Yaradıcı musiqişünas
Xeyirxahlıq,
yüksək mədəniyyət və şəxsiyyətə
hörmət, həmkarları və tələbələri
ilə zəruri ünsiyyətə nail olmaq xüsusi pedaqoji
istedada malik musiqi ifaçısı — Azərbaycanın əməkdar
incəsənət xadimi, professor Oqtay Abbasquliyevin çoxcəhətli
yaradıcı simasının əsas xüsusiyyətləridir.
O.H.Abbasquliyev qeyri-adi dərəcədə incə bir musiqiçidir. O, yaradıcılıq prosesi ilə təkcə öz tələbələrini deyil, həmçinin dinləyiciləri də maraqlandıraraq, ani olaraq, öz şövqü və entuziazmı ilə məftun etməyi bacarır. Onun təvazökar şəxsiyyətinin cazibə qüvvəsi, məlahəti, artistlik temperamentinin gücü, parlaq istedadının coşğunluğu, ehtiraslı təbiəti və onun tələbələrinin ifa etdiyi əsərlər fəlsəfi mənalandırmasına görə heç kəsi laqeyd buraxmır.
Məsələn, beynəlxalq müsabiqələr laureatı Fidan Ağayevanın Q.Qarayevin 24 prelüdünün olduqca incə və qüsursuz ifasını, Azərbaycanda ilk dəfə keçirilən Qəbələ şəhərində pianoçuların beynəlxalq müsabiqəsinin diplomantı Toğrul Hüseynov tərəfindən Baxın əsərlərinin orijinal təfsirini qeyd edə bilərik. Eyni zamanda, dinləyicilərin xüsusi rəğbətini qazanmış beynəlxalq müsabiqələr laureatı, parlaq istedada malik pianoçular Gülnara Səfərova və Samir Mirzəyevin, beynəlxalq müsabiqə laureatları, romantik bəstəkarların əsərlərinin unudulmayan təsirli ifası ilə qəlblərə sirayət edən Ayan Salahovanın, N.Əliverdibəyov adına müsabiqənin laureatı, dinləyicilərə Azərbaycan bəstəkarlarının balet musiqisinin fortepiano üçün işləmələrindən ibarət orijinal konsert proqramı təqdim etmiş Zemfira Bağırovanın da adını xüsusi olaraq çəkə bilərik.
Onu da demək lazımdır ki, Oqtay müəllim həmişə öz tələbələri üçün olduqca tutumlu, məzmunlu, o cümlədən maraqlı və qeyri-adi proqram seçir. Yeri gəlmişkən, deməliyik ki, elə tələbələri də bunun öhdəsindən bacarıqla gəlirlər. Bu da Abbasquliyevin təfsirinin inandırıcılığının, onun ifaçılıq prinsiplərinin həyatiliyinin və aktuallığının bariz sübutudur və bütün bunları o, öz tələbələrinə əsil ustad kimi aşılamağı bacarır.
Bakı Musiqi Akademiyasında 47 il (1963-cü ildən) boyu çalışan O.Abbasquliyev bütöv bir pianoçular nəsli yetişdirmişdir ki, onlar da sonradan Azərbaycanda bir sıra tanınmış kollektivlərlə əməkdaşlıq etməyə başlamışlar. Bundan əlavə, o, milli fortepiano ifaçılığı məktəbinin inkişafında və xarici ölkələrdə tanıdılmasında yaxından iştirak edir. Onun bir çox yetirmələri hazırda bir sıra xarici ölkələrdəki aparıcı musiqi kollektivlərində və yaradıcı ali məktəblərdə, bilavasitə Türkiyədə, Rusiyada, Yaponiyada və digər yerlərdə ifaçılıq və pedaqoji fəaliyyətlə məşğul olurlar. Təsadüfi deyil ki, 2008-ci ildə o, Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. Professor Oqtay Abbasquliyev bizim respublikamızın ən nüfuzlu və hörmətli pedaqoqlarından biridir.
O.Abbasquliyev öz qeyri-adi pedaqoji bacarığı sayəsində tez-tez pianoçuların beynəlxalq və respublika əhəmiyyətli nüfuzlu müsabiqələrinin münsiflər heyətinə dəvətlər alır. Demək lazımdır ki, bu cür sadə olmayan məsələnin öhdəsindən o, böyük bacarıqla gəlir. Belə ki, O.Abbasquliyev təkcə öz sənətinə bağlılığı və bədii zövqü ilə deyil, həmçinin ədalət hissi ilə diqqəti cəlb edir. Məhz burada onun bir ictimai xadim kimi qeyri-adi bacarığı öz təzahürünü tapır ki, bu da təsadüfi deyil, yəni onun Bakı Musiqi Akademiyasında yüksək inzibati vəzifələrdə çalışaraq qazandığı çoxillik təcrübə onun özünəməxsus şəxsiyyətini olduqca zənginləşdirmişdir.
Hamımızın hörmət etdiyimiz Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru Oqtay Abbasquliyev heç zaman vaxtını boş keçirmir, həmişə nə isə mühüm, təcili və ciddi bir işlə məşğuldur. Bu da O.Abbasquliyevin şəxsiyyətinin təzahürüdür ki, o, işə qeyri-ciddi münasibət bəsləyə bilmir, yalnız faydalı işlə məşğul olur və gördüyü işə çox diqqətlə yanaşır. Əslində ali məktəb mühitində başqa cür işləmək də mümkün deyil.
Lakin yenə də, Oqtay Abbasquliyevin şəxsiyyətini xarakterizə edən əsas cizgilər hansılardır? Son dərəcə, ilhamlı, ehtiraslı musiqiçi ruhu və ya istedadlı pianoçu-pedaqoqun yaradıcı təbiəti, emosional coşğunluğu, insanlarla ünsiyyət qurmaq bacarığı, illərlə daha çox dərk etmək istəyi, gündəlik işini mühafizəkarcasına daha yaxşı görmək bacarığı? Mənə elə gəlir ki, Oqtay Abbasquliyev üçün bütün bu məfhumlar bir-birindən ayrılmazdır. Bundan əlavə, bütün bu deyilənlər Oqtay müəllimin yaradıcı fəaliyyəti üçün bir stimuldur. Məhz buna görə onun şəxsiyyəti və fəaliyyəti əsil məktəbdir, istər həmkarları üçün, istərsə də Bakı Musiqi Akademiyasının müəllim və tələbələri üçün, çünki onun simasında dəyərli, maarifçilik, bədii əhəmiyyəti və həyat təcrübəsi baxımından əvəzsiz cəhətlər öz əksini tapmışdır.
Məlumdur ki, dinləyici kütləsini yalnız insani keyfiyyətlər, sadəlik, səmimiyyət və yetkin sənətkarlıq sayəsində ram etmək olar. Öz həmkarlarının — professional musiqiçilərin hörmətini, etibarını qazanmaq üçün isə bütün bu sadalanan cəhətlər kifayət etmir. Nə isə xüsusi cəhətlərin olması da zəruridir: ilham, zərif ruh, şövq və s. hər işdə özünü göstərir, həm yaradıcılıqda, həm pedaqoji fəaliyyətdə, həm də az əhəmiyyətli olmayan gündəlik davranışda, çünki əsil musiqiçi odur ki, intəhasız dərəcədə incəsənətə sadiq olub, hansısa bir sezilməyən bacarığa, qabiliyyətə, zəkaya, istedada sahibdir. Bununla yanaşı, o, həmişə diqqətcil və həssas, qayğıkeş və xeyirxahdır. Oqtay Abbasquliyev, sözün əsil mənasında, bütün bu keyfiyyətlərə malikdir. Başlıcası da odur ki, o, heç vaxt yaradıcılıq ehtirasını itirmir. Fikrimcə, onun uğurlarının sirri də bundadır: o, əldə etdiyi nailiyyətlərindən güclüdür, o, yorğunluqdan güclüdür. O, həmişə yüksək amal uğrunda mübarizə aparır.
Oktay
Xalq Cəbhəsi.- 2012.- 17 oktyabr.-
S.13.