«Hüseyn Cavid həmişə məsləkinə sadiq olub»

 

Kamran Əliyev: «Bədii əsərlərilə əqidəsinin daşıyıcısına çevrilib»

 

Musa Yaqub: «Bizim nəslin yaddaşında Hüseyn Cavid obrazı abidələşib»

 

Rəfael Hüseynov: «Cavidin «günahı» o idi ki, Türkiyədə təhsil almışdı, sovet ideologiyasının əsiri olmamışdı»

 

Böyük şairimiz Hüseyn Cavidin 130 yaşının tamamında Azərbaycan aydınlarının onun haqqında qənaətlərini təqdim edirik. Hüseyn Cavidin həyat və yaradıcılığının tanınmış araşdırıcısı professor Kamran Əliyev bu qənaətdədir ki, dahi şairin yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinə, ictimai həyat salnaməsinə əbədiyyət qələmilə həkk olunub: «O, bütün ömrü boyu məsuliyyətlə yaşayıb. Şair, dramaturq, publisist, müəllim, ən başlıcası isə ziyalı kimi tanınan Hüseyn Cavid həmişə məsləkinə sadiq olub, bədii əsərlərilə əqidəsinin daşıyıcısına çevrilib. İlk qələm təcrübələrindən ədəbi ictimaiyyətin və ədəbi tənqidin diqqətini cəlb edib, əsərləri yüksək səviyyədə dəyərləndirilib. Çünki o, kimdən və nədən necə yazmağın sirrini bilirdi, öz istək və arzularının poeziyasını yaradırdı. Bu mənada onun ilk kitabını «Keçmiş günlər» adlandırması təsadüfi deyil. Əslində keçmiş günlər geniş mənada tarixi yaddaş və hətta uzaq gələcəyin də əsası olan bir yaddaşdır. Cavid bir az tanındıqdan sonra 1915-ci ildə «Yeni iqbal» qəzeti şairi «Qafqazın ən dərin düşüncəli və incə duyğulu əməlpərvər, həqiqi şairi» kimi qiymətləndirirdi. Hətta 1918-ci ildə Cavidin ölümü haqqında yalan məlumat, şaiyə yayılanda «Bəsirət» qəzeti onu «Qafqazın məşhur ədiblərindən» biri kimi yad etdi».

Kamran Əliyev bildirir ki, bütün bunlar iki cəhətdən təbii idi: «Bir tərəfdən Cavid o dövr sənətkarları içərisində özünəməxsus mövqe qazanmış, digər tərəfdən də Qafqaz həyatının bilicilərindən olmuş, bu həyatın ən gərəkli problemlərini teatr səhnəsinə gətirmişdi. Məsələn, «Ana» pyesində Dağıstan həyatını göstərir, burada böyüyən ananın müdrikliyini mənalandırır. «Maral» pyesində «Qafqaz şəhərlərinin birində vaqe olan» hadisələri təsvir edir, Barjominin füsunkar təbiəti qoynunda əzilən və öz arzuları uğrunda çarpışaraq məhv olan məsum insanların faciəsini qələmə alır. Bir müddət Tiflisdə yaşayan Rza Təhmasib və Əziz Şəriflə tez-tez Şeyx Sənan dağına gəzməyə gedən Hüseyn Cavid üçün bunlar adi gəzintilər olmadı. Cavid əvvəlcə «Şeyx Sənan» şeirini, sonra «Şeyx Sənan» faciəsini yazdı və bununla da şairin həyatı və dünyanı duymaq istedadı yeni zirvəyə çatdı. Şair-dramaturq qarşısına qoyduğu fikir və ideyanın oxuculara və tamaşaçılara çatdırılması üçün ən mükəmməl bədii formalar axtarır və bunları canlı şəkildə verməyi üstün tuturdu. O, yaxşı bilirdi ki, hərəkətlər vasitəsilə tamaşaçıya çatdırılan ideya hafizələrdə daha tez iz salar, daha çox yaşaya bilər. Cavidin «Şeyx Sənan»dan sonra qələmə aldığı «İblis» əsəri Azərbaycan ədəbiyyatında və teatr səhnəsində hadisəyə çevrildi. Təsadüfi deyil ki, Azərbaycan teatrının səhnəsi 1920-ci ildə məhz «İblis» tamaşası ilə açıldı. Beləliklə, «Cavid teatrı» yaranaraq inkişaf etdi. 2 il istisna olmaqla 1930-cu ilə kimi bütün teatr mövsümləri Cavidin müxtəlif səhnə əsərləri ilə açıldı.

Azərbaycan teatr tarixində Cavidin obrazları ilə məktəb keçən və məşhurlaşan aktyorlar nəsli yetişdi. Böyük şəxsiyyətlər kimi tanınan A.Şərifzadə (İblis), K.Ziya (Arif), R.Darablı (Şeyx Sənan), Mərziyə xanım (Xavər) kimi qüdrətli aktyorların ənənələri indi də yaşamaqdadır.

Cavid həmişə əsərlərini öz şəxsiyyəti kimi qoruyan, hər misrasında yenilməz şəxsiyyətini yaşadan, Rza Təhmasibin təbirincə desək, insanı heyrətə gətirən bir qürura malik idi. Cavid orijinal, bənzərsiz əsərlər, qürurlu qəhrəmanlar yaradıb: Peyğəmbər, Topal Teymur, Knyaz, Səyavuş, Xəyyam. Afət lazım gələrsə, gözəlliyə xəyanət edəni də, özünü də öldürə bilir. Peyğəmbər bütün insanlığı haqq yola dəvət edir. Tarixi qələbə və tarixi məğlubiyyət üzərində qurulmuş «Topal Teymur» dramındakı baş qəhrəman — «Topal Teymur» duyğu və düşüncənin, narahatlıq və təəssüfün, həyəcan və heyrətin mənbəyi olur. Teymur və Yıldırımın daxilində yaşayan məğrurluq və təəssüf qoşa hiss kimi aparıcı amilə çevrilir. Əsərin sonunda ortaya çıxan ideya ilə bütün yaradıcılığı boyu qan və ədalətsiz döyüşlər əleyhinə olan Cavid «Kəssə hər kimi tökülən qan izini, qurtaran dahi odur yer üzünü» — deyir».

Cavidin sənətə münasibəti məsələsindən danışan araşdırmaçı deyir ki, Cavid bütün yaradıcılığı boyu sənətkara böyük məhəbbətini ifadə edib: «O, hələ «Uçurum» əsərində rəssamlığa xəyanət edən Cəlalın faciəsini verib. «Şeyda» əsərində də rəssam obrazı canlandırılıb. Bir az sonra isə «Topal Teymur»da ittihamçı Şair Kirmani surəti yaradılıb. Cavidin sənətə və sənətkar şəxsiyyətinə məhəbbəti «Xəyyam» əsərilə ən yüksək zirvəyə çatır. Belə bir zirvədə isə Xəyyamı özü kimi — necə varsa, o cür göstərmək, onun yaradıcılığını və şəxsiyyətini vəhdətdə təqdim etmək nəinki vəzifə, eyni zamanda borc idi. Ötən yüzilin 20-30-cu illərində yazdığı əsərlər Cavidi yenidən məşhurlaşdırdı. Hətta 1936-cı ildə Moskvada Yazıçılar İttifaqının 3-cü plenumunda Əli Nazim Hüseyn Cavidi görkəmli yazıçılarla bir sırada təqdim etdi və «böyük dramatik əsərlər yaratmış» sənətkar kimi səciyyələndirdi. Artıq bütün bunlar təsdiq edirdi ki, Cavid həmişə vəhdətdə olan şəxsiyyəti və yaradıcılığı ilə dünyanın böyük sənətkarları səviyyəsinə ucalıb».

«Yüksələn fəqət enməz»: bu ifadə Hüseyn Cavidin məşhur «Şeyx Sənan»ındandır. İnsanın həqiqətə doğru qarşısıalınmaz, qeyri-adi, sirli-sehrli, bənzərsiz sevgisini, daim yüksəlmək, həqiqətə qovuşmaq ehtirasını özündə təsdiq edən bu əsər bütün hallarda ağıllı tamaşaçını ovsunlayır.

Tanınmış şair Musa Yaqub özünün həyata, dünyaya, insana münasibətinin formalaşmasında Hüseyn Cavidin əvəzsiz təsirini belə ifadə edir: «Əslində bizim nəslin yaddaşında, yəni həm poeziya, həm də ömür nümunəsi sarıdan Hüseyn Cavid obrazı abidələşib. Zamanın gərdişindən idi, bizim vaxtımızda Cavidin dərsliklərə salınması qadağan olunmuşdu. Həmişə müəllimlərimdən, eləcə də professor Abbas Zamanovdan və başqa ədəbiyyatşünaslardan Hüseyn Cavid, habelə onun şeirləri barədə eşidirdim. «İblis», «Şeyx Sənan», «Peyğəmbər», «Uçurum», «Səyavuş» və başqa əsərlərinin adı gələndə yerimizdən diksinirdik ki, görəsən, indi bəzilərinin haqqında heyrətlə danışdıqları bu əsərlər necə olub? Cavid bəraət aldıqdan sonra onun əsərləri çap olunmağa başladı. Yadımdadır, «Şeyx Sənan»ı böyük bir məhəbbətlə oxuyurdum. Əsərin şeriyyətinə vurulmuşdum, tamaşasına da dəfələrlə baxdım. Birdən-birə bizim nəslin gözləri qarşısında möcüzəli aləm açıldı. Şərq şeriyyətinin əhvalını özündə yaşadan Cavid yaradıcılığı məni həmişə məftun edib. Dünyəvi, bir az sentimental, bir az da qanadlı olan bu poeziya ölməzdir. Hüseyn Cavid mənim üçün həmişə böyük sənətkardır. O, ilk növbədə məhəbbət şairidir. Onun şeirlərində fəlsəfilik güclüdür. Eyni zamanda onun yaradıcılığının mayasında mürəkkəblik olduğu dərəcədə ifadəsi çox sadədir. Məsələn, hazırda dərsliklərə salınmış «Gülbahar» şeiri uşaqların anlaya biləcəyi bir dildə yazılıb. Azərbaycan maarifçilərinin dəyərini qətiyyən azaltmaq istəmirəm, sanki Cavid onları üstələyib. Cavid həmişə bizim nəslin ürəyində nisgilli, ağır məşəqqətlər çəkmiş, dəhşətli sınaqlardan çıxmış, təqib olunmuş nəhəng bir yaradıcı obrazı ilə qərarlaşıb. Bolşevizm Cavidin yenilməzliyini hər vasitə ilə sarsıtmağa, məhv etməyə çalışırdı. Hüseyn Cavidin yadigarı Turan Cavidlə həmişə rastlaşanda onun gözlərindəki nisgili kədərlə seyr edirdim. Onun atasına ruhən bağlılığı,

Cavid irsinin toplanması, nəşri yönündə çabaları məni heyrətləndirirdi. Turan xanım ömrünün axırına kimi atasının ideallarına sadiq qaldı. Cavid kimi bir insan sürgünün soyuğunda-sazağında məhv edildi, sənətindən, duyğusundan, məhəbbətindən ayırdılar onu. Cavidin nəşinin Vətəninə gətirilərək dəfn edilməsi onun gec olsa, Azərbaycana qovuşması demək oldu. Hüseyn Cavidin bənzərsiz romantikasından doğulmuş əsərləri daim ucalığını, əlçatmazlığını saxlayır. Heç olmasa, Cavidimizin ruhunu yaşadaq. Zaman-zaman ədəbiyyatımızda Füzuliyanə şeirlər çox yazılıb. Ancaq nəsə, Hüseyn Cavid yaradıcılığından təsirlənmə Füzuli ilə müqayisədə azdır. Sanki Cavid ruhu o qədər ucadır ki, bəziləri ona çata bilməməkdən ehtiyat edirlər. Sanki Cavidə bu mənada yanaşmaqdan qorxuruq. Cavidin əsərləri dilimizə doğma, yaxın olan türk söz tərkiblərilə zəngindir. O, Türkiyədə təhsil almışdı, şübhəsiz, bu da yaradıcılığına təsirsiz ötüşməmişdi. Osmanlı dövrünün türkcəsindən fərqli olaraq indiki Türkiyə türkcəsi daha aydındır. Bu sahədə aydınlığı yaradanlardan biri əslində Hüseyn Cavid oldu. Cavidin əsərləri ortaq türkcə ruhuna daha yaxındır».

AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynovun araşdırmalarında Cavidin yaradıcılığına münasibət belə ifadə olunur: «Cavidin «günahı» o idi ki, Türkiyədə təhsil almışdı, sovet ideologiyasının əsiri olmamış, bu siyasi rejim içərisində yaşasa da, onun diktəsilə heç yazmamışdı. Azərbaycanın fanatik bolşevik liderlərinin tələblərinə məhəl qoymayaraq gələcəksiz sosialist tematikasından vaz keçmiş, mövzularını tarixdən almışdı. Cavidin «günahı» o idi ki, böyük ağıl cəmiyyət içərisində yüksək nüfuz sahibi idi. O, çağdaşı olduğu quruluşun hakimiyyətin puçluğunu, qondarmalığını başa düşürdü, bunları bütün senzura yasaqlarına baxmayaraq əsərlərində ifşa edirdi. O, Azərbaycanın ən üstün ziyalılarından biri idi. Dar sovet qəliblərinə sığmırdı öz tələblərinə uyğun nəsillər yetişdirmək istəyən yeni sovet sisteminə belə aydın zəkalı insanlar qətiyyən gərək deyildi. Ona görə 1937-ci il iyulun 4-də Cavid «xalq düşməni» elan edilərək həbs edildi. Həmin gün əslində yaradıcı Cavidin ömrünün bitən günüdür. O, yazı masasından, ailəsindən, şeirdən, teatrdan zorla ayrı salınanda artıq 22 pyesi vardı, 55 yaşında idi».

Araşdırmaçı Cavidin şəxsiyyətcə ağır səbirli olmasını bir daha təsdiq edən məqamlardan birini danışır: «Azərbaycan ziyalılarının 1927-ci ildə Bakıya gəlmiş rus şairi V.Mayakovski ilə birgə şəkil çəkdirmək mərasimini xatırlayan S.Rüstəm yazır: «Mayakovski zarafata başladı. O, boş bir araq şüşəsi tapıb dedi ki, bu şüşə mütləq şəkildə görünməlidir, çünki bir para şairlərin ilham mənbəyidir. Biz gülüşdük. Hüseyn Cavid bir az pərt olub dedi: «Əgər bu araq şüşəsi şəkildə çıxacaqsa, onda mən şəkil çəkdirmək istəmirəm». Cavid» — «əbədi», «həmişəyaşar» deməkdir. O, bu gün Bakıda ucalan abidəsi, Naxçıvandakı məqbərəsilə dillərdə, ürəklərdə, beyinlərdə sayrışan şeirlərilə, səhnələrdəki pyeslərilə canlıdır, yaşayır».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 25 oktyabr.- S.14.