«Romanıma qarşı tənqiddən daha çox təhqir
elementləri var»
Əhmədli
Əhməd Şahidov: «Məni daha çox müxalifətçi
gənclər təhqir edir, amma fikir vermirəm»
Müsahibimiz «Sevdiyim qadın»
romanı ilə gündəmə gələn gənc yazar Əhməd
Şahidovdur
- Bu
yaxınlarda yeni bir kitabınız çıxıb. Bu kitab
haqqında oxucularımıza məlumat verəydiniz…
- Bu
yaxınlarda iki kitabım çıxıb. Biri romandır,
«Sevdiyim qadın» romanı, digəri isə son dövrlərdə
yazdığım şeirlərdən ibarət kitabdır:
«Gecələr ağlayan qadın»adlanır… Bu kitabların hər
ikisinin adı ilə bağlı müəyyən xatirələrim
var. Həm «Gecələr ağlayan qadın», həm də
«Sevdiyim qadın» adlı şeirlərim var. «Gecələr
ağlayan qadın» şeirini isə Ramiz Rövşənin
«Qara paltarlı qadın» şeirindən ilhamlanaraq
yazmışam. Bilmirəm, nə dərəcədə uyğundur,
nə dərəcədə paralellər aparmaq olar, amma ona bənzətməyə
çalışmışam. Əsas romanım haqqında
danışmaq istəyirəm. Romanda iki sevən gəncin, həyatı
haradasa mənim keçirdiyim hisslərlə üst-üstə
düşən iki insanın münasibətləri, sevgi hissləri,
tanışlıqları, bir-birindən ayrı qalmaları,
maddiyyata görə sevgidən uzaqlaşmalar,
peşmançılıqlar öz əksini tapıb. Burada məhəbbət,
sevgi, nifrət, şəhvət var, eyni zamanda da hiylə var və
ən əsası da rəqabət var. Bir-birini sevən iki gənc,
karyera uğrunda amansız savaş və eyni zamanda saf və
qarşılıqsız hisslər bu romanın əsas
ideyasını təşkil edir. Məhəbbətlə
bağlı olsa da, çox zaman qarışdırırlar.
Burada eyni zamanda Azərbaycan reallıqları, həm daxili, həm
də xarici siyasəti, ölkəmizin inkişafını istəməyən
xarici qüvvələr və bu qüvvələri zərərsizləşdirmək
üçün dövlətin atdığı
addımılar haqqında danışılır.
Bütün bunların da qəhrəmanı bir cavan
oğlandır. Eyvaz gənc bir alimdir, şairdir, Moskvada təhsil
alır, yaraşıqlı bir insandır. Eyni zamanda
uşaqlıq illərindən Azərbaycan dövlətinin
yetişdirdiyi peşəkar kəşfiyyatçı və
killerdir.
- Biz
onu Eyvaz Bond kimi təqdim edə bilərik oxucularımıza?
- Təqdim
edə bilərsiniz (gülür)…
- Necə
oldu ki, haradasa Əhməd Şahidovun həyatından bəhs
edən bir romandan keçid elədin bir killerə?
-
Ümumiyyətlə, şeirlərimdə də,
elmi-publisistik yazılarımda da heç vaxt uydurma, saxta nələrisə
yazmağı xoşlamamışam. İstəmişəm
ki, nə varsa, olduğu kimi olsun. Bu nəsr əsərimi
yazmağa başlayanda çalışdım ki, daha çox
reallıqları yazım. Amma gördüm ki, öz həyatım
oxucular üçün o qədər də maraqlı
olmayacaq. Amma yenə də həqiqətlərlə
manipulyasiya etməyə çalışdım. Yəni,
öz həyatımdakı bəzi həqiqətləri ortaya
qoyub onun üzərinə yazıçı fantaziyamı, təxəyyülümü
əlavə etdim. Yəni, məhəbbətlə həyəcanı
bir-birinə qarışdırdım. Məncə, maraqlı
alınar.
-
Şərq ədəbiyyatının bir hissəsi olan Azərbaycan
ədəbiyyatında bu gün qan vacibdirmi?
- Məncə,
vacibdir. Çünki bu gün təkcə sevgidən, məhəbbətdən
danışmaq çox da real deyil. Çünki Azərbaycanda
saf sevgi, məhəbbət barmaqla sayılacaq qədər
azdır. Maraqlar üzərində formalaşan sevgilər, bu
sevgilərdən yaranan ailələr var. Elə bu romanda da
qadının sevgisi vaxt keçirmək, qadın
ehtiyacını ödəmək üçündür. Azərbaycanda
yaşayan hər bir insan Azərbaycanın dostlarının
kim olduğunu bilməlidir. Azərbaycanda yaşayan hər bir
insan Azərbaycanın düşmənlərini
tanımalıdır. Ancaq sevgidən, məhəbbətdən,
təbiətdən yazmaqla oxucunu haradasa aldatmaq olmaz. Yenə də
deyirəm, mən saxta nəsə yazmağın tərəfdarı
deyiləm. Bugünün oxucusu isə ümumiyyətlə
saxtakarlıqdan uzaqdır. Bugünün oxucusu onu istəmir.
Bir az reallıqları görmək istəyir. Sevgidən
yazırsansa, sevginin ikiüzlüyündən də
yazmalısan. Məhəbbətdən yazırsansa, maddi
maraqlar üzərində qurulan məhəbbətdən də
yazmalısan. Burada Azərbaycanın müharibə şəraitindən
də yazmalısan. Bu baxımdan qan məncə
qaçılmazdır.
-
Yenicə çıxmış bu iki kitaba reaksiyalar necədir?
-
Reaksiyalar birmənalı deyil. Adətən gənc nəsil,
xüsusən də gənc xanımlar bəyənirlər.
Sosial şəbəkələrdən, mənə edilən
telefon zənglərindən hiss edirəm ki, bəyənirlər.
Amma kəskin tənqid eləyənlər də var.
- Yenə
deyirlər ki, niyə Əhməd Şahidov gedib öz işi
ilə məşğul olmur?
- Bəli,
məhz elə o cür də deyirlər. Bunu adətən məni
yaxından tanıyan, az-çox göstərdiyim fəaliyyətə
bələd olan və məni qısqanan insanlar deyir. Əgər
əsəri oxusalar, əsəri bədii baxımdan tənqid
etsələr, qətiyyən incimərəm. Bunu haradasa
radikal müxalifət gəncləri deyir. Mənim bu gün əsərimi
ən çox da onlar tənqid edir. Tənqiddən daha
çox təhqir elementləri var. Əgər tutaq ki, Natiq Ədilov
mənim əsərimi təhqir yox, tənqid etsəydi, mən
ona heç nə deməzdim və bunu normal
qarşılayardım. Mən belə şeylərə fikir
verməməyə çalışıram. Məni daha
çox ədəbiyyatşünasların, tənqidçilərin
fikirləri maraqlandlrır.
- Son
zamanlar «Əhməd Şahidov romanını MKM-ə təqdim
edib» xəbərləri yayıldı mediada. Romanı Milli
Kitab Mükafatına təqdim etmək haradan gəldi
ağlına?
-
Ümumiyyətlə, həmişə sağlam
yarışın, rəqabətin tərəfdarı
olmuşam. Azərbaycan reallığında rəqabətdən
heç vaxt xoşum gəlməyib. Təhqirlər,
insanın şərəf və ləyaqətini alçaldan
müəyyən ifadələrdən, hərəkətlərdən
istifadə olunur. Amma ədəbiyyat elə deyil. Ədəbiyyat
elə bir sahədir ki, orada heç bir köməkçi
qüvvə yoxdur. Burada yalnız önəmli olan
istedaddır, yaza bilmə qabiliyyətidir. Bu müsabiqənin
obyektivliyinə, qərəzsizliyinə inanaraq öz əsərimi
təqdim elədim. İçimdə elə bir inam var ki, ən
istedadlıların əsərləri ilə rəqabət
apara biləcəyəm.
- Bu
mükafata əsər təqdim etməyini birmənalı
qarşılamayanlar oldumu?
-
Oldu. Siz mənim yaralı yerimə toxundunuz. İlk dəfə
ki, bu barədə mətbuatda məlumat getdi, o zaman Kulis.az
internet portalının rəhbəri Qanturalı mənə
yarızarafat, yarıciddi şəkildə elektron poçtuma
məktub da yolladı ki, «mən də öz əsərimi həmin
mükafata təqdim etmişəm, amma bunu heç də
reklam eləməyə ehtiyac duymamışam». Bu söz məndə
bir az təəssüf hissi doğurdu. Əgər mən
öz fəaliyyətim haqqında məlumat verirəmsə,
deməli, bu da fəaliyyətimin bir hissəsidir, burada
heç bir qəbahət yoxdur. Çox da fikir vermədim
Qanturalıya. Yəqin ki, hələ əsas diskussiyalar,
polemikalar qarşıdadır.
-
İndi Əhməd Şahidov yeni nə üzərində
çalışır?
- Bu
yaxınlarda bilirsiniz ki, Həcc ziyarətində oldum. Hələ
orada olarkən qərara aldım ki, Həcc ziyarəti ilə
bağlı bir əsər yazım. İndi həmin əsər
üzərində işləyirəm. İnşaallah, çətin
əsərdir, məsuliyyətli işdir, amma ümid edirəm
ki, öhdəsindən gələcəyəm.
Söhbətləşdi: Oktay
Hacımusalı
Xalq Cəbhəsi.- 2012.- 28 noyabr.- S.14.