Oğuzlarla bağlı yer
adları
Türklərdə qədimdə
yer adları igid oğullarının adıyla
adlandırılıb
Hər bir xalqın yaşaması, var olması bir neçə cəhətlə (dil birliyi, tarix birliyi, etnos birliyi) ilə bağlıdır.
Azərbaycan Türklərinin bu bölgədə yaşamasını, köklü-köməcli xalq olmasını təsdiq edən amillərdən biri olan dil birliyi amilinin təsdiqi özünü toponimlərdə göstərir. Araşdırmaçı Gülxani Pənah Oğuz rayonundakı türkmənşəli toponimləri ardıcıl olaraq araşdırır. O, bildirir ki, Oğuz Türkləri Türk Dünyasının çox böyük hissəsini təşkil edir. Onların tarixi çox qədimdir: «Oğuz tayfaları, onların adlarıyla bağlı yer adları, toponimlər üstündən minillər keçsə də, bu gün yaşamaqdadır. Qədim tarixə, böyük mədəniyyətə malik olan III-IV əsrlərdə Albaniyanın ən böyük vilayətləri olan Şəki-Qəbələ arasındakı ərazidə yerləşən Oğuz rayonu tarixin kəşməkeşli dövrlərini yaşayıb. Tarixçi İsrafil İsmayılov yazır ki, 17 kitabdan ibarət «Coğrafiya» əsərinin müəllifi, qədim yunan tarixçisi Strabon Qafqaz Albaniyası haqqında konkret məlumatlar verib və indiki Şəki-Zaqatala zonasının (Oğuz da bu bölgəyə daxildir-G.P.) 20-25 əsr ondan əvvəl abad və əhalisi sıx olan yaşayış yerləri olduğunu göstərib».
Qədim tayfa və birliklərin adları bu yerlərdə indi də qalmaqdadır: «Hələ XI əsrdə Mahmud Kaşğarlı yazdığı «Divani-lüğəti-t-türk» əsərində Oğuz türklərinin gücündən, qüdrətindən bəhs edir və onların daha güclü boy olduğunu bildirirdi. Bu boyların hər birinin öz adı var və bu da göstərir ki, oğuz türkləri uzun əsrlər boyu tayfa adlarını qoruyub saxlayıblar. «İç ok» (İç Oğuz) və «Boz ok» (Taş Oğuz) deyilən iki qola ayrılaraq onların bir hissəsi dağətəyi, dağlıq ərazilərdə məskunlaşıblar. Türklərin ən çox məskunlaşdığı Böyük Qafqaz dağlarının ətəklərində bir çox yer adları, yaşayış məskənləri bu yerlərdə ilk öncədən məskunlaşmış tayfa və birliklərin adlarını özündə yaşadır. Belə ki, Oğuz rayonunun ərazisində «Daş üz» adıyla tanınan yerdə 1953-1956-cı illərdə arxeoloji qazıntılar aparılıb, bir zamanlar buraların böyük bir yaşayış məskəni olduğu müəyyənləşdirilib. Əraziyə yaxın yerlərdəki Qazan xan qalası, Vardan türbəsi və digər qala və qəsrlərin adları bir çox tarixi həqiqətlərin yenidən araşdırılması üçün gərəkli, dəyərli, elmi axtarışların, araşdırmaların dərindən aparılmasınının vaxtının çatdığından xəbər verir. Təsadüfi deyil ki, əslən elə Oğuzda dünyaya göz açmış, bu yerlərin tarixinə dərindən bələd olan arxeoloq-tarixçi alim Saleh Qazıyev Daşüz və ona yaxın ərazidə apardığı tədqiqat işləri ilə, əldə etdiyi nəticələrə görə alimlərə-dilçilərə, tarixçilərə, etnoloqlara dəyərli, elmi yeniliklər bəxş edib. Tədqiqatlar zamanı əldə edilmiş maraqlı, zəngin məlumatlar yer altından çıxan müxtəlif bəzək əşyaları, qab-qacaqlar, əmək alətləri, xüsusilə Kərimli (keçmiş adı Vardanlı) və Qarabaldır kəndləri arasındakı qəbirstanlıqda aparılan tədqiqat işləri bir çox qaranlıq qalmış məsələlərin aşkarlanmasına, aydınlaşdırılmasına imkan yaradır. Minillərdən öncə burada məskən salmış saklar, skiflər, udilər, utilər və digər tayfaların soykökündə türkdilli tayfaların durduğu, burada lap qədimdən məskən saldığı sirr deyil. Türk dillərinin, türk xalqlarının tarixinin, mədəniyyətinin araşdırıcısı, professor Elməddin Əlibəyzadənin «Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi (islamaqədərki dövr)» kitabında təxminən 8-10 minillik bir dövr tədqiq olunur, burada mənəviyyat tariximizin ilkin qaynaqları öyrənilir. Tədqiqatçının adlarını çəkdiyi bu tayfalar, bu yerlərdə məskunlaşmış, qaynayıb-qarışmış, çarpazlaşmış Azərbaycan-Türk xalqının, millətinin formalaşmasında həlledici rol oynayıb. Sonralar bu yerlərə axışıb gəlmiş digər türk tayfaları yerli tayfalarla qaynayıb-qarışıblar. Azərbaycan xalqının soykökündə duran bu tayfaların adlarıyla bağlı yer adları bu gün də Oğuz rayonunun ərazisində qalmaqdadır.
Mahmud Kaşğarlının əsərində adlarını çəkdiyi «Qınıq»lar, «Qanığ»lar, «Bayandur»lar, «İvfa»lar və ya «Yelfa»lar, «Salğur»lar, «Əfşar»lar, «Bəğti»lər, «Bəkdüz»lər, «Bayatı»lar, «Eymür»lər, «Qarabölük»lər, «Alqabölük»lər, «İkdir»lər, «Ürəgir»lər, «Tuturca»lar, «Tükər»lər, «Beçenek»lər, «Çuvaldar»lar, «Çəpki»lər, «Çarluq»lar Oğuz tayfalarıdır, boylarıdır. Oğuz rayonunun ərazisində məskunlaşmış Bayat, Alpout, Quqarlar, Xələc və digər tayfaların oğuz tayfaları olduğunu bildirən tarixçimiz fikirlərində haqlıdır. Bu boylarla bağlı buradakı yer adları türk cəngavərlərinin, qəhrəmanlarının adlarını daşıyır. Məsələn, Vardanlı kəndinin adı tarixdə adı məşhur olan, soykökümüzün əsasında duran tayfa və qəbilələrin ilk dövləti olan Albaniya dövlətinin tarixi şəxsiyyətlərindən birinin adı ilə adlandığı şübhə doğurmur. Musa Kalankatuklunun «Albaniya tarixi» əsərinə əl gəzdirib «özününküləşdirmək» siyasəti yeridən ermənilərin fırıldaqçı tarixçilərinin, din xadimlərinin yalançı yazılarına baxmayaraq bu kitabda bir çox tarixi həqiqətlər yaşayıb və bugünümüzə gəlib çatıb. «Erməni sərkərdəsi» kimi qələmə verilən Vardan Cəsur Vardan olub, bir zaman Alban dövlətinin möhkəmlənməsində mühüm rol oynayan, əski türk tayfalarına yaxın olan hunlarla əlaqələr yaradan, onların alban dövlətinin ərazisinə gəlməsində, buradakı yerli türk tayfalarıyla qaynayıb-qarışmasında mühüm rol oynayan əski soykökümüzə mənsub tarixi bir şəxsiyyət kimi qiymətləndirilməsi həqiqətdir. Kəndin ərazisində indi də qalmaqda olan «Vardan türbəsi» adlanan abidələrdən biri bu adla bağlı bəzi məsələlərə aydınlıq gətirmək baxımından qiymətlidir. Döyüşkənlik, cəsurluq, yenilməzlik Cəsur Vardana — bir türk oğluna məxsus keyfiyyətlərdir.
«Albaniya tarixi» kitabında öz döyüşkənliyi, cəsarəti ilə tanınan «Vardanı hunlar ölkəsinə səfir göndərirdilər və ona hunlarla danışıqlar aparmaq və sarsılmaz ittifaq bağlamaq haqda tapşırıq verildi. Bütün baş verən hadisələr barəsində xəbərləri eşidən hunlar hər şeyi öz gözləri ilə görmək üçün oraya nümayəndə göndərirdilər və görəndən sonra səmalardan endirilmiş qanunlara əsasən and içdilər, xaçpərəstlərin möhkəm ittifaqı haqda anlayışlarını qəbul etdilər. Beləliklə, bütün arzularına nail oldular» (Ziya Bünyadov).
Yalnız öz soydaşlarına yaxşılıq edib hunlar sülh şəraitində Qafqaza gəlmişdilər. Böyük Hun imperiyası yaradıb, tarixdə ad alıb, həmişə gözəl təbiəti, iqlimi sevən türklər — hunlar bu yerlərdə məskən salmış yerli türk tayfalarının razılığı ilə bu yerlərə səfər edib və sonralar burada da məskunlaşıblar. Vardan da onların layiqli elçisidir.
Moisey Kalankatuklunun «Albaniya tarixi» əsərində Varaz Qriqorun babası Cavanşirin ulu babası Cəsur Vardan Mehranilər sülaləsindən olub, ilk dəfə olaraq xristianlığı qəbul edib. İgid Vardanın nəvəsi Varaz Qriqorun (628-636) hökmranlığında Mehranilər xristianlığı qəbul edib. Birinci dəfə imperator İrakli, ikinci dəfə isə Katalikos Viro tərəfindən xaç suyuna salınmışdı. Mehranilər sülaləsinin görkəmli nümayəndəsi Varaz Qriqorun ikinci oğlu knyaz Cavanşir idi (637-680). Onun hökmranlığı dövründə ərəblər Arranı istila etməyə başladılar. Söhbət heç də xristianlığın və ya islam dininin qəbul edildiyi tarixin deyil, Vardan kəndinin adı, etimologiyası ilə bağlı aparılan işdən gedir. Türk tayfalarında yer adlarının türk xalqlarının igid, cəsur oğullarının adıyla adlandırılması bizə məlumdur. Çünki bu xalqlar öz qəhrəmanlarını, onların sücaətini, adını əbədiləşdirmək ənənəsinə lap qədimdən malikdirlər və Vardan kəndinin adı da bu qəbildəndir».
Oğuz-türk tayfalarından birinin adı «Bayandur»lardır. Mahmud Kaşğarlı
«Divan»ında «Bayandur»lar haqqında məlumat verilir. Oğuz rayonunun «Bayan» kəndinin adı bu tayfa, boyun
adıyla ilişgilidir.
«Kitabi-Dədə Qorqud»
dastanında Oğuz elinin xaqanı xanlar xanı Bayandır xandır: «Oğuz rayonunda Oğuz qalası, Qazan xan qalası
və digər qədim qala və abidələrin adları nəyi sübut etmir? «Bayan» kəndinin adı da Bayandurlar qəbiləsinə, oğuz-türk
tayfasına aiddir.
Bu adla bağlı yer adları respublikamızın digər
ərazilərində də
var. Şəmkirdə, Şamaxıda
Bayan dağı, Türkiyədə Bayandur
şəhəri, Bərdədə
Bayandurlu kəndi, Laçında Bayandurlar çayı, Oğuzun Qumlaq-Bayan şosse yolunun kənarındakı
Bayandır talası (bura «Baydar talası»
da deyirlər) adlanan yer adları
oğuzların «Bayandur»lar
adlanan böyük tayfasının adıyla bağlı yer adları olduğuna şübhə edilmir. Oğuz rayonunun ən qədim yaşayış
məskənlərindən olan Daşağıl kəndinin adı da türkdillidir. «Daş» (dış)
və «Oğuz» kimi, eləcə də «dışarı» (kənar) kimi izah edənlərin fikriylə yanaşı bunu da nəzərə
çatdırırıq ki,
bu kənddə böyük ağıllar-qoyunçuluq
üçün yararlı
yerlər çoxdur.
Hətta
xalq arasında belə rəvayət də var ki,
ölkənin hökmdarı
təssərrüfatı, mal-qaranı yadellilərin işğalından qorumaq
üçün Xalxalda,
Daşağılda böyük
ağıllar tikdirmişdilər.
Bu ağılların qalıqları indi də qalmaqdadır. Daşağılda «Qazanın ağlı»
deyilən ərazidə
daşdan-çay daşlarından
tikilmiş tikililərin
qalıqları özünün
tarixi araşdırmasını
gözləyir. «Daşağıl» sözü
həm çoxlu daş yığınının
mövcud olduğu ərazi, həm də qoyunlar saxlanan ağılın (daş hasara alınmış ərazi)
daşdan hörüldüyünə
işarədir. Bu kənd coşğun dağ sellərinin yığıb gətirdiyi
daşlarla zəngindir.
Və bu kənddə evlərin əksəriyyəti
çaylaq daşlarından
tikilib. Ərazidə mal-qara örüşü
üçün əlverişli
şərait var. Oğuzun
Qarabulaq, Qarabaldır kənd adları bir zaman yüksəklik,
ucalıq rəmzi kimi götürülən
dual təsəvvürlərdən əvvəl yaranmış
«Qarabölük»dür. Bu kəndlərin adları da tayfa adlarıyla
bağlı ola
bilər. «Kitabi-Dədə
Qorqud» dastanlarının
qəhrəmanları Qarabudaq,
Qaragünə kimi Qarabaldır, Qarabulaq kənd adları da türk mənşəli
olub, qədimdir.
Orta əsrlərdə Qafqaz Albaniyasında Xalxal adlı şəhərin mövcud olduğu söylənilir.
Oğuzun Xalxal kəndi çox qədimdir. Bu kəndin
dağılmış, sökük
də olsa, bu günə qədər mövcud olan qala divarları,
bir sıra məhv olmuş qəsrlərin qalıqları
onu deməyə əsas verir ki, bu yerlər
Böyük Qafqazın
ətəklərində yerləşmiş
ən səfalı yerlərdən olub və buradan tapılan tarixi əşyalar onun qədim mədəniyyətə
malik olduğunu göstərir. Əgər tarixçilərimiz, arxeoloqlarımız bu yerlərin zəngin qədim tarixini öyrənmək üçün
tədqiqat işlərini
genişləndirsələr, hələ çox açılmamış, elm aləminə
qaranlıq qalmış
mətləblərin də
açılmasına, öyrənilməsinə
imkan yaranar. «Xalxal» tayfa adı da var. Bu yerlərdə irili-xırdalı
iyirmiyə qədər
azsaylı kiçik xalqların nümayəndələri
bu gün də yaşamaqdadır və onlar dillərini,
mədəniyyətlərini, adət-ənənələrini qoruyub saxlayırlar. Çox qəribədir ki, bu yerlərdəki
iyirmi iki kəndin hər birinin özünəməxsus
adət-ənənəsi var
və bunlar bir-birindən öyrənməklə,
qaynayıb-qarışmaqla Vahid Azərbaycan dövlətinin yaranmasında
və inkişafında
iştirak etməklə
yanaşı, öz əsillərinə, soyadlarına
da sədaqətli qalıblar».
Uğur
Xalq Cəbhəsi.- 2012.- 7 sentyabr.-
S.14.