Çoban bulağından başlayan yol

 

Seyfəddin Mənsimoğlu: «…Axtardığımı tapmışam»

 

İnsanın xatirə yazması gözəldir. Çünki ölüm xatirəni öldürə bilmir. Azərbaycan ictimai mühitində ağac üzərində xəttoyma ustası kimi tanınan Seyfəddin Mənsimoğlunun xatirələri dövrünə-yurd sevgisinə, yaradıcılıq imkanlarının necə aşkarlanmasına işıq tutur: «Qızmar yay günlərindən biri idi. Özgə vaxt «atlını atdan salan» xəzridən əsər-əlamət yox idi. Xəzərin sinəsində göyərçin qanadlarına bənzəyən ləpələr heysiz-heysiz çırpınsa da, sahilə yaxınlaşa bilmirdi. Avqust ayının istisindən təngnəfəs olan Bakı özünü mavi sulara atıb yanğısını söndürmək istəyirdiRəssamlıq məktəbindəki imtahan otağının qarşısına toplaşanlar elə həyəcanlı idilər ki, az qala bayırdakı yandırıcı günəş şüalarını belə büsbütün unutmuşdular. İmtahan otağının qapısı növbəti dəfə açıldı enlikürək bir kişi başını çölə uzadıb dilləndi: «Məmmədvəliyev Seyfəddin gəlsin…»

Arıq, ucaboylu bir kənd uşağı abituriyentlərin arasından çıxıb, sıxıla-sıxıla içəri keçdi. İmtahan stolunun arxasında əyləşən üç nəfərdən biriuzun, saçları çiyinlərinə toxunan kişi o vaxtkı kəndli balalarına məxsus utancaqlıqla qarşısında dayanan oğlana ani bir nəzər yetirib dedi:

- Oğlum, bizim məktəbə gəlməkdə məqsədin nədir? Otaqdakıların zəhmindən hələ yaxa qurtara bilməyən oğlan titrək səslə sualı cavablandırdı:

- Rəsm müəllimi olmaq istəyirəm

- Yox, oğlum, nahaq belə düşünürsən. Bu qabiliyyət adicə bir rəsm müəlliminin arzusuna sığışan deyil. Əlimizdə olan rəsmlərin sübut edir ki, sən zəhmətə qatlaşa bilsən, — mən əminəm ki, sən bunu bacaracaqsangələcəkdə yaxşı bir sənətkar ola biləcəksən.

Sonra o, imtahan komissiyası üzvlərinə xitabən:

- Siz bu uşağın çəkdiyi şəkillərə baxın, görürsünüzmü buradakı rənglər necə canlı, necə mənalıdır. Bayaqdan bəri içəridəkilərin zəhmindən dizləri titrəyən oğlan özünə gəlib ətrafa nəzər salanda, qəbul sənədləri ilə bərabər təqdim etdiyi şəkillərin yan tərəfdə qoyulan iri stolun üstünə düzüldüyünün fərqinə vardı. Deyilən xoş sözlərdən ruhlanaraq qəddini bir az dikəltdi. Komissiyanın digər üzvü şəkillərdən birinə işarəylə, — orada bulaq üstə toplaşan qızlar təsvir olunubsən bu rəsmində haranı təsvir etmisən? — dedi.

- Bu, bizim Mərcanlının üst tərəfindəki silsilə təpələrdən birinin yamacından axan «Çoban bulağı»dır. Buradakı sənəkli qızlar da kəndimizdə yaşayanlardır. Sənəklərini doldurmaq üçün bulaq üstə növbədə dayanıblar. Hamısını yaxşı tanıyıram

Ağsaçlı kişi sağ əlini bu qarayanız yeniyetmə oğlanın çiyninə qoyub dedi:

- Çox yaxşı haldır ki, sənə doğma olan kəndinizin bir parçasını bu şəkildə canlandırmısan, bəlkə ona birlikdə ad seçək. «Çoban bulağından başlayan yol» — necədir, xoşuna gəlirmi? Arzumuz budur ki, kəndinizdəki o bulaqdan başlayan yol səni böyük sənət aləminə qovuşdursun

S.Mənsimoğlu həyatın mənasını yaratdıqları əsərlərinin yaşantısında tapanları xoşbəxt sayır: «Bu tipli adamlar şübhəsiz ki, «bir insan ömrünü» girov qoymaqla əbədi yaşamaq haqqı qazanıblar. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Əcəmi Naxçıvani, Sultan Məhəmməd, Üzeyir Hacıbəyli, Əzim Əzimzadə, Bəhruz Kəngərli, Mikayıl Abdullayev kimi…»

Özü demişkən, bu gün təkcə Azərbaycanda deyil, uzaq-yaxın xaricdə belə ağac parçası üzərində yaratdığı təkrarsız sənət əsərləri ilə tanınan Seyfəddin Mənsimoğlunun bir vaxtlar doğulduğu Böyük Mərcanlı kəndində yatsaydı, heç yuxusuna da girməzdi ki, tərəkəmə obasından yaşıdlarından fərqli surətdə ilham pərisinin bələdçiliyi ilə taleyini böyük bir şəhərə etibar etməli olacaq: «Əslinə qalsa, ötən əsrin 50-60-cı illərində uzaq yüzilliklərin adətlərinin əksinə olaraq, Böyük Mərcanlıda kimsə desəydi ki, əli çörəyə çatan uşağımı uzaqda yox, elə rayon mərkəzi Cəbrayılda işə qoymaq istəyirəm, camaat onu az qala daş-qalaq edərdi. Elə-belə götürəndə camaatı da qınamalı deyildihər bir ata-ana arzulayırdı ki, onun uşağı gözünün qabağında olsun, halal bir işin qulpundan yapışsın. 60-cı illərə qədər cəmi beş-on nəfər diplomlu ziyalısı olan elat kəndində yaşayan adamların psixologiyası indiki günlərimizdə bir qədər anlaşılmaz hesab olunsa da, o zamankı reallıq bu idi. Ancaq sonradan — 60-cı illərin əvvəlindən bu nizam pozuldu. Əli qələm, dili söz tutan kənd uşaqları oxumağa elə girişdilər ki, sonrakı onca ilin içində ali savadlı mütəxəssislərin sayı-hesabı bilinmədi. Şübhəsiz ki, Mərcanlı kimi ağır bir el üçün «intibah» dövrü sayılmağa layiq olan həmin illərdə kənddəki orta məktəbdə dərs deyən yerli müəllimlərin, — onların hamısı ali məktəbi təzəcə bitirib dönmüşdürlər».

S.Mənsimoğlu 1936-cı ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub: «Kənddəki uşaqlar kimi mən elat camaatı arasında böyümüşəm. Ancaq ağlım kəsəndən sonra hiss etmişəm ki, cansız əşyalardan tutmuş rənglərə, o cümlədən canlı hesab etdiyimiz varsa, hamısına qədər mənim düşündüklərim yaşıdlarıma nisbətən çox fərqlidir. İndinin özündə yaxşı xatırlayıram, uşaqlıq çağlarımda hər il elat köçünə qoşulub yaylağa, indi Ermənistan ərazisində qalan dağlara gedərdim. Hər dəfə Yazı düzündən (Qubadlı rayonu ərazisindədir) keçib Gorusa yaxınlaşanda şəhərin gündoğan səmtində möcüzəli bir mənzərəyə baxmaqdan yorulmazdım. Böyük bir qayanın üstündə dayanan iri bir daş parçası məni elə aludə edərdi ki, həmin anlarda barmağıma iynə batırsaydılar belə xəbərim olmazdı. Bəzən saatlarla dayanıb tamaşa etdiyim bu qayanın üstündəki o böyük daş parçası nəhəng bir dağ kəlinin heykəlinə bənzəyirdi. Bu «heykəl» ana təbiətin öz əlləriylə düzəldilmişdi, buna heç şübhə yox idi. Mənə elə gəlirdi ki, bu daş hər il bir az balacalaşır. Ona görə yox ki, mən böyüyürdüm böyüdükcə bu daş gözümdə kiçilirdi. Ona görə ki, həqiqətən o «heykəl-daş» təbiətin zərbələrinə, küləyə, yağışa dözmür, yavaş-yavaş aşınırdı. Ancaq ən qəribəsi bu idi ki, əlçatmayan, ünyetməyən o daşı nərmənazik qayanın başına təbiət hansı möcüzənin gücüylə bənd eləmişdi? Bu, sözün əsl mənasında sirri-xuda idi… 16 yaşıma qədər yaylağa gedəndə geri qayıdanda bu daşa o qədər baxmışdım ki, az qala bu mənzərəni gözüyumulu təsvir edə bilərdim. O zamankı yaşıdlarım yaylağa çatan kimi dərəyə enib kiçik dağ çayında qızılı naxışlı balıq ovlayanda, mən Qaraqayanı, Qəbirlini, Cül düzünü, Erkək yatağını, Quşluqayanı, Pənini, Qısırı dolaşıb əlvan çiçəklərə tamaşa edər, qəribə görünüşü ilə adamı heyran edən daşlardan o ki var «yükümü tutardım»… Arana qayıdanda tay-tuşlarımdan fərqli olaraq, evə gətirdiyim sovqatlar da yaylaqdan topladığım rəngli daşlar, bizim yerlərdə bitməyən bitki növləri, dağ kəllərinin qoçların buynuzları olardı».

Uşaqlıq çağlarında gördüyü çiçəyə, yarpağa diqqətlə baxar, rənglərin «pıçıltısını» yadda saxlamağa çalışar, hər adi daş parçasında, ağac gövdəsində təzə bir məna axtarmağa çalışardı: «Suyun şırıltısını, yarpaqların pıçıltısını, quşların nəğməsini dinlədikcə, dünya əlvan göyqurşağı kimi gözlərimi qamaşdırardı. O vaxtlar şəkilli kitabları xoşladığımı şagird yoldaşlarım da bilirdi. Əlimə keçən şəkillərin mənasını anlayıb duymağa çalışır, xoşuma gələnlərini təzədən kağız üstə çəkirdim. Gördüklərimdə nəsə axtarırdım. Sonralar məlum oldu ki, uşaq marağı ilə axtardığım yeni məna, yozum bədiilik imiş…»

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 23 oktyabr.- S.14.