Millətin ali neməti onun dilidir»

 

Adil xan Ziyadxanlı Azərbaycan Xalq Cümhuriyyətinin İrandakı ilk səfiri olub

 

Azərbaycan Xalq Cümhuriyyəti zamanında İranda səfirimiz olmuş Adil xan Ziyadxanlının siyasi və diplomatik fəaliyyəti maraqlı tərəflərilə diqqəti çəkir. Araşdırmaçı Sübhan Talıblı bildirir ki, o ərəfədə Qacar İran dövlətinin bir sıra dövlətlər kimi, uzun müddət Azərbaycan Xalq Cümhuriyyətini tanımaqdan imtina etməsi, ona ərazi iddiaları irəli sürməsi və bunun üçün Paris sülh konfransında səy göstərməsi, yalnız müttəfiqlər tərəfindən Azərbaycanın rəsmən tanınmasından sonra İranın Azərbaycan Xalq Cümhuriyyətini tanıması faktı və s. məsələlər İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Sənədlər və Diplomatiya Tarixi Mərkəzinin nəşr etdirdiyi «Heyət-e Fouğalade-ye Ğəfğaziyyə» sənədlər toplusu kitabında tam aydınlıq gətirilib: «Paris sülh konfransında təqdim etdiyi memorandumunda İran demək olar, bütün keçmiş Azərbaycan xanlıqları ərazisinə iddia irəli sürdü. Ancaq get-gedə İran Azərbaycan Xalq Cümhuriyyətinə qarşı ərazi iddialarının perspektivsizliyini başa düşdü və siyasi reallıqlarla razılaşmaq məcburiyyətində qaldı. İranla AXC arasında ilk diplomatik münasibətlər 1919-cu ilin yazında İsmayıl xan Ziyadxanın (Adil xanın qardaşı) başçılığı ilə Tehrana Fövqəladə missiyanın göndərilməsi ilə quruldu. Bu missiya İran hökuməti ilə bir sıra əhəmiyyətli məsələlər üzrə ilkin danışıqlar aparmış, AXC-nin Tehranda diplomatik nümayəndəliyinin Təbrizdə, İranın sərhəd və mərkəzi məntəqələrində konsulluqların yaranması məsələlərini müzakirə etmişdi».

1919-cu ilin yanvar ayının sonu Fətəli xan Xoyski hökuməti elan etdi ki, bundan öncə adı çəkilmiş Adil xanın qardaşı İsmayıl xan Ziyadxanlının başçılığı ilə əhalinin hissiyyatını təbliğ etmək üçün Tehrana bir heyət göndərmək qərarına gəldilər. Bununla da o, qarşılıqlı anlaşma üçün bir addım atırdı: «İsmayıl xan Ziyadxanlı həmin ildə, yəni 1919-cu il aprel ayının ortalarında Ənzəli yolu ilə İrana daxil oldu. Xarici İşlər Nazirliyi rəsmiləri ilə İsmayıl xan arasında müxtəlif sahələrdə, xüsusilə İran təəbələrinə dəymiş xəsarətin qarşılığını ödəmək, poçt və ticarət sahəsindəki problemlərin həlli ilə müzakirələrdən başqa Şərqi Qafqaz xanlıqlarının Azərbaycan adlandırılması mövzusu əsas məsələlərdən biri idi. Bu arada Tehranda İsmayıl xan Ziyadxanlı və İran Xarici İşlər Hazirliyi arasında cərəyan edən müzakirələr, Bakı mühitindən uzaq olduğuna görə nisbi nailiyyətlərlə nəticələndi.

A.Ziyadxanlı 1870-1871-ci illərdə Gəncədə anadan olub. İlk təhsilini xüsusi müəllim yanında almış, sonra isə Gəncə mədrəsəsində oxumuş, Moskva Universitetinin hüquq fakültəsini müvəffəqiyyətlə bitirmişdi. Rus, fransız, ingilis, fars dillərini mükəmməl mənimsəmişdi. Geniş ictimai-siyasi fəaliyyət göstərən A.Ziyadxanlı «Qafqaz müsəlmanları şurasının» 7 üzvündən biri idi. O, öz həyatı ilə bağlı yazır: «Qafqazda, Gəncə şəhərində anadan olmuşam. İki qardaşım var idi və hər ikisi məndən böyük idi».

Adil xan Ziyadxanlı 1918-ci ildə dövlət idarələrində və məktəblərimizdə ana dilimizin işlədilməməsinə etiraz əlaməti olaraq yazırdı: «Məhəlli məhkəmə idarələrimizdə öz ana dilimiz işlədilmirdi. Oradakı hakimlər dilimizi bilmirdi və bilmək də istəmirdilər və öz hüquqşünaslarımızdan da məhkəmələrimizdə hakim təyin etmirdilər… Türk dilimiz bütün məktəblərdən qovulmuşdu. Rəsmiyyəti gözləmək xəyalilə türk balalarına ancaq həftədə bir dəfə dərs oxumaq ixtiyarı verilirdi ki, bu dərs də ancaq şagirdlərin yorğun və həvəsdən düşdüyü zamanda təyin olunmuşdu. İnsana qarşı bundan artıq da xəyanət və zülm olarmı ki, millətin ana dilində oxumağına mane olsunlar? Bir millətin birinci və ali neməti, fəxri onun dilidir. Onun dilini əlindən almaq onu öldürmək deməkdir».

A.Ziyadxanlı ermənilərin 1918-ci ildə Bakıda törətdikləri mart hadisələri ilə bağlı yazır: «Bakıda 10 min Azərbaycan paytaxtının əlsiz-ayaqsız əhalisinin qanı axıdıldı. Təəssüf ki, bu qanlı faciədə başıpozuq rus soldatları da nədənsə birdən-birə dönüb bolşevik oldu. Bəs o zamanda demokratiyanın böyük əsaslarını özlərinə şüar və iqtibas edən cənabları nərədə idi ki, paytaxtımızın küçələri fəhlə meyitləri ilə dolmuşdu. Aşkardır ki, erməni qoşunu bolşevik adı və bayrağından istifadə edib, milli ədavət üzərindən müsəlmanlara atəş açmışdı… Mart hadisəsinin bir illiyi münasibətilə martın 18(31)-də bütün millət matəm saxlayaraq şəhid olan ata, ana, bacı, qardaşlarının və diri-diri mıxlanmış körpə uşaqların ruhuna fatihə oxudular».

Beynəlxalq şəraitdəki mürəkkəblik və ziddiyyətlik AXC hökumətindən çox çevik xarici siyasət həyata keçirməyi tələb edirdi. S.Talıblı bildirir ki, onun xarici siyasətinin başlıca istiqamətlərini Azərbaycanın müstəqilliyini qorumaq və inkişaf etdirmək təşkil edirdi. Bu məqsədlə o, dövlət strukturunda Xarici İşlər Nazirliyinin təşkilinə və onun işinin təkmilləşməsinə xüsusi diqqət verirdi. A.Ziyadxanlı bir müddət AXC-nin xarici işlər nazirinin əvəzi olaraq çalışmışdı. 14 aprel 1919-cu ildə Nəsib bəy Yusifbəyli AXC-nin dördüncü hökuməti kabinəsində Məhəmməd Yusif Cəfərov xarici işlər naziri, A.Ziyadxanlı isə onun müavini vəzifəsinə təyin edilmişdi. O, bu vəzifədə 1919-cu ilin avqust ayına kimi çalışmışdı. Zaqafqaziya respublikaları arasında, xüsusən də Azərbaycanla Ermənistan arasında ən çətin problem ərazi və sərhəd məsələsi idi. İngilis generalı Denikinlə Azərbaycanın Kubandakı nümayəndəsi C.Rüstəmbəyovun görüşünü təşkil etdi. Görüşdə iştirak edən Briqqs Denikinə və Rüstəmbəyov vasitəsi ilə AXC hökumətinə təklif edir ki, diplomatik nümayəndəliklər açılsın. General Denikin cavab verir ki, «Azərbaycanla diplomatik nümayəndəlik mübadiləsinə heç bir etirazı yoxdur». Denikinin «Mən Sizin xalqın və onun hökumətinin Rusiyaya münasibətini bilmək istəyirəm» sözlərinə cavab olaraq C.Rüstəmbəyov cavab verir ki, «… Biz Rusiya ilə əlaqələri kəsmirik və əgər Rusiyanın hansısa səlahiyyəti, hamı tərəfindən tanınan xalq demokratik orqanı olursa, güman edirəm, mənim xalqım oraya gedər, orada iştirak edər və öz müqəddəratını təyin etmək hüququnu bəyan edər…»

Azərbaycanla İran arasında nəhayət, qarşılıqlı anlaşma yaranmağa başladı: «Bu işdə Avropaya səfərə çıxan İran şahının 1919-cu il avqust ayının 16-da yolüstü Bakıda dayanması müsbət rol oynadı. Şah «mehriban qonaqpərvərlik üçün Azərbaycan hökumətinə minnətdarlıq» bildirdi. Bakıdan qatarla gedən İran şahını Adil xan Ziyadxanlı Batuma qədər müşayiət etdi. Yolda Ziyadxanlının İranın yeni xarici işlər naziri Firuz Mirzə Nüsrətüddövlə ilə də söhbətləri oldu. (Firuz Mirzə həm də Parisdə sülh konfransında İran nümayəndə heyətinin başçısı təyin olunmuşdu). İran şahının Bakıda gördükləri, eşitdikləri, Ziyadxanlının İran naziri ilə söhbətləri İran rəhbərliyində Azərbaycan haqqında obyektiv fikir yaranmasına təsir göstərmişdi».

A.Ziyadxanlı 1919-cu il sentyabrın 23-də AXC-nin səlahiyyətli səfiri kimi İrana göndərildi və Azərbaycanın siyasətinə uyğun olaraq Tehranda diplomatik fəaliyyətə başladı. Adil xana səfirliyin açılması üçün 50 min manat, özünün yaşaması üçün isə 25 min manat pul ayrılmışdı.

1920-ci il yanvar ayının 4-də AXC-nin İrandakı ilk səfiri A.Ziyadxanlının Tehrana gəlməsi ilə Azərbaycan nümayəndəliyi geniş fəaliyyətə başladı.

Diplomatik nümayəndəliyə xas olan vəzifələrlə yanaşı, A.Ziyadxanın başçılığı ilə Azərbaycan nümayəndələri İranda yaşayan türklərin mədəni-maarif işinə yardım etməyə başladılar. Səfir xarici işlər nazirinə yazırdı ki, «Nümayəndəliyin maddi imkanı olmadığından o, ehtiyacı olan dul qadınlara və yetimlərə kömək etmək, türk dilində məktəb açmaq, türkcə qəzet nəşr etmək və s. işləri görə bilmir». Bununla belə o, yazırdı ki, xeyriyyə cəmiyyəti və Azərbaycan türkcəsini öyrədən cəmiyyətin yaradılması işinə başlayıb. Bundan başqa nümayəndəlik yerli soydaşlar arasında pulsuz olaraq ana dilində A.Ziyadxanlının «Azərbaycan: tarixi, ədəbiyyatı və siyasəti» adlı kitabını yayırdı. Azərbaycanla İran arasında diplomatik danışıqlar teleqraf, ticarət-gömrük, poçt sazişlərinin, hüquq, konsul konvensiyaları və s. məsələlər ilə bağlı 8 müqavilə imzalanması da məhz Adil xan Ziyadxanlının səfirlik etdiyi dövrə, 1920-ci il martın 20-nə təsadüf edir.

1919-cu ildə Bakıda A.Ziyadxanlı tərəfindən üstü yazılaraq Azərbaycan Cümhuriyyətinin İrandakı səfirliyinə təqdim etdiyi «Azərbaycan haqqında (tarixi, ədəbi və siyasi məlumat)» sənə (il) hicri-1388, miladi-1919, Bakı, hökumət mətbəəsində çap olunmuş əsərinin ərəb əlifbası ilə türkcə nüsxəsinin surəti var ki, səfirliyin möhürü ilə də təsdiq edilib. Adil xan öz xətti ilə aşağıdakıları yazıb: «21 mart 1920. Novruz bayramı günü Azərbaycan Cümhuriyyətinin rəsmi surətdə tanınması və ilk dəfə olaraq Tehranda səfirliyin açılışı və bayraq qaldırmaq münasibətilə Azərbaycan səfarətinə yadigar olmaq üzrə verildi» (Adil xan Ziyadxanov. Azərbaycan (haqqında tarixi, siyasi və ədəbi məlumat), hicri 1338, miladi 1919, Bakı: (ərəb əlifbası ilə türkcə), s.

Bu barədə kitabın ön sözündə Adil xan ətraflı izah verərək yazıb: «… Vətənin mənafeyi və onun yolunda üzərimə düşəcək vəzifəni düşünüb 1918-ci sənəsinin oktyabrının 30-cu günündə cavan Azərbaycan Cümhuriyyətinin xariciyyə nəzarəti işlərinin ifasına iqdam etdim. O gündən sonra məmləkətin daxilində və xaricində vaqe olmuş hadisələr, məni məmləkətimizin siyasi əhvalı xüsusunda bir məruzə təqdim etmək məcburiyyətində qoydu. Bu məruzənin hazırlanmasında keçmiş tarix aləminə də nəzər etmək məcburiyyəti olduğundan mənim məruzəm xalis siyasi şəkil almayıb, siyasət aləmindən savayı tarixi və ədəbi aləmlərdən də bəhs etməyə məcbur olduq…». Bu əsərin Azərbaycan Respublikasının İrandakı səfirliyində ərəb əlifbası ilə türkcə nüsxəsi var və səfirliyin möhürü ilə də təsdiq olunub.

A.Ziyadxanlı «Qələmin uçuşu» əsərində İrana səfir təyin edilməsini belə qələmə alır: «İran Şahənşahlığı yanında ilk Səfarətin iftixarı bu sətirlərin müəllifinə nəsib oldu. 15 yanvar 1920-ci il tarixində Tehrana daxil oldum. Ali dövlət rəhbərləri tərəfindən rəsmən qəbul edilərək öz etimadnaməmi təqdim edib, Azərbaycan Xalq Cümhuriyyətinin Kiyan paytaxtında ilk səfarətxanəsini təsis etdim və bununla da Tehranda yerləşən bütün səfirliklər, nazirliklər və siyasi nümayəndəliklərin sırasına daxil oldum».

İrandakı Azərbaycan səfirliyi 28 aprel 1920-ci il tarixinədək fəaliyyət göstərmişdi. Azərbaycan işğal ediləndən sonra A.Ziyadxanlı vəzifəsindən kənarda qaldı, İran Qacar dövlətindən siyasi sığınacaq alaraq orada vəkillik peşəsi ilə məşğul olmağa başladı. Çünki Azərbaycana qayıdacağı təqdirdə bolşeviklər onu da qardaşı İsmayıl xan kimi güllələyəcəkdilər: «II Dünya müharibəsində sovet qoşunları İrana daxil olarkən sovet təhlükəsindən yaxa qurtarmaq üçün Adil xan Türkiyəyə mühacirət etmək məcburiyyətində qalır. 1934-cü ildə Tehrandan İstanbula köçüb. O, zəngin biliyi və geniş həyat təcrübəsini türk gəncliyi ilə bölüşmək üçün İstanbul Universitetində dərs demişdi. Uzun və mənalı ömür yaşayan A.Ziyadxanlı — Cavad xanın kişi nəslindən olan sonuncu nəticəsi 1954-cü ildə İstanbulda vəfat etmiş və orada torpağa tapşırılmışdı».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 4 sentyabr.- S.14.