Qədim İrəvan qalası

 

Bu gün tarixi Azərbaycan torpaqlarında «Ermənistan» adıyla özünü var etməyə çalışan qondarma dövlət Qarabağdakı işğalçılığına, talançılığına da haqq qazandırmağa çalışır. Ancaq unudur ki, uydurulan tarixlə millət var olmur. Araşdırmaçı Mirzə Məmmədoğlu qədim İrəvan qalasının tarixi haqqında deyib: «XVIII yüzilin ortalarında İranda feodal ara müharibələri genişləndi. Azərbaycanda isə demək olar, hər bir şəhər ətrafında müstəqil və yarımmüstəqil feodal dovlətləri-xanlıqlar meydana gəldi. İrəvan Osmanlı və Səfəvi dövlətlərinin mənafeyinin toqquşduğu yer olduğundan uzun müddət döyüş meydanına çevrilərək əldənlə keçib.

Osmanlı tarixçisi Katib Çələbi «Gürcüstan və Qafqaz barəsində məlumatlar» kitabında İrəvan haqqında məlumat verərək yazır: «İrəvan… Çuxursəd bəylərbəyliyinin qəsəbə və taxt-tac şəhəridir. Zəngi çayı şəhərin qala barısının qərb tərəfindən axır. Qala bu sözügedən çayın qırağında, düz yerdə torpaq üzərində salınıb. Cənub qapısını «Təbriz qapısı», şimal qapısını isə «Şirvan qapısı» adlandırırlar. Onun ətraflarında bağlar və üzümlüklər var. Bol, bəhrəli yerdir. Bu sözügedən qala barısının içində bazar, məscid və çay kənarında ucaldılmış qala var. Qədimlərdə 991-ci ildə (miladi 1583) onu Fərhad paşa alıb və orada qoşun yerləşdirib. 1616-cı ildə 7 aylıq mühasirədən sonra onu Şah Abbas zəbt etdi. 10 ildən sonra isə onu Mehmet paşa mühasirəyə aldı, lakin qalanı ələ keçirə bilmədi. 1045-ci ildə (miladi 1635) İrəvana Sultan Murad hücum etdi, onu 7 aya zəbt edərək geri qayıtdı. Şah Səfi ora gəldi, onu tutdu. O, münbit torpağı olan yerdir və hazırda Qızılbaşların əlindədir». Evliya Çələbi digər Osmanlı tarixçiləri kimi Qızılbaşlar dövlətini çox hallarda «Azərbaycan» adlandırır və İrəvanı da Azərbaycan qalası kimi xatırlayır.

İrəvan qalasını XVII yüzilin 70-ci illərində fransız səyyahı J.Şarden daha ətraflı təsvir edir. Onun qeydlərindən görünür ki, olduqca geniş meydançası və möhkəm istehkamı olub: «İrəvan xanlığını Səfəvi dövləti zəbt edəndən sonra orada bəylərbəylik tətbiq olunur. Bu da XVIII yüzilin yarısına kimi, Nadir şahın ölümünə kimi saxlanılıb. Bəylərbəyliyinin müavini canişin adlanırdı. Səfəvi hökmdarı Şah İsmayıl Şərur vadisində 1502-ci ildə Qaraqoyunlu əmiri Əlvəndə qalib gələrək İrəvanı ələ keçirir. O, özünün birinci vəziri olan Rəvanqulu xanı İrəvan xanı təyin edir. Rəvanqulu xan 7 il ərzində burda öz bürcləri ilə böyük qala tikdirir. Səfəvi-Osmanlı müharibələri zamanı Tiflis, İrəvan və Şamaxı kimi ticarət-iqtisadi və mədəni mərkəzlər, habelə Təbriz, Naxçıvan, Culfa və başqa şəhərlər daha çox dağıdılmışdı. Əsasını Şah İsmayıl Xətayinin qoyduğu Səfəvilər dövləti orta yüzillər feodal dövləti kimi-Azərbaycan, Şərqi Ermənistan, Şərqi Gürcüstan, İran, Cənubi Türkmənistan və indiki Əfqanıstan (Bəlx vilayəti istisna olmaqla), bəzi dövrlərdə İraqi-ərəb və s. əraziləri əhatə edirdi. XVII yüzildə yaşamış türk tarixçisi İbrahim Peçevinin verdiyi məlumata görə, İrəvanı türk qoşunları 1554-cü ildə yerlə yeksan etdikdən sonra cənnətə bənzər Sultan bağı adlanan bağ salınır. 1536-ci ildə Osmanlılar Gürcüstanın cənub-qərb hissəsini, 1538-ci ildə isə Cənubi Ermənistanı tutdular. 1555-ci il mayın 29-da bağlanmış «Amasiya» sülh müqaviləsinə əsasən İraqi-ərəb, Qərbi Ermənistan və Qərbi Gürcüstan əraziləri Osmanlı imperiyasına qatıldı. 1578-90-cı illər Səfəvi-Osmanlı müharibəsinin ikinci mərhələsi başladı. 1583-cü ildə Fərhad paşa İrəvanı tutdu. Onun dövründə İrəvan qalası daha da möhkəmləndirilmişdi. Onu da qeyd etmək lazımdır ki, bu qala XIX yüzilin sonlarına kimi mövcud idi. O, İrəvanı alandan sonra Vanın keçmiş bəylərbəyi Sinan paşanı İrəvan bəylərbəyi təyin edir.

Osmanlı sultanı IV Murad İrəvanı 1635-ci ildə zəbt edir. Belə ki, məlum olduğu kimi, həmin vaxtlar Qırxbulaq üzərində körpü salınmamışdı. Evliya Çələbi kimi İbrahim Peçevi də IV Muradın hünərindən söhbət açaraq daha sonra padşahın solaklar (mühafizəçilər) dəstəsindən birinin çayın dərin yerinə düşüb axmasından, padşahın onu tez görüb, atını mahmızlayaraq irəli cumub onu xilas etməsindən, ona yenidən həyat, eləcə də bir ovuc qızıl verməsindən, qoşun arasında xoş əhval-ruhiyyə yaratmasından yazır. Beləliklə, IV Sultan İrəvanı asanlıqla alır.

Həmin vaxtlar İrəvan bəylərbəyliyi yaradıldı. Qaraqoyunlu sülaləsinin banisi Bayram Xoca olub. 1424-cü ildə Qaraqoyunlu dövləti yaranır. Qaraqoyunlular 1468-ci ilədək mövcud olub. 1429-cu ildə Teymuri Şaxrux Qara Yusifin oğlu Əbu Səidi Qaraqoyunlu taxtına çıxartdı. Əbu Səid Şaxruxun vassalı kimi Azərbaycanın cənubunda Qarabağda və Ermənistanda (1429-1431) hökmranlıq edirdi. Məhz elə Əbu Səid tərəfindən İrəvanda ilk qızıl sikkə, 10-11 ildən sonra isə Nuşirəvan xan tərəfindən gümüş sikkə kəsilmişdi. İrəvan zərbxanasında abbası da kəsilmişdi: XVIII yüzilin 60-ci illərinə qədər 4 şahıdan, II Şah Abbasın fərmanı ilə 1662-ci ildə 5 şahıdan ibarət olub. İrəvanda abbasıdan başqa nisbətən xırda müxtəlif mis sikkə (qara pul) kəsilir. Şəhərdə fars, türk və digər ölkələrin pul vahidləri də dövriyyədə olub».

Şarden yazır ki, türklər İrəvanı 1582-ci ildə aldılar və burada qala tikdilər: «İranlılar isə onu 1604-cü ildə geri qaytardılar və elə möhkəmləndirdilər ki, toplara tab gətirə bilərdi. 1615-ci ildə qalanı türklər 4 ay ərzində mühasirəyə aldılar. Nəhayət, iranlılar onu 1635-ci ildə geri qaytardılar və elə bu vaxtdan bəri onların əlindədir».

İstanbul sülh müqaviləsinə (1639-cu il) uyğun olaraq İrəvan Səfəvilərə qaldı. İraq isə Bağdadla bərabər Osmanlı imperiyasına qatıldı.

Məşhur fransız səyyahı Jan Batist Tavernye İrəvan qalasının alınması, şah Səfi barəsində yazır: «Şah Səfi güclü qoşunla tezliklə hücuma keçdi və şəhəri aldı. Şəhərdə artıq qeyd etdiyim kimi 20 minə qədər türk var idi.»

Fransız səyyahı Taverniye 1655-ci ildə göstərir ki, İrəvanda yalnız müsəlmanlar (türklər-red.) yaşayırdı. Onun bir neçə ildən sonra İrəvana baş çəkən həmvətəni Larden yazır ki, qalada 300 ev var idi və burada «yalnız səfəvilər» (yəni türklər) yaşayır.

«Qarabağnamə»də oxuyuruq: «1636-ci ildə Qarabağ bəylərbəyilisi Məhəmmədqulu xan Ziyad oğlu Qacar İrəvan altında Osmanlı ordusu ilə vuruşdu. O, başqa vilayətlərin qoşun hissəsi ilə bərabər İrəvan qalasını mühasirəyə aldı və türkləri geri çəkilməyə məcbur etdi».

İrəvan 40 ildən artıq (1754-1797) Pənahəli xan və İbrahimxəlil xanın hökmranlıq etdiyi Qarabağ xanlığının itaəti və təsiri altında olmuşdu. 1804-1813 və 1826-1828-cı illər Rusiya-İran müharibələrinin gedişində və onlardan sonra ermənilərin Zaqafqaziyaya, o cümlədən Qarabağa kütləvi surətdə köçürülməsi başlanır.

«… Biz 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 mindən çox fars, 84 min türk ermənisi köçürmüşük. Onları erməni əhalisinin az olduğu Yelizavetopol və İrəvan quberniyalarındakı ən yaxşı dövlət torpaqlarında yerləşdirmişik. Bu məqsədlə 200 min desyatin dövlət torpağı ayrılıb, müsəlmanlardan 2 milyon manatlıqdan çox torpaq satın alınıb. Bu ermənilər Yelizavetopol quberniyasının dağlıq hissəsində və Göyçə gölünün sahillərində yerləşdirilib. Köçürülənlərin sayı rəsmi məlumata görə, 124 min olmasına baxmayaraq əslində onların sayı 200 mini asmışdır. ( N.N.Şavrov «Novaya uqroza russkomu delu v Zakavkazie: predstoyaşaya rasprodaja Muqani inorodyam. SP.B,1911, səh.59-60).

İrəvan üç məhəlləyə bölünürdü: Şəhər, Təpəbaşı, Dəmirbulaq. Şəhər İrəvanın ən qədim hissəsi olub. Adından bilindiyi kimi, Təpəbaşı və Dəmirbulaq məhəllələrində Azərbaycan Türkləri yaşayıblar. Bunu T.Akopyan da «İrəvanın tarixinin oçerkləri» kitabında təsdiq edir.

İrəvan xanlığı Qırxbulaq, Zəngibasar, Qarnıbasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd, Səidli, Seyidli-Ağsaqlı, Sərdarabad, Aparan, Dərəçiçək, Göyçə və b. mahallarından ibarət olub. Mahallara idarə olunmaq üçün mirbölüklər, naiblər təyin olunurdu. Hər bir xanlıqda məmurların və müxtəlif qulluqçuların sayı yüzə çatırdı. Sərdar və onun vəzirindən xanlığın əsas vəzifələri xanın katibi mirzə, xəzinə ağası, sanduxtar ağası, ambardar ağası, sepafül bəy (hərbi rəis), müqasil (xan və məhkəmə hökmlərinin icraçısı), darğa (polis rəisi), mirab (baş su kanal idarəsi), cuvarlar da onlara tabe olurdu. Böyük kəndlərdə cuvar köməkçisi olan qara cuvar da təyin olunurdu.

İrəvan şəhərini darğa idarə edirdi. O da öz növbəsində hakimiyyətini yüzbaşı, çavuş, yasavul vasitəsi ilə həyata keçirirdi. Qədim İrəvanda 10 hamam, 5 bazar var idi. Hüseynəli xan və yaxud Məscid bazarı, Xan bağı bazarı, Zal xan bazarı, Fəhlə bazarı, Əsas və Böyük meydan bazarı. Böyük bazar — meydançada sərdar tərəzisi — kantar (böyük tərəzi) və mizan (kiçik tərəzi) dururdu. İrəvanda 7 karvansara, o cümlədən Gürcü, Culfa, Zərəb, Xacıəlinin karvansaları vardı. Ən böyüyü Hacı Əlinin karansarası idi.

Qədim İrəvan qalası qarşısında Zəngixan keçidi olub. Burada 9 məhəllə olub ki, onların da öz idarə edəni — məlikləri var idi. Qədim İrəvanda Bazar, Hamam, Bəy, Vəkillər, Qəriblər ocağı, Qaxtağan, Dəyirman, Qəbristan, Karvansara, Mir Cəfər, Naib, Naxçıvan, Rüstəm xan, Bağ, Sallaxlar, Təpəbaşı, Fəhlə bazarı, Xorum bulağ, Köhnə kazarma, keçə hazırlayanlar, Suvaqçılar, Şəriət, Çolmakçı, Divan küçələri, I, II, III, IV, V adsız küçələr, Dükanlı küçə, Əyri döngə, Kar döngə və digər Azərbaycan-Türk adlarını daşıyan yer adları olub.

Qədim İrəvanda XVII yüzilin sonu, XVIII yüzilin birinci yarısında İrəvan barəsində dastan qoşan aşıq Səfəroğlunun yaradıcılığının daha geniş tədqiq olunmasına ehtiyac var. O, 1679-cu ildə İrəvanda baş verən zəlzələ barəsində geniş söhbət açır.

1813-cü il oktyabrın 12-də Rusiya ilə İran arasında «Gülüstan» sülh müqaviləsinə əsasən Şimali Azərbaycan xanlıqları (Naxçıvan və İrəvan xanlıqlarından başqa), 1828-ci il fevralın 10-da Təbrizdən bir qədər cənubda yerləşən Türkmənçay kəndində Rusiya ilə İran arasında imzalanan sülh müqaviləsinə görə, yenicə işğal olunmuş İrəvan və Naxçıvan xanlıqları Rusiyanın tərkibinə qatıldı.

Çar hökumətinin 1849-cu il 9 iyun tarixli fərmanına əsasən təşkil edilmiş inzibatı vahid İrəvan, Aleksandropol, Naxçıvan və Yeni Bəyazid qəzalarını birləşdirdi.

İrəvan İrəvan quberniyasına çevrildi, ona təkcə İrəvan deyil, Yeni Bəyazid, Naxçıvan və Ordubad qəzaları, eləcə də Tiflis, Aleksandporol və Şamaxı qəzalarının bir hissəsi qatıldı: «1828-ci ildə yaranmış İrəvan vilayətinin yerində 1849-cu ildə İrəvan quberniyası yarandı (Qafqaz təqvimi, 1868-ci il, s. 398).

Zaqafqaziyada Sovet hakimiyyəti qurulana kimi İrəvan quberniyası da çar Rusiyasının tərkibində olub. Ötən yüzilin 90-ci illərində keçmiş Sovetlər məkanında yenidənqurma və aşkarlığın geniş vüsət aldığı dövrdə Ermənistanda yaşayan soydaşlarımız öz doğma yurd-yuvalarından didərgin salındı. Hazırda bircə nəfər də olsun soydaşımız İrəvanda, ümumiyyətlə, Ermənistanda yaşamır.

Bu cür «təmizləmə» ideyası ilə İrəvan xanlığının, eləcə də İrəvanın hər bir daşında, hər bir qarış torpağında bizə doğma olan adların silinməsinə cəhd göstərilsə də, tarixin yaddaşında, səlnaməçilərin qeydlərində daim yaşayacaq.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 12 sentyabr.- S.15.