1937-ci il repressiyasından 75 il ötür

 

Yazıçılar İttifaqının 60-a yaxın üzvünün 27 nəfəri represiyaya məruz qaldı

 

Bu ay 1937-ci ilin qanlı repressiyasından 75 il ötür.

Tarixi gerçəklikdir ki, Azərbaycanda sovet hakimiyyəti qələbə çaldıqdan sonra yazıçıları kütləvi şəkildə sovet ideologiyası mövzusunda yazmağa məcbur etdilər. 1937-ci il yaradıcı adamların ürəyində və ağlında elə dəhşətli xof yaratdı ki, bu gün də həmin xof ürəklərdən çıxmayıb. 37-ci il repressiyaları zamanı biri-birlərini satanlar, xəyanətlər selində insanların halsızlığı, imperiyanın mütləq hakimliyi bütün aydınlığı ilə göründü, bilindi. Mikayıl Müşviqlərin Məmməd Rahimlər tərəfindən basqılara məruz qalması, müxtəlif adlarla çağırılması, bunun ictimaiyyətə hay-küylə təqdim edilməsi onların həbsi üçün imkan yaratmış oldu.

Ədəbiyyat adamlarının 1937-c ilin oktyabrında başlanan kütləvi həbsləri dəhşətli xofun yeni, daha qanlı mərhələsi oldu. 1937-ci il oktyabrın 12-dən 13-nə keçən gecə Azərbaycanın tanınmış yaradıcı adamları Əhməd Cavad, Bəkir Çobanzadə, Böyükağa Talıblı, Vəli Xuluflu, Məmmədkazım Ələkbərli, Hənəfi Zeynallı, Xalid Səid Xocayev qətlə yetirildi.

1920-ci il 28 aprel işğalından sonra Rusiya Azərbaycanda illərlə kütləvi həbslər apardı, dəhşətli qətllər, qarətlər törətdi. Azərbaycanın işğalından sonra müxtəlif ölkələrdə ağır mühacirət həyatı yaşamağa məcbur olan Məhəmməd Əmin Rəsulzadə yazırdı: «Bolşeviklərin qarşılaşdığı ən böyük çətinlik ədəbiyyat sahəsində idi. Onlar Azərbaycanda «proletar mədəniyyəti»ni bərqərar etmək istəyirdilər. Qısaca «proletkul» adlandırılan bu formulun mənası «formaca milli, məzmunca kommunist» olan bir ədəbiyyatdır. Lakin bolşeviklər bu arzularına heç cür çata bilmirdilər. Çünki bu iş üçün hazırlanmış kadrlar yox idi. Məktəb kimi ədəbiyyat da uzun müddət kommunizmə yabançı olan ideoloqların təsiri altında qaldı. 1937-ci ilə qədər bu sahədəki əsl hakimiyyət «inqilabdan» əvvəlki qələm sahiblərinin əlində idi. 1929-cu ilin 5 oktyabr tarixli Bakıda çıxan «Kommunist» qəzetində o zamankı maarif nazirinin yazıçıların qurultayındakı çıxışında belə məqama rast gəlinir: «Azərbaycan işçiləri arasından çıxan şair və yazıçıların sayı gündən-günə artmaqdadır. Yazıçıların bu nəslinin «Müsavat» dövründə xəbəri yoxsa da, yenə Cavadın (milli şair Əhməd Cavad nəzərdə tutulur — M.Ə.Rəsulzadə) milli məktəbi təsirinə düşür və milli Azərbaycan ruhunda ədəbiyyat yaradırlar. Nəticədə Azərbaycanın gənc yazıçıları uydurulmuş rus təhlükəsinə qarşı çıxır və «Bağımsız Azərbaycan» şüarını idealizə etməyə başlayırlar. Almas (Almas İldırım — M.Ə.Rəsulzadə), Əbdül, Müşviq (Mikayıl Müşviq), Hüseynzadə. Bunlar bir-bir millətçi olaraq proletar Yazıçılar İttifaqından və Kommunist Partiyasından çıxırlar. İndi isə Cavadla birlikdə üçrəngli Azərbaycan bayrağını tərənnüm edirlər».

O illərdə Yazıçılar İttifaqının 60-a yaxın üzvünün 27 nəfəri represiyaya məruz qaldı. Sovet dövründə, xüsusən də 30-cu illər repressiyası zamanı yazıçıların müstəqilliyinə hər mənada qadağalar qoyulması onların yaradıcılıqlarına, hər şeydən əvvəl isə psixikalarına olduqca mənfi təsir edib. Sovet dövründə yazıçının nəzarət altında saxlanması şübhəsiz, onun idraki-bədii keyfiyyətlərini istədiyi kimi, azad şəkildə ifadə etməsinə ciddi əngəl törədirdi.

Hüseyn Cavid zamanın tələbinə boyun əymədi, axıradək dəyişməz qaldı. Repressiya dövründə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli simaları məhv edildi. İmperiya yaradıcı insanları sıradan çıxarırdı, ancaq Üzeyir Hacıbəylini, Səməd Vurğunu saxlayırdı. Həmin fərdlərin yaradıcılığının imperiya yönündə köklənməsi üçün onların qarşısında amansız şərtlər qoyulurdu. Bu tipli yüksək bədii-yaradıcı keyfiyyətləri özündə daşıyan insanların müəyyən dövrdən sonra stress, psixoloji gərginliklər ucbatından rastlaşdıqları xəstəliklər ictimaiyyətə məlumdur. Mikayıl Müşviq 37-ci ildə qurban getməklə bəlkə də Süleyman Rüstəmlikdən qurtuldu.

Hər halda dəhşətli 37-ci il hadisələri zamanı soydaşlarımızı qətl edənlərin, ittiham edərək sürgünə göndərənlərin içərisində «sapı özümüzdən olan baltalar» az olmayıb. Faciəvi gedişatın məntiqi bunu deyir: tarixin əksər dönəmlərində olduğu kimi indi də türk türkü qırırdı. Türkə qənim kəsilən öz qatil soydaşlarımız özgələri özlərinə məmnuniyyətlə havadar, qəyyum kimi qəbul edir, onların göstərişlərini can-başla yerinə yetirirdilər. İmperiyanın vəhşi taktikasının mənası bu idi: daha çox xalqın ziyalıları, düşünənləri məhv edilirdi ki, bir daha bu xalq özünə gəlməsin. Bu fəlakətli tarix bizə dərs olmalıdır. Yəni Azərbaycan ziyalısı bütün məqamlarda özü olaraq qalmalı, sifətini itirməməlidir.

Böyükağa Talıblı 1920-ci ilin oktyabrında Azərbaycan Kommunist Bolşeviklər Partiyasının II qurultayında deyir:» Əgər Qırmızı Ordu Azərbaycanda sovet hakimiyyəti qurmaq istəyirdisə, buna nail olub. Bəs onda niyə çıxıb getmir? Ordu getməlidir, əvəzinə Azərbaycanı öz ordusu, dövləti qorumalıdır. Əgər Mirzəyanlar və başqaları sanırlar ki, Azərbaycana rəhbərlik etmək üçün Bakının Xəzər sahilində yerləşdiyini bilmək kifayətdir; səhv edirlər. Azərbaycana Azərbaycan mədəniyyətini, tarixini, mədəniyyətini bilən insanlar rəhbərlik etməlidir.»

Yazıçı, repressiya qurbanı Ruhulla Axundov 1936-cı il dekabrın 17-də həbs olunub. Mircəfər Bağırov məşhur nitqində deyirdi: «Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdilər: hazırda ifşa edilmiş Cavid, Cavad, Müşviq, Böyükağa Talıblı, Əli Hazim və başqa əclaflar. Ruhulla Axundov öz nüfuzundan istifadə edərək Yazıçılar İttifaqını bərbad vəziyyətə salmışdı.»

Bu yerdə hələ 20-ci ilərdə məhv edilən Nəriman Nərimanovun faciəsi tarixi hadisələrdən dərs almaq üçün bizə kifayət qədər fakt verir. Araşdırmaçı Adgözəl Məmmədov onun halını belə ifadə edir: «O, milli dövlətçiliyi Rusiyanın içərisində mövcudluqda görürdü». Təsadüfi deyil ki, bu gün də Nəriman Nərimanova təzadlı münasibət qalmaqdadır. Tez-tez Nərimanovun millətçiliyindən də danışırlar. Ancaq kommunistin sözün əsl mənasında millətçi olması mümkün deyildi. Təbiidir ki, yazıçılıq, həkimlik və siyasətçilik kimi bir neçə gərgin peşənin daşıyıcısı olan Nərimanovun o dövrdə baş verən hadisələrdən qalibiyyətlə çıxa bilməməsini, əksinə, onun gerçək faciəli durumunu şərtləndirən amillər var idi. Hər şeydən əvvəl onun faciəviliyini sosializm ideyalarına fanatcasına bağlılığında, sonra isə yarı tərəddüd, yarı inam səviyyəsində, vəziyyətində qalmasında axtarmaq lazımdır. Digər tərəfdən də Nərimanovun nə qədər acı səslənsə də, fitri siyasətçi ola bilməməsi faciəvi aqibətinin sonluğunu hazırladı. A.Məmmədov deyir: «1920-ci ilin aprelində XI Qızıl Ordunun başında türk övladı Nəriman Nərimanov Bakıya gəlir, Azərbaycan Demokratik Cümhuriyyətinin süqutunda və hakimiyyətin bolşeviklərə, Moskvaya təslim edilməsində iştirak edir. Burada Nərimanovun rolundan daha çox o dövrün tarixi şəraiti, faktorlar nəzərə alınmalıdır. Nərimanov bəlkə də taktiki cəhətdən düz fikirləşirdi, lakin strateji səhvi məhz onda idi ki, milli dövlətçiliyimizi Rusiyanın içərisində mövcudluqda görürdü. Hər halda buna tərəddüd etmədən Nərimanovun faciəsi demək olar. Ancaq Nərimanov millətimizin düşməni olmayıb, o, bu faciəvi səhvini artıq İnqilabi Şuranın sədri olduqdan sonra rastlaşdığı təklənmə məqamında dərk etdi. Ayıldı ki, artıq ətrafında onu anlayacaq bir kəs belə yoxdur. Faciəvi gedişat Əliheydər Qarayevlə Nəriman Nərimanovun münasibətlərinin gərginləşməsi fonunda daha da ziddiyyətli xarakter aldı. Hər iki türk kökənli şəxsin münasibətlərini ətrafdakılar mümkün qədər daha da pozmağa çalışırdılar».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 17 oktyabr.- S.14.