«Zəngilanım, sənsizəm mən»

 

 Zəngilanın işğalından 19 il ötdü

 

Oktyabrın 29-da Zəngilanın işğalından 19 il ötdü. Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran, qərbdən Ermənistanla ilə həmsərhəddir. Ərazisi 707 kvadrat km, əhalisi isə 35 mindən çox olub. İşğaldan əvvəl bir şəhər, bir qəsəbə 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi var idi. Avropada ən böyük çinar meşəsi bu rayonda idi. Əslən Cəbrayıldan olan şair-publisist Ayaz İmranoğlu doğulub-boya başa çatdığı yurdla bağlı nisgilini belə ifadə edir: «Vətənimizin od tutub yanan xəritəsindən bir qədim türk yurdu, Oğuz elinin bir parçası boylanırZəngilan! İnsanlara, təbiətin neçə-neçə möcüzəsinə, tarixi memarlıq abidəsinə, qədim qalalara, uca dağlara, sıx meşələrə, dərələrə, çaylara, bulaqlara məskəndir Zəngilan. Burada səhərlər çıxan günəşi öncə Rəzdərə, Qaraöyün, Qazanşı, Zərnəli, Sobu zirvələri bağrına basır, mamırlardan süzülən buz bulaqların min-min damcısı sübh şəfəqlərini muncuq-muncuq doğrayır. Qədimlik, ululuq hər gün öz beşiyindən təkrar baş qaldırır. Ancaq didərgin oğullardan, qızlardan xəbərsiz. Bu qədim yurd yeri əsl sahiblərinin dönəcəyi günü səbirsizliklə gözləyir. Kim deyir zaman dərdi ovudur? Ovutsaydı, Vətən həsrətimiz nəinki ildən-ilə, aydan-aya, günbəgün belə alovlanmazdı. Bəlkə ilk vaxtlar yurd itkisinə deyil, daha çox işğal zonasında qalan dağılmış evlərimizə, xalı-xalçalarımıza, illərlə yığdığımız var-dövlətə yanırdıqsa, bu gün bizi yalnız Yurd itkisi, Vətən həsrəti göynədir. içimizdə püskürən bu alov bizə dinclik vermir. «Yurd dönməyincə sənə rahatlıq yoxdur»-deyir».

O, düşünür ki, sanki qərib quşlar Vətənə dönmək həsrətilə necə alışıb-yanırsa, yurdundan-yuvasından perik düşənlər bax beləcə o həsrət tonqalının işığının odundan qovrulurlar: «Sözləri, söhbətləri, umduqları bircə torpaq dərdidir. Qəribədir ki, doğmalarının yas mərasimlərində bir itirdikləri əzizlərinə ağı deyirlərsə, beş Vətən deyib sızıldayırlar. Zəngilan! Qədim Odlar yurdunun müqəddəs bir sorağı. Vətən düz 19 ildir ki, sənin ayrılığının həsrəti ilə için-için qovrulur, yanırıq. Düz 19 ildir ki, sən tərəfə gedən yollarımız bağlanıb, yatanda üzü sənə doğru yatırıq. Yuxularımızda yaşayırsan. Zəngilan rayonu 1930-cu il avqustun 8-də təşkil edilib. Ərazisi 707 kvadrat kilometrdir. Zəngilan rayonu 1 şəhər, 1 qəsəbə 81 kəndi özündə birləşdirir. Rayonun mərkəzi Zəngilan şəhəridir. Bura 1957-ci ilə qədər Pirçivan kəndi olub, 1967-ci ildə qəsəbə statusu alıb, 1967-ci ilin sentyabrından isə şəhər adı verilib. Bakı-Naxçıvan dəmiryolunun Mincivan-Qafan qolu üzərində Bakıdan 377 kilometr aralıda yerləşir».

1988-ci ildə Qarabağ hadisələri başlayandan Zəngilan ardıcıl olaraq erməni yaraqlılarının hücumuna məruz qalırdı: «Rayonda yaradılmış özünümüdafiə dəstələrinin fədakarlığı ilə zəngilanlılar düşmənin hücumlarını dəf edirdi. Zəngilanın işğalının təməl daşları 10 dekabr 1992-ci ildə 11 kəndimizin işğalı ilə qoyuldu. Böyük strateji əhəmiyyətə malik olan yüksəkliklər ermənilərın əlində cəmləşmişdi. O vaxt baş verən bu hadisə «Şayıflı faciəsi» kimi tarixin qara səhifəsinə yazıldı. Həmişə Zəngilana yağlı tikə kimi baxan ermənilərin arzusu gerçəkləşdi. Hadisələr başlanandan saysız-hesabsız hücumlara məruz qalmışdı. Ermənistandan qaçqın düşmüş soydaşlarımızın bir qismi burada məskunlaşmışdı. 1988-ci ildən başlayaraq 1993-cü ilin oktyabrına kimi ön cəbhəyə çevrildi, mətanətlə yaşadı Zəngilan. Qubadlının, Cəbrayılın işğalı Zəngilanı blokadaya saldı. Bir neçə ay blokada şəraitində yaşadı. Ermənilər Zəngilanda ikinci bir Xocalı faciəsi törədəcəkdilər. Zəngilanlılar güclü erməni hücumlarına tab gətirməyib, köməksiz qaldıqlarından Araz çayını keçib qonşu İran dövlətinin ərazisinə keçdilər. Bu zamanda Arazda boğulub ölən neçə-neçə soydaşımız oldu. Torpaqlarımız uğrunda gedən döyüşlərdə zəngilanlılar 235 nəfər şəhid verdilər. Onlardan Baloğlan Süleymanov, Adil Rüstəmov, Ramazan Quliyev kimi igidlərin qəhrəmanlığı indi dillər əzbəridir. 200 nəfərdən çox adam ömürlük şikəst oldu, yüzlərlə ailə başsız qaldı. Əhalimiz öz doğma el-obasından didərgin düşdü. Qaçqınlıq, köçkünlük taleyi qismətimiz oldu. 36 min əhalisi olan Zəngilan rayonunun əhalisi 46 rayonda məskunlaşıb.

Yurda qayıtmaq eşqi onları həmişə inamlı edir. Bizim hər birimiz Zəngilanın bir zərrəsiyik. Dönəcəyik Yurdumuza. Orada bu zərrələr birləşəcək, yenilməz bir gücə çevriləcək. Bu gün o güc var. Yetər səbirli olmağımız. İllərdir ATƏT-in Minsk qrupunun bizlərlə «stəkanda fırtına» əməliyyatı oynamağı yetər. Dünyanın ikili standartı bizlərin səbrini tükəndirib daha. Zəngilanımız Azərbaycanımızın füsunkar guşələrindən biri idi. Təmiz havası, suyu can dərmanı idi. Zəngəzur dağlarının şəlalə hörüklü sularından Araz, Həkəri, Oxçu, Bəsit, Baharlı çayları yaranıb. Bu gün bizə qalan o mərcangözlü bulaqların sularını gözümüzə yığmışıq. Xatirələr boylananda qəm-qüssədən içimizi titrədən o sulardı yanağımızda cığır salan. Bağ-bağatlı evləri, Beşkər, Süsən, Top meşələri vardı. Zəngilan özünün Bəsitçay çinar meşəsi ilə məşhurdur. Dünyada ikinci, Avropada yeganə olan bu təbii çinarlığın ümumi sahəsi 117 hektara çatırdı, 1974-cü ildə dövlət qoruğu elan edilmişdi. Məhz dünyəvi şöhrətinə görədir ki, rayonun embleminin əsas elementi çinar yarpağıdır.

Zəngilanın çox qədim keçmişi var. Alimlərin apardığı arxeoloji qazıntılar nəticəsində məlum olub ki, eramızdan öncə də burada yaşayış məskənləri olub. Şahi-şərfan şəhəri, Məmmədbəyli türbəsi, Muğanlı günbəzi, Dəlikdaş və neçə-neçə tarixi abidələr bu yerlərin qədimliyindən xəbər verir. Zəngilan ərazisində bir sıra faydalı qazıntılar — tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardı. Zəngilan daha qədimdən Vətənimizə elm, mədəniyyət adamlarıda bəxş edib. Aşiq Məhəmməd bəy Cavanşir, Məhəmməd Bağbani kimi şairləri ilə tanınıb. Bu gün yüzdən çox alimi ilə Azərbaycanımızın elm-təhsil müəssisələrində xalqın xidmətindədir. Bəli, Zəngilan əsl cənnət idi. Dərdimizdən hali olan dağlar, meşələr, mərcan gözlü bulaqlar, qara keşiş işlərimizi elə düyünləyib ki, Əslinin düymələri tək açılmır ki, açılmır.

Üzümüz o vaxt gülər ki, o dağlardan gül balalarımız gül-çiçək bağlasın.

 

Qanım düşmən qaşığında,

Yandım dərdin işığında.

Dünya yar-yaraşığında,

Zəngilanım sənsizəm mən.

 

Naləsi var dağlar deşən,

Öz canı var didişən…

İblisin toruna düşən,

Zəngilanım, sənsizəm mən.

 

Xəyal harda, ruh ordadı,

Qəm yükümüz dağ boydadı.

Yurdsuz ölmək nə qaydadı,

Zəngilanım, sənsizəm mən.

 

İmranoğlu səni andı

Sənsizlikdən o da yandı.

Bu savaşda qana-qandı,

Zəngilanım, sənsizəm mən.

 

Qaçqın, köçkün həmyerlilərimiz bütün zülmlərə dözdü. Zəngilansız ölən Vətən övladlarının məzarları yurdlarından uzaqlarda qazıldı, ancaq inanıram ki, qərib məzarların ruhları başı üstündə dolanır. Zəngilanlılar ümidlidirlər. İnanırlar ki, əbədi-əzəli yurd yerlərinə dönəcəklər».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 30 oktyabr.- S.14.