Musiqi dünyamız
Son
onilliklərdə sənət dünyasının sürətli
inkişafı mürəkkəb və ziddiyyətli təzahürlərin
və üslub təmayüllərinin meydana
çıxmasına səbəb olmuşdur. Müasir XXI əsrin
musiqi mədəniyyəti nə vaxtsa avanqard adlanan müxtəlif
bədii cərəyanların təsirindən azad olaraq, bu
gün yeni modellər üzrə öz inkişafını
davam etdirir. Ötən əsrin 70-ci illərində bir zamanlar
avanqardın modernizmə çevrildiyi kimi, neoavanqardın da rəvan
bir şəkildə postmodernizmlə əvəzlənməsi
baş vermişdir. Müasir incəsənətdə nəinki
terminologiya, eyni zamanda semantika və struktur dəyişkənliyi
əsas cəhətlərdən birinə çevrilmişdir.
Bir-birindən tamamilə uzaq olan ən müxtəlif
strukturların birləşməsi yaradıcılıq
azadlığına və yeni axtarışlara gətirib
çıxarmışdır.
XX əsrin əvvəlində musiqidə baş verən prosesləri əsrin sonundakı hadisələrlə müqayisə etdikdə, mənəvi dəyərlər və estetik istiqamətlər arasındakı fərq aydın görünür. XX əsrin yeni musiqisi estetik paradiqmaların yeniləşməsi ilə üzləşmişdir. Musiqi təfəkküründə səslə bağlı meydana çıxan yeni kateqoriyalara (sonorika, elektron musiqi, konkret musiqi və d.) uyğun olaraq, müasir bəstəkar da öz təfəkkürünü daim yeniləşdirir. Musiqidən uzaq olan müxtəlif sahələrin (nisbilik nəzəriyyəsi, kvant nəzəriyyəsi, fraktal həndəsə, Şərqin riyazi və dini-fəlsəfi nəzəriyyələri) struktur əlaqələrinin dərki prosesi bir sıra bəstəkarların yaradıcılığına (K.Ştokhauzen, D.Ligeti, P.Bulez, S.Qubaydulina, E.Denisov, A.Şnitke) öz təsirini göstərmişdir.
Musiqi təfəkküründə baş verən radikal dəyişikliklər zaman duyumu ilə bağlıdır. Musiqidə əvvəllər mövcud olan üfqi (melodik) və şaquli (harmoniya, polifoniya) xəttə indi «müxtəlif parametrli kontrapunkt» (Y.Xolopov) da əlavə olundu. «Mədəniyyətlərin çarpazlaşması» («cross cultures») — bu günkü incəsənətin aparıcı tendensiyalarından biridir. S.Qubaydulinanın təbirincə desək, məhz bu cəhət «sivilizasiyaların polifoniyası»na gətirib çıxarmışdır. Yəni, müasir musiqi bu gün qlobal xarakterə malik yeni mədəni inkişaf mərhələsini yaşayır. Zaman qavrayışı, onun əvvəlki onilliklərlə müqayisədə daha da mütəhərrikliyi musiqi formalarına olan münasibəti dəyişərək, bəstəkar yaradıcılığında daha mobil kompozisiyaların meydana gəlməsinə şərait yaradır.
XX əsrin ümumi kontekstini «ümumplanetar, mürəkkəb intermədəni məkan» (T.Frantova) təşkil etdiyinə görə təbiidir ki, yeni musiqini köhnə janr və formalar əsasında yazmaq artıq qeyri-mümkündür. Yəni, bu gün bəstəkar diqqətindən sonata, simfoniya, opera kimi janrların kənarda qalması tamamilə normaldır, çünki onların artıq ayrı janrlarla əvəzlənməsi dövrü gəlib çatıb. Müasir bəstəkar tərəfindən səs materiyasının, fərdi formanın «icad edilməsi», individual kompozisiya modellərinin, çoxelementli dramaturgiyanın yaradılması yeni bədii-məkan musiqisinə gətirib çıxarıb. Maralıdır ki, artıq bu cür musiqini ənənəvi üsullarla təhlil etmək də qeyri-mümkündür. Buna görə, müasir musiqini təhlil edərkən «intertekstual təhlil» (Y.Kristeva) üsullarına üz tutmaq lazım gəlir.
Bəs dünyada baş verən proseslər Azərbaycanın «yeni musiqi»sinə öz təsirini göstərirmi? Məlum olduğu kimi, Azərbaycan musiqi mədəniyyəti Avropa bəstəkarlıq yaradıcılığının uzunmüddətli təkamülü prosesinə dahi Üzeyir Hacıbəylinin sayəsində, özü də qısa bir zaman ərzində qoşulmuşdur. Ötən əsrin əvvəllərində öz yaradıcılığı ilə Qərb musiqi mədəniyyətinin çoxəsrlik inkişaf yolunu vur-tut bir neçə onillik ərzində keçən dahi klassikimiz Azərbaycan musiqi mədəniyyətinin müqəddəratını sözün həqiqi mənasında həll etmiş, məsləkdaşı — Müslüm Maqomayev, qardaşları və peşə dostları Ceyhun və Zülfüqar Hacıbəyovlar, onlara qoşulan ardıcılları və tələbələri Asəf Zeynallı, Səid Rüstəmov, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Niyazi, Cahangir Cahangirov və digərləri tərəfindən bu magistral yol dəqiq müəyyənləşmişdir.
Məlumdur ki, Üzeyir bəyin vəsiyyətlərindən biri «musiqimiz dünya sənətinin vasitələrini mənimsəməlidir» fikridir. Bu ideya ilk növbədə bəstəkar Qara Qarayev tərəfindən davam və inkişaf etdirilmişdir. O, özünün Üçüncü simfoniyası (1964) və Skripka konserti (1967) ilə milli musiqi mədəniyyətinin inkişaf qanunauyğunluqlarının yeni yollarını təmin edərək, üçüncü simfoniyada — milli elementləri (melodika, ritmika, lad və s.) yeni kompozisiya vasitələri ilə uzlaşdırmış, skripka konsertində isə milli musiqinin ən dərin, alt qatlarındakı əlamətlərlə (meditativlik, improvizəlilik və d.) müasir kompozisiya texnologiyaları və üsulları arasındakı əlaqəni əvvəllər təsadüf edilməyən, tamamilə yeni bir şəkildə ortaya qoymuşdur.
Beləliklə, Q.Qarayevin yüksək sənətkarlıqla yazılmış bu iki əsəri müasir bəstəkarlara hansı səmtə doğru hərəkət etmək üçün konkret oriyentirdir. Qara Qarayevin təcrübəsinə istinad edən və onun yetirmələri olan — Arif Məlikov, Xəyyam Mirzəzadə, Fərəc Qarayev, Firəngiz Əlizadə, Azər Dadaşov, Rəhilə Həsənova, Elnarə Dadaşova, Faiq Nağıyev və digərləri qarşısında dünya kompozisiya vasitələrindən bəhrələnmək, dünya musiqisinə inteqrasiya etmək, yeni texnoloji imkanları mənimsəmək, müasir zamanı və məkanı öz yaradıcılığında konsentrasiya etmək məsələsi durur. Bu missiya hazırda onların yetirmələri — Rauf Əliyev, Sərdar Fərəcov, Məmməd Cəfərov, Arzu Məmmədova, Əli Əlizadə, Elmir Mirzəyev, Vasif və Ceyhun Allahverdiyevlər, Aliyə Məmmədova, Rüfət Xəlilov, Firudin Allahverdiyev və d. tərəfindən davam etdirilir.
Çoxsürətli XX və XXI əsr musiqisinin, onun üslub və təmayüllərinin bolluğunda bu bəstəkarların bir-birindən fərqli yaradıcılıq axtarışlarını daha yaxından nəzərdən keçirək. Müasir Azərbaycan musiqisində yeni təmayüllər bu gün hansılardır? Ötən əsrin 80-ci illərindən etibarən son üç onillik ərzində Azərbaycan musiqisinin mənzərəsi necədir? Son onilliklər hansı janra aid əsərlər meydana çıxmışdır?
Azərbaycanda hər hansı bir kompozisiya öz mahiyyəti etibarilə eyni bir məqsədə xidmət edir ki, bu da müxtəlif üsul və vasitələrlə milli bəstəkar simasını, onun dəst-xəttini və yazı tərzini aydın surətdə göstərməkdən ibarətdir. Hər bir bəstəkar özünün seçdiyi yolla, öz zövqünə uyğun bir şəkildə millilik məsələsini yaradıcılığında həyata keçirir. Buna görə də bəstəkarlarımızın yaradıcılığında milli musiqinin etnoqrafik və folklor ənənələrinə dayaqlanmaq olduqca vacibdir. Meydana çıxan əsərlərin demək olar ki, hər birində üst qatda, yaxud dərin qatlarda milli əlamətlərin mövcudluğu musiqimizin birinci növbədə milliliyini üzə çıxarır. Milliliyin müasir estetik meyarlara müvafiq bir şəkildə ortaya qoyulması tendensiyasını demək olar ki, bütün bəstəkarların yaradıcılığında izləmək mümkündür.
Oktay
Xalq Cəbhəsi.- 2012.- 2 oktyabr.-
S.13.