair oxucusunu bir çox suallarla baş-başa buraxır: İnsan nədir? Əfsanə, ya həqiqət və bu varlığın cahana gəlməkdə məqsədi nədir? Səbəb nədir ki, fərzanələr belə dünyanın dolaşıq işləri qarşısında aciz qalmışlar? Niyə dünya zülm və sitəm səhnəsinə çevrilib və nədən «Bu zülma-badi-giytidə (ədalətsizlik, zülm yeri olan dünyada) fəqət bir namı var ədlin?». «Amali-istiqbal, yaxud ümid və əməllər» şeirini şair «Amaliistiqbal» adi ilə «Firdovsi-ilhamat» kitabına da salmış və mətndə bir neçə düzəlişlər də etmişdir.

Jurnalın 3-cü nömrəsində M.Hadinin iki şeiri nəşr olunmuşdur. «Bədaye» adlanan birinci şeir on bir beytdən, «Kitabi-həyat» şeiri isə müxəmməs formasında olmaqla on üç bənddən ibarətdir. Birinci əsərdə əsas mövzu həqiqətin tərənnümüdür. Şairin fikrincə, həqiqət nəzərləri ilə baxılarsa dünyanın Turi-Sina ağaclardan bir ağızdan «ya Musa» kəlməsinin eşidilməsinin şahidi olmaq olar. Şairə görə, həqiqət olmayan yerdə rəzalət ayaq tutub yeriyir, bütün qaranlıqlar, pisliklər hökm-fərma olur.

«Kitabi-həyat» şeiri üsyankar təbiətli şairin fəryad və şikayətlərinin hələ yaradıcılığının ilk illərində belə poeziyasının əsas mövzularından biri olduğunu təsdiqləyir. «Bütün əskiliyə qarşı üsyan edən, haqsızlığa qarşı meydan oxuyanona ilham verən ən ziyadə sərbəstliyi, hürriyyəti şeirlərində tərənnüm edən»(A.Şaiq) şair bildirir ki, «ürəyi azadlıqsevərlərin qəlbi kimi yaralı olan» dünya şivən səhnəsidir, buna səbəb isə «bizdə asari-mürüvvət hissinin yoxluğudur». Cahan «bir sürü cəllad əlindən əşkbar olmuş», tərəqqi istəyənlər zindan künclərinə atılmış, zaman-zaman haqq deyən dillər kəsilmişdir.

İşlərin bu qədər qarmaqarışıq olmasının səbəbi, şairin fikrincə, dünyada həqiqət və hürriyyətin olmamasındadır. «Hüzni-ümumi çəkməkdən dil yarədir», — deyən şair bu əqidədədir ki, oxucusu onu başa düşəcək, dünyanın yaxşılıqlarını yox, pisliklərini qabarıq şəkildə verdiyi üçün onu qınamayacaqdır. Əsərdə məqsəd yatmış vicdanları oyatmaq, daşlaşmış ürəkləri yumşaltmaqdır.

Jurnalın dördüncü nömrəsində M.Hadinin 26 beytdən ibarət olan bir şeiri — «Hissiyyati-madəranə və yaxud övlad bəsləmək hissləri» çap olunmuşdur. «Firdövsi-ilhamat» kitabına «Hissiyyati-madəranə» adı ilə daxil edilmiş bu şeirin mətnində dəyişiklik edilməmiş və şeir sonrakı nəşrlərə də «Firdovsi-ilhamat»da olduğu kimi daxil edilmişdir. Əsas mövzusu ana-bala sevgisindən ziyadə təlim-tərbiyə ilə bağlı olan bu əsərində şair analara xitabən deyir:

 

Biədəb bəsləməyin tiflanı,

Mərifətpərvər edin tiflanı.

 

«Məhəmməd Hadi Şirvani» imzalı mürəbbe formasında 9 bənddən ibarət «İsmət, yaxud əfif olan zatların xəsaili» adlı, «Firdovsi-ilhamat»a və sonrakı nəşrlərə düşən şeirin sonuncu bəndinin ilk — «Şeiri rənasında söylər arifi-Rumi Ziya» misrasına türk şairi Ziya Paşanın (1825-1880) verilmiş izahı kitablara düşməmişdir.

Mövzuideyaca jurnalda çap olunan əvvəlki şeirlərdən bir o qədər də fərqlənməyən bu əsərdə baş leytmotiv insanın öz şəxsiyyətini qorumaq üçün yollar axtarması, yaşayışında kimsəyə boyun əyməməsidir. Mürəbbe şəklində olan «Nidaül-vətən» şeiri «Firdovsi-ilhamat» kitabına düşsə də, şairin 1920-ci ildən sonra çıxan kitablarına düşməmişdir. «Dünyada əməlimiz fəqət emari-vətəndir» misrası ilə başlanan bu əsərdə vətənin «gülşəni-rənası»nın solmasından, «vicdani-münafiq» (ikiüzlü, riyakarların vicdanı) kimi «bünyanı» (özülü, təməli) pozulmuş, cahillərin fikirləri kimi halı pərişan vətənin vəziyyətindən ürək ağrısı ilə söz açan şair bildirir ki, bizlərdə vətən məhəbbəti olmayınca, vətənin şan və şərəfi hifz, himayə edilməyincə nə vətənə, nə də millətə nicat yoxdur.

Jurnalın 6-cı nömrəsində M.Hadinin üç əsəri çap olunmuşdur. Bunlardan birincisi «Dəli şairə dəlilər mühibbi olan bir quşun köməyi. Tövsiyeyi-mürğ» adlı şeir, ikincisi «Müctəhid ağa Təbatəbayi həzrətlərinin məktubu» sərlövhəli tərcümə, üçüncüsü isə «Bakı tarixindən bir nəbzə» adlı irihəcmli bir məqalədir. Şeirin altında «Dəlilər mühibbi», tərcümənin altında «Mütərcim M.H.», məqalənin altında isə «M.Hadi» imzası qoyulmuşdur.

Şeir jurnalın birinci nömrəsində «Dəli şair» imzası ilə çap olunmuş «Heyrət, yaxud bir mələyin insanlara xitabı» adlı on iki beytlik bir şeirə cavab kimi yazılmış, vəzn, qafiyə və rədif sistemi belə saxlanılmışdır. Yeri gəlmişkən qeyd edək ki, «Füyuzat»in birinci nömrəsində çıxan şeiri tədqiqatçılardan biri M.Hadinin şeiri hesab etmişdir ki, bizcə, bu fikir doğru deyil. Şeirin M.Hadinin olmadığını sübut üçün bircə faktı söyləmək yetərlidir. Altıncı nömrədə çıxan şeiri M.Hadi öz əsəri kimi «Firdovsi-ilhamat»a daxil etmiş, birinci nömrədəki şeiri isə məhz başqa müəllifin olduğu üçün kitabına salmamışdır. (Bizcə, şeirin müəllifi Əli bəy Hüseynzadədir). M.Hadinin bu əsəri sonrakı kitablara da salınmış, başlıq istisna olmaqla (həm «Firdovsi-ilhamat»da, həm də sonrakı nəşrlərdə şeirin sərlövhəsi belədir: «Tövsiyeyi-mürğ»), mətn eyni ilə saxlanılmışdır.

M.Hadi şeirlərində görünməkdə olan ümumi kədər — «hüzni-ümumi» bu əsərin hər beytində görünməkdədir. Quşun dilindən: «Niyə insanlıq gülzarını yandırırsınız?» sualı bir qədər sonra acı ittihama çevrilir. İnsana ədalətlə hökm etmək buyuruğu Allah tərəfindən verilsə də («Atılmış guşeyi-nisyanə nəssi-təhkumu bilədl»), o, buna əməl etmir. Murdar nəfsinə uyaraq qan tökür, məzlumun haqqını yeyir, bu azmış kimihaqq söz, nə də Tanrıdan gələn fərmanlar ona təsir etmir. İnsanın cahilliyi ucbatıtından «cahan bir qətlgah olmuş», o isə hələ də cəhalət eydinə — bayramına qurbanlar kəsməkdə davam etməkdədir. Bu hala heyvanlar lənət oxuduğu halda (lənətxandır heyvanlar), insanlar pis əməllərdən əl çəkmir. Buna səbəb nədir? Səbəb şairin yaradıcılığında təkrar-təkrar rast gəldiyimiz bir fikrinümumi məhəbbətin insan qəlbinə hakim olmamasıdır.

«Füyuzat» məcmuəsində dərc etdirdiyi poetik əsərlərinin təhlilindən göründüyü kimi, M.Hadi ənənəsinə sadiq qalaraq VƏTƏN, MİLLƏT və Tanrının yaratdığı məxluqatın ən əşrəfi olan İNSAN, onun yaşam tərzi, keçmiş, bu gün, gələcək haqqında fikir və mülahizələrini irəli sürürbu qənaətə gəlir ki, bəşəriyyətin salamatlığı maddiyyatdan daha çox mənəviyyatla bağlıdır. İnsanın mənəvi cəhətdən kamil olması isə təlim, tərbiyə və böyüyüb boya-başa çatdığı mühitdən asılıdır. Cəmiyyət azad olmayınca, əxlaqi və ümumbəşəri dəyərlərə söykənən azad düşüncələrə meydan verilib bunların səmərəsindən bəhrələnməyincə nə kamil insan, nə də mükəmməl həyat tərzindən bəhs etməyə dəyməz. İnsan nicat və səadəti axtarmamalı, onu qazanmaq üçün mücadilə etməlidir. Ən vacib şərt kimi şəxsi istəklərin bəşəri mənafelərə qurban verilməsi gərəkdir ki, bunun da baş yolu mənəvi kamillikdən keçir və deməli, şikəst mənəviyyatın bəhrəsi zorakı, hərki-hərkiliyə əsaslanan cəmiyyət — zalımlar və məzlumlar dünyası, mükəmməl mənəviyyatın bəhrəsi isə insanın insan kimi yaşamaq istəklərini reallaşdıran azad, hürr cəmiyyət olacaqdır.

 

 

 Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 24 noyabr.- S.15.