Azərbaycanın
ilk peşəkar heykəltəraşı Zeynal Əlizadə milli gerbin müəllifidir
Azərbaycanin
ilk peşəkar heykəltəraşı Zeynal Əlizadə
haqqında mənbəələrdə çox
dolaşıq, bəzən də bir-birini təkzib edən məlumatlara
rast gəlinir. Fikrimizin təsdiqi üçün bunlardan bir
neçəsini nəzərdən keçirək.
İkicildlik «Azərbaycan Xalq Cümhuriyyəti
Ensiklopediyası»nda ehtimal ki, eyni şəxs haqqında iki fərqli
məlumat verilmişdir:
«Əliyev
Zeynalabdin bəy Hacağa oğlu (24.4.1894, Bakı — ?) — Azərbaycan
Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən,
dövlət hesabına ali təhsil almaq üçün
xaricə göndərilmiş tələbələrdən
biri. Parlamentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən,
təhsilini memarlıq sahəsində davam etdirmək
üçün Roma Kral Rəssamlıq Akademiyasına
(İtaliya) göndərilmişdi. Sonrakı taleyi barədə
məlumat aşkar olunmamışdır».
«Əlizadə
Zeynal (? — ?) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə
milli mədəniyyətin tərəqqisində yaxından
iştirak etmiş mədəniyyət xadimi. Əlizadə Azərbaycan
Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 23 mart və
1920-ci il 30 yanvar tarixli qərarları ilə dövlət
gerbinin, hərbi orden-medalların və dövlət
möhürünün layihələrinin hazırlanması məqsədilə
elan olunmuş müsabiqədə fəal iştirak
etmişdir. Onun layihəsi əsasında buraxılmış
döş nişanları və xatirə medallarında
parlamentin binası, bayraq, aypara, səkkizguşə-li ulduz,
günəşin doğması, gül çələngi həkk
olunmuşdur».
Azərbaycan
Xalq Cümhuriyyəti (ədəbiyyat, dil, mədəniyyət
quruculuğu)» kitabında isə yalnız bunlar
yazılmışdır: «İlk peşəkar heykəltəraş
Zeynal Əlizadə respublikamızın milli gerbi və xatirə
medallarının hazırlanmasında iştirak edirdi. Onun
layihəsinə əsasən buraxılmış döş və
xatirə medallarında parlament binası, bayraqlar, aypara, 8
güşəli ulduz, günəşin doğması, gül
cələngləri həkk olunmuşdur».
«Azərbaycan
Yurd bilgisi» dərgisindəki məqalələr isə «Heykəltəraş
Zeynal A.Saray» və «Zeynal Akkoç» imzaları ilə çap
olunmuşdur. Bəs görəsən yuxarıdakı məlumatlar
fərqli soyadları ilə təqdim edilmiş bir nəfərə
aiddir, yoxsa ki, eyni dövrdə, eyni fəaliyyət sahəsi
ilə məşğul olan başqa-başqa şəxslərə?
Zeynal Əlizadənin şəxsiyyəti haqqında ilk dəqiq
məlumat ala bildiyimiz mənbə mərhum Möhsüm Əliyevin
yazıları olmuşdur. O, ötən əsrin 60-90-cı
illərində yazmış olduğu məqalələrlə
oxucuları ilk peşəkar heykəltəraşımız
haqqında tarixi faktlarla məlumatlandırmışdır. Məhz
bu yazılardan öyrənmişik ki, mədəniyyət
tariximizə ilk peşəkar Azərbaycan heykəltəraşı
kimi daxil olmuş Zeynal Hacıağa oğlu Əlizadə
1895-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Həmin yazılarda məlumat verilirdi ki, Zeynal Əlizadə
orta təhsilini bitirdikdən sonra (1915-ci ildə) Moskva
Kommersiya İnstitutuna daxil olmuş, burada üç il təhsilini
davam etdirmiş, 1918-ci ilin payızında Bakıya
qayıtmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin
poçt və teleqraf nazirliyində xüsusi
tapşırıqlar üzrə baş məmur vəzifəsinə
təyin olunan Zeynal Əlizadə eyni zamanda rəssamlıq sənəti
üzrə də öz yaradıcılığını
davam etdirmişdir.
Təəssüflər
olsun ki, nə Mövsüm Əliyevin yazılarına qədər,
nə də ondan sonra Azərbaycan mətbuatı və elmi
fikrində Zeynal Əlizadənin rəssamlıq fəaliyyətindən
bəhs edilməmişdir. Heykəltəraşlıqdan
söz düşərkən onun nəinki ilk peşəkar
heykəltəraş olması faktına toxunulmamış,
heç, ümumi cərgədə belə adı çəkilməmişdir.
Düzdür, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra
incəsənətin digər sahələrində olduğu
kimi heykəltəraşlıqda da sürətli dəyişiklilər
müşahidə edilmiş, monumental, dəzgah və
kiçik formalı heykəltəraşlığın
inkişafı üçün imkanlar genişlənmişdi.
Lakin sovet dövrünün sənətşünas alimləri
20-ci illərə qədərki Azərbaycan heykəltəraşlığı
barədə demək olar ki, heç bir məlumat verməmişlər.
Hətta sovet hakimiyyətinə qədər Azərbaycanda heykəltəraşlığın
mövcudluğunu inkar edən yanlış mülahizələr
özünə möhkəm yer tutmuşdu. Baxmayaraq ki, sonrakı
dövrlərlə müqayisədə XX əsrin əvvəllərindəki
Azərbaycan heykəltəraşlığının səviyyəsi
aşağı olmuşdur, lakin bu, plastika sənətinin
varlığını inkar etməyə əsas vermir.
Şübhəsiz ki, həmin mərhələdə Azərbaycandakı
mövcud ictimai-siyasi, iqtisadi şəraitin mürəkkəbliyi
bu sənət sahəsinin də tərəqqisinə əngəl
törədirdi. Bununla belə son illərin
araşdırmaları sayəsində üzə
çıxarılan arxiv sənədlərinin, tarixi məlumatların,
dövlət muzeylərində, şəxsi kolleksiyalarda
saxlanılan eksponatların tədqiqi sübut edir ki, 20-ci illərə
qədər də Azərbaycanda heykəltəraşlıq əsərləri
yaradılmışdır. Bu nümunələr həm xalq sənətkarları,
həm də Rusiyada və Avropada təhsil almış peşəkar
heykəltəraşlar, sənətşünaslar tərəfindən
hazırlanmışdır.
Azərbaycan
Xalq Cümhuriyyəti dövründə də hələlik
adları bizə məlum olmayan heykəltəraşlarımız
fəaliyyət göstərmişlər. Bəlkə də,
qısa müddətdə fəaliyyət göstərmiş
AXC-də bütün layihələrin həyata keçirilə
bilməməsi səbəbindən nə əsərlərin
özü, nə də müəlliflər barədə dəqiq
məlumatlar yoxdur. Lakin bu layihələrin mövcudluğu
haqqında mənbələrdə kifayət qədər
informasiyalar getmişdir. Misal olaraq göstərə bilərik
ki, 1920-ci ilin martında Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi
Nazirliyi yeni medal və ordenlərin layihələrinin
hazırlanması üçün müsabiqə elan
etmişdir. Müsabiqəyə verilən layihələri
seçməkdən ötrü general-mayor İbrahim ağa Vəkilovun
(1852-1934) sədrliyi ilə xüsusi komissiya da
yaradılmışdır. Lakin müsabiqəyə verilən
layihələr əldə olmadığı
üçün dəqiq fikir söyləmək çətindir.
Tədqiqatçılar bu layihələrin ikisinin Moskvada yerləşən
Dövlət Hərbi Arxivində olduğunu təsdiqləyirlər.
M.Əliyev yazır ki, adı və familiyası hələ
bizə məlum olmayan müəllif tərəfindən
işlənmiş hər iki medalın layihəsi çox
cüzi fərqlə bir-birindən seçilir. Layihəyə
diqqətlə fikir verdikdə hiss olunur ki, müəllif əsərin
qabarıq və yığcam həll olunmasına
çalışmışdır.
Göstərilən
faktlardan aydın olur ki, Azərbaycanda Sovet hakimiyyəti
qurulana qədər də heykəltəraşlıq sənətinin
inkişafına müəyyən cəhdlər göstərilmişdir.
Əlbəttə, bu problemin daha dərindən öyrənilməsi
zəruriliyi araşdırıcılar qarşısında məsuliyyətli
vəzifələr qoymaqdadır. Bu istiqamətdə
görülmüş işlər içərisində Azərbaycan
parlamentinin (1918-ci il 7 dekabr) açılışı
münasibətilə zərb olunmuş döş və xatirə
medalları heykəltəraşlıq baxımından
xüsusilə maraqlıdır. Bəs bu heykəltəraşlıq
nümunələrinin müəllifi kimdir?
Mövsüm
Əliyevin yazılarından öyrənirik ki, hər iki
medalın diametri 3 sm-dir. Döş medal-nişanının
çəkisi 8,1 qramdır. Tuncdan tökülən və evdə
saxlanmaq üçün nəzərdə tutulan xatirə
medalının çəkisi isə 12,3 qrama bərabərdir.
Dairə formasında olan hər iki medalın təsviri
eynitiplidir. Döş medal-nişanın yaxadan asılmaq
üçün əlavə hissəsi vardır. Medalların
üz görünüşündə Azərbaycan parlamenti
binasının yapma üsulu ilə təsviri qabarıq və
yığcam formada verilmişdir. Binanın qabağa
çıxan mərkəzi hissəsinin stalaktikli karnizinin hər
iki küncündə Azərbaycan bayraqları
dalğalanır. Arxa planda yarımdairə şəklində
günəş şəfəqlərinin təsviri
verilmişdir. Bu da parlamentin açılması ilə
bağlı olaraq Azərbaycan Respublikasında yeni günəşin
doğmasının rəmzidir. Günəş şəfəqlərindən
yuxarıda, yapma üsulu ilə dairəvi formada «Qanuni əvvəl
7″ yazısı qabarıq və lakonik səpgidə həkk
edilmişdir. Bu yazı 1945-ci ilə qədər Türkiyədə
işlənən təqvimə əsasən dekabrın 7-nə
uyğun gəlir. Həmin təqvimə uyğun olaraq parlament
binasının təsvirinin alt hissəsində hicri təqvimi
ilə «1337-ci sənə» yazısı verilmişdir ki, bu da
1918-ci ili göstərir. Medalın arxa hissəsinin
qıraqları bütün dairə boyu yapma üsulu ilə
işlənilmiş gül çələnglərindən
ibarətdir. Aşağıda gül çələnglərinin
budaqlarını bir-birinə bağlayan lentin üstündə
kiçik səkkizguşəli ulduz verilmişdir. Bu ulduzdan
başlayaraq «Azərbaycan müəssisi
açılacaqdır» sözləri dairəvi şəkildə
gül çələnglərinin daxilində yapma üsulu ilə
gözəl xətlə həkk edilmişdir. İncə dairə
içərisində isə Azərbaycan Respublikasının
gerbi olan «aypara və səkkizguşəli ulduz»un təsviri
yapma üsulu ilə qabarıq şəkildə verilmişdir.
Tuncdan tökülmüş dairəvi xatirə
medalının hazırlanma üsulu da eynidir. Fərq ancaq onun
asılma yerinin olmamasıdır.
Uzun
illərin gərgin axtarışlarından sonra tədqiqatçı
Mövsüm Əliyev bu heykəltəraşlıq nümunələrinin
eskiz və modellərinin, həmçinin milli gerbin müəllifinin
ilk peşəkar Azərbaycan heykəltəraşı Zeynal Əlizadə
olduğunu aşkara çıxarmışdır. Həqiqətən
də dövlət gerbinin, orden və medalların
hazırlanmasında ilk peşəkar heykəltəraşımız
Zeynal Əlizadənin fəal iştirakı olmuşdur. O vaxt ən
yaxşı layihə üçün hökumət
mükafatı nəzərdə tutulubmuş. Lakin Azərbaycanın
1920-ci il aprelin 27-də Sovet Rusiyası tərəfindən
işğal olunması nəticəsində milli dövlətçiliyin
süqutu bu tədbirlərin başa
çatdırılmasına imkan verməmişdir.
Mövsüm
Əliyev yazır ki, o vaxtdan uzun illər keçməsinə
baxmayaraq, Zeynal Əlizadənin hazırladığı
medal-nişanın üz və arxa hissəsi estetik baxımdan
hələ də müasirliyini qorumaqdadır. Bu nümunələr
yüksək estetik zövqlə, qabarıq və
yığcam həll olunduğuna görə sənətsevərlərin
diqqətini bu gün də özünə cəlb etməkdədir.
1919-cu il oktyabrın 22-də buraxılmış ilk Azərbaycan
poçt markaları eskizlərinin müəllifi də məhz
Zeynal Əli-zadə olmuşdur.
Sovet
hakimiyyətinin qızğın çağlarında
Mövsüm Əliyev (o vaxtlar üçün kifayət qədər
sensasiyalı hesab edilə bilən məqaləsində)
yazırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci
ilin yanvar ayında Rusiyanın və Avropanın ali məktəblərində
oxumaq üçün göndərdiyi azərbaycanlı gənclər
içərisində Zeynal Əlizadə də var idi. O,
İtaliyanın Peruca şəhərində — di Bella Arti
Akademiyasının heykəltəraşlıq bölməsində
ali təhsil almış yeganə azərbaycanlıdır.
Xaricə
göndəriləcək tələbələri seçmək
üçün Xalq Maarifi Nazirliyi yanında Məhəmməd
Əmin Rəsulzadə (sədr), Əhməd bəy Pepinov,
Qara bəy Qarabəyli, Mehdi bəy Hacınski və Abdulla bəy
Əfəndizadədən ibarət çox nüfuzlu
münsiflər heyəti yaradılmışdı. Münsiflər
heyətinin diqqətlə seçdiyi tələbələrdən
10 nəfərinin İngiltərəyə, 23 nəfərinin
İtaliyaya, 45 nəfərinin Fransaya, 9 nəfərinin
Türkiyəyə göndərilməsi nəzərdə
tutulurdu. Nəticədə Xalq Maarifi Nazirliyi tərəfindən
xaricə göndərilən tələbələrdən 49
nəfərinə Almaniyanın, 27 nəfərinə
Fransanın, 4 nəfərinə İtaliyanın, 1 nəfərinə
İngiltərənin, 6 nəfərinə isə Türkiyənin
müxtəlif ali məktəblərinə göndərilmələri
barədə rəsmi sənəd verilmişdi. Qalan 13 nəfər
isə Rusiyaya göndərilməli idi. Rusiyada vətəndaş
müharibəsi ilə əlaqədar yaranmış şəraitə
görə oraya tələbə göndərmək
mümkün olmamışdı.
Oktay
Xalq Cəbhəsi.- 2012.- 30 oktyabr.-
S.13.