90 yaşlı Mədəniyyət
və İncəsənət Universiteti
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti 90 yaşına təhsil və yaradıcılıq
sahəsində böyük nailiyyətlərlə qədəm
qoyur. Yarandığı ilk dövrlərdən etibarən Azərbaycanda
mədəniyyət və incəsənət üzrə mütəxəssis
hazırlayan universitet öz başlanğıcını
1923-cü ildə Azərbaycan Maarif
Komissarlığının qərarı ilə
yaradılmış Bakı Teatr Məktəbindən
götürür. O zaman məşhur sənətkarımız,
Milan və Kiyevdə təhsil almış, opera sənətimizin
ilk professional müğənnisi, SSRİ xalq artisti
Şövkət Məmmədovanın təklifi və təşəbbüsü
ilə yaradılmış bu sənət məktəbi
böyük inkişaf yolu keçmişdir. Məktəbdə
ilk illərdən başlayaraq dərs demiş sənətkarlardan
Əbdürrəhim bəy Haqverdiyevin, Cəfər
Cabbarlının, Hüseyn Cavidin, Abbas Mirzə Şərifzadənin,
Mirseyfəddin Kirmanşahlının, Aleksandr Tuqanovun, Rza
Sarabskinin və başqalarının adları xüsusi qeyd
olunmalıdır. Teatr Məktəbinin ilk məzunları
içərisində Fatma Qədri, Rza Əfqanlı,
Şüa Şeyxov, Hacıməmməd Qafqazlı,
sonrakı illərdə Əfrasiyab Bədəlbəyli, Ələsgər
Ələkbərov, Ələsgər Şərifov, Gülxar
Həsənova, Nəsibə Zeynalova və başqa
tanınmış sənətkarlar olmuşdur.
O
dövrdə Bakı Teatr Məktəbi təkcə Azərbaycan
üçün deyil, Özbəkistan, Türkmənistan,
Dağıstan, Krım və digər regionlar
üçün də aktyor və rejissor kadrları
hazırlayırdı. Onların bir çoxu, o cümlədən
görkəmli özbək aktrisası Həlimə Nəsirova
sonralar SSRİ xalq artisti adına layiq görüldü.
Bütün bunlar Bakı Teatr məktəbinin 20-30-cu illərdəki
maarifçilik missiyasını bir daha təsdiq edir. 30-cu illərdə
Bakı Teatr Məktəbində həm tələbələrin,
həm də müəllimlərin sayı artmışdı.
Belə ki, bu dövrdə respublikanın müxtəlif
rayonları üçün Teatr Məktəbində
xüsusi yerlər ayrılırdı. Həmçinin
Gürcüstan, Dağıstan, Özbəkistan, Türkmənistan
və Tacikistan üçün də ayrılmış yerlərin
sayı artırılmışdı.
Bu
illərdə Azərbaycanın bir neçə
teatrının nəzdində aktyor kadrlarının
yetişdirilməsi üçün studiyalar fəaliyyət
göstərirdi. Bu studiyalarda aktyor sənəti, səhnə
danışığı, rəqs və başqa fənlər
tədris edilirdi. Amma dərs deyənlərin böyük əksəriyyəti
pedaqoji təcrübəyə malik deyildi. Buna görə də
1933-cü ildə bu tipli studiyalar Bakı Teatr Məktəbinə
verildi. Bu, Teatr Məktəbinin işində yeni mərhələ
oldu. Həmin dövrdə teatr nəzəriyyəçiləri
də tədris prosesinə yardım göstərən yeni
kitablar nəşr etməyə başladılar.
Moskva
teatr mühiti ilə Azərbaycanın, konkret olaraq Bakı
Teatr Məktəbinin əlaqələri də öz bəhrəsini
verirdi. 1936-cı ildə Azərbaycanda İncəsənət
İşləri Komitəsi yaradıldı və incəsənətə
aid bütün tədris ocaqları bu qurumun ixtiyarına
verildi. Bakı Teatr Məktəbində tədris ilinin müddəti
4 il müəyyən edildi. Tədris planına ictimai-siyasi və
sənətşünaslıq fənləri də daxil edildi.
Artıq bu illərdə Teatr Məktəbinin fəaliyyəti
Rusiyanın ali teatr məktəblərindən seçilmirdi.
Repertuar zənginliyi, tədris planları, müəllim heyəti
əvvəlki illərə nisbətən dəyişilərək
genişlənmiş və inkişaf etmişdi. 1939-cu ildə
Teatr Məktəbinə görkəmli şairimiz Osman
Sarıvəlli direktor təyin olundu. Onun Teatr Məktəbinə
gəlişi buradakı ədəbi-bədii və poetik
mühiti daha da qüvvətləndirdi.
1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradıldı. Teatr İnstitutu ilə yanaşı bu dövrdə Bakıdakı Teatr Texnikumu da Teatr Məktəbinin məzunu olan görkəmli yazıçımız Əzizə Cəfərzadənin başçılığı ilə fəaliyyət göstərirdi. 40-50-ci illərdə Teatr İnstitutunda rejissorlardan Aleksandr Tuqanov, Adil İsgəndərov, Mehdi Məmədov, Məhərrəm Haşımov, aktyorlardan Hacıağa Abbasov, Kazım Ziya, İsmayıl Dağıstanlı, Müxlis Cənizadə, nəzəriyyəçi alimlərdən Mikayıl Rəfili, Əli Sultanlı, Feyzulla Qasımzadə, Əkbər Ağayev və başqaları dərs deyirdilər.
O zamanlar Teatr İnstitutu məzunlarının çox hissəsi Azərbaycanın kənd rayonlarına göndərilirdi. Onlar ayrı-ayrı rayon mərkəzlərində yaranan teatrların təməlini qoydular. Tədris prosesində fərqlənən tələbələr təhsillərini davam etdirmək üçün Moskvaya və Leninqrada yola salınırdı.
1953-cü ildə Azərbaycan Dövlət
Teatr İnstitutu Respublika Mədəniyyət Nazirliyinin
tabeliyinə keçirildi. 1954-cü ildə instituta SSRİ xalq artisti Mirzağa Əliyevin
adı verildi.
Bu illərdə
məzunlar arasında məşhur sənətkarlar Leyla Bədirbəyli,
Məlik Dadaşov, Nəcibə Məlikova, Rauf Kazımovski,
Arif Babayev, Müxlis Cənizadə, Kamil Rüstəmbəyov
və başqa sənət xadimləri var idi.
Sonrakı
dövrdə Teatr İnstitutunda Zəfər Nemətov, Tofiq
Kazımov, Nəsir Sadıqzadə, Məlik Dadaşov, Əjdər
Sultanov, Əli Zeynalov, Şəfiqə Məmmədova, Həsən
Turabov, Amaliya Pənahova kimi istedadlı aktyor və
rejissorlardan ibarət kollektiv öz sələflərinin ənələlərini
davam etdirmişdir. Ali təhsil fərqlənmə diplomu ilə
başa vuran Turan Cavid, Ələmdar Quluzadə, Adil Babayev,
Cabir Səfərov və başqaları institutda müəllim
kimi saxlanıldı. Həmin illərdə Məmmədəli
Əsgərov, Mahmud Allahverdiyev, Ədilə Əliyeva,
İnqilab Kərimov kimi teatrşünaslar da pedaqoji fəaliyyətə
cəlb olundular. 1958-59-cu tədris ilində Teatr İnstitutunun
fəaliyyətində müəyyən dəyişikliklər
edildi. Yeni fakültələr və ixtisaslar
açıldı, tələbə qəbulu
artırıldı, «Mədəni-maarif işçisi»
ixtisasına ilk qəbul aparıldı. İnstitutda musiqili komediya
aktyorları da hazırlanmağa başlandı.
1968-ci ildə
bu ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət
İnstitutu adlandırıldı. Tədris sahəsində dərslik
və dərs vəsaitləri, proqramlar yeniləşdirildi.
Respublika teatrları üçün kadr
hazırlığı ildən-ilə genişləndirildi.
Sonrakı illərdə aspirantura yolu ilə kadr
hazırlığına xüsusi diqqət yetirildi. Müəllimlər
keçmiş SSRİ-nin müxtəlif ali təhsil
ocaqlarında ixtisasartırma və təkmilləşdirmə
kurslarında təcrübə keçdilər. İnstitutun
yetirmələri olan aktyorlar Səməndər Rzayev, Hamlet
Xanızadə, Mikayıl Mirzə bu ali təhsil
ocağına müəllim kimi işə cəlb edildilər.
1991-ci ildə
İncəsənət İnstitutu universitet statusu qazandı.
Bu, respublikamızda ilk analoji hadisə idi. Beləliklə
ADMİU o zaman Azərbaycanda mövcud olan iki universitetdən
(BDU ilə yanaşı) birinə çevrildi. Yuxarıda
sadalanan nailiyyətlər, ADMİU-nun mədəniyyət sahələrini
kompleks şəkildə əhatə etməsi, çoxprofilli
ixtisas şəbəkəsinin yaradılması bu ali məktəbə
universitet statusunun verilməsi üçün ciddi hüquqi əsas
oldu. Xüsusilə qeyd etmək istəyirəm ki, ötüb
keçən illər ərzində universitet öz imkan və
nailiyyətlərini xeyli genişləndirmişdir. Bu gün
universitetdə 7 fakültə, 31 kafedra fəaliyyət
göstərir, 40-dan artıq ixtisas üzrə kadr
hazırlanır. Təhsil sahəsində dövlət siyasəti
prinsiplərinin ardıcıl olaraq həyata keçirilməsi,
bu sahədə milli ideologiyanın tətbiqi, Boloniya təhsil
sisteminə keçid — bütün bunlar ali təhsilin
inkişafı üçün geniş imkanlar
açmışdır. Artıq ADMİU-nun diplomları beynəlxalq
aləmdə tanınır ki, bu da son dövrlərdə
qazanılan nailiyyətlərin daha bir göstəricisidir. Bu
gün ADMİU geniş beynəlxalq əlaqələr şəbəkəsinə
malikdir. Bu əlaqələr universitetlərarası
qarşılıqlı müqavilələrin
imzalanmasında, tələbə mübadiləsində,
müəllimlərin digər ölkələrin ali məktəblərinə
ezam olunmasında özünü büruzə verir. Mədəniyyət,
elm və təhsil məsələləri ADMİU-nun xarici əlaqələr
sahəsindəki fəaliyyətində prioritet istiqamətlər
kimi dəyərləndirilir.
Teatr təhsilinin
keyfiyyətini yüksəltmək üçün universitetə
məşhur sənətkarlar cəlb olunmuşlar. Hazırda
xalq artistləri İlham Namiq Kamal, Bəsti Cəfərova, Firəngiz
Mütəllibova, Zemfira Nərimanova, Valeh Kərimov, Laləzar
Mustafayeva, Rafiq Əliyev, Azər Zeynalov, Qərinə Kərimova
və başqaları «Aktyor sənəti» fakültəsində
dərs deyir, gənc kadrların yetişdirilməsi işində
əllərindən gələni əsirgəmirlər.
Oktay
Xalq
Cəbhəsi.- 2012.- 11 sentyabr.- S.14.