«Bu qəddar səslənsə
də, reallıqdır»
Bəhram Osmanov: «İşləyə
bilməyən, ya bu gün teatrda tutduğu mövqe ilə
razılaşıb işləməlidir, ya da qapılar
açıqdır, gedə bilər»
Bu günlərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına baş rejissor vəzifəsinə təyin olunan rejissor Bəhram Osmanov yeni vəzifədə ilk müsahibəsini APA-ya verib. Müsahibədə Bəhram Osmanov yeni vəzifəsindən, gələcək planlarından və 140 illik Azərbaycan teatrının bugünkü vəziyyətindən söhbət açıb. Onunla görüşümüz də elə Gənc Tamaşaçılar Teatrında baş tutdu.
- Bəhram müəllim, yeni vəzifədə özünüzü necə hiss edirsiniz? Bu təyinatdan razı qaldınızmı və Sizdən nələr gözləyək?
- Bu teatrda 1991-ci ildən etibarən müxtəlif tamaşalar hazırlayıram və bu kollektivi tanıyıram. Yaradıcı vəzifə kürsüsündə oturmaq baxımından əlbəttə həyəcanım çoxdur. Ən birinci həyəcanım ondan ibarətdir ki, biri var danışasan, bir də var, indi sənə o səlahiyyət verilib ki, onları yerinə yetirməyi bacarasan. Bacarmaq və bacarmamaq arasında hələlik öz daxilimdə mühakimə gedir. Nəzəri biliklərlə təcrübəni birləşdirmək lazımdır. Teatrın heyəti ilə görüşüm olub və hələlik heyətlə bir-birimizə qarşı inam var. Amma ola bilər ki, bu inam bir mövsümdən sonra, inamsızlığa keçə bilər, və yaxud da növbəti bir inamın mərhələsi qoyula bilər. Hələlik inam var və bu inamla da işləyirik. Bu ilin repertuarı necə təsdiqlənibsə, elə də qalacaq, gələn ildən etibarən isə yeni tamaşaların repertuarı müəyyənləşəcək. Bu yaxınlarda yeni Bədii Şura təsdiq olunacaq. Bilirsiniz ki, Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq layihələri dəstəkləyir, bu, bütövlükdə Azərbaycan teatrının xarici ölkələrdə tanınma prosesini asanlaşdırır və artıq bir neçə Avropa teatrlarında məşhur rejissorlarla danışıqlar aparılır ki, gəlib o əsərləri bizim teatrda hazırlasınlar. Eyni zamanda başqa teatrlardan rejissorlar dəvət edəcəyik. Elə tamaşalar var ki, onlar artıq öz ömrünü yaşayıb və onları repertuardan çıxaracağıq. Əsərlər var ki, yaxşı vəziyyətdədir, sadəcə olaraq onların yenidən işlənməsinə ehtiyac var. Çox ağır teatr həyatı başlayır.
- Uzun illər Akademik Milli Dram Teatrında çalışmış və bu kollektivə öyrəşmiş rejissor kimi bu təyinatdan razı qaldınızmı?
- Niyə razı qalmayım ki? Sadəcə həyəcanım çoxdur, çünki bu təyinat mənə sözün əsl mənasında böyük bir azadlıq və nələrisə eləmək imkanı verir. Bu və ya digər pyesin məhz bu gün hazırlanması barədə söhbətlər uzun olub, indi artıq bu söhbətlər yoxdur. Buna görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə minnətdaram. Fikrimcə, artıq sənətdə müəyyən qədər təcrübəsi olan adam üçün bu ən böyük şansdır və çalışacağam ki, bu inamın öhdəsindən gəlim.
- Niyə teatrda Bədii Şuranın tərkibini dəyişmək qərarını verdiniz və yeni tərkibə kənardan insanların cəlb olunmasının səbəbi nədir?
- Teatrlarda həmişə Bədii Şura olub, sadəcə olaraq kənardan olan adamlar riyakarlıq etmirlər və Gənc Tamaşaçılar Teatrının Bədii Şurasının üzvü olmaq onların işi deyil. Biz onlardan gəlmələrini xahiş edirik. Bu bizə bir qədər beyində, düşüncədə dəyişiklik etmək imkanı verir, çünki o adamlar da tamaşaçı qismində teatra gəlirlər, amma biz onlara indi sözlərini açıq deməyə imkan veririk.
- Baş rejissor təyin olunduğunuz teatrda son illər baş rejissor vəzifəsini icra edən Cənnət Səlimova ilə kollektiv arasında çoxsaylı və köklü problemlər var idi. Uzun illər narazı olan teatr kollektivini razı salmaq üçün nələr etmək fikrindəsiniz? Üç teatr kollektivinin toplaşdığı bir sənət qurumuna rejissorluq etmək çətin olmayacaq ki?
- Çalışacağam müasir səslənən yaxşı əsərlər səhnələşdirilsin. Biz Azərbaycanda yaşayırıq, Bakıda oturub dünya teatr məfhumunu uydurub onunla vuruşmaq lazım deyil. Xatırlayırsınızsa, iki il bundan əvvəl Bakıda I Beynəlxalq Teatr Konfransı oldu və bu tədbirə dünyanın 57 inkişaf etmiş ölkəsinin 57 beynəlxalq teatr institutundan direktorlar dəvət edilmişdi. Konfransın yekunu bu oldu: dünya teatrı deyilən bir məfhum yoxdur. Var ölkələr, xalqlar və onların teatrları. Bu problemin, qalmaqalların günahı isə daha çox sənət xadimlərinin özündədir. Çox zaman göz yaşı tökə-tökə «mən belə sənətkaram, işləməyə imkan vermirlər» deməklə tamaşaçıları da qaçırıblar. Amma insan özü-özündən soruşmalıdır: «Mən işləmək qabiliyyətinə malikəmmi?» O ki qaldı üç teatr məsələsinə — bu gün o üç teatr yoxdur. Heyətlə görüşümüzdə də dedim ki, o iki teatr artıq unudulub, yoxdur. O teatrlar tarixə gömülüb getdi. Bizim nəsil o teatrların yaranma prosesini gördü, siz o teatrların yalnız hazır məhsulunu gördünüz və onlar itdi getdi. Niyə itdi, bu dövrünmü tələbi idi, zamanınmı çağırışı idi, bu teatra rəhbərlik edən liderlərin olmamasının günahı idi? Bilmirəm, heç araşdırmıram da. Amma fakt odur ki, bu teatrlar yoxdur, var Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı. Mən bu ağrılı prosesi bilirəm, hər bir truppada beş-on nəfər üzdə olan aktyor var idi. Bütün teatrlarda bu sistem mövcud idi. Sadəcə olaraq teatrlar onların əlindən alındı və mən də qəddar da olsa belə bir söz dedim — «istəmirdiniz, gəlməzdiniz Gənc Tamaşaçılar Teatrına». Həqiqətən də hökumət o teatrları birləşdirir, aktyorları yox, istəməyən gəlməzdi. Yox əgər gəlmisənsə, bu söz-söhbət bitməlidir, burada bir kollektiv var. İşləyə bilməyən, ya bu gün teatrda tutduğu mövqe ilə razılaşıb işləməlidir, ya da qapılar açıqdır, gedə bilər. Bu qəddar səslənsə də, reallıqdır. Məgər hüquq mühafizə orqanlarının işçiləri, həkimlər, müəllimlər və ya digər sənət sahibləri əbədi işləyirlər? Hər bir adam özü anlayır ki, fiziki gücü çatmır və o çıxıb təqaüdə gedir, və ya başqa sahədə işləyir.
- Cənnət xanımla yəqin ki görüşünüz oldu. Bu teatr kollektivi ilə bağlı nələr dedi, məsləhətləri nə oldu?
- Heç nə demədi, mənə heç kim məsləhət vermir. Kollektiv haqqında da heç bir şey demədi, sadəcə olaraq arzu və istəklərini bildirdi. Mən də dedim ki, «mənim prizmamdan əgər bunlar doğru-düzgündürsə, yerinə yetəcək». Teatrın bütün rejissorları ilə görüşmüşəm, sözümüz, fikrimiz bu olub — mənim arzum yoxdur, var teatra lazım olan, aktyorlar, onların inkişafı, teatrın tamaşaçısının inamını qazanmaq. Bu doğrudan elə bir teatr ola bilər ki, burada mən arzuladığım sözü eşidim. Hötenin çox gözəl bir sözü var: «Teatr itirilmiş idealların səhnədən eşidilən fəryadıdır». Fikrimcə, bu teatr haqqında deyilən bəlkə də ən gözəl tərifdir. Bəli, tamaşaçı teatra məhz buna görə gəlir.
- Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləmək və yaratmaq gücünə malik necə faiz aktyor var?
- Bütün teatrlarda olduğu kimi 20-25 faiz, bu rəqəmi 30 faizə çatdırmaq olar.
- O zaman
yerdə qalan 70 faiz niyə boşuna yer tutmalıdır?
- Buna bir
qədər səbir etmək, onlara işləməyi təlqin
etmək lazımdır. Əgər teatrın
mövqeyi ilə razılaşmasa, qapılar
açıqdır, getmək mümkündür. Bunun da
təxminən iki il zamana ehtiyacı var.
İnsanları birdən-birə küçəyə atmaq
olmaz, onları tədricən başa salmaq lazımdır və
onlar özləri anlamadırlar.
- Rəhbər
vəzifə həm də insanı yaradıcı işdən
uzaq salır. Belə çıxır ki, biz
daha Sizin Akademik Milli Dram Teatrının və ya başqa
teatrlarda yeni tamaşalarınızı izləməyəcəyik?
- Əksinə, mən yanvarda yeni işə
başlayıram. Sadəcə mənə zaman
lazımdır ki, işlədiyim üç pyesdən birinə
özüm üçün «hə» deyim. Bu
əsərlər İsveç dramaturqu Lars Lurenin «Müharibə»,
türk dramaturqu Tonquy Ormayın «21-15 nömrəli qatar», Luci
Pirandellonun «Müəllif axtarışında olan altı
personaj» pyesləridir. Mən bu üç
pyesdən birinə «hə» deməliyəm ki, bu teatrın
aktyorları üçün də maraqlı olsun. Sözsüz, arzuladığım tamaşalar
çox olmayacaq, mövsümdə bəlkə iki tamaşa
oldu. Amma çalışacağam ki,
bütövlükdə hazırlanan tamaşaların
üslubuna fikir verim, təsdiq olunan tamaşaların
maraqlı olmasına diqqət yetirim, dəvət olunan
rejissorlarla bilavasitə yaxından işləyim. Hazırladılar və getdilər, belə
olmamalıdır. Digər teatrlara dəvət
olunsam, əlbəttə ki, tamaşalar hazırlayacağam.
Sadəcə bir müddət yəqin ki, kənarda
olan işlər dayanacaq. İstəmirəm
ki, iki ildən sonra qarşıma gəlib «belə
demişdiniz, bu, niyə alınmadı, bu niyə olmadı»
desinlər. Çox istəyirdim ki, iki ildən sonra olan
müsahibəmizdə siz deyəsiniz ki «bəli, bunu edə
bildiniz»… Mənə inanan şəxslərin
inamını doğrultmaq üçün işləmək
lazımdır. Çox arzulayıram ki,
beynəlxalq layihələrdən nəinki tamaşada oynayan
aktyorlar, bütövlükdə teatr özü bəhrələnsin
və nələrisə öyrənsin. Öyrənmək
heç zaman gec deyil.
-
Teatrlarımızda əsas problemə çevrilən məsələlərdən
biri də rejissorların məhz münasibəti yaxşı
olan aktyorlarla işləməyə üstünlük verməsidir.
Siz bu baryeri aşmaq üçün nələr
etmək fikrindəsiniz?
- İnsanlıq, münasibət lazım deyil. Biz çox zaman deyirik ki,
yaxşı sənət adamı guya yaxşı adam ola bilmir. Yaxşı adam
və ya yaxşı sənət adamı olmaq da subyektivdir. Bu söz-söhbətlərdə həm də inam məsələsi
var. Daima eyni adamla işləməklə, məşğulluq
itib gedir. Amma bir şey var ki, eksperimentə
getməyi bacaran və bacarmayan, daima öz ştamplarında
qalmaq istəyən və istəməyən aktyor var. Mən
o aktyorları sevirəm ki, onlar eksperimentə getməyi sevsinlər.
Hər bir tamaşa yeni oyun üslubu tələb
edir. Onlara elə gəlir ki, bəzi
rejissorlar daima eyni adamla işləyir. Buna
baxmayaraq hər bir rejissorun özünün daha çox
inandığı, teatrı quran aktyorlar var, bir də var
onların ətrafında fırlananlar. Bu, çox
ağrılı məsələdir, heç kəs öz
ayranına turş demir. Amma heç kimə
ixtiyar verilməyib ki, dövlətin ayırdığı
maddi vəsaiti kiminsə ambisiyasına qurban verib zəif
tamaşa hazırlasın.
- Mərahim Fərzəlibəyov və Cənnət Səlimova
kimi aktyorlar tərəfindən qınanılmaqdan qorxmursunuz
ki?
- Mən
həmişə bir çox aktyorlar tərəfindən
qınanılmışam. Onların çoxu mənə
həmişə başqa cür baxıblar və kimsəyə
nəyisə sübut etməməyə adət etmişəm.
Elə-belə yaşamışam və sizə bir şeyi
deyim ki, üç il boşluq zamanı
boş yaşamamışam və müxtəlif teatrlarda
tamaşalar hazırlamışam. Amma mən
düşünmüşəm, düşünməyə
çoxlu zamanım, səbəblərim olub və
anlamışam ki, bir yerdə yıpranıb oturmağa ehtiyac
yoxdur. Açıq deyim — özüm anlasam ki, işləyə
bilmirəm, hər an getməyə
hazıram. Həyatda daha maraqlı şeylər
var — gəzmək, sevmək, kitab oxumaq. Bir
də mənim çalışdığım Mədəniyyət
və İncəsənət Universiteti var ki, orda dörd ildən
bir yeni kurs qəbul edirəm. Kurs rəhbəri olaraq gənclərdən
öyrənirəm, kim deyirsə ki, pisdir,
pis deyil. Bu gün desələr ki, 21 illik
pedaqoji fəaliyyətim var, heç özüm inanmazdım.
Qınaq həmişə olur — kimsə razı,
kimsə narazı olur. «Hacıqara»da Kərəməli
rolunu oynayan Ələsgər Ələkbərovu Ədil
İskəndərov Vaqif elədi. Amma Ədil
İskəndərov teatrdan gedəndə bir aktyor demədi ki,
bu adamı niyə çıxarırsınız teatrdan?!
Bu bir tarixdir. Aktyorların cəngindən
sağ-salamat qurtaran yeganə rejissor Mehdi Məmmədov olub.
Mənə elə gəlir ki, biz heyətlə
uyğunlaşacağıq və bir-birimizi anlayacağıq.
Çünki hamı işləmək istəyir.
Heç kəsə sübut etmək olmur ki, sən
lazım deyilsən, sadəcə olaraq o özü bunu
anlamalıdır. Bu meydanda hamıya imkan
yaranır və sonra kimsə desə ki imkan yaradılmadı,
bu artıq onun heç nə bacarmadığından xəbər
verir.
- Belə
eşitmişik ki, hər yeni baş rejissor özü ilə
komandasını da gətirir. Sizin komandanız haradadır?
- Təəssüf
ki, mənim komandan yoxdur. Komandam yalnız Akademik
Milli Dram Teatrında işlədiyim aktyorlardır. Nə ədəbi hissə müdiri, nə truppa
müdiri, nə köməkçi dostum olmayıb. Mübariz Həmidovla
danışığımız olub ki, ehtiyac olanda Akademik
Milli Dram Teatrından, Musiqili Komediya Teatrından aktyorlar dəvət
edəcəyik. Bu aktyorların bir-birindən
öyrənməsinə xidmət edən məsələdir.
Bu, bütün dünya teatrlarında var və
öz bəhrəsini verir.
- 140
yaşlı Azərbaycan teatrı hazırda hansı
dövrünü yaşayır?
- XXI əsrə
uyğun olaraq intibah dövrünü yaşayır. Yeni əsrin
teatrı qurulur və bunun bəhrəsi çox qısa
zamanda görünəcək!
Xalq Cəbhəsi.-
2012.- 12 sentyabr.- S.12.