Azərbaycanın ilk qadın pedaqoqlarından biri

 

Mədinə xanım Vəkilova ölkənin istiqlalının qızğın tərəfdarı idi

 

Azərbaycanın ilk qadın pedaqoqlarından biri olan Mədinə xanım Qiyasbəyli 1889-cu il sentyabrında Qazax qəzasının Salahlı kəndində Mehdi ağa Vəkilovun ailəsində dünya göz açıb. İsmayıl Umudlu onun həyat və fəaliyyətini araşdırıb: «Atası bircə qızına yaxşı təhsil vermək istəyirdi. Odur ki, Tiflisə aparıb «Müqəddəs Nina» qızlar məktəbinə qoydu.

Tiflisdə Yermolov küçəsində yerləşən bu təhsil ocağına 8 yaşdan 12 yaşadək qızlar qəbul olunurdu və onlar dövlət hesabına oxuyurdular. Məktəb 7 sinifdən ibarət idi və bunadan əlavə 2 hazırlıq sinfi vardı. Xalq Maarif Nazirliyinin proqramı əsasında tam kurs tədris olunurdu.

1904-cü ildə Tiflisdə Müqəddəs Nina təhsil müəssisəsini bitirdikdən sonra Mədinə xanım da gimnaziyada birillik əlavə kursa daxil olmağı qət etdi, atası buna nəinki etiraz elədi, əksinə, qızının bu niyyətinə ürəkdən razı oldu. Mədinə xanım 1905-ci il mayın 18-də əlavə kursu da əlavə qiymətlərlə başa vurdu. Pedaqoji şuranın sədri İvan Afanasyeviç Krupennikovun mayın 21-də imzaladığı attestatda bildirilir ki, «Mədinə xanım Vəkilova rus dili və ilahiyyat fənlərini «əla» qiymətlə imtahan vermiş, rus dili hesab və ilahiyyatın ibitidai tədrisi qaydaları ilə tanış olmuşdur». Bu attestatla ona «ev müəlliməsi» adı verilirdi. Yerli xalqların təmsilçilərindən də aldığı bu gimnaziya Mədinə xanımın dünyagörüşünün formalaşmasında, onda milli təəssübkeşlik duyğularının güclənməsində böyük rol oynamışdı. Ailə mühitinin də təsiri az deyildi. Atası Mehdi ağa açıqfikirli, millətpərvər adam idi. Qafqaz türklərinin sair millətlərdən geri qalması onu qəlbən ağrıdır, bu yolda əlindən gələni eləməyə çalışırdı. Anası Gülzar xanım Şərifova-Vəkilova savadlı qadın idi».

Mədinə xanımın kənddə qızlar üçün ibtidai məktəb açmaq fikrini atası bəyənir: «Ancaq onlarca mollası, sofusu və əfəndisi olan bir kənddə qızların məktəbə getməsi fikri yaxşı qarşılanmamışdı. Belə olduqda Mədinə xanım işə qohum ailələrdən başlamışdı. Bu yolla yavaş-yavaş uşaqların sayı artaraq 30 nəfərə çatmışdı. Beləliklə, 1906-cı ilin yanvarında Salahlıda kənd yerində ibtidai qız məktəbi fəaliyyətə başlamışdı. Məktəbdə türk dili, hesab, rus dili, təbiətşünaslıq fənləri ilə yanaşı əmək və nəğmə dərsləri də keçirilirdi. Türk dilini Əhməd ağa Gülməmmədov, təbiətşünaslığı-təhsilli meşəbəyi olan atası Mehdi ağa, qalan fənləri isə özü keçirdi. Məktəb tez bir zamanda qəzada məşhurlaşıb özünü təsdiq etdirdi. 1906-cı il oktyabrın 15-də bu təhsil ocağı qəza maarif idarəsi tərəfindən rəsmiləşdirildi. Mədinə xanım Salahlı qız məktəbinin müdiri və müəlliməsi təyin edildi».

O zamanın adətinə görə, 13-14 yaşına çatan qızlar ərə verilərdi: «Mədinə xanımı da istəyənlər çox idi. Mədinə xanım ağır oturub, batman gəlirdi. Onu rəqsə çıxarmaq o qədər də asan deyildi. Oynayanda da ayrı bir əda ilə oynayar, onun oyununa tamaşa edənlər ayıl-mayıl qalardılar. Mehdi ağa seçmək məsələsində qızına sərbəstlik vermişdi. Odur ki, Mədinə xanım ailə quranda 20 yaşı vardı. Mədinə xanım dağkəsəmənli Şəhriyar bəyi özü sevib-seçmişdi. Şəhriyar bəy Əskər ağa oğlu Qiyasbəyov bu nəslin hörmətli oğullarından idi. Şəhriyar bəy atadan erkən yetim qalmışdı. Özü savadsız olsa da, oğlunun oxumasının, yaxşı təhsil almasının tərəfdarı olan və bundan ötrü çalışan anası Güləndam xanımın təkidi ilə ibtidai təhsilini başa vurduqdan sonra Qori Seminariyasına daxil olmuş, buranı 1890-cı ildə bitirmiş, bir ara müəllimlik eləmişdi. İndi isə Qazax qəzası rəisi ştabs-kapitan Reuttun dəftərxanasında dilmanc işləyirdi. Ziyalı və mədəni bir adam kimi bütün qəzada tanınırdı. Gözünün ağı-qarası bircə qızının taleyinə görə narahatlıq keçirən ata hər halda qızını Şəhriyar bəyin xəstəliyi, onun arabir həkimlərə düşdüyü barədə xəbərdarlıq eləməyi özünə borc sanmışdı. Ancaq bu oğlana qəlbən vurulan Mədinə inanmaq istəməmişdi… 1910-cu ildə Salahlının ən dəmdəsgahlı toylarından biri vuruldu. Gözəl Mədinə Dağ Kəsəmənə-Qiyasbəylilərə gəlin köçdü».

Mədinə xanım Dağ Kəsəməndə də qızlara məktəb açdı, burada eyni işlərini davam etdirdi: «1911-ci ildə ilki dünyaya göz açdı. Anasının adını qoydu-Gülzar. 1914-cü ildə ikinci qızı dünyaya gəldi — ona da Şəhriyar bəyin mərhum anası Güləndam xanımın adı qoyuldu. Ərinin Gədəbəydəki xidməti ilə əlaqədar olaraq bir müddət oralarda yaşadılar. Mədinə xanım burada da yeniyetmə qızları savadlandırmaq işləri ilə məşğul oldu.

1916-cı ilin iyulunda bəd xəbər gəldi — atası Mehdi ağa yaşayıb-işlədiyi Əksiparada qətlə yetirilmişdi. Bu, Mədinə xanımın həyatda yeniyetmə ikən ölən qardaşlarının, sevimli anasının ölümündən sonra aldığı növbəti ağır itki oldu.

Yenə övlad gözləyirdi. Bu dəfə oğlu oldu — 1916-cı il dekabrın 15-də, atasının ölümündən haradasa 6 ay sonra dünyaya gələn körpəsinin adını Mehdi qoydu. Sevinc və kədər bir-birinə qarışırdı. Vərəm öz işini görmüşdü — Şəhriyar bəy 1917-ci ilin iyununda, ömrünün çiçəklənən bir çağında 28 yaşlı gözəl Mədinəsini üç körpə uşaqla tək qoyub, bu dünyanı tərk etdi. Doktorun dediyi müddət düz çıxmışdı».

Mədinə xanım körpəsi ayaq tutan kimi, qolunu çırmayıb yeni bir qüvvə ilə maarif cəbhəsinə girməyi qərara alır: «Qüvvəsini Tiflisdə sınamaq qərarına gəldi. Bir neçə ay Zaqafqaziya komissarlığında çalışdı. Ancaq az sonra Zaqafqaziya üç yerə parçalandı. Azərbaycan hökuməti Gəncəyə köçdükdə o da Qazağa qayıtdı. Qazax qəzası xalq məktəbləri inspektoru təyin edilən Mədinə xanım qəzada maarif işinin genişləndirilməsi yolunda yerli ziyalılarla çiyin-çiyinə bir ilə yaxın var qüvvəsini əsirgəmədən çalışırdı. Mədinə xanımın siyasi məsələlərlə yaxından maraqlanması bu dövrə təsadüf edirdi. Bir əyalət ziyalısı kimi Qafqazda və Rusiyada gedən prosesləri bacardığı qədər izləyirdi. Siyasi görüşləri etibarı ilə milliyyətçi bir adam olan Mədinə xanım Azərbaycanın istiqlalının qızğın tərəfdarı idi. 1919-cu ildə — Qafqazın türk ziyalı elitasının Bakıya cəmləşməkdə olduğu bir dövrdə uşaqlarını da götürüb bu şəhərə gəldi.

Qohumu Gövhər xanım Usubova (general İbrahim bəy Usubovun xanımı) ilə əl-ələ verərək paytaxtın mədəni həyatına qoşuldu. Gövhər xanım yaşadığı Nikolayevsk küçəsi-5 ünvanda türklər üçün savad kursu açmışdı. Bura 80 nəfərə yaxın qadın-qız cəlb olunmuşdu. Hüseyn Cavid, Abdulla Şaiq, Cəmo Cəbrayılbəyli, Xudaverdi Kələntərli, Səriyyə Əhmədova, Nəimə Qazıyeva bu kursda tədris işində idilər. Mədinə xanım bu təşəbbüsdən nümunə götürərək Armyansk küçəsində (Maksim Qorki) yerləşən mənzilində 1920-ci ilin martında belə bir axşam kursu təşkil etdi. Martın 10-da onun rəsmiləşdirilməsinə nail oldu. Mədinə xanımı 2-ci qadın axşam kursunun müəlliməsi təyin etdilər. Qısa bir müddət ərzində bura savadlanmaq arzusunada olan 20 nəfərə yaxın qadın cəlb edə bilmişdi. Kursda Üzeyir Hacıbəyov, Xədicə xanım Ağayeva, Şəfiqə xanım Əfəndizadə dərs deyirdilər.

Mədinə və Gövhər millət üçün bu faydalı təşəbbüslərində nə qədər maneələri dəf etməli olurdular».

Qəfildən çevriliş baş verir, Milli Hökumət devrilir, Sovet hakimiyyəti elan edilir: «1920-ci il dekabrın 20-də Mədinə xanım Qiyasbəyli Darülmüəllimatın müdirəsi və müəlliməsi, əri yeni hökumət tərəfindən Nargində güllələndikdən sonra dul qalmış Gövhər xanım Usubova isə onun müavini təyin edilirlər. Bu təhsil ocağında Azərbaycanın hər yerində açılmalı olan qız məktəbləri üçün müəllimələr hazırlanacaqdı. Zarafat deyildi, bütün Şərqdə ilk dəfə məhz Bakıda, Azərbaycanda qızların öz dilində ali təhsil almaq imkanlarının təməli qoyulurdu. Bu təməl daşlarını qoymaq Mədinə xanımın taleyinə yazılmışdı. Mədinə xanım buraya tanınmış qadın pedaqoqlardan Şəfiqə xanım Əfəndizadə, Xədicə xanım Ağayeva, Sara xanım Talışinskaya, Badusəba xanım Köçərli, Fatma xanım Topçubaşovanı cəlb etdi.

Darülmüəlliamatda eyni zamanda digər türk və müsəlman cümhuriyyətlərindən qızlar gəlib təhsil alırdılar. Bu məktəbin şöhrəti Azərbaycanın hüdudlarınadan uzaqlara yayılmışdı. Türkmənistanda, Özbəkistanda, Dağıstanda qız məktəbləri açılanda Mədinə xanımın təcrübəsindən istifadə edilmişdi. Tiflis şəhərində Türk Pedaqoji Texnikumu açılanda və onun müdriyyəti Bakıdan bir təcrübəli pedaqoq istəyəndə Az.SSR Baş Tərbiyə İdarəsi Mədinə xanımı məsləhət bilmişdi. Ancaq ailə vəziyyətinə görə getməmişdi. 1926-cı ilin sentyabrında Mədinə xanımı köhnə ziyalı nəslinə mənsub olduğuna görə müdirəlikdən götürürlər. Onun yerinə partiyaçı Mina xanım Mirzəyeva təyin edilir. Ancaq Mədinə xanım rus dili müəlliməsi kimi seminariyada qalır. Məktəbin adı dəyişdirilib «Pedaqoji Texnikum» qoyulur.

1926-cı ildə şəhərdəki oğlan və qız pedtexnikumları birləşdirildikdə, o, burada bir sıravi müəllimə kimi fəaliyyətini davam etdirməyə razılaşmışdı. 1928-ci ildə onu pedtexnikumun binasındakı otaqlarınadan çıxarıb Proletar küçəsindəki ikiotaqlı mənzilə köçürürlər. Mədinə xanım küçəyə pəncərəsi olmayan bu yarıqaranlıq otaqda da özünə səliqə-səhman düzəltməyi bacarmışdı».

1932-ci il noyabrında Azneft meydanında tramvaydan düşərkən yıxılır, onurğa sütunundan ağır zədə alır: «Onu ölümün pəncəsindən cərrah M.Topçubaşov xilas edir. Tramavay qəzasından sonra məktəblərə gedib-gəlməyi çətinləşmişdi. Ağrılara dözə bilmək üçün korset taxmalı olmuşdu. Ömrünü sərf etdiyi müəllimlik peşəsindən demək olar, ayrılaraq tərcüməçiliklə məşğul idi. Səməd Vurğunun vasitəsi ilə o çağın tanınmış rus şairlərindən N.Aseyev, V.Luqovskoy ilə yaxından tanış olmuşdu. Azərbaycan yazıçılarının ən yaxşı əsərlərinin rus dilinə tərcümə olunmasında onlara böyük köməyi dəymişdi. Səməd Vurğunun, Süleyman Rüstəmin, Rəsul Rzanın, Nigar Rəfibəylinin bir çox şeirləri, M.S.Ordubadinin «Dumanlı Təbriz», Əbülhəsənin «Yoxuşlar» romanları rus oxucusuna Mədinə xanımın qələmi ilə çatdırılmışdı. «Yevgeni Onegin»in çevrilməsində rus dilinin incəliklərinə vararkən çətinliklərlə rastlaşan Səməd Vurğunun ən yaxın məsləhət yeri Mədinə xanım idi. Ziyalılar mühitində onun böyük hörməti və nüfuzu olmasını gözləri götürməyənlər də yox deyildi. Mədinə xanım barəsində MTN arxivində saxlanılan və 1933-cü ildə tərtiblənmiş 16548 saylı formulyardakı xüsusi materiallardan anlaşılır ki, o, hələ 1925-ci ildə Az.SSR DSİ və XDİK orqanları tərəfindən uçota alınmışdı və həbs edilənədək, yəni 1938-ci ilədək gücləndirilmiş agentura ilə əhatə edilmişdi. Bu dövrdə hər bir addımı ciddi müşahidə altında olmuşdu. Müxtəlif agentlərdən toplanmış məlumatlardan belə görünür ki, onların hamısı Mədinə xanımın Müsavat Firqəsinin keçmiş üzvləri ilə əlaqəsini müəyyənləşdirmək, onun apardığı işlərə işıq salmaq üçün xüsusi tapşırıqlarla onun yanına göndərilirdilər».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 8 sentyabr.- S.14.