Bütöv Azərbaycan ədəbiyyatı…

 

«Güney Azərbaycanda ədəbiyyatımız milli-mənəvi dəyərlərimizə söykənərək böyük bir milli dalğa yaradır»

 

Ötən saylarımızdan birində Güney Azərbaycanda nəsr mövzusunda söhbət açmışdıq. AYB-nin Güney Azərbaycan bölümünün rəhbəri Sayman Aruzla Güneydə ədəbi tənqid mövzusunda söhbətimizi davam etdiririk: «Bir sıra məlum səbəblər üzündən təkcə Güneydə deyil, ümumiran miqyasında türkdilli ədəbi tənqidin bəlkə də yox dərəcəsində olması tarixi həqiqətdir. Başqa janrlara nisbətən tənqidin öz simasını bilməsi müşkül məsələdir. Təbii ki, bu, xüsusi araşdırma tələb edir. Çağdaş tənqidçilərimizdən Eyvaz Taha, Cəfər Bozorgəmin, Hümmət Şəhbazın, Nadir Əzhərinin adlarını çəkə bilərik. Əziz Möhsünün «Ədəbi tənqid və tənqidçi haqqında» məqaləsi dövrün ədəbi hərəkatı üçün əhəmiyyətli bir hadisə idi. Onun tənqidçi karyerasını Aristotel, Xətib Təbrizi və Mirzə Fətəli Axundov irsi üzərində formalaşdırması təbii ki, xüsusi maraq doğururdu. «İnqilab yolunda» jurnalının açdığı «Müasir şairlərlə tanış olaq» rubrikası elmi-əməli əhəmiyyətə malik idi. Tənqid və ədəbiyyatşünaslıqla əlaqədar bir məsələni də xatırlatmaq istəyirəm. Bu da tənqidin müasir tələblərə nə səviyyədə cavab verməsi ilə tanış olmaq üçün nəşr edilən kitablara yazılan müqəddimələrdir.

Ədəbiyyatşünas Ələkbər Turabinin tədqiqatçı Alavın «Ədəbi-tənqidi araşdırmalar» adlı kitabına yazdığı müqəddimədə oxuyururq: «Əgər Nəimilər, Nəsimilər, Füzulilər, Sabirlər, Möcüzlər, Şəhriyarlar yaratdıqları əbədi ömürlü əsərləri ilə ədəbiyyatın mənəvi və mədəni atası olduqlarını göstərdilərsə, son iyirmi ildə yaranan əsərlərin müəllifləri sələflərinin ləyaqətli övladları olduqlarını sübut etdilər». Alavın özü isə yeni yaranan ədəbi məhsullara tənqidin münasibətindən bəhs edərkən yazır: «Daha şairin «morği-dili» «zülfü-pərişanda» aşiyan deyil. Bəlkə şairin ürək quşu Vətən bağında gül-çiçəkli, meyvəli-barlı ağacların budaqlarında yuva qurur. Şair daha «Cahi-zənəxdan» dustağı yox, el qayğısının əsiri olur. Xəyali dilbərin xumar gözləri, nazlı baxışları şairin canını almır və şair əlçatmaz röyalara, xülyalara dalmır». Müəllifin kitabına daxil olan yazılarında — Barış, Eldar Muğanlı, Süleyman Salis, Nigar Xiyavi, Muradəli Qaflantı, Əlirza Miyanalı və başqalarının yaradıcılıqlarına həsr etdiyi məqalələrində tənqidin ədəbi yaradıcılığa yeni münasibətinin nəfəsi aydın duyulmaqdadır. Bu janrın çətin və əzablı yollarında Əziz Möhsüni, Aslan, Ağçaylı, Bəhram, Elçin, Həsən Mirzai, Həmid Telimxanlı, Babək kimi qələm sahiblərinin inamlı addımlarını qeyd etmək olar».

Araşdırmaçının fikrincə, ədəbi-tənqidi yazılarda ara-sıra səhnə əsərlərinə, ümumiyyətlə, teatrla bağlı problemlərə də toxunulur: «Bu baxımdan məsələn, artistrejissor Həsən Mirazi haqlı olaraq səhnə əsərlərinin olmamasından, artist və rejissorların qıtlığından, texniki personajların çatışmazlığından narahatlığını bildirir, Azərbaycan Milli hökuməti dövründə teatr sahəsində qazanılan tarixi nailiyyətlərin şah mütləqiyyəti tərəfindən məhv edilməsindən, artistlərin pərakəndə salınmalarından ürək ağrısı ilə söz açır».

İranda son inqilabdan sonra ədəbi yaradıcılıq aləminə bir sıra qadın yazarın gəlməsinə toxunan araşdırmaçı bildirir ki, mərhum Rza Qəffarinin toplayıb nəşr etdirdiyi «Azərbaycanın xanım şairləri» adlı kitabında güneyli-quzeyli Azərbaycanın qadın yazarları əhatə edilib. Hər şeydən əvvəl tərtibçinin yazdığı müqəddimə özünün mənalı mülahizələri, müəllifin mövzu ilə dərindən tanış olması diqqəti cəlb edir. O, yazır: «Bu kitab qadın şairlərimizdən örnək kimi göstərilən və onların əlimizə çatana qədər bir hissəsini tanıtdırmağa çalışmaq üçün kiçik bir addım sayıla bilər… Təəssüf ki, keçmişdə dil və ədəbiyyatımızın kinli düşmənlərinin təhlükəli faciələr və ağır sıxıntılar yaşaması sonucunda təzkirə yazanlar, ümumiyyətlə, türkcə yazan şairlərin bir çoxu unudulmuşdu. Adları çəkilənlərin də həyat və yaradıcılıqlarına etinasızlıq olub. Buna görə də Azərbaycanın xanım şairlərinin həyat və yaradıcılıqları haqqında gərəkli bilgi ilə onları tanıtdıra bilən kamil bir təzkirənin yeri hələ də boş qalmaqdadır». Tərtibatçı və müqəddimənin müəllifi haqlı olaraq heç bir ayrıseçkilik və məhdudiyyət qoymadan topladığı şeirlərin müəlliflərinin Güneyə ya Quzeyə mənsub olmalarını nəzərə almadan məqsəduyğun hesab etdiyi əsərlərə və müəlliflərə yer vermək yolunu seçib. Bir səmanın havasını udan, bir Vətənin çörəyini yeyən övladlar arasında ayrıseçkilik sərhəddi yaratmaq artıq tarixin oxuyub rədd etdiyi səhifələrə çevrilib».

S.Aruz bu qənaətdədir ki, son illərin çağdaş ədəbiyyatı, etirazüsyan ruhuna söykənərək çox ciddi, maraqlı şairyazarlar ortaya çıxartdı: «Güneydə gedən milli hərəkat onların yazılarında tam hiss olunur. Eyni zamanda milli hərəkatla birgə ədəbiyyatımız da günü-gündən irəliləyir və milli-mənəvi dəyərlərimizə söykənərək, böyük bir milli dalğa yaradır. Bu dalğanın nəticəsi də Bütöv Azərbaycan ədəbiyyatının yaranması və sonda Bütöv Azərbaycanın yaranmasına səbəb olacaq. Son 10 ildən çox müddətdə milli kimliyə, tarixə, ədəbiyyata qayıdış hərəkatının güclənməsi ilə yanaşı, oyanan gənc şair və yazarlarımız onillər ərzində görülməyən, cəmiyyətin sükut dövrünü demək olar, aradan qaldırdılar. Güney Azərbaycan ədəbiyyatı, şeir, nəsr, tənqid və tədqiq sahəsində böyük nailiyyətlər əldə etdiedir. İsmayıl Ülkər deyir:

 

Toprağıma göz dikənlərə

Üstündə də olmasa

Altında yer verərik

Biz Türkük axı, Biz qonaq sevərik!

 

Bu milli ruhu daşıyan sözlər, qədim bir kök və mədəniyyəti daşıyan millətin nümayəndəsinə məxsusdur. Məhəmməd Nəvindən (Barazdan):

 

Qabar-qabar ayağımda gülüm, tikan dadı var,

Və başmağım dolusu, laxta-laxta qan dadı var.

Məgər alaxlamamışdıq bu hərzə otları biz,

oldu tarlamızın buğdasında xan dadı var?

 

Göründüyü kimi, «xalq inqilabı» deyilən İran inqilabı, millətin həqiqi və milli tələbatını gerçəkləşdirə bilməmişdi». S.Aruz Güney Azərbaycanda çağdaş qadın şeirinin öndə gedən imzalarından biri Nigar Xiyavinin yaradıcılığına diqqəti çəkir: «Nigarin şeirlərinin ən müsbət cəhəti onun şablonadi həyata, siyasi sıxıntılara, vətənə və vətənsizliyə olan etiraz dolu mövqeyidir. Güney Azərbaycanın müasir qadın şeirinə baxdıqda, onların orada gedən milli azadlıq hərəkatına verdiyi fikir dəstəyi aydın görünür. Ancaq bu dəstək yalnız Vətəni tərifləmək və onun başına dolanmaq deyil, bəlkə tənqid və təhlil baxımından inkişaf etməkdədir. Bu etiraz ev mühitində olan ailə sıxıntılarından başlayır, faciəyə etirazla da davam edir. Rəsul Yunan deyir:

 

Fransa gözəlləri

İngilis gözəlləri

Hamısı bir yana

Sən bir yana

Onlar məni yalnız şeirə yetirirlər,

Yalnız musiqiyə.

Ancaq sən məni evimə qaytarırsan!

Səni düşünəndə

Yağış Türk dilində yağır!

 

Mövlana demişkən, hər şey öz kökünə qayıdır. Sevindirici haldır ki, Güney Azərbaycanda hətta sevgi də, insanı öz kökünə qaytarmaq üçün bir bəhanəyə çevrilir. Şairi evinə, yəni öz milli kimlik, və milli dəyərlərinə tərəf yönəldir. Şair yalnız şeirmusiqini düşünmür, bəlkə onları özünü tanımaq və milli oyanış hərəkatının yolunda bir bəhanə bilir. Başqa sözlə desək, hər şey yarı yox, Vətəni xatırladır. Şair Sönməz yazır:

 

Bir göyərçin kimi dənsizləmişəm.

Bülbüləm,

Bağda çəmənsizləmişəm.

Öz diyarımda vətənsizləmişəm.

 

Vətənin varlığı yalnız daşdatorpaqda deyil, bir millətin özünü tanımasında təsdiq olunur. Ancaq hazırda Güney Azərbaycanımızda, fars şovinizminin siyasəti nəticəsində, soydaşlarımızın öz dilində yazıb-oxumasına və öz milli kimliklərinin tanınmasında qadağa qoyulub. Belə olan halda təbiidir ki, həmin millət öz diyarında vətənsizləşir və hər şeydə Vətən sorağını axtarır. Bu səbəbdən də bir çox fars dilində yazan soydaşlarımız öz kökünə qayıdıb Türkün şirin və fəlsəfi dilində yazmağa başlayıblar, dəyərli əsərlər ortaya qoyublar. Onlardan Rəsul Yunanı, Ziba Kərbası, Rza Bərahəni, Saleh Səccadi və başqa yazarları misal göstərmək olar. Onu da qeyd edim ki, mühacirət və sürgündə yaşayan Güneyli yazarlarımız da Güney ədəbiyyatının inkişafında önəmli rol oynayıblar. Mühacirətin yaratdığı özünəməxsus duyğular, özünəməxsus da şair və yazarların meydana çıxmasına səbəb oldu».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 18 oktyabr.- S.14.