Niyazi və Türkiyə musiqi mədəniyyəti
Niyazinin çağdaş türk musiqiçiləri ilə ilk yaradıcılıq təmasları 1963-cü ildə Əhməd Adnan Sayqun (1907-1991) və Ülvi Cemal Erkinin (1906-1972) Bakıda keçirilən konsertləri ilə başladı. Burada Ə.A.Sayqunun 3-cü simfoniyası və Fortepiano üçün konserti, Ü.C.Erkinin 2-ci simfoniyası və Skripka ilə orkestr üçün yazdığı konsert Azərbaycan dinləyicilərinə təqdim olundu. Bu konsert Ə.A.Sayqun simfoniyasının ilk səslənişi olduğundan həm bəstəkar, həm də bütövlükdə musiqi mədəniyyəti üçün əlamətdar bir hadisə idi. Niyazi Sayqunun bu yeni əsərini proqrama salmadan öncə onun partiturasını Azərbaycan bəstəkarı Qara Qarayevlə (1918-1982) birgə diqqətlə nəzərdən keçirmiş və türk musiqisinin müasir bəstəkarlıq texnikasına sahib olan ustad bir sənətkarı ilə qarşılaşdığına əmin olmuşdu.
Türk bəstəkarlarının Bakıdakı konsertləri böyük müvəffəqiyyətlə keçdi. Bu nailiyyəti Sayqun və Erkin Niyazi ilə paylaşdılar və ona öz minnətdarlıqlarını bildirdilər.
Adətən bir dirijorun səviyyəsinin yüksəkliyini göstərmək üçün onun hər hansı bəstəkarın duyğu və düşüncələrini dəqiq şəkildə dinləyiciyə çatdırmasından bəhs edilir. Lakin Niyazi qeyri-adi bir dirijor olduğu üçün o, çox vaxt ifa etdiyi əsərdə bəstəkarın özünün də təxmin etmədiyi dərin məna və gözəllikləri hiss edib aşkara çıxararaq dinləyiciyə təqdim edir, beləcə, əsərin müəyyən dərəcədə həmmüəllifinə çevrilirdi. Niyazi yaradıcılığının bu özəlliyi türk bəstəkarlarının öz əsərlərinin yozumunu ona tamamilə etibar etməsinə səbəb olmuşdur. Bunu dəfələrlə türk bəstəkarları özləri də etiraf etmişlər. Məsələn, 3-cü simfoniyanın məşqi zamanı Niyazi salonda oturan Sayquna üz tutaraq əsərin yozumu haqqında fikrini soruşur. Sayqun isə Niyazinin ifasında simfoniyasının düşündüyündən daha yaxşı səsləndiyini məmnuniyyətlə qeyd edir.
Bu konsertin təkrarının Moskva şəhərində bir başqa dirijorun iştirakı ilə də keçməsi qabaqcadan planlaşdırılmışdı. Amma Sayqun və Erkinin təkidi ilə bu konserti idarə etmək üçün Bakıdan Niyazi dəvət olundu. Təşkilatçılar A.Sayquna öz simfoniyasına özünün dirijorluq etməsini təklif etsələr də, o Niyazi olan yerdə başqa birisinin, hətta müəllif olsa belə, dirijorluq etməsinin mümkün olmadığını vurğulamışdı.
1963-cü ildə Moskva konservatoriyasının böyük salonunda keçirilən konsert türk musiqisinin bayramına çevrildi. Konsert birbaşa qrammofon vallarına yazıldı. Bu, Moskvada türk bəstəkarlarının yaratdığı ilk qrammofon yazıları idi. Salonda toplanmış dinləyicilər, Moskvanın ən tanınmış musiqiçiləri müasir türk musiqisini böyük maraqla qarşıladılar. Bu hadisə türk mədəniyyətinin təbliğində və yayılmasında böyük əhəmiyyət kəsb etdi.
Moskvadakı konsertdə dinləyicilər arasında türk şairi, yazıçısı və ictimai xadimi Nazim Hikmətin (1902-1963) də olması tədbirə xüsusi önəm verirdi. N.Hikmət ilə Niyazi 1960-cı ildə Azərbaycan bəstəkarı A.Məlikovun «Məhəbbət əfsanəsi» baleti üzərində çalışarkən tanış olmuş və bu, ömür boyu davam edən dostluğa çevrilmişdi. Niyazi o günü xatırlarkən yazırdı ki, Nazım Hikmət konsertin ilk tənəffüsündə səhnənin arxasına gələrək «Harada mənim «Aslanım», sualı ilə məni axtarırdı». Hazim Hikmət dostu Niyazini və məktəb yoldaşı A.Sayqunu qucaqlayaraq onları bu müvəffəqiyyətə görə təbrik etdi. Konsertdən sonra Türkiyənin Moskvadaki səfiri Fəxri Qorutürk (illər sonra ölkənin prezidenti olmuşdur) Niyazi, Sayqun və Erkinin şərəfinə qəbul təşkil edərək öz təbriklərini onlara çatdırdı. Həmin 1963-cü ildə Niyazi böyük konsert proqramı ilə Türkiyəyə dəvət olundu.
O dönəmdə Sovet ölkəsi ilə Türkiyə arasında olan münasibətlər bu günki sıx əlaqələrin gerçəkləşən şəraitindən fərqli, çox mürəkkəb idi. Sovetlərin illər boyunca sürən «Dəmir qapılar» siyasəti, Türkiyədə baş verən hərbi çevriliş və hərbi iqtidar iki qardaş xalqı — Azərbaycan və Türkiyə xalqlarını biri-birindən uzaq salırdı. Amma ölkələr arasında tədricən mülayimləşən münasibətlər mədəni əlaqələrin də inkişafına yol açırdı. Bu münasibətlərin müsbət şəkildə irəliləməsində Niyazinin də bir sənətkar və vətənpərvər Azərbaycan vətəndaşi kimi böyük payı var idi. İllər sonra Türk dirijoru Hikmət Şimşək (1924-2001) Bakıda qastrol səfərində olarkən Niyazi haqqında bu sözləri demişdir: «Niyazi Türkiyə və Sovet İttifaqı arasında olan buzları əridə bilmişdir. O, öz sənəti ilə ölkələrimiz arasında uzun illər bağlı qalan qapıları açmışdır».
1925-1930-cu illərdə Parisdə və Avropanın digər mədəniyyət mərkəzlərində peşəkar musiqi təhsili almış ilk beş Türkiyə bəstəkarı — Rəşid Rey (1904-1985), Fərid Alnar (1906-1978), Adnan Sayqun, Ülvi Cemal Erkin, Necil Akses (1908-1999) 1960-70-ci illərdə artıq tanınmış musiqiçilər idi. Onların ardından yeni bəstəkarlar nəsli yetişməyə başlamışdı. Bununla yanaşı Türkiyədə simfonik əsərlərin ifası üçün yüksək səviyyəli dirijorlara böyük ehtiyac var idi. Bu problemə toxunan Türkiyənin musiqi xadimi, bəstəkar Bülent Tarcan (1908-1999) öz məqaləsində belə yazırdı: «Bizim öz Adnan Sayqunumuz var, lakin təəssüf ki, öz Niyazimiz yoxdur. Opera sənətimizin adından, bütün türk musiqisi adından mən Niyaziyə hədsiz minnətdarlıq duyğularımı bildirmək və belə demək istəyirəm: yaşa, min yaşa, Niyazi! «.
Niyazi Türkiyəyə gedən ilk Sovet dirijoru idi. Türk mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, hətta sadə Türkiyə vətəndaşları biləndə ki, Niyazi azərbaycanlıdır, ona qarşı maraq qat-qat artırdı. Musiqiçilər, tamaşaçılar hər fürsətdən istifadə edərək Niyaziyə Azərbaycan haqqında, onun mədəniyyəti, ədəbiyyatı ilə bağlı müxtəlif suallar verirdilər. Niyazi öz geniş biliyini, istedadı və türk xalqına bəslədiyi səmimi hissləri sayəsində türk ictimaiyyətinin dostluğunu və hörmətini qazanmışdı.
İlk gəlişindən Niyazi geniş və zəngin proqramla çıxış etməyə çalışırdı. Bu məqsədlə o, dünya klassiklərinin, Azərbaycan və türk bəstəkarlarının əsərlərinə müraciət edərək Ankara Cumhurbaşkanlığı simfonik orkestri və Ankara opera və balet teatrının solistləri ilə konsert və tamaşalarla çıxış edirdi. Həmin konsertlərdə Niyazinin dirijorluğu ilə P.Çaykovskinin dördüncü simfoniyası və «Romeo və Culyetta» uvertüra-fantaziyası, N.Borodinin «Knyaz İqor» operasından «Qıpçaq rəqsləri», H.Venyavskinin Skripka və orkestr üçün konserti (solist — orkestrin konsertmeysteri Oktay Dalaysel), A.Sayqunun üçüncü simfoniyası və Fortepiano konserti böyük məharətlə ifa olunmuşdu.
Bu çıxışlar türk mətbuatında da geniş işıqlandırılırdı. Adnan Sayqun Niyazinin ecazkar sənətindən, bəstəkarın əsərləri dərk edib ustalıqla ifa etməsindən yazaraq aldıqları əsl zövqə görə Niyaziyə səmimi minnətdarlığını və təşəkkürünü bildirirdi. Musiqi tənqidçisi Orxan Tanrıqulu Türkiyədə bundan öncə P.Çaykovskinin və N.Borodinin əsərlərinin belə müstəsna dərəcədə parlaq və canlı səslənməsini eşitmədiklərini, Niyazinin ifasında isə əsl rus musiqisini dinlədiklərini yazmışdı. Niyazi Ankara opera teatrının səhnəsində P.Çaykovskinin «Yevqeni Onegin» operasını və «Yatmış gözəl» baletini bərpa edərək yüksək məharətlə tamaşaya goydu.
Onun musiqili teatr sənətində olan böyük təcrübəsi, dirijorluqla yanaşı bir rejissor və tamaşaların bədii rəhbəri kimi də çalışması, solistlər, xor və orkestr arasında harmonik ünsiyyətin yaranmasına imkan verirdi.
Azərbaycan dirijorunun müxtəlif illərdə İstanbul, Ankara və Konyada verdiyi konsertlər, qoyduğu tamaşalar Türkiyənin əlamətdar mədəniyyət hadisələrinə çevrilirdi. Niyazinin idarə etdiyi konsertlərdə görkəmli sənətçilər: türk pianoçuları Ayşegül Sarıca, İdil Biret, opera sənətçisi Suna Korad, skripkaçı Suna Kan, Oqtay Dalaysel və əcnəbi solistlər iştirak edirdilər. Simfonik orkestrin ifasında Volfqanq Amadey Motsart, Rixard Vaqner, Lyudviq van Bethovenin əsərləri ilə yanaşı Fikrət Əmirovun «Azərbaycan kapriççiosu», Sultan Hacıbəyovun «Orkestr üçün konsert», Niyazinin «Rast» simfonik muğamı və «Tərəkəmə» simfonik rəqsi də ifa olunurdu.
Türkiyədə çox sevilən Pyotr Çaykovskinin «Yevgeni Onegin», «Qaratoxmaq qadın» və Cüzeppe Verdinin «Aida» operalarının təfsiri teatr səhnələrində ölkənin musiqi ictimaiyyətinin və musiqi sevərlərin diqqət mərkəzində dururdu. Niyazidən öncəki illərdə İstanbul səhnəsində İtaliya dirijoru və İsveçrə rejissoru tərəfindən «Yevqeni Oneqin» operası tamaşaya qoyulsa da uğursuz alınmışdı. Bu barədə İstanbul mətbuatında mənfi, tənqidi rəylər dərc olunmuşdu. 1965-ci ildə İstanbulda bu operanın yeni tamaşasında Niyazi əsərin musiqi dramaturgiyasını qavramaq, musiqinin səciyyəvi xüsusiyyətlərini təsirli şəkildə təqdim etmək bacarığını göstərdi. 1966-1967-ci illərdə Niyazi yenə Ankara opera teatrına dəvət olundu. Bu dəvət P.Çaykovskinin «Qaratoxmaq qadın» operasının tamaşaya qoyulması ilə əlaqədar idi.
Böyük uğur qazanan tamaşaya həmin dövrdə Türkiyənin prezidenti olan Cevdet Sunay da təşrif buyurub, Niyazini və yaradıcı kollektivi təbrik edib. Mətbuat bu tamaşanı Türkiyənin teatr həyatında böyük bir hadisə, Türkiyə ilə Sovet İttifaqı arasında mədəni əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi işində önəmli tədbir kimi dəyərləndirib.
Oktay
Xalq Cəbhəsi.-
2012.- 14 sentyabr.- S.13.