Qarabağdakı
Alban kilsələri
Onların
hamısı Azərbaycan xalqına məxsus tarixi
abidələrdir
Qarabağda Alban memarlığını özündə əks etdirən IV-XVI əsrlərə aid bir neçə Alban kilsəsi bizim dövrə qədər gəlib çatıb. Ölkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürən ermənilər işğalçılıq niyyətlərinə haqq qazandırmaq üçün Qafqaz Albaniyasının xristian kilsəsinə aid bütün kilsə, məbəd və monastrlarını erməni abidələri elan edirlər. Ancaq Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmiş alimlər bu abidələrin bir çox xarakterik xüsusiyyətlərinə və memarlıq planlaşdırma üslublarına görə erməni dini memarlıq abidələrindən fərqləndiyini bildirir. Həmin abidələr bütün tarixi sübutlara görə xalqımızın milli mədəni irsinə aiddir. Həmin abidələr sırasında Laçın rayonunda yerləşən Ağoğlan monastrı, Kəlbəcər rayonunda Xudavəng monastrı, Xocavənd rayonunda Amaras monastrı, Ağdərə rayonunda Müqəddəs Yelisey məbəd kompleksi, Ağdərə rayonunda Gəncəsər monastırları da var. Ağoğlan monastr kompleksi IX əsrdə inşa edilib. Möhkəm bazalt daşdan tikilmiş bu monastr məharətli konstruktiv həllinə görə alban xristian memarlığı abidələri içərisində xüsusi yer tutur. Xudavəng monastr kompleksi Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sol sahilində yerləşən Xotavəng və ya Xudavəng monastr kompleksi Xaçın Alban knyazlığının dini mərkəzi olub. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərib. Alban knyazı tərəfindən inşa edilmiş baş kilsə memarlıq xüsusiyyətlərinə görə qonşu xalqların kilsələrindən fərqlənir. Müqəddəs Yelisey Məbəd kompleksi Dağlıq Qarabağın Ağdərə rayonunda yerləşib. Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, uca bir dağın zirvəsində tikilib və qala divarları ilə əhatə olunmuş monastr kompleksinin əsası V əsrdə qoyulub. Qandzasar monastr kompleksi isə Ağdərə rayonunun Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılıb, Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Uzun müddət Alban xristianlarının iqamətgahı olmuş monastr dinin baş xəzinəsi mənasında Gəncəsər adlanlandırılıb».
Qarabağ ərazisində olan kilsə, monastır və məktəblər alban kilsəsinin mülkiyyəti olması məsələsinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov da İstanbulda media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında toxunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, E.İskəndərov jurnalistlərə bildirib ki, Qafqaz Albaniyasında xristianlıq IV əsrdə yayılmağa başlayıb və on beş əsr davam edib: «Qarabağ ərazisində olan kilsə və monastırlar erməniləşdirilib. Belə ki, ermənilər Dağlıq Qarabağ münaqişəsində işğal etdikləri ərazilərdəki kilsələrin üzərindəki albanlara məxsus xaçı dəyişərək onları erməni xaç formasına salıblar. Onlar həmçinin bu tarixi abidələrin yazıları və tarixləri dəyişdiriblər.
Bəs, Azərbaycan bir zamanlar sahib olduğu Alban xristian məbədlərinə sahib çıxaraq, onu dünyaya tanıtmaq üçün hansı addımları atmalıdır? Tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev hesab edir ki, Alban xristian abidələri Azərbaycan antik və ilkin orta əsrlər memarlığının nümunələridir: «Albaniyada xristianlıq geniş yayılmasa da, xalqımız əsrlər boyu bu xristian memarlıq nümunələrinə özünün abidəsi olaraq baxmışdır, qorumuşdur. Azərbaycana məxsus abidələrin, məscidlərin, ziyarətgahların, eləcə də alban məbədlərinin dağıdılması və ya saxtalaşdırılması birbaşa olaraq Ermənistanın ölkəmizə qarşı işğalının nəticəsidir. Eyni zamanda xalqımıza qarşı bu düşmən siyasətin kökləri daha dərindədir, tarixin əvvəlki dönəmlərinə gedib çıxır. Ermənilərin hansısa saxtakarlığa əl atmasını dönə-dönə beynəlxalq gündəmə gətirmək vacibdir. Bu iş görülür və miqyasını daha da genişləndirmək olar. Xristian albanların — türklərin rus-erməni işbirliyinin dini yoxetmə siyasətinə məruz qalması məsələlərini da qeyd etmək lazımdır. Bu təbliğatımızı qurarkən ölkəmizə düşmən münasibət bəsləyən qüvvələrin xristian təəssübkeşliyindən çıxış edərək ölkəmizə qarşı addımlar atmasına imkan vermək olmaz».
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucovun fikrincə, ilk növbədə tarixçi alimlərimizin üzərinə böyük vəzifələr düşür: «Hesab edirəm ki, ilk növbədə alimlərimiz konkret tarixi faktlarla müxtəlif siyasi və elmi dairələri məhz həmin abidələrin Azərbaycana və azərbaycanlılara məxsus olması ilə əlaqədar materiallarla təmin etməlidilər. Xüsusilə beynəlxalq təşkilatlar və BMT-nin elm, təhsil və mədəniyyət məsələləri üzrə qurumu olan UNESCO səviyyəsində bu məsələyə beynəlxalq qiymət verilməsinə çalışmaq və buna nail olmaq lazımdır».
Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, ən əvvəl bu məsələ ilə bağlı ciddi elmi əsaslarda bir Fəaliyyət Proqramı hazırlanmalıdır: «Yəni mütəxəssislərin fikirləri xüsusi metodlarla öyrənilməli, başqa ölkələrin təcrübələri araşdırılmalı, Fəaliyyət Proqramının həyata keçmə mexanizmi elmi əsaslarla hazırlanmalıdır. Kiminsə ağlına necə gəldi prinsipi ilə yox. Bu işə mən də yardım edə bilərəm. BDU-nun tarix fakultəsində ciddi münbit mühit yaradılmalı, istedadlı tələbələrlə məxsusi məşğul olunmalıdır. Onlara 2-ci kursdan elmi araşdırmaları aparmaq öyrədilməli, dediyiniz mövzu üzrə xüsusi təqaüdlər təyin olunmalı və bu sahəyə obyektiv olaraq kadrlar cəlb olunmalıdır. Həmin qrup məxsusi olaraq hazırlanmalıdır. Paralel olaraq AMEA-nın Tarix İnstitutunda uyğun şöbə yaradılmalı, o şöbənin işçiləri ilə BDU-nun tələbələri arasında ciddi təmas qurulmalıdır. Bir neçəsi orada dərs deməlidir. Araşdırmalar aparmaq üçün maliyyə fondu ayrılmalıdır. Elm Fondunu da bu layihələrə cəlb etmək lazımdır».
Oktay
Xalq Cəbhəsi.- 2012.- 24 oktyabr.- S.13.