Cəfər Cabbarlı istiqlal mücahidi kimi

 

Ədəbi-mədəni mühitdə günü-gündən fitri istedadı ilə tanınan, fəal və coşğun yaradıcılığı ilə ictimaiyyətin diqqətini cəlb edən, dövlət quruculuğu prosesinə yaxından köməklik göstərən gənc Cəfər Cabbarlı həqiqi vətənpərvər, istiqlal ideyalarına sadiq milli ruhlu türkçü idi. Ədəbi yarışlara və müsabiqələrə biganə qalmayan sənətkar zaman-zaman müxtəlif mövzularda qələmini sınamışdır. Onun müxtəlif illərdə «Qurtuluş», «Tuti» məcmuələrinin müsabiqələrində iştirakı və uğur qazanması deyilənlərə bariz nümunədir. Cabbarlı məlumatlı idi ki, Azərbaycan Cümhuriyyətinin rəsmi dövlət atributları olan üçrəngli bayrağı təsdiqlənəndən sonra (1918, 9 noyabr) gerbininhimninin hazırlanması və ictimai müzakirəsi aşkar şəraitdə, müsabiqə yolu ilə həyata keçiriləcək. Onun 1919-cu ilin ilk günündən bədii yaradıcılığında, xüsusilə poeziyasında vətənpərvərlik ruhu, ölkəyə, onun əsrarəngiz təbiətinə, zəngin sərvətinə və nemətinə, milli dövlətinə, azadlıq və istiqlal ideyalarına sevgisi güclü, tükənməz və təkrarsızdır. «Azərbaycan» qəzetinin 1 kanuni-sani (yanvar) 1919-cu il sayında çap etdirdiyi «Sevimli ölkəm» şeirini müəllif, çox ehtimal ki, müsabiqədə iştirak etmək məqsədilə milli himnimizə mətn kimi yazmışdır. Müəllifin sovet dövründə nəşr edilən kitablarında «Ölkəm» sərlövhəsi ilə verilən və əsassız redaktələrə məruz qalan əsərində «unudulan» bəndlərdən biri də belədir:

 

«Yanar dağ»larında yalov coşarmış,

Ona tapınmaya ellər qoşarmış,

Bir çağ varmış, ölkəm azad yaşarmış,

Bu yollarda izləri var ölkəmin.

 

İstedadlı bəstəkar Asəf Zeynallının (1909-1932) sonralar C.Cabbarlının mətni əsasında bəstələdiyi, sevilə-sevilə ifa olunan, dildən-dilə düşən, rəsmi məclislərdə, dövlət tədbirlərində himn kimi dinlənilən «Ölkəm» romansının mətninin nəşr tarixi əslində milli himnlər üçün elan edilməmiş müsabiqənin «start» tarixinə çevrildi.

İstiqlalın ildönümü ərəfəsində Cəfər Cabbarlının bu günədək mətni tam çap olunmayan iki şeiri şərqiyə çevrilərək dillər əzbəri idi. Milliyyətçilik vətənsevərlik ruhunda yazılmış «Türk sağ ikən…» «Yaşasın Azərbaycan» şeirlərini milli himn yaradıcılığı istiqamətində irəliyə atılmış uğurlu addımlar da hesab etmək olar. Mirzə Balanın fikrincə, «Yaşasın Azərbaycan» şeirinin mətni musiqisi Cəfər Cabbarlıya məxsusdur. O, əvvəlki fikirlərini şaxələndirərək davam etdirərək dostunun vəfatının 3-cü ildönümü münasibətilə yazdığı məqalədə qeyd edirdi: «Cəfər qəhrəmanlıq, yurdsevərlik, milliyetçilik təlqin edən sözlərlə birlikdə, motivi kendisinə aid olan digər bir şarkısında diyordu ki:

 

Kafkasyanın dumanlı dağlarında,

Oynaşarak koşuyor.

Dört bir yana aşıyor,

Azərbaycan askeri.

Od yurdunun hüdudların düşmənlərdən

Sarsılmadan koruyor,

Aslan kibi ölüyor,

Azərbaycan əskəri.

Arş irəli, arş irəli Azərbaycan.

Marş irəli, marş irəli

Yaşasın Azərbaycan!

 

Cəfərin oynaq, şaqraq, şən coşqun bir motiv üzərinə söylənmiş bu şarkısında milliyətçiliklə yurdçuluq, Azərbaycançılıqla Kafkasiyaçılıq mükəmməl bir surətdə telif edilmişdir

Müstəqil dövlətin atributlarından biri olan milli bayrağa onun rəmzlərinə həsr olunan şeirlər tədbirlərdə, mərasimlərdə xüsusi populyarlıq qazanır, sevilə-sevilə oxunur təbliğ olunurdu. Əhməd Cavadın «Milli bayrağımıza», Cəfər Cabbarlının «Sevdiyim», «Azərbaycan bayrağına», Əbdülxaliq Cənnətinin «Bayraq», «Sancaq», «Bayrağımız», Davudun «Azərbaycan bayrağı», eləcə Mir Mahmud Nurinin, Bədrəddin Seyidzadənin, Əbdürrəhman Dainin b. şairlərin eyni mövzulu şeirləri milli dövləti onun rəmzlərini qürur, iftixar mənbəyi sayan vətənpərvər gənclərin dilində sevgi nəğmələri, məhəbbət təranələri idi.

Gənc istedadlı sənətkarımız Cəfər Cabbarlının Azərbaycanın milli bayrağına həsr etdiyi ilk şeiri «Sevdigim» adlanır. Milyonların sevdiyi, başı üzərində dalğalandıqca qürur hissi yaşadığı, könüllərə sevinc paylayan, zirvələrdə işıq saçmaq, Turan ellərini qucaqlamaq istəyən bayrağın rənglərini müəllif sevə-sevə vəsf edir, onun qədim böyük bir xalqın «gözəlliklər tanrısı tək» müqəddəs əziz olduğunu vurğulayırdı.

 

Altun köksün hilal-yıldız işıqları öpüncə,

Zirvəsindən Şah dağının gündoğuşu dinilür,

Rəhmallahi gözəlliklər tanrısı tək pək incə,

Bir siyaqla könüllərə hey salamlar söylüyür,

O yerlərdə qardaşları, dostları var pək sevir,

Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdigim.

 

«Altun köksü hilal-yıldız»lı sevimli milli bayrağın «yaşıl donlu, mavi gözlü, al duvaqlı» poetik portreti cəmiyyətdə oxşanmaqdan, əzizlənməkdən daha çox mahiyyət məna çözümünə, rəmzlərin açımına, türk oğlunun, Turan ellərinin keçdiyi tarixi qərinələrə işıq salmaq zərurətinə ehtiyac duyulduğu müşahidə olunurdu. C.Cabbarlı «Azərbaycan bayrağına» həsr etdiyi ikinci şeirində ona ünvanlanan haqlı, məzmunlu gərəkli suallara cavab arayırdı. Mənalandırmaların bir qismi tarixi həqiqətlərə söykənsə , bəzi yozumlar müəllifə məxsusdur.

Azərbaycan Cümhuriyyətinin bu dövlət atributuna saysız-hesabsız şeirlər, nəğmələr həsr olunsa da üç boyalı, ay səkkiz guşə ulduzlu milli bayrağın simvolika açımını ilk dəfə poeziyaya gətirən Cəfər Cabbarlıdır. Onun «Azərbaycan bayrağına» şeiri milli rəmzlərimizin ilk poetik əlifba dərsliyidir. Milli ruhlu Azərbaycan gəncliyinin maariflənməsində, ictimai şüurun oyanışında C.Cabbarlının poetik irsinin əhəmiyyəti danılmazdır. «Sevimli Ölkəm», «Sevdiyim», «Azərbaycan bayrağına» şeirləri mövzusu, ideya istiqaməti, fonematik səslər sistemi, musiqiyə uyarlığı etibarilə milli himnin yaranması prosesində təməl, mərhələ missiyasını daşıyan layiqli sənət nümunələridir.

Cəfər Cabbarlının tanınmış ictimai-siyasi xadimlər, məclisi-məbusan üzvləri ilə birbaşa təmasları gənc sənətkarın dünya görüşünün formalaşmasında, sürətlə cərəyan edən hadisələrin mahiyyətinin dərk olunmasında əhəmiyyətli təsirə çəkiyə malik idi. Məqsəd məramların üzdə oxşar, astarda fərqli, zidd məqamların kəsişdiyi məkanda ziyalı, sənətkar mövqeyinin müxtəlif formatlı təcavüzlərə məruz qalması, ciddi mənəvi-etik inzibati-hüquqi müstəvidə mühafizə müdafiə olunmaması təəssüf doğurucu reallıq idi. Belə bir mühitdə o, siyasi cərəyanlara qoşulmağa ciddi həvəs göstərməsə mütəmadi müxtəlif səviyyəli təklif təkidlərlə üzləşirdi. Lirik əsərlərini çap edən, səhnə əsərləri haqqında məlumat verən siyasi firqə orqanları gənc ədibə etdikləri «yaxşılıqların» əvəzində onu sıralarına çəkməyə cəhdlər göstərirdilər. Bu baxımdan sosial-demokratlara (Azərbaycan bolşeviklərinə) rəhbərlik edən, Məclisi-məbusanın (Azərbaycan Parlamentinin) üzvü Ə.H.Qarayevin onun tərəfdarlarının «fəallığı» xüsusi vurğulanmalıdır. Cəfər Cabbarlının «Ənvər bəyin Trablis müharibəsi», «Ənvər bəyin Ədirnə fəthi», «Bakı müharibəsi» pyesləri haqqında «Hümmət» (1918, 14 mart,35), «Bakı fəhlə konfransının əxbarı» (1919, 6 iyul, 20), «Zəhmət sədası» (1919, 18 sentyabr, 12) qəzetlərinin səxavətlə material dərc etməsi təsadüfi deyildir. Sosial mənşə etibarilə yoxsul bir ailədə dünyaya gəlmiş, çox erkən ailənin əsas dayağınıatasını itirmiş bir istedadlı gənci öz tərəfinə çəkməyə çalışan «fəqir-füqəra firqəsi»nin cəhdləri başa düşüləndir.

Cəfər Cabbarlı Sosialistlər Firqəsinə dəvəti qəbul etməsə , bu partiyanın nəzdində yaradılan «Qırmızı Qələm» Cəmiyyətinin ilk təsis iclasında iştirak etməyə razılıq verdi. Çünki qırmızıqələmçilər yeni yaratdıqları cəmiyyətin əsas məramının xalqa xidmət olduğunu bəyan edirdilər.

 

 

Oktay

 

Yeni Azərbaycan.- 2012.- 5 sentyabr.- S.13.