Dünya miqyaslı Nizami
Gəncəvi
Nizami həyat hikmətlərini
ümumiləşdirərək elə sadə dildə
yazıb ki, onu hamı başa düşmək imkanına
malikdir
Azərbaycan
klassik ədəbiyyatının zirvələrindən biri
olan Nizami Gəncəvinin yaradıcılığı
bütün zamanlarda bəşəri mahiyyət kəsb edib,
ona görə ki, hər şeydən əvvəl o, xəlqidir.
Onun yaradıcılığı zəngin xəlqi təfəkkürün,
insan idrakının hüdudsuzluğunun, tükənməzliyinin
ifadəsi olaraq daim sabahlıdır. Nizami Gəncəvi
haqqında heç zaman keçmiş zamanda danışmaq
olmur. Onu bizdən ayıran illər bu nəhəng bədiyyat
ustasının qədimliyə varmasının, həm də əbədi
sabahda qalmasının sübutu olur. Xəlqi-milli və mənəvi
dəyərlərimizi əsərlərində sevgiylə ifadə
edən Nizami Gəncəvi bu səbəbdən həmişə
yaşarıdır.
Nizami
Gəncəvi 1141-ci ildə Gəncə şəhərində
anadan olub, bütün ömrü boyu orada
yaşayıb-yaradıb. Təhsilini Gəncə mədrəsələrində
alıb, habelə şəxsi mütaliə yolu ilə o
dövrün elmlərini mükəmməl öyrənib,
xüsusən də Yaxın Şərq xalqlarının
şifahi və yazılı ədəbiyyatına yaxından
bələd olub. Türk dilindən başqa ərəb və
fars dillərini mükəmməl bilən şairin yunan dili
ilə də tanış olduğu, qədim yunan tarix və fəlsəfəsini,
astronomiya, tibb və həndəsə elmlərini yaxşı
mənimsədiyi əsərlərindən aydın
görünür. Nizami saray şairi olmaqdan imtina edib. Təqribən
1169/1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin
Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi
qıpçaq qızı Afaq (Appaq) ilə evlənib,
1174-cü ildə oğlu Məhəmməd anadan olub. Nizami Gəncəvinin
məqbərəsində 1947-ci ildə aparılan
qazıntı işləri zamanı onun sinə daşı
tapılıb. Həmin daşda şairin 1209-cu il mart
ayının 12-də öldüyü yazılıb.
Şair
yaradıcılığa lirik şeirlərlə
başlayıb. Əsərlərindən məlum olur ki,
şair böyük divan yaradıb, qəzəl və qəsidələr
müəllifi kimi şöhrətlənib. Ancaq Şərq təzkirəçilərinin
20 min beyt həcmində olduğunu qeyd etdikləri bu
divandakı şeirlərin çox az hissəsi
dövrümüzədək gəlib çatıb. Nizami
dünya ədəbiyyatı tarixinə məsnəvi
formasında yazdığı 5 poemadan ibarət «Xəmsə»
(«Beşlik») müəllifi kimi daxil olub. 1177-ci ildə bitirdiyi
«Məxzənül-əsrar» («Sirlər xəzinəsi»)
adlı ilk poeması şairə böyük şöhrət
qazandırıb. III Toğrulun sifarişi ilə qələmə
aldığı «Xosrov və Şirin» poemasını
1180-cı ildə bitirib və Məhəmməd Cahan Pəhləvana
göndərib. Cahan Pəhləvanın ölümündən
sonra taxta çıxan Qızıl Arslan Gəncənin
yaxınlığında öz çadırında şairlə
görüşüb, onun nəsihətlərini dinləyib,
şairə Həmdünyan adlı bir kənd
bağışlayıb. 1188-ci ildə Şirvan
hökmdarı I Axsitan şairə «Leyli və Məcnun»
mövzusunda bir əsər yazmağı sifariş edib.
Şair az müddətdə «Leyli və Məcnun»
poemasını (Şərqdə ilk dəfə) yaradıb.
1196-cı ildə Əlaəddin Arslanın adına «Yeddi
gözəl» əsərini, nəhayət, ömrünün
sonlarına yaxın ədəbi-estetik, ictimai-fəlsəfi
görüşlərini yekunlaşdırdığı
«İsgəndərnamə» (təqribən 1203-cü il)
poemasını qələmə alıb.
Yaradıcılığı
Qafqaz, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan,
kürd, türkmən, özbək, qazax, qırğız və
s.) ədəbiyyatlarının inkişafına güclü təsir
göstərib, dünya mədəniyyəti xəzinəsinə
daxil olub. Əsərləri dünyanın bir çox
xalqlarının dilinə tərcümə olunub. Əsərlərinin
nadir əlyazma nüsxələri bir çox şəhərlərin
(Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd, Təbriz, Tehran,
Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məşhur
kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli
incilər kimi qorunub saxlanılır.
Gəncədə
dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm
məqbərəsi ucaldılıb.
Nizami
Gəncəvinin fars şovinizmi tərəfindən daim
farslaşdırılması cəhdi həmişə hiddətimizlə
qarşılanmalıdır. Qətiyyən belə məsələlərə
göz yummaq olmaz. Başdan-binadan ruhu türklükdən soraq
verən şairimizin yalnız farsca yazmasını əsas gətirərək
onun milliyyətcə fars olmasını iddia etmək
gülünc bir işdir. Hər halda Nizaminin farsca yazması kədərli,
acı bir reallıqdır. Fars şorvinizminin ardıcıl
olaraq Nizamini özününküləşdirmək cəhdi
bizi daha da ciddi düşünməyə məcbur edir. Əgər
biz bir millət olaraq uca, milli, bənzərsiz dəyərlərimizə
sözün böyük mənasında inadla sahib dura bilməsək,
o zaman türkü sevməyənlər tərəddüdlü
məqamlarımızdan məharətlə istifadə edəcəklər,
necə ki, edirlər.
Nizami
Gəncəvi dünya miqyasında zəngin irsi, elmi tədqiqatlara,
araşdırmalara cəlb edilmiş şairlərimizdəndir.
Şairin zəngin mənəvi dünyası, özünəqədərki
tarixə, insanın halına bələdliyi, daim fəlsəfi
fikirlər söyləməsi araşdırıcıları
heyran edib. Bu, bir daha onu sübut edir ki, Azərbaycanda fəlsəfi
fikir həmişə daha çox şeirlə deyilib. Nizami
haqqında yazılacaq bundan sonrakı tədqiqatlarda onun
türklüyünün möhtəşəm
yaradıcılığına təsiri də xüsusi şəkildə
araşdırılmalıdır. Bu yöndə müəyyən
əsərlər yazılıb, hələ bundan sonra da
yazılacaq.
Araşdırmaçı
Əkrəm Şamxalov bildirir ki, Nizaminin
yaradıcılığı Yaxın və Orta Şərq
xalqlarının müştərək xəzinəsidir:
«Nizami həyatın bütün qanunlarını ümumiləşdirərək
elə sadə dildə yazıb ki, bunu hamı başa düşmək
imkanına malikdir. Yəni bir var ki, mürəkkəbliyi sadələşdirəsən,
bir də var sadəliyi mürəkkəbləşdirəsən.
Mürəkkəblik də qədim və klassik irsə həqiqi
münasibətin olmaması nəticəsində yaranıb.
Nizami sözü birbaşa deyib. Yəni elə deyib ki,
hamı dərk edə bilsin. Ancaq o demək deyil ki, Nizamini həm
də hamı rahatca başa düşə bilər. Bu gün
bütün tədris əksinə yönəlib. Əgər
Nizami özü dediyi kimi tədris olunsaydı, tamam başqa
cür olardı. İstər elm, istər təhsil, istərsə
də din; bunların hamısı əyaniliklə qeyri-əyaniliyin
vəhdətindədir. Biz ruhla istəyimizi gerçəkləşdirə
bilirik. O ruh həm də təbiətdədir. Göz cismdir,
görmə qabiliyətimiz ruhdur. Ayağımız cismdir,
yerimək qabiliyyətimiz isə ruhdur. Biz ruhaniyyat aləminin
içərisində yaşasaq da çox şeydən xəbərsizik.
Biz ruh vasitəsilə istəyimizi gerçəkləşdirə
bilərik. Mən hesab edirəm ki, bütün elmlər
bir-birilə vəhdətdə öyrənilməlidir. Elmləri
biri-birindən ayırmaq fəlakətdir. Ədəbiyyat əbədiyyət
xislətlidir. Humanitar-texniki fənlər yoxdur. Ədəbiyyat
özü də parçalanıb. İndi elə bir vəziyyət
yaranıb ki, dar ixtisaslaşma dəb olub. Bir sahəni bilən
başqa sahəni bilmir. Nizami Gəncəvi elmin, həyatın
bütün sahələrindən xəbərdar idi. Tariximizə,
reallığımıza, bir də Nizamiyə baxaq. Ziyalı
ilə danışırsan, deyir ki, heç nə başa
düşmürəm. Bütün bəşəriyyətin
irsi bizdədir, məsuliyyəti biz daşıyırıq.
İngilis, fransız, alman nə isə bilmirsə, onları
qınamaq olmaz. Nizami hər şeyi yazıb, onları bəşəriyyətə
çatdırmalıyıq».
Uğur
Xalq Cəbhəsi.- 2012.- 3 oktyabr.- S.14.