Sənəti həyatı
sayan insan
Hər
bir sənətkarın ən böyük xoşbəxtliyi nəinki
sağlığında qiymətləndirilməsi,
ölümündən sonra da adının hörmətlə
yad edilməsidir. Azərbaycan mədəniyyəti tarixinə
gülüşlə daxil olan Hacıbaba Bağırov da belə
sənətkarlardan idi. Teatr tariximizdə onun danılması
mümkün olmayan yeri var. Bu yeri o, heç şübhəsiz,
öz sənətkar istedadının qüdrəti ilə fəth
edib. Görkəmli aktyor eyni zamanda, öz adını kino
tariximizdə əbədiləşdirən rolları ilə də
təsdiqləyib.
Oxumaq,
təhsil almaq fikri gənc Hacıbabanı heç zaman rahat
buraxmırdı. Yenidən Bakıya gəlib.
Arzularının can atdığı yox, taleyin
yazdığı, qədərin istiqamətləndirdiyi yolla
Azərbaycan Dəmiryol Məktəbində təhsil alıb.
1953-cü ildə buranı bitirdikdən sonra Biləcəri
deposunda maşinist köməkçisi işləyib. 1959-cu
ilə qədər özü depoda çalışıb, xəyalı
isə teatr səhnələrində cövlan edib. Bir müddət
də Daxili İşlər Nazirliyində klub rəhbəri
kimi çalışıb. Nəhayət, arzularının
çiçək açdığı gün yetişib.
Onu 1960-cı ildə Cəfər Cabbarlı adına Gəncə
Dövlət Dram Teatrının aktyor truppasına qəbul
ediblər.
Maraqlıdır
ki, Hacıbaba Bağırovun ilk rolu dramatik bir obraz olub. Bu, Cəfər
Cabbarlının «Almaz» pyesindəki Fuad surəti idi.
Ümumiyyətlə, o, Gəncə teatrının səhnəsində
müxtəlif səpkili rollar yaradıb. Ondakı aktyorluq məharəti,
yaratdığı rola ciddi münasibəti rejissorların
diqqətini cəlb edib. Onu 1962-ci ildə Musiqili Komediya
Teatrına dəvət ediblər. Burada fəaliyyət
göstərdiyi uzun illər ərzində yaratdığı
obrazlar ona böyük şöhrət gətirdi. Hacıbaba
Bağırov respublikamızın tanınmış
gülüş ustalarından biri idi. Bəxti həm də
onda gətirmişdi ki, o, səhnədə həmin
dövrün korifey sənətkarları ilə
çiyin-çiyinə çalışırdı. Həm
dublyor, həm tərəf-müqabil kimi. Bu cür iş
prosesi isə gənc aktyorun formalaşmasında, püxtələşməsində
böyük əhəmiyyət kəsb edirdi.
Lütfəli
Abdullayev, Bəşir Səfəroğlu, Nəsibə
Zeynalova kimi məşhur sənətkarlarla səhnəni
bölüşdürmək özü bir məktəb idi. Həm
tamaşaçılar, həm də rejissorlar tərəfindən
sevilən, rəğbətlə qarşılanan Hacıbaba
Bağırov bu teatrın səhnəsində Soltan bəy
(«Arşın mal alan»), Məşədi İbad («O olmasın,
bu olsun»), Orduxan («50 yaşında cavan»), Cəbi Cümazadə
(«Həmişəxanım»), Mitoş («Hicran»), Cəsarət
(«Nənəmin şahlıq quşu»), Fərzəli («On min
dollarlıq kef»). Bu yerdə «Hicran» tamaşası haqqında
xüsusi danışmaq istərdik. Çünki bu
tamaşada Azərbaycan teatr mədəniyyətinin çox məşhur
və korifey sənətkarları bir araya gələrək
gözəl nümunə yaradıblar. Xatirələrdən bəlli
olur ki, Emin Sabitoğlunun bu əsəri teatrda səhnələşdirildikdən
sonra bütün tamaşalar anşlaqla keçib. Əsərin
rejissoru Şərif Qurbanəliyev olub. O, bir rejissor məharəti
ilə gülüş ustalarını bir səhnəyə
yığaraq «Hicran»a əsl tamaşaçı məhəbbəti
qazandırdı. Elə bunun nəticəsidir ki, sonralar Ələkbər
Kazımovski onun kino variantını da işləyib
hazırladı. Bu gün həmin lent yazılarına baxanda
Hacıbaba Bağırovun Mitoşbalası, Səyavuş
Aslanın Dadaşbalası, Nəsibə Zeynalovanın
Qızbacısı, Ofelya Aslanın Çarlistonu, Şəfiqə
xanımın Fatısı təzə və maraqlı
görünür. Dəfələrlə göstərilməyinə
baxmayaraq, «Hicran» həmişə maraqla izlənilir. Əsas səbəb
isə böyük aktyorların bir yerdə tamaşaya
bağışladıqları əbədi uğurdur.
Unudulmaz
aktyorun kino sənətinin də inkişafında özünəməxsus
xidməti olub. İlk çəkildiyi film «Ulduz» (1964-cü
il) olub. O bu ekran əsərində Möhsün
obrazını yaradıb. «Ulduz» Azərbaycan filmlərinin,
doğrudan da, ulduzudur. Onun çəkilişindən az qala
yarım əsrə yaxın vaxt keçməsinə
baxmayaraq, həmişə maraqla izlənilir. Bu doyumsuzluğu
ona bağışlayan yenə də aktyor seçiminin
düzgün aparılmasıdır. Bəşir Səfəroğlu,
Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Nəcibə
Behbudova kimi gülüş ustaları ilə bir filmdə
çəkilmək böyük səadət idi. İkinci
filmi isə «Qanun naminə»də Arif obrazı olub. Burada
yaratdığı obraz ciddidir. Adil İsgəndərov, Rza Təhmasib
kimi sənətkarlarla eyni filmə çəkilmək gənc
aktyorun həyatında dərin iz buraxdı.
Sonralar çəkildiyi filmlərin sayı çoxaldıqca obrazlar qalereyasının zənginliyi də artırdı. «Alma almaya bənzər», «İstintaq davam edir», «Şirbalanın məhəbbəti», «General», «Gülüş sanatoriyası» və s. filmlərdə yaratdığı obrazlar bu gün də aktual və maraqlı görünür. Onun təqdim etdiyi surətlərin dili ilə işlətdiyi elə sözlər olub ki, indi el arasında aforizmə çevrilib. Məsələn, «istəyirsən, texnikuma girim sənin üçün», «istəyirsən, bazarı bağlatdırım», «pul cırım sənin üçün», «mıx Məmməd kimi nə bitmisən gözümün önündə» və s.
Hələ sovet dövründə onun əməyi yüksək qiymətləndirilmişdi. 1974-cü ildə əməkdar, 1982-ci ildə xalq artisti fəxri adlarına layiq görülmüşdü. Ötən əsrin sonlarında ölkədə yaranan hərc-mərclik bu aktyorun da taleyində iz buraxdı. Canı və varlığı qədər sevdiyi teatrı tərk edən Hacıbaba Bağırov «Tənqid-təbliğ» teatrını yaratdı. Onun həm bədii rəhbəri, həm də direktoru vəzifəsində çalışan aktyor ətrafına cavan həmkarlarını toplayaraq gülüşlə bir sıra qüsur və nöqsanları islah etməyə çalışdı. 1996-cı ildə isə Hacıbaba Bağırov yenidən doğma kollektivinə qayıtdı. Ömrünün sonuna kimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olan bu gülüş ustası 2001-ci ildə Tamara Vəliyeva və Emin Sabitoğlunun «Bankir adaxlı» tamaşasına görə «Qızıl Dərviş» mükafatına layiq görüldü.
Hacıbaba Bağırov çoxcəhətli aktyor idi. Gözəl səsi və rəqs etmək qabiliyyəti var idi. İstər tamaşalarda, filmlərdə, istərsə də ayrıca konsertlərdə özünəməxsus şövqlə mahnılar ifa edərdi. Xüsusilə də məzəli və lirik nəğmələr onun ifasında mükəmməl alınırdı. Rəqs kompozisiyaları da maraqlı olurdu. Hacıbaba Bağırov tamaşaçını yormayan aktyor idi. Bunun da əsas səbəbi onun təbiətən ciddi, sənətə də bu yöndən yanaşmaq qabiliyyəti idi. Bütünlüklə səhnə aşiqi idi Hacıbaba Bağırov. Rejissor Muxtar Dadaşov vaxtilə onun haqqında yazıb: «O, böyük sənətkardı. Hacıbaba çox istedadlı, zəhmətsevər və işgüzardır. Onun üçün ayrıca ssenarilər yazılmalıdır. Həmişə onun oxumalarına, rəqslərinə baxanda fikirləşirəm ki, o, səhnə üçün doğulub…» Bu fikirdə böyük həqiqət var. Onun çəkildiyi kinolara diqqət yetirsək görərik ki, bu ekran əsərlərinin hamısı sevilən, maraqla izlənən, dəfələrlə baxılan və Azərbaycan mədəniyyətinin Qızıl Fonduna daxil olan filmlərdir. Muxtar Dadaşov haqlı idi. Belə bir potensiala malik olan aktyor daha çox filmlərə çəkilməli idi. Teatr sənətinin bir qəribəliyi də var ki, tamaşa nə qədər qeyri-adi, uğurlu alınsa da, əgər lentə köçürülməyibsə, bir müddət yaddaşda qalsa da, sonralar unudulur. Əsər o zaman yaşayır ki, onun görüntüsü var. Hacıbaba Bağırovun iştirak etdiyi tamaşaların hamısı lentə alınmayıb ki?! Amma çəkildiyi filmlər yaşamaqdadır. Nə isə… Bu da teatr aktyorlarının taleyidir.
…O özü böyük ustadlardan öyrənmişdi. Onların yolunu da ləyaqətlə davam etdirdi. Bizə təbəssüm bağışlayan, gülə-gülə düşündürən obrazları yenə də ekran vasitəsilə qonağımız olur. Hər dəfə Musiqili Komediya Teatrına yolumuz düşəndə xatırladığımız korifey sənətkarların sırasında xalq artisti, unudulmaz gülüş ustası Hacıbaba Bağırovun da öz yeri var…
Oktay
Xalq Cəbhəsi.- 2012.- 9 oktyabr.-
S.13.