İlk qadın
xanəndələrimiz
Azərbaycan şifahi professional musiqinin təzahürü olan muğam müxtəlif aspektlərdən öyrənilsə də, bu son dərəcə mürəkkəb bədii hadisənin quruluşu, ifaçılıq ənənələri, fəlsəfi-estetik məzmunu, analoji janrlarla oxşar və fərqli cəhətləri hələ də kifayət qədər araşdırılmamışdır. Son dövrdə muğamın yalnız bir sənət nümunəsi kimi deyil, həm də xalqın mənəvi dünyasının, demək olar ki, bütün sahələrinə sirayət edən təfəkkür tərzi kimi tədqiqi yuxarıda sadaladığımız problemlərin aktuallığını daha da gücləndirir.
Digər tərəfdən, məlum olduğu kimi, 2003-cü ildə muğam YUNESKO-nun şifahi və qeyri-maddi irsə dair xüsusi komitəsi tərəfindən «Bəşəriyyətin şah əsəri» elan edilmişdir. Azərbaycan mədəniyyəti üçün son dərəcə böyük önəm daşıyan bu qərarın qəbul edilməsilə əlaqədar muğamın qorunması və inkişafına xidmət edən geniş məzmunlu fəaliyyət planı tərtib edilmişdir. Səciyyəvidir ki, bu «meqa-layihənin» əsas müddəalarından biri muğamın tarxi və nəzəriyyəsinə dair tədqiqat işlərinin fəallaşmasını, onun müasir metodoloji əsaslarla öyrənilməsini nəzərdə tutur.
Azərbaycan muğam ifaçılığının tədqiqilə bağlı olan problemlər arasında xüsusilə qadın xanəndələrinin yaradıcılığının əhəmiyyətini vurğulamaq olduqca vacib və önəmlidir. Bu bir danılmaz həqiqətdir ki, XX əsrdə Azərbaycan muğamının çiçəklənməsində, onun rəngarəng bədii axınlar şəklində fəaliyyət göstərməsində qadın xanəndələrinin önəmli rolu olmuşdur. Onların yaradıcılığı, ifaçılıq dəst-xətlərinin özəllikləri ayrı-ayrı publisistik, populyar səciyyə daşıyan yazılarda işıqlandırılsa da qadın xanəndələrimizin milli musiqi mədəniyyətimizdə oynadığı tarixi rol vahid proses kimi bu vaxta qədər tədqiq olunmamışdır. Əsrlərdən bəri Azərbaycan musiqi mədəniyyətinin inkişafında yaradıcı qadınların əvəzedilməz rolu olmuşdur. XX əsr Azərbaycan qadın ifaçılığının inkişafında tamamilə yeni bir səhifə açmışdır. Keçən əsrin başlanğıcında Azərbaycanın ictimai-sosial, mədəni-ideoloji sahələrində baş verən əsaslı dəyişikliklər, təbii ki, ənənəvi ifaçılığın inkişafına da önəmli təsir göstərmişdir. Xalq musiqi ifaçılığının keyfiyyətcə yeni xüsusiyyətlər əldə edilməsi prosesinə təsir göstərən amillər arasında biz ilk növbədə XX əsrin əvvəllərində Azərbaycan təşəkkül tapmış opera sənətini qeyd etməliyik. Şərq və Qərb musiqi təfəkkürlərinin bədii sintezinin ilk təzahürü olan muğam operalarında Üzeyir Hacıbəyov yaradıcılığının tədqiqatçısı V.Vinoqradovun fikrincə, «məhz xalq yaradıcılığı nəinki əsərin süjetini, həm də onun səhnə həllinin formalarını təyin edirdi». Məlum olduğu kimi, muğam operalarında klassik operanın ənənəvi formalarını əvəz edən improvizə səciyyəli epizodlar mövcuddur. Ü.Hacıbəyovun qeyd etdiyi kimi, «Mügənnilərin oxuduqdarı muğam ladında mətndən kənara çıxmamaqla improvizasiya ilə məşğul olmalarına tam ixtiyar verilirdi. Hər bir muğamın olduqca çox improvizasiya variantı vardır, ona görə də hər bir müğənni «Leyli və Məcnun»dan ariyaları öz bildiyi kimi oxuyurdu».
Muğam
operaları son dərəcə unikal bədii hadisədir.
Özünəməxsus dramaturgiyaya, orijinal bədii ifadə
vasitələri sisteminə malik olan muğam operaları,
heç şübhəsiz, ənənəvi muğam
ifaçılığının çiçəklənməsinə
də bir təkan vermişdir.
Muğam
operalarının təşəkkül dövrünü
işıqlandırarkən, qadın rollarının ilk
ifçıları haqqında da məlumat vermək
lazımdır. Azərbaycan səhnəsində (yalnız
opera səhnəsi nəzərdə tutulmur) qadın
rollarını ifa etmiş aktyorlardan Muxtar Məmmədov, Əhməd
Ağdamski, Yunis Nərimanov, Cəlil Bağdadbəyov, Əliqulu
Qəmküsar, İsgəndər Babayev, Şeyda bəy Xəlilbəyov,
M.Kazımovski, Hüseynağa Hacıbababəyov, Ələkbər
Süheyli və b. göstərmək olar. Milli opera sənətimizin
mürəkkəb təşəkkül dövrünü səciyyələndirən
Üzeyir bəy Hacıbəyov sonralar yazırdı ki,
«qadın rollarında da kişilər çıxış
edirdi, çünki Azərbaycanda qadın nəinki
tamaşaçılar qarşısında çıxmağa,
hətta xəlvət küçələrdə
çadrasını açmağa belə cəsarət
etmirdi».
Keçən
əsrin 20-ci illərindən başlayaraq opera səhnəsində
ilk azərbaycanlı qadınlar çıxış etməyə
başladı. Fikrimizcə, məhz göstərilən
faktı Azərbaycanda qadın xanəndəlik sənətinə
təkan vermiş bir amil kimi təfsir etmək olar. Bu səbəbdən
də Azərbaycan muğam operalarında iştirak emiş ilk
qadın müğənnilərin yaradıcılıq yoluna nəzər
salmaq məqsədəuyğun olardı. Sürəyya Qacar
(1910 — 2001) Azərbaycan muğam operalarında və musiqili
komediyalarda iştirak etmiş ilk qadın müğənnilərimizdəndir.
Gözəl messo-soprano səsinə malik olan Sürəyyya
Qacarın ifaçılıq sənəti üçün
incə zövq, parlaq artistizm, yüksək səhnə mədəniyyəti
xas idi. 1927-39-cu illər ərzində Azərbaycan Dövlət
Opera və Balet Teatrının solisti olmuş Sürəyya
Qacar Leyli, Əsli, Gülnaz, Asya (Üzeyir Hacıbəyovun
«Leyli və Məcnun», «Əsli və Kərəm», «O
olmasın, bu olsun», «Arşın mal alan» əsərlərində),
Şahsənəm (Zülfüqar Hacıbəyovun
«Aşıq Qərib» operasında) partiyalarında
çıxış etmişdir. Keçmiş SSRİ-nin bir
çox şəhərlərində, İranda qastrolllarda
olmuş Sürəyya Qacar Azərbaycan musiqisinin təbliği
sahəsində də az iş görməmişdir. Səciyyəvidir
ki, Sürəyya Qacarın repertuarına opera ariyaları, bəstəkar
mahnıları ilə yanaşı, Azərbaycan xalq
mahnıları və muğamlar da daxil idi.
Azərbaycan
qadın xanəndələri arasında öz dəsti xəttilə
seçilən müğənnilərdən biri də Cahan
Talışınskaya (1909 — 1967) olmuşdur. Muğam sənətinin
araşdırıcılarının fikrincə, məlahətli
səsə, nadir improvizə qabiliyyətinə, gözəl
aktyorluq istedadına malik olan Cahani Talışinskaya
muğamları ifa edərkən də «lirik qəhrəmanın
əhval — ruhiyyəsi ilə yaşayırdı».
C.Talışinskaya da öz taleyini musiqili teatr ilə
bağlamışdır. Yuxarıda qeyd etdiyimiz kimi
böyük aktyorluq istedadına malik olan Cahan xanım Tiflis Azərbaycan
teatrının, Azərbaycan musiqili komediya teatrının səhnələrində
unudulmaz obrazlar yaratmışdır. Bu yaddaqalan obrazlar
qalereyasında biz xüsusilə Telli, Sənəm
(«Arşın mal alan», «O olmasın bu olsun», Ü.Hacıbəyov),
Nargilə («Gözün aydın» F.Əmirov), Lalə («Durna»,
S.Rüstəmov) rollarını qeyd etmək istərdik. Cahan
xanım Talışınskaya «Leyli və Məcnun (Leyli), «Əsli
və Kərəm», (Əsli) «Aşıq Qərib» (Şahsənəm)
kimi muğam operalarında da parlaq obrazlar
yaratmışdır. Şübhəsiz ki,
C.Talışinskaya Azərbaycan musiqi tarixinə yalnız opera
müğənnisi kimi deyil, həm də bir xanəndə
kimi daxil olmuşdur. Son dərəcə məlahətli tembrli
səsə malik olan Cahan xanım muğamsevərlərin
yaddaşında «Qatar», «Segah», «Bayatı — Şiraz»
muğamlarının və «Qarabağ şikəstəsi»nin
mahir ifaçısı kimi qalmışdır. Cabbar
Qaryağdıoğlu, Seyid Şuşinskinin
ifaçılıq ənənələrini davam etdirən
Cahan xanım Talışinskaya daim axtarışda olan, Azərbaycanın
ucqar rayonlarından autentik musiqimizin itib-batmaqda olan nümunələrini
öyrənən və sonralar onları öz
yaradıcılıq təxəyyülündən keçirərək,
yenidən xalqa qaytaran yaradıcı qadın xanəndələrimizdəndir.
Oktay
Xalq Cəbhəsi.- 2012.- 15-17
sentyabr.- S.13.