«Mənim sevimli dəlim»
Ölkədə
baş verən ictimai-siyasi hadisələr hər bir sənətkar
kimi Elçinin yaradıcılığına da təsirsiz
qalmayıb. Əgər 1988-ci ildən bəri keçmiş
SSRİ-də, o cümlədən Azərbaycanda bəlli
ictimai-siyasi hadisələr baş verməsəydi, yəqin
ki, Elçin öz humanist görüşlərini, bəşəri-insani
duyğularını «Ah, Paris, Paris!..», yaxud da «Mənim sevimli
dəlim» kimi komediyalarındakı mövzu daxilində deyil,
tamamilə başqa bir mövzu kontekstində bəyan edəcəkdi.
Hətta onun teatr həyatına həsr etdiyi «Salam, mən sənin
dayınam» komediyasında da «müstəqillik», «demokratiya» ifadələrini
işlətmək lazım gəlməyəcəkdi.
Elçinin Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuş «Mənim sevimli dəlim» komediyası da dramaturqun güclü müasirlik duyğusuna, yüksək məfkurəliliyə, humanist keyfiyyətlərə malik olduğunu bir daha sübut etdi. Tənqidçi doğru yazmışdır ki, «Elçinin əsərlərində hər şeydən əvvəl yüksək intellektuallıq, eyni zamanda hadisə və insanlara aydın baxış hiss olunur».
Elçinin əvvəlki iki
əsəri — «Salam, mən
sənin dayınam»,
«Ah, Paris, Paris!..» kimi,
«Mənim sevimli dəlim» əsəri də komediya janrında yazılıb. Kəskin satira, sarkazm, ifşaedicilik bu komediyaların canına hopub. Əlbəttə, məsələ janrda deyil, A.S.Puşkinin
təbirincə desək,
oxucunu darıxdıran
janrdan başqa bütün janrlar yaxşıdır. Bu komediya barədə belə bir fikir
də söylənilir
ki, burada C.Məmmədquluzadənin tənqidi
üslubu, «Molla Nəsrəddin»in hər məqamda, hər anda ayıq və sayıq olan satirik qələmi,
«kökündən baltalayan»
ifşaedici cəhəti
görünür. Elçinin «Mənim
sevimli dəlim» pyesini oxuyarkən, tamaşasına baxarkən
aydın olur ki, yazıçının
ölkəmizdə baş
verən ictimai-siyasi hadisələrə, bu hadisələrin törətdiyi
vəziyyətlərə, həm
də insanların daxilində yaranan dəyişikliklərə münasibəti,
nəyi bəyənib,
nəyi inkar etdiyi tam aydınlığı
ilə görünür.
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, xalq artisti A.Şarovski
müsahibələrinin birində
deyib: «Böyük sənətdə dil məsələsi o qədər
də əhəmiyyətli
deyil. Milli mövzu özü
belə insan hisslərini, duyğularını,
düşüncələrini əks etdirmək üçün bir vasitədir. Dərd, kədər,
sevinc, məhəbbət,
ayrılıq, ölüm
ayrı-ayrı xalqlar
üçün deyil,
bütün insanlar üçün xarakterikdir.
Elçinin pyeslərinə də
bu aspektdən, bu səpgidən yanaşmaq lazımdır.
Belə cəhətlər isə əsərləri ilə dünyanı dolaşan böyük sənətkarlara
xasdır. Bu xüsusiyyətlər Elçin
dramaturgiyası üçün
də xarakterikdir.
Elçin qəhrəmanlarını qeyri-adi şəraitdə
təqdim edir. Ətrafdakılar arasında bu
qəhrəman qeyri-normal
görünür».
Komediyadakı obrazlar sovet dövrünün qırmızı
təbliğatından, quruluşun
yasaqlarından qurtarmış,
«demokratiya», «azadlıq»,
«müstəqillik» sözlərindən
məst olmuş, çaşmış insanlardır.
Bu cəhət də aydın olur ki, cəmiyyətin
həmin dövr mərhələsində ölkəmizdə
ən çox psixoloji sarsıntıya məruz qalan ziyalılar təbəqəsi
olub. Ona görə də
dəlixana Professoru çaşmış sevimli
dəlisini Mədəniyyət
Nazirliyində, Yazıçılar
İttifaqında, Elmlər
Akademiyasında axtarır.
Elə onun özü də, ətrafında toplanan dəli personajlar da ziyalılardır.
Əsərin sonunda bəlli olur ki, sən
demə, Professorun axtardığı ən böyük dəli tamaşa boyu hamıdan ağıllı
görünən və
«dəlilər» içərisində
çaşıb qalan
baş redaktor özü imiş! Əslində burada təəccüblü
bir şey yoxdur. Bir yerdə ki,
«dəlilər» çoxluqdadır,
orada ağıllılar
özü dəli məqamında görünə
bilər. Elə Mirzə
Cəlilin yaratdığı
İsgəndər kimi,
Molla Abbas kimi.
Bu da tamamilə doğru bir fikirdir ki, «Elçin
dramaturgiyasında ilk dəfə
olaraq xaosun, hərc-mərcliyin obrazı
yaranır». «Mənim
sevimli dəlim» komediyası bizi milli dramaturgiyamızın
daimi mövzularından
olan «dəlilər» dünyasına aparır.
Burada dəlilik probleminin müasir dramaturji komik həlli verilib. «Dəliliyin»
psixoloji mahiyyəti açıqlanıb. «Mənim sevimli dəlim» komediyasında da Elçin keçid dövründə
— yəni 1990-cı illərin
əvvəllərində cəmiyyətdə
baş verən ictimai-siyasi, mədəni-iqtisadi
hadisələr içərisində
onların xaosvari cəhətini nəzərə
çatdırıb və
göstərib ki, bütün zamanlar üçün ciddi milli-psixoloji amil kimi cəmiyyətin ictimai və mənəvi səciyyəsini
göstərən ağıllılıq
və dəlilik də problemdir.
Akademik Milli
Dram Teatrının səhnəsində
«Mənim sevimli dəlim» komediyasının
quruluşunu Azər Paşa Nemətov vermişdir. Quruluşçu rejissor əsas
fikri əsərin ideya məzmununu ifadəli şəkildə
çatdırmağa yönəltmişdir.
Bu məqsədlə o, bütün komponentlərdən
yerli-yerində, məqsədyönlü
şəkildə istifadə
etmişdir. Azər Paşa
Nemətov aktyorların
oyun sərbəstliyini
irəli buraxaraq Elçinin dramaturq ideyasının təntənəsi
kimi səslənən
qeyri-adi final qurmuşdur.
Aktyorların fərdi və
«xor» oyunu, Pavarottinin italyan dilində oxuduğu fonoqram mahnı, bütün səhnəyə
enən sellofanın düşməsi və onun üstünə yağan yağışın
texniki həllinin, işıq qurumunun doğurduğu psixoloji ovqat tamaşa müəllifinin qayə-məqsəd
təntənəsi kimi
səslənib görünürdü.
Qeyd etdiyimiz kimi, tamaşanın yaradıcı
heyəti — quruluşçu
rejissor Azər Paşa Nemətov, bədii tərtibatçı
Elçin Məmmədov
və əsas rolların ifaçıları
İlham Hamiq Kamal (Professor), Kubrabəyim
Əliyeva və Şəlalə Şahvələdqızı
(Şəfqət bajısı),
Səyavuş Aslan və Ramiz Novruzov
(baş redaktor), Hacı İsmayılov (məsul katib), Ələsgər Məmmədoğlu
(siyasi icmalçı),
Aqşin Vəlixanov (şöbə müdiri),
Elxan Ağahüseynoğlu
(Ponteleyman Polikarpoviç),
Cəfər Namiq Kamal (ədəbi işçi) və Məsməxanım Aslanqızı
(katibə) tamaşanın
vahid ansambl daxilində mükəmməlliyinə
çalışmışdılar.
Əsərdəki və tamaşadakı hadisələr iki müəssisədə — dəlisini
qaçırmış dəlixanada
və «H» adlı redaksiyada baş verirdi. Dəlixananın Professoru ilə
onun şəfqət bacısı «qaçıb
aradan çıxmış
ən ağıllı
dəlisini» axtarırdı.
Baş redaktor, məsul katib, şöbə müdiri, siyasi ijmalçı, ədəbi işçi və katibənin işlədikləri «H» adlı
redaksiyada isə Professorun ağıllı
dəlisi olan baş redaktor «dəlilikləri» müxtəlif
formalarda, müxtəlif
vasitələrlə üzə
çıxan işçiləri
arasında öz işini görürdü.
Bütün bu mühit,
bir-birinə yaxın və bağlı olan tiplər xaosun, hərc-mərcliyin obrazına çevrilirdilər.
Hacı İsmayılovun doğru-dürüst
ifasında məsul katib riyakarlıq bataqlığında üzürdü. Aktyor astagəl hərəkətləri,
əvvəlcədən ölçülüb-biçilmiş
sözləri, müəmmalı
baxışları ilə
tipin iç üzünü, onun daxili naqisliklərini açıb göstərirdi.
Onun daxilində güclü bir təlatüm hiss olunurdu.
Şöbə müdiri rolunda Aqşin Vəlixanov öz sənətkarlığını yüksək səviyyədə nümayiş etdirirdi. Yalançılıq, hiyləgərlik, saxtakarlıq girdabında boğulan, daim çox ciddi işlərlə məşğul olduğunu, həmişə «lazımi» yerlərlə əlaqə saxladığını söyləyən, özünü ağıllı, bilikli, hörmətli göstərməklə gözə kül üfürən, əslində isə cılız təbiətli, savadsız, boş-boşuna veyillənən, vaxtını itirən şöbə müdirinin saxtakar, tüfeyli təbiəti aktyor Aqşin Vəlixanovun professional ifasında aydın əks olunurdu. Özü dediyi yalana özü inanan kimi, şöbə müdiri də başqa planetlərlə ünsiyyətinə inanırdı. Dediyi sözün, icra etdiyi hərəkətin təbiiliyini qoruyub saxlayırdı…
Oktay Hacımusalı
Xalq Cəbhəsi.- 2012.- 28 noyabr.- S.13.