Sənətkar şəxsiyyəti
Hüseyn Cavid:
«Həqiqət istərəm, yalnız həqiqət!»
Hüseyn Cavidin bir sənətkar və
insan kimi həyat, habelə zəngin yaradıcılıq yolu
olduqca mürəkkəb, ziddiyyətli dövrə təsadüf
edib. İlk növbədə iki
yerə parçalanmış Azərbaycanın taleyinə «Vətən,
Vətən deyərək hər diyarə səs salaram» qeyrəti ilə yaşayan
şair yazmışdı:
Dərd aldı
sağımı, ölüm solumu
Namərd Araz kəsdi mənim yolumu.
Qədim Odlar Yurdunun «istibdad zülməti» və onun
insanlarının hüquqlarının bərbad hala salındığını, ölkənin
qəflət adlı «qanlı kəfən libasına büründüyünü» kədərlə
qeyd edən Hüseyn Cavid qəlbən inanmışdı ki, Vahid Azərbaycan
timsalında «nazənin Vətən» hökmən «şəbi
— hicran bəlalarını» aradan qaldıracaq, işıqlı «sübhi — iqbal» ümidlərinə
qovuşacaq. Bu ülvi məqsədə çatmaq
üçün isə:
İmdi qeyrət edərsə millətimiz,
Yenə övdət
edər səadətimiz.
Şair ömrü boyu hansısa bir qrupa, yaxud firqəyə mənsub
olmaq, rəhbərləri və liderləri
vəsf etmək yolundan uzaq
duraraq ümumbəşəri hisslərlə
yaşayıb, bu istiqamətli dəyərləri
qiymətləndirib. Belə bir fakt təsadüfi sayıla bilməz ki, vaxtilə o, Müsavat hökumətinin dövlət himnini yazmaq təklifinə:
«Mən sifarişlə şeir
yazmıram!» cavabını vermişdi. Sovet-bolşevik rejimi şəraitində
də əqidəsinə sadiq qalan şair, əsl sənətin
müəyyən maraqlar səviyyəsindən
çox yüksəkliklərdə durduğuna əmin olmuş,
tarixin ibrət dərslərinin tənqidi
təhlili və düşünülmüş
dərki istiqamətində bəşəri ideallara
xidmət etmək nümunəsi göstərmişdi.
Çarizmin müstəmləkə və totalitar bolşevik rejiminin törətdiyi haqsızlıqlara
qarşı öz etirazını:
Gərçi tənqid
edənəm çox, lap
çox,
Məni haqq ilə duyan yox, heç yox -
düşüncəsi
ilə bildirən şair:
Biz saraylara deyil, hər birimiz
Xalqa xidmət diləriz — kimi müqəddəs arzusunu
həyata keçirmək üçün
— Qorxu yox, izlədiyim
haqq yoludur — olduğundan, hadisələrin zaman
və məkanını dəyişərək, mübariz müəllif mövqeyini
belə bir çağırışda
ifadə etmişdi:
Zülmə qarşı dikbaş və
məğrur olun,
Hürriyyət uğrunda çox cəsur
olun!
Doğrudur, o lirik ruhlu şeirlərində,
romantik səhnə əsərlərində
yaşadığı saxta ideyalar və yalançı vədlər
üzərində qurulmuş cəmiyyətin
mahiyyətini birbaşa açmaq,
törətdiyi cinayətləri təhlil etmək, dövlətçilik
adına atılan xəcalətli addımları göstərməyi
öz qarşısına məqsəd
qoymamışdı; həm də təbiidir ki,
real diktatura şəraitində
bunu etmək mümkün
deyildi. Ancaq hadisələrin
cərəyan etdiyi zaman
— məkanı dəyişən müəllif
yaşadığı cəmiyyətin üzləşdiyi ictimai-iqtisadi problemlərin həll
olunmasında məsuliyyət daşıyan dairələri,
hökuməti ustalıqla damğalayırdı.
Cavid Əfəndi ustad
bir sənətkar kimi
əsərlərində təsvir olunan
hadisələrin zaman-məkan dəyişikliyi, yaxın-uzaq keçmişin konkret
hadisələri, müxtəlif ölkələrin tarixi şəxsiyyətləri, əfsanəvi
qəhrəmanları timsalında, dünənki proseslərdən
bu gün ibrət dərsləri
almağa çağırmışdı.
Ötən əsrin
30-cu illərində, Sovet
imperiyasının dünyaya ağalıq
etmək iddiaları ilə yaşayıb öz
hegemonluq siyasətini
formalaşdırdığı bir
dövrdə yazılmış «Səyavuş» faciəsində,
üsyankar Altayın şah
hakimiyyətinə qarşı çıxışı, «sənayeləşdirmə
— kollektivləşdirmə — mədəni inqilabla»
öyünən bolşevik rejiminə, onun əsl mahiyyətinə ittiham
kimi səslənir:
Ölkə viran
oldu, çıraqlar söndü,
Evlər məzara
döndü.
«Vergi» deyə
hər gün bizi soydunuz,
Yaman günə
qoydunuz.
İnsanların var-yoxdan, mülkiyyətdən
məhrum olunduğu, onların əqidə-inamlarına
görə təqib edildikləri, sürgünlərə
göndərildikləri, məhkəməsiz
güllələndikləri bir cəmiyyətin «idrakı sönük başçılarının» uğursuz «xalqı oyuncaq sayan» ədalətsiz siyasəti
əsərdə cəsarətlə
ifşa olunmuşdu. Şairin misralarındakı
etiraz və qəzəb hissi, təkcə keçmiş
hakimiyyətlərin kobud
mənəmlik iddialarına
qarşı deyil, ümumiyyətlə, insanı
əsarətdə saxlayan
bütün quruluşlara,
o cümlədən də
totalitar diktatura rejimi kimi səciyyələnən
sovet gerçəkliyinə
qarşı çevrilmişdi.
Ölkədə yaranmış
belə fəlakətli
vəziyyətin siyasi-ictimai
və sosial-iqtisadi səbəblərini araşdırmağa
çalışan müəllif,
bütövlükdə cəmiyyətin
ümumbəşəri dəyərlərdən
uzaqlaşaraq, labüd
faciələrə doğru
getdiyini bildirmişdi.
Ədəbiyyatşünas R.Hüseynov «Vaxtdan uca» kitabında haqlı olaraq yazır: «Cavidin özü məgər Stalinin varlığını
görmürdümü?» Görürdü,
ancaq ona bir misra da
həsr etmədi. Çünki Cavidə görə şerin vəzifəsi tamam başqa idi».
Ümumbəşəri ideya və arzuların
tərənnümçüsü olan şair, yaşatdığı dövrün
siyasi-ictimai təzadlarını,
sosial-iqtisad vəziyyətini,
mənəvi-əxlaqi dəyərlərini
öz fəlsəfi dünyagörüşü meyarları
ilə təhlil, habelə təsvir edərək, zəmanəsinin
bir sıra aktual problemlərinə toxunmuşdu. Bu problemlərin
sırasında cəmiyyət
həyatının maddi
və mənəvi cəhətləri, xeyirlə
şərin əbədi
mübarizəsi, məhəbbət
və nifrət, sevgi və dini
sədlər, milli adət-ənənələr və
müasirlik, azadlıq
və əsarət, Şərq — Qərb münasibətləri, qadın
azadlığı və
xurafat, hakimiyyət və şəxsiyyət,
sülh və müharibə, təhsil və elm, ana dili və dövlətçilik
maraqları mühüm
yer tutur.
Vətənpərvər şairin vaxtilə xəbərdarlıq etdiyi
Şərqin əxlaq-davranış
qaydalarına zidd meyllərin türk dünyasında düşünülməmiş
təqlidçiliklə yayılıb
«məmləkəti zəhərləməsi»nin
təhlükəli nəticələrinə
dair narahatlıq hissləri, bizim günlərimiz üçün
də aktual səslənir.
İnsan həyatının
maddi və mənəvi cəhətlərinin
vəhdətində mənəvi-əxlaqi
dəyərlərin daha
üstün bir məna kəsb etdiyini vurğulayan müəllif, «Qız məktəbində» şeirində
Gülbaharın dili ilə əsl ləyaqətin «inci və altun bilərziklərlə»
deyil, «biliklə, təmiz adla zinyətləndiyini» söyləyir.
Humanist bir sənətkar
kimi o, müharibə və xalqlar arasında «ədavət uçurumu» yaradan qanlı münaqişələrin
bəşəriyyətə necə faciələr gətirdiyini özünün
«Hərb Allahı» şeirində, habelə bir sıra səhnə
əsərlərində qələmə
almışdı. Müharibələrin
siyasi-iqtisadi səbəblərini
araşdırmağa çalışan
müəllif bunun əslində xalqların arzusu ilə deyil, bir qrup
siyasətçilərin, «tülkü
diplomatların», hakimiyyət
hərislərinin, habelə
onların xidmət etdikləri müəyyən
dairələrin maraqlarına
uyğun xarici siyasət xətlərinin
ifadəsi olduğunu göstərmişdi.
Lakin şair
hər cür müharibələrin deyil,
ədalətsiz, işğalçı
müharibələrin əleyhinə
çıxaraq, insanlara
xatırlatmışdı:
Yeri gəldikcə
sülh üçün
çapala,
Öylə yer
var ki, hərbi
alqışla
Quzu gördünsə
sev, kin bilməz,
Canavar qarşı
gəlsə parçala,
əz!
Olduqca aktual
səslənən bu fikir, çörək tapdalayan erməni separatçılarına, beynəlxalq
hüquq normaları ilə hesablaşmaq istəməyən qondarma
qurumlara, «yersiz gəldi, yerli qaç» siyasəti yeridən Ermənistana, onun arxasında dayanan «şər qüvvələrə» müdrik
bir xatırlatma, həm də qeyrət çağırışı
kimi dəyərləndirilməlidir.
Ziyalı şəxsiyyət
və təcrübəli
bir müəllim kimi Cavid Əfəndinin
dinə münasibəti
xürafatı, fanatikliyi
təbliğ edən
din xadimlərinin mövqeyindən,
qadın azadlığı
məsələsində Şərqin
özünəməxsus xüsusiyyətlərini
nəzərə almayan
«çadırlara, çarşaflara
üsyan» bağıran,
vulqar-radikal çağırışlardan
çox fərqli olmuşdu. Onun fikrincə, yeni şəraitdə heç
bir «şaşqınlığa»
yol vermədən, bu «fəzilətli imkanlardan» maariflənmək,
elmə-mədəniyyətə yiyələnmək istiqamətində
faydalanmaq zəruridir.
Milli istiqlal və hərtərəfli
yüksəliş yolunun
məktəblə, təhsil-tərbiyənin
səviyyəsi ilə,
elmin, mədəniyyətin
müxtəlif sahələrinin
inkişafı ilə
bağlı olduğunu
göstərən şair,
elmi «sirli bir kainat» adlandıraraq
yazmışdı:
Kainat — elm, o bir dilbər həyat,
Ən müqəddəs
bildiyim bir kainat.
Fəzli ürfan
əhlinə heyran idim,
Elm üçün başdan keçən idim.
Vaxtilə «İrşad»
qəzetində dərc
olunmuş bir şeirində «hər millət öz tərəqqisinə hürriyyət
axtarır» və «kəsb etdiyi maarifə bir qiymət axtarır» mövqeyindən çıxış
edərək, «Vətən
çocuqları» üçün
məktəblər açmaq,
eyni zamanda orada ilk növbədə ana dilinin öyrənilməsinin,
bu işə can yandıran müəllimlərin
olmasını vacib sayaraq yazmışdı:
Keçdi cəhalət
aləmi, qeyrət zamanıdır,
İndi maarif
əsri, səadət
zamanıdır.
Geniş əraziyə
və zəngin yeraltı — yerüstü sərvətlərə malik
olan türkdilli xalqların gələcək
birgə əməkdaşlığı
timsalında formalaşacaq
birliyini arzulayan Cavid Əfəndi, «Topal Teymur» dramında
qəhrəmanının dili
ilə öz uzaqgörən fikirlərini
belə ifadə etmişdi: «Hər halda məmləkətimiz
aslanlar yurdu, qartallar yuvası olaraq qalmamalı. Bəlkə dünyada ən parlaq maarif və mədəniyyət ocağı,
ən zəngin sənaye və ticarət mərkəzi olmalıdır… Qoy düşmənlərimiz görsünlər
ki, türk övladı basıb-kəsməkdən
deyil, yaşamaq və yaşatmaqdan da zövq alır.
Yalnız yaxıb-yıxmaq
deyil, yapmaq və yaratmaq da bilir. Bununla
bərabər yapdıqlarımız
heç bir şey deyil. Bu, yalnız mədəniyyətə
doğru bir addım, gələcək
üçün bir başlanğıcdır. Bizim
başladıqlarımızı gələcək nəsil
ikmal (davam) etməli, təkmilləşdirməlidir.
Yalnız beş-on şəhər deyil, bütün məmləkət
tərəqqi və gözəlliklər üçün
bir nümunə olmalı. Əvət, biz təməl daşı atırız. İştə
bu təməl üzərində möhtəşəm
binalar qurmaq və bu şüarı
çiçəkləndirmək ancaq yeni nəslə,
ancaq sarsılmaz gəncliyə aiddir».
Müstəqil dövlətçilik yolu
ilə irəlilədiyimiz
müasir inteqrasiya, qloballaşma və vahid dünya təsərrüfat sisteminin
formalaşdığı bir
dövrdə, bütün
türk dövlətlərinin,
o cümlədən də
Azərbaycan Respublikasının
iqtisadi-sosial inkişaf,
habelə qarşılıqlı
əməkdaşlıq əlaqələrinin
intensiv surətdə genişlənməsi prosesi
davam etməkdədir.
Bu yolda qazanılmış
uğurlarla yanaşı,
ölkəmizin ərazi
bütövlüyünün bərpası, yoxsulluq, işsizlik, inflyasiya, birtərəfli inkişaf
meylləri, korrupsiya, inhisarçılıq, rüşvətxorluq,
sosial ədalət və insan hüquqlarının
pozulması hallarının
qətiyyətlə aradan
qaldırılması, strateji
məqsəd kimi irəli sürülmüş
«neft kapitalını insan kapitalına çevirməklə», əhalinin
maddi-mədəni həyat
səviyyəsini durmadan
yaxşılaşdırmaq xətti, Cavid arzuları və qayğıları ilə
həmahəng səsləşir.
Yaşadığımız mürəkkəb və ziddiyyətli keçid dövrü milli mənafe, dövlətçilik,
sivil dünya dəyərlərinə qoşulmaq
istiqamətində Vətənimizin
gələcəyi naminə
hamımızı birliyə,
qarşıda duran problemlərin həllinə
daha səmərəli
yollar tapmağa mübariz ruhla qoşularaq, Hüseyn Cavid ümidlərini, inamını doğrultmağa
çağırır:
Əvət, ancaq
mübarizə mənlik
verir hər millətə,
Nəşə səpən yalnız odur hər şəxsə,
hər cəmiyyətə.
Qüdrət Əbdülsəlimzadə,
professor
Xalq Cəbhəsi.-
2012.- 16 oktyabr.- S.14.