Muğamın qorunmasında səs yazılarının əhəmiyyəti

 

Muğam Şərq xalqlarının musiqisində şifahi ənənəli professional musiqi sənətidir. Azərbaycanda muğam sənəti yüksək səviyyədə inkişaf edir. Görkəmli muğam ifaçılarının yaradıcılıq irsi qorunurdünya miqyasında təbliğ olunur. Məlumdur ki, xanəndə və sazəndə dəstəsinin repertuarının əsasını muğam-dəstgahlar, kiçik həcmli muğamlar, zərbi-muğamlar, təsniflər və rənglər, eləcə də xalq mahnıları təşkil edir. Bütün bunlar muğam ifaçılarının yaradıcılığının məhsulu hesab olunur. Bu barədə professor Ramiz Zöhrabov yazır: «Xalq-professional sənətkarı üçün ifaçılıq həmişə şəxsi yaradıcılıq sayılır. Hətta parlaq istedada malik bəzi xanəndə və sazandalar bu sənət üçün lazım olan qanunlar çərçivəsində yeni ənənələr, orijinal üslublar, hətta deyərdik ki, məktəblər də yaradırlar… Bu kimi sənətkarlar üçün təkcə «ifaçı» sözü azdır, onlar eyni zamanda, yaradıcı sənətkardırlar. Təsadüfi deyil ki, onların yaradıcılığında həm ifaçılıq, həm də bəstəkarlıq sənəti üzvi surətdə birləşir, çulğaşır».

Həqiqətən də hər bir xanəndə ifa zamanı eyni bir muğam dəstgahının yeni variantını yaradır. Hətta bir sənətkar eyni muğam dəstgahını və ya onun şöbəsini ifa edərkən onu müəyyən qədər əlavələr və ixtisarla dəyişdirir, yəni bu prosesdə o, yaradıcı sənətkar kimi iştirak edir. Beləliklə, şifahi professional musiqi əsərinin təfsiri zamanı hər bir ifaçı yaradıcıya çevrilir. Məhz xanəndə və sazandanın şəxsi sənətkarlığı, onun ənənəvi üslub əsasında ciddi yaradıcılığı improvizasiya ilə əlaqədardır. Belə improvizə tərzi muğamların müxtəlif variantlarının yaranmasına gətirib çıxarıb.

Muğam ifaçılarının yaradıcılıq irsinin bu baxımdan araşdırılması maraqlıdır. Xüsusilə, XIX əsrin sonu — XX əsrin I yarısında yaşayıb-yaratmış xanəndə və sazanda dəstələrinin repertuarı geniş olub. Məhz onların səs yazıları o dövrün muğam ifaçılığının xüsusiyyətlərini bizə çatdırıb. Belə ki, qrammofon valları ustad sənətkarların repertuarları haqqında dəqiq məlumatları özündə əks etdirən qiymətli mənbədir. Bu baxımdan Azərbaycan Dövlət Səs yazıları Arxivində və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində saxlanılan qrammofon vallarını araşdırmaq məqsədəuyğundur.

Muğam sənətinin yaşadılması üçün böyük əhəmiyyətə malik olan səsyazma — musiqi ifasının texniki vasitələrlə cihazlardan istifadə edərək köçürülməsindən ibarət olub, qrammofon valı, maqnitofon lenti, CD-DVD kimi səsyazma vasitələri ilə həyata keçirilir. Şifahi ənənəli Azərbaycan musiqisində səsyazma mühüm əhəmiyyətli bir işdir. Qrammofon vallarına, maqnitofon lentlərinə, CD-DVD disklərə köçürülmüş xanəndə və sazəndə dəstələrinin ifa etdiyi muğam və digər musiqi nümunələri xalqın mədəni sərvətinə çevrilərək yaşayır, muğam ənənələrinin qorunmasında, onların gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyət kəsb edir.

Səsyazıları irsinin əhəmiyyətini dərindən dərk etmək üçün onu da demək vacibdir ki, muğamların səsyazılarında qorunan variantları bizə yalnız XIX əsrin sonu və XX əsrin ifaçılıq mədəniyyətini çatdırır, lakin bundan əvvəlki dövrlərdə muğam sənəti şifahi ənənələr əsasında inkişaf etmişdirheç bir səsyazısı olmadığından biz keçmişdə muğam və təsniflərin hansı şəkildə ifa olunduğunu deyə bilmərik, bunlar yalnız yaddaş vasitəsilə bizə çatıb.

XX əsrdə Azərbaycan operasının, konsert ifaçılığının, səsyazı texnikasının meydana gəlməsi ilə muğam sənətinin inkişafı yeni bir mərhələyə qədəm qoydu. Muğam ifaçılığı sənətinin inkişafında milli musiqiçilərin qrammofon valları xüsusi əhəmiyyətə malikdir. Çünki muğam ustadlarının ifalarını qoruyub yaşadan qrammofon valları xalqımızın mədəni sərvətləridir. Bu vallar Azərbaycan musiqisinin təbliğində və dünya miqyasında tanınmasında müstəsna rol oynamışdır.

Qeyd etmək lazımdır ki, ilk dəfə olaraq, 1900-1916-cı illər ərzində «Qrammofon», «Pate», «Sport-Rekord», «Ekstrafon», «Nogin zavodu» və başqa səsyazma firmaları məşhur Azərbaycan xanəndələrinin səslərini vala köçürmüşlər. Bu sonralar da davam etmişdir. Xüsusilə «Melodiya» firmasında böyük miqdarda səsyazıları meydana gəlmiş, muğam ifaçılarının valları kütləvi tirajla buraxılıb. Şərq musiqisi tarixində ilk dəfə səsi qrammofon valına yazılmış xanəndə Cabbar Qaryağdıoğlu olub. Ondan sonra xanəndələrdən Keçəçioğlu Məhəmməd, Məşədi Məhəmməd Fərzəliyev, İslam Abdullayev, Məcid Behbudov, Qasım Abdullayev, Seyid Şuşinskibir çox başqa xanəndələrin səsi qrammofon valına yazılmışdır. Bütün bu xanəndələri əksər hallarda tarda Qurban Primov, kamançada Saşa Oqanezaşvili müşayiət ediblər.

O nu da deyək ki, o dövrdə xanəndələrin səslərinin qrammofon vallarına yazılışı texniki cəhətdən çox çətinliklə başa gəlirdi. Buna görə də musiqiçidən son dərəcə yüksək ifaçılıq məharəti tələb olunurdu. Səsini vala yazdıran xanəndələrin hər biri qeyri-adi ustalıq göstərərək, Azərbaycan musiqisini bütün gözəlliyi ilə dinləyiciyə çatdırmağa nail olublar. Həmin firmalar musiqiçilərin vallarının kataloqunu da buraxıb, burada musiqiçilərin şəkli və onlar haqqında məlumatlar öz əksini tapıb.

Qrammofon vallarında xanəndə və sazandaların ifası, eləcə də tarzənlərin solo ifası öz əksini tapıb. Həmin qrammofon valları Azərbaycan Dövlət Səsyazıları Arxivində və Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin fondlarında saxlanılır. Qədim qrammofon vallarının bərpası işi böyük əhəmiyyətə malik olub, 1990-cı illərdən başlayaraq, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovun təşəbbüsü və rəhbərliyi altında həyata keçirilməyə başlanıb. «Melodiya» firmasının Cabbar Qaryağdıoğlunun və Keçəçioğlu Məhəmmədin qrammofon vallarının buraxması bunun gözəl nümunəsidir.

Qədim qrammofon vallarının bir hissəsi «Musiqi Dünyası» jurnalının yaradıcılıq qrupu bərpa edib və artıq onları dinləmək imkanımız vardır. Qrammofon vallarının kataloqu «Azərbaycan diskoqrafiyası (1900-1940)» adlı internet saytına yerləşdirib və həmin kataloq çox böyük həcmdə informasiyanı əhatə edir.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 12 sentyabr.- S.13.