«İndiki zamanda hər şeyi maddiyyat həll edir»

 

 Səbuhi Hamletoğlu: «Saz milli dəyərdirsə, onu bayrağımız kimi qorumalıyıq»

 

Müsahibimiz gənc aşıq Aşıq Səbuhi Hamletoğludur

 

- Son illər aşıq sənətinin UNESCO-nun «Qeyri-Maddi İrs» siyahısına salınması bu sahədə bir canlanma əmələ gətirsə də, irəliləyiş yavaş gedir. Aşıqların konsertləri az-az olur, telekanallarda aşıq musiqisinə az yer verilir. Bunun səbəbləri nədir?

- Aşıq Sənəti milli dəyərlər kimi siyahıda yer aldı, amma hazırda maddi durum və gənclərin istəyi daha qabarıqdır. Buna görə də aşıqlar az konsert verir və yenilikləri azdır. İndi müasir zamandır və zamanla ayaqlaşmaq lazımdır. Amma bizdə müasirliyi qəbahət bilirlər aşıqlarımız. Bu səbəbdən də mən bu prinsiplərə qarşı çıxıram və öz yaradıcılığımla sübut edirəm. Musiqilərim bunun bariz nümunəsidir.

- Bu gün Azərbaycanda aşıq sənəti bölgələr üzrə ayrılır: Qazax-Borçalı, Şirvan, Cənubi Azərbaycan və Göyçə aşıq məktəbi… Siz özünüzü hansı bölgənin aşıq sənətinə aid edirsiniz?

- Mən özüm Qərb aşıq məktəbi, yəni Qazax-Borçalı kimi qeyd etdiyiniz məktəbin şagirdiyəm. Ustadım Gədəbəy aşıq məktəbinin ustadlarından biri olan Aşıq Zirəddin Hüseynov olub. Qeyd edim ki, aşıq Zirəddin instrumental solo saz ifaçılığında öz damğasını vurmuş ustadlardandır, fəxr edirəm ki, onun şagirdiyəm.

- Aşıq Zülfiyyə müsahibəsində ağır ittiham irəli sürüb: «Rayonlardan gələn aşıqlar harada gecələyir, nə yeyir, nə içir, hansı puldan geri dönür, bunlardan Aşıqlar Birliyinin xəbəri yoxdur»… Yəni, Aşıqlar Birliyində də digər yaradıcı qurumlarda olduğu kimi ciddi problemlər var?

- Zülfiyyə xanımın dedikləri ilə razıyam. Həqiqəti vurğulayıb. Bizim elə gənc ifaçılarımız var ki, hazırda efirdə olan bəzi «aşıqlarımızdan» qat-qat güclü və professionaldırlar. Amma onların şəhərə gəlişi və onlara qarşı olan qayğısızlıq bu cür sənətkarları sənətdən küsdürür. Qeyd etdiyiniz qurumda heç mənim özüm də qeydiyyatda deyiləm. Bilirsiniz, indiki zamanda hər şeyi maddiyyat daha çox həll edir. Sənət onlar üçün ikinci dərəcədədir.

- Bir müddət əvvəl «Az yekə qızsan» adlı bir layihəniz çıxdı ortaya. Meyxana ilə sazı sintez eləyəndə qarşınıza məqsəd nəyi qoymuşdunuz? Ümumiyyətlə saz hara, meyxana hara?…

- Çox mükəmməl sualdır. Qeyd edim ki, bizim sazın imkanları çox genişdir. Sizi inandırıram ki, milli sazımızda dinlədiyiniz müxtəlif janrlı musiqiləri ifa etmək mümkündür. Sadəcə əziyyət çəkib bu işi püxtələşdirmək lazımdır. Buna görə də aşıqlarımız həmişə geridədirlər. Onlar yalnız maddi gəlir və həftədə neçə toy idarə etməyi düşünürlər. Sənəti düşünən yoxdur. Bəli, mən bu yeniliyi etdim. Qeyd edim ki, bu cür sintez Namiq Qaraçuxurlu tərəfindən ilk dəfə reallaşdı. Növbəti addımı isə mən tanınmış gənc meyxanaçı Orxan Dənizlə birlikdə atdım. Layihəmiz çox böyük səs-küyə səbəb oldu. Bizim bir sıra «aşıqlarımız»ın qınağına səbəb olduq. Amma nəticə nə oldu? Bizim layihənin səsi uzaq Rusiyadan, Avstriyadan, Türkiyədən və digər ölkələrdən gəldi. Buna yalnız sevinmək lazımdır. Bizim millətin bir zəif xüsusiyyəti var. İrəli gedənin ayağından dartırlar geriyə. Amma buna rəğmən öz layihələrimlə Türkiyə şou-biznesində və həmçinin müasir musiqi aləmində öz sözümü deyirəm. Buna son ifa etdiyim FANTAZİYA instrumental parçam əyani misaldır. Hazırda Türkiyənin 4 ən tanınmış radiolarında musiqim səslənir, hit-paradlarda layiqli yerini tutur. Dünya musiqiçilərinin reytinq kataloqunda mən düz 2 həftə TOP 40-lıqda birinci yeri tutdum. Bu nədir bəs? Bu Azərbaycan sazının uğuru deyilmi? Mənim bir idealogiyam var: Bütün Avropa Azərbaycan saz musiqisini dinləyəcək və bu sənətim qarşısında baş əyəcək.

- Bəzi «aşıqlar»ın kafelərdə saz kimi milli dəyərimizi içki məzəsi eləyirlər. Bunu necə dəyərləndirmək olar: sizcə, dəyərlərin aşınması, yoxsa?!….

- Tamamilə düzgün buyurdunuz. Bu çox pis haldır. Bunu nəinki saza, birmənalı şəkildə sənətə təhqir kimi qəbul edirəm. Əgər saz Azərbaycanın milli dəyəridirsə, onu bayrağımız kimi qorumalıyıq. Çünki Azərbaycanın milli dəyərinə hörmətsizlik edən kəs, elə dövlətə hörmətsizlik etmiş olur. Təəssüflər olsun ki, hazırda sənətdə elə üzdəniraq özünü aşıq adlandıran insanlar var. Dəhşətlisi odur ki, bizim teleməkanlar onların reklamına böyük şərait yaradır. Burdan belə çıxır ki, bizim xalqa sənətkar yox, sazda klonluq edənlər lazımdır. Çox təəssüflər olsun.

- Bəs, siz özünüz el şənliklərinə gedəndə hansı kriteriyalara fikir verirsiniz?

- Düzünü desəm, el şənliklərinə getməyə bir o qədər vaxtım olmur. Sənətlə əlaqəli işlər çox olduğu üçünböyük layihələrə hazırlaşdığımdan bir o qədər vaxt tapa bilmirəm. Çünki studiya işlərim çox ağırdır. Amma məclislərə dəvət alıram. Bu məclislər elit məclislər də olur, sadə vətəndaşların da məclisi olur. Amma mən həmişə məclisdə saza hörmətlə yanaşmağı çox önəmsəmişəm. İndiki zamanda aşıq özünü tam göstərə bilmir. Amma çalışırıq restaranın şərtlərini də nəzərə alaq. Məni dəvət edənlər sənətimi sevənlərdir və mənim ifamda eşitdikləri musiqiləri canlı olaraq eşitmək istəyirlər və mən də sevə-sevə dəvət aldığım məclisdə onlar üçün ifa edirəm.

- Yeni hansı layihə üzərində işləyirsiniz?

- Hazırda çox böyük layihə üzərində çalışıram. Qeyd edim ki, bu gördüyüm Azərbaycanda analoqu olmayan bir olacaq. Öncədən demək istəmirəm. İnşallah, sizin özünüz buna şahidlik edəcəksiniz.

 

 

Söhbətləşdi: Oktay Hacımusalı

 

Xalq Cəbhəsi.- 2012.- 13 oktyabr.- S.13.