Bu qala bizim Qala
Qala
Abşeron yarımadasının şimal-şərqində
yerləşir. Türkan, Şüvəlan və Qala
gölü ilə əhatələnib. Sahil yaşayış
məntəqələrinə nisbətən yayda havası
isti və quru təsir bağışlayır, qəsəbənin
ərazisi gilli-qara-sərt torpaqla örtülüb. Ərazinin
yaşıllığı və bitki örtüyü
çox zəifdir. Bir sıra Abşeron kəndləri kimi
Qala da duz gölü ilə məşhur olub. Qala duzu öz
ağlığına və tamına görə ən keyfiyyətlilərdən
sayılıb. Camaat duzu çuvallara dolduraraq satmaq
üçün Azərbaycanın müxtəlif bölgələrinə
aparıb. Duz ilə əlaqədar camaat arasında belə bir
əfsanə də yayılıb. Guya yerli xan qazanc məqsədilə
şoru icarəyə vermək niyyətinə
düşür. Lakin bu zaman şorun üstünü qan ləkəsi
örtür. Bunu görən xan niyyətindən əl
çəkir. Ona görə də əhali əvvəlki kimi
heç bir ödənc vermədən həmin duzdan istifadə
edir.
Qala
kəndinin adı bilavasitə «qala» ilə əlaqədardır.
Toponimin ilk baxışda belə sadə izahı bir tərəfdən
tarixi-arxeoloji faktlara, digər tərəfdən isə xalq
etimalogiyasına əsaslanır. Yerli yaşlı sakinlərin
bəzisi kəndin adını «mühafizə olunan yer» kimi mənalandırır,
başqa sözlə alınmaz, məğlubedilməz yer, kənd.
Digər qism isə sözün məhz birbaşa mənası
ilə, yəni «qala» ilə əlaqələndirir. Tarixi dəlillər
ikinci gümanı daha çox təsdiqləyir. Belə ki,
burada XIV və XVII əsrin birinci yarısında inşa
olunmuş qala istehkam və müşahidə qalaça
tikililəri həmin ehtimalı həqiqət kimi qəbul etməyə
üstünlük verir. Qeyd edək ki, XIV əsrə məxsus
bu qala kəndin ən hündür yerində qaya üzərində
inşa edilib. Paralel elmi tutuşdurmalar göstərir ki, bu
qala konstruktiv memarlıq, həmçinin inşaat xüsusiyyətlərinə
görə Mərdəkan, Şağan, Ramana və s. kəndlərdəki
dördkünc qalalar tipinə aiddir. Yaşlı sakinlərin
dediyinə görə, qalanın dibində zirzəmiyəoxşar
yer olubmuş; guya burada təhlükə vaxtı 1000-1500
yaxın adam mühafizə oluna bilib. Bu dəqiq olmasa da
Qalanın qalası əzəmətli olub. Sonradan qala
dağıldığı üçün XVII əsrdə
qala daşlarından bürclərdən birinin yerində məscid
tikilib. Həyətində yeraltı yollar, kommunikasiya sistemləri
aşkarlanıb. Kənd əhalisi ətrafdan XIV-XV əsrlərə
məxsus mis pullar tapıb. Nadir şahın ruslarla müharibə
apardığı dövrdə kənddə tikilmiş
müşahidə qalasının yeri indi məlum deyil.
Çox güman ki, o dairəvi formada olub. Yeri gəlmişkən,
XVII əsrin ikinci yarısına kimi mənbələrdə kənd
Nadiri-Qala adlanıb.
Qalada ən qədim yaşayış məskəni
tunc dövrünə aiddir. İlk tapıntılar kəndin cənub
hissəsində əldə edilib. Burada müxtəlif
daş tikili qalıqları, saxsı qırıntıları
və üzərində rəsmlər olan daşlarla zəngin
qədim yaşayış məskəni aşkar edilib.
Ümumiyyətlə Qala kəndində və ona bitişik
olan ərazidə 215 memarlıq və arxeoloji abidə
mövcuddur. Burada e.ə. III minilliyə aid tarixi mühit qorunub
saxlanılır. Qala kəndinin ərazisində e.ə III
minillikdən XX əsrə qədər tarixi əhəmiyyət
daşıyan memarlıq abidələri — 5 məscid, 3 hamam, 4
ovdan, yaşayış evləri, kənd təsərrüfatı
təyinatlı binalar, sərdabələr, məqbərələr,
kurqanlar, qəsrin qalıqları və s. mövcuddur. Beş min illik tarixə malik olan Qala kəndində
bir neçə məhəllə olub. Bunlardan
Tərəkəmə, Balaverdi, Hacı Ramazan, Çəmbərəkənd
bu günədək qalıb.
Bütün ərazisi qoruq olan Qalada 2008-ci ildən
açıq səma altında Qala Arxeoloji Etnoqrafik Muzey
Kompleksi yaradılıb. Kompleksin ərazisində Abşeron
yarımadasında aşkar edilən arxeoloji, memarlıq abidələri
toplanılıb və bərpa olunub. Ərazisi 1,2 hektar olan muzey kompleksində Azərbaycanın
tarixi incilərini seyr etmək və daha yaxşı anlamaq
üçün əlverişli şərait var.
Qədimdə bu kənddə bir sıra sənət sahələri
inkişaf edib.
Onlardan biri dulusçuluq olub. Dulusçuluqla bağlı Qalada arxeoloji
qazıntılar zamanı aşkar edilmiş saxsı məmulatlar
da bədii cəhətdən çox maraqlıdır. Azərbaycanda dulusçuluq ənənələrində
iki növ dulusçu çarxı vardı — əl
çarxı və ayaq çarxı. Dulusçunun
əsas aləti daraq, dulusçu bıçağı, sim,
bel və s. idi. Həmin emalatxananın biri
məhz kompleksdə yaradılıb. Eləcə
də ağacdan asılmış nehrə, nalbəndin «iş
otağı», qədim hanalar, xalça toxunuşu zamanı
istifadə olunan alətlər — həvə, kirgit,
qayçı, qarmaqlı bıçaq diqqət çəkir.
Burada aşkarlanmış qədim evlərin
hamısının yanında at-dəvə bağlamağa
halqalı daş var. Eləcə də Şor gölün ətrafında
tapılmış müxtəlif ölçülü dəyirman
daşları da kompleksin dəyərli
eksponatlarındandır.
Maraq doğuran qədim abidələrdən biri də
qavaldaşdır. Quru yüngül bir daşla qaya üzərinə
toxunan kimi maraqlı səslər, qəribə bir
zümzümə ətrafa yayılır.
Maraqlıdır ki, Qobustan qayalıqlarında eradan əvvəlki
dövrə təsadüf edilən qayaüstü təsvirlər,
yeni daş Tunc dövrünə aid mağaralar Abşeronun
şərqində Qala kəndi yaxınlığında
Ağdaş düzü, Xaşaxuna və Dübəndi ərazisindəki
arxeoloji qazıntılar zamanı da üzə
çıxıb. Ən qədim yaşayış
formalarından biri də «samanlıq»lar
idi. Onlardan 2500-3000 il bundan əvvəl qədim
yaşayış məskəni kimi istifadə edilib. Abşeronda meşə olmadığından bu
cür yaşayış məskənləri əhəng
daşından tikilib. Sonradan cəmiyyət
inkişaf etdikcə samanlıqlardan tövlə, bəzən
də taxıl anbarı kimi istifadə olunmağa
başlayıb. Əslində, bu cür
samanlıqların bir hissəsi yerin altında olmaqla ikihissəli
inşa edilərdi. Aşağı enmək
üçün pilləkənlər qoyulurdu. Dam örtüyü daşların səliqə ilə
yığılmasından ibarət idi. Daşların
arasına isə gil çəkilirdi.
Qala kəndində
üç hamam mövcud olub: «Şor hamamı», «Qum
hamamı» və «Bayraməli hamamı». «Şor
hamamı» kəndin cənub hissəsində, Duz
gölünün yaxınlığında yerləşib.
Göldən ora su da çəkilib. Bu hamamın suyu duzlu olduğundan daha çox
müalicəvi əhəmiyyət daşıyıb. Hamam dağılsa da, özülü bu günədək
qalıb. Digər hamamlardan biri də «Qum
hamamı»dır. Uzun müddət torpaq
altında qalsa da, bərpa edilib. XII-XIV əsrlər
memarlıq quruluşuna malik olan bu hamamda istirahət
otaqları da olub. İstiliyin saxlanması
üçün hamamın yer səthindən iki metr
aşağıda yerləşib. Hamamın
arxasında qazanxanası yerləşir. Divarların
içi və döşəmənin altı ilə saxsı
borular vasitəsilə keçən isti su hamamı
qızdırıb. Səkkiz otaqdan ibarət
olan hamamda xüsusi taxçalar da quraşdırılıb.
Buradan təkcə yuyunmaq üçün yox,
dincəlmək üçün də istifadə edilibmiş.
Hətta müxtəlif görüşlər
keçirilib, ticarət məsələləri
araşdırılıb və s. Otaqların biri isə namaz
qılmaq üçün istifadə edilib. Hətta
deyirlər ki, türk səyyahı Cəlal Əsəd XIX əsrdə
bu barədə belə yazırmış: «Hamamlar müsəlmanlar
üçün məscidlər kimi lazımdır». Qala kəndində olan hamamlardan yalnız biri bu
günədək fəaliyyət göstərir. «Bayraməli hamamı» adlanan bu tarixi abidənin
giriş hissəsindəki epiqrofik yazıda tikilinin 1881-ci ildə
Bayraməli adlı şəxs tərəfindən təmir
edildiyi göstərilir. Kompleksin
darvazalarından tutmuş ən son nöqtəsinə, eləcə
də hasarına qədər hər bir elementdə, eksponatda
diqqətçəkən əşyalarda bir qədimlik əks
olunur. Müxtəlif mis qablar, dəridən
hazırlanmış məişət əşyaları, evlərin
döşənməsi, pilləkənlərin forması,
eyvanlar, faytonlar, küplər, saxsı qablar, keramik əşyalar,
araba, araba təkərləri, su quyuları, bir sözlə,
burada nə varsa, hamısı qədim dünyanın bəxşişləridir.
Muzeyi gəzərkən diqqəti həm də
qayaüstü təsvirlərdə nöqtəli, həndəsi,
xonça görünüşlü nişanlar çəkir.
Bundan əlavə eramızdan əvvəl III
minilliyin II yarısı — II minilliyin I yarısına qədərki
dövrü əhatə edən qədim kurqanlar, qəbir
daşları, yaşayış məskənləri, ibadət
yerləri və bir sıra digər maddi-mədəniyyət
nümunələrini görmək olar.
Abşeron yarımadasında tapılmış, e.ə.
III-II minilliklərdən başlayaraq eramızın orta əsrlərinə
qədərki tarixi əhatə edən qayaüstü rəsmlər
öz mövzu və süjetlərinə görə çox
rəngarəngdir. Burada ov, insanı qurban vermə, müqəddəs nigah
və s. səhnələr təsvir olunmuşdur. Ayrı-ayrı təsvirlərdə əsas yer
qadın ilahəsinə verilib. O daha əhatəli — ayaq
üstə, əlləri göyə qalxmış vəziyyətdə
göstərilib. Yarımadanın şərq
hissəsinə aid olan ibadət mərkəzlərindən
biri olmuş Bəndüstü abidəsində müqəddəs
nigah əfsanəsi, heyvanların qurban verilməsi təsvirləri
vardır. Qayaüstü təsvirlərdə
nöqtəli, həndəsi, xonça
görünüşlü nişanlar mühüm yer tutur.
Abşeron ərazisində e.ə. III-II minilliyə
aid bir sıra kurqanlar vardır. Kompleksin ərazisində
onların bir neçəsı nümayiş edilir. Bu kurqanlardan biri «Dübəndi kurqanı» adlanır.
Həmin kurqanın əsasını kromlex
adlanan halqaşəkilli daş hörgü təşkil edir.
Dəfn kamerası kurqanın mərkəzindədir.
O cənub-qərb-şimal-şərq xətti üzrə
istiqamətlənib, dörd həcmli daş piltədən təşkil
olunub.
Kurqanlardan biri də «Türkan kurqanı»dır. Kurqanın
hündürlüyü 60 sm, diametri 9 metrdir. Təpə qumlu və daşlıdır, əsas
konstruksiya bir cərgədə halqaşəkilli daş
hörmədən ibarətdir. Mərkəzdə
dörd daş piltədən ibarət və tində
quraşdırılmış kamera yerləşir (şaquli).
Antropomorf heykəlin hündürlüyü 240
sm, əsası düzbucaqlıdır, eni 80 sm, üz tərəfi
qərbə istiqamətlənib. Başı,
boynu və sinəsi seçilir. Həmçinin
bel nahiyəsində dördkünc formalı deşik
vardır. Kurqan e.ə. III minilliyə aid
edilir.
Qədim yaşayış məskəni Zirə daş
piltələrdən tikilmiş dairəvi planlı tikilidir. Bu məskənin
sakinləri heyvandarlıq, balıqçılıq və
ovçuluqla məşğul olmuşlar. Ərazinin
divarları güclü şimal küləklərindən
qorunmaq üçün əhali tərəfindən irihəcmli
daş və qayalarla möhkəmləndirilirdi. Bu məskəndə çoxlu sayda saxsı,
sümük və daşdan hazırlanmış alətlər
aşkar olunmuşdur. Bu məskənin
sakinlərinin ideologiyası və dini baxışları
daş tikililərin üzərində çoxlu sayda insan,
heyvan təsvirləri və astral həndəsi işarələrdə
öz əksini tapmışdır. Məskən e.ə.
III minilliyin sonu — II minilliyin əvvəllərinə aid edilir.
Abşeronun ayrı-ayrı qəbiristanlıqlarında
islamaqədərki türk təfəkkürünə xas olan
qoç heykəllərə rast gəlinir. Memorial abidələr üzərində Qurandan surələr,
qafiyəli sətirlər, yaxud mərhum haqqında şeirlər
verilirdi. Abidənin bəzədilməsi
üçün daş üzərində oyma, cızma
üsulu ilə bəzək açılır və ya heyvan
fiquru həkk edilirdi. XIV-XVIII əsrlərə
aid olan məzar daşlarının möhtəşəm
nümunələrinə hazırda Abşeron kənd qəbiristanlıqlarında
rast gəlmək olar.
Qala kəndinin əhalisi üçün ənənəvi
təsərrüfat sahələrindən biri həmişə
heyvandarlıq, xüsusilə də qoyunçuluq olub. Xüsusi bəslənmiş
cins qala qoyunları çox məşhur olub. Əhali at və dəvə saxlayıb. Burada keçirilən at yarışlarına
tamaşa etmək üçün tamaşaçılar uzaq
məsafələr qət edirmiş.
Ülviyyə Tahirqızı
Xalq Cəbhəsi.-
2012.- 29 noyabr.- S.13.