Butanın məqamı, məkanı, ünvanı…

 

Buta almaq qəhrəmanın daxili aləmini kökündən dəyişdirir

 

Xalçalarda, teleekranlarda, divarlarda və s. qarşılaşdığımız buta nə deməkdir, hansı anlayışı ifadə edir? Filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin bu mövzu ilə bağlı maraqlı araşdırması var. O, bildirir ki, xalq təfəkküründə buta anlayışına münasibət də, folklorşünas və etnoqraflarımızın bu məsələyə baxışları da rəngarəngdir, elə butanın özü kimi çoxçalarlı, əlvan naxışlıdır: «Ona görə ki, butanın rəmzi qatlarında özlüyündə çox sirlər gizlənib. Mifik təfəkkür dünyasından qaynaqlandığına görə, ilk növbədə əski çağların fikir palitrasına baş vurmalıyıq. Özü də təkcə butanın rəmzi mahiyyətini çözələməklə məsələni məhdudlaşdırmaq olmaz, «buta» sözünün daşıdığı leksik məna çalarlarını da buraya daxil etmək vacibdir. Düzdür, bu barədə də müəyyən fikirlər mövcuddur, ancaq hələ də tam mənası ilə bu sözün özülünü açıqlaya bilməmişik… Hələ Nizami Gəncəvi, Xaqani, Füzuli, Xətayi və başqa klassiklərimiz əsərlərində folklorumuzdan bəhrələnmə motivi kimi buta amilindən yaradıcılıqla istifadə edib, buta məsələsinə poetik münasibət bildirmələrini, butanı aşiqlərə müxtəlif obrazların (Xosrova babasının, yaxud digər aşiqlərə «hatif»dən gələn səsin, ya Xızırın ilham verməsi, eşq badəsi içirməsi və s.) verməsini də bu araya qatsaq, onda butanın özlüyündə nə dərəcədə zəngin xallar daşıdığını əyani görərik».

Araşdırmaçının fikrincə, «buta» deyiləndə xəyalımızda qız-gəlinlərimizin geyimlərində, ya cehizlik məmulatlarında və s. təsvirini tapmış naxışlar canlanır: «Buta deyiləndə, hər şeydən öncə, məhəbbət dastanlarımızda gənclərə içirilən eşq badəsinin vasitəsilə buta — sevgili, nişanlı obrazı verilməsi (göstərilməsi) xəyalımıza gəlir. Lakin Məmmədhüseyn Təhmasib buta-sevgili məsələsinə daha geniş çevrədən yanaşır. Belə ki, alim təkcə məhəbbət dastanlarımızda aşiqlərə röyada verilən haqq aşiqliyini, butanı nəzərdə tutmaqla «buta» sözünün məna arealını daraltmır, habelə qəhrəmanlıq dastanlarımız da daxil olmaqla ümumiyyətlə, sevgilini — qız qəhrəmanı «buta» adlandırır. Bu sevgili — buta aşiqə (oğlana) yuxuda da verilə bilər, göbəkkəsmə də ola bilər, oğlan qızın sorağını eşidib, ya şəklini də görüb vurula bilər, ya «Valeh-Zərnigar» dastanındakı kimi aşıq kimi deyişməklə müsabiqə, ya Ərəbzəngi obrazındakı kimi güləşməklə də, döyüş yolu ilə də sevgilisi — butasını ala bilər. Habelə «Kitabi-Dədə Qorqud», «Koroğlu» və başqa qəhrəmanlıq dastanlarımızdakı Selcan xatun, Banıçiçək, ya Nigar xanım, digər qəhrəman qadınlarımız da öz həyat yoldaşları üçün sevgili — başqa sözlə, buta obrazını təmsil edirlər».

Buta almaq qəhrəmanın daxili aləmini kökündən dəyişdirir. Belə ki, Qurbani əmisindən aldığı iki öküzün birini canavara verir, «Abbas-Gülgəz»də molla yanında şagird duran Abbas yazıb-oxumağı bacarmayan bir gəncdir. «Aşıq Qərib»də Qərib ata malını kefə, qumara xərcləyib uduzur və s. bu kimi acizlik keyfiyyətləri ilə seçilən gənclər — gələcək aşiq obrazlarından biri — Qurbani mağarada, Abbas bağda, Qərib atasının qəbri üstündə yatarkən, yuxuda onlara dərviş, ya Xızır (ya da qayibdən gələn sehrli səs sahibi) eşq badəsi içirir, iki barmağının arasından aşiqlərə bağ, şəhər, çarhovuz, gözəllər yığnağı və s.-in içindən bir gözəl qız — sevgili göstərib buta verirlər. Fikir versək, motiv eynidir. Fərq aşiqlərin adlarında olsa da, halı — xasiyyəti eynidir, əllərindən iş-güc gəlməyən gənclərdir. Bəs niyə belə fağır görkəmdə təsvir olunurlar? Məncə, bu fağırlığın — acizliyin arxasında haqqa — ruhaniyyata mənəvi bağlılıq teli dayanır. Belə ki, həmin buta alacaq gənclər elə əvvəlcədən maddi dünya malına bağlanacaq adamlar deyillər. Çünki vurmaq — çalmaq, fərasət, fəndgirlik real dünyanın — maddiyyat aləminin xarakterik keyfiyyətidir. Ancaq həmin aşiqlər — buta almışlar isə haqq vergili olmaqla haqq aşiqləri kimi bilavasitə mənəvi dünyanın sakinləridirlər və sevgi — eşq hissi də ülvilik daşıyıcısı omaqla ruhani keyfiyyəti özündə əks etdirir. Bu, bir özünəxas əlamətdir. Digər tərəfdən isə o aşiqlərdən birinin mağarada, o birisinin bağda, başqa birisinin isə atasının qəbri üstündə yatmaqla röyada eşq badəsi içirilib buta almaları da mahiyyətcə eyni müstəvidə hadisələrin cərəyan etməsindən xəbər verir. Aşiqlərin fağırlığının — acizliklərinin gerisində onların bu dünyaya bağlı olmadıqları amili dayanırsa, elə onların aşiqlik məqamına yetişmə anı da bu dünyadan təcrid olunduqları yuxu prosesində baş verir. Dastanlarda Xızır, ya başqa obrazlar konkret simaları yox, bədii obrazları əks etdirməklə bir məcrada birləşib-eyniləşirlər: onlar hamısı xəyali dərviş obrazının, yaxud mücərrəd — gözlə görünməz olan hatif — qaibdən gələn səs sahibinin Xızıra transformasiya olunmuş variantlarıdır. Bu keyfiyyət butavermə mərasimində növbəti ümumiləşdirici amildir. Dastan dililə desək, «Yusifi Züleyxaya yetirən badələrdən olan» eşq camını aşiqlərə «göz evi örtülü, könül evi açıq olan» vaxtlarda içirdirlər ki, burada da göz evinin — cismaniyyəti ifadə edən gözün yumulu — qapalı olduğu zaman məsələsi diqqətə çəkilir; aşiqi bu dünyaya bağlayan cisminin gözü bu dünyadan təcrid olunub örtülü olduğu və ruhlara xas olan könül qapısının açıq olduğu zamanda — buta alan gəncdə qovuşuq olduğu xaotik məqamda aşiqə eşq badəsi nuş etdirilir. Beləcə, eşq badəsini nuş edən aşiqin sinəsi dəmirçi kürəsi kimi yanır və «Ağa dərviş, yandım, əlac et» deyə fəğan edir. Beləcə, bir neçə gün keçir, ağzından-burnundan köpük gələn aşiqin dərdindən baş aça bilməyib «ilan vurub», «qurbağa dişləyib», «cin vurub», «vurğun vurub» və s. kimi yanlış yerə yozurlar. Əlbəttə ki, xaotik aləmdə vergi almış gənci — aşiqin sirrini bu dünya adamları birdən-birə anlayıb dərk edə bilməzdilər. Ona görə də təsadüfi deyil ki, qəflət uyğusundan oyanan haqq aşiqi istər-istəməz: «Dərdimi dillə desəm, dilim yanar, mənə bir saz verin», yaxud: «Mənə bir başı çömçə, bir başı nimçə verin» deyərək, vəziyyətlərini açıb danışırlar. Özü də çox vaxt sazbənd dükanının bir tərəfində atılıb qalmış, heç kəsin çala bilməyəcəyi qeyri-adi sazı istəyib, həmin sazı çalmaqla həm də butasını bu yolla xəbərdar edir. Dastanlarımızda deyildiyi kimi, «indiyədək əlindən heç bir iş gəlməyən Qurbani butanın gücü ilə aşiq, badənin gücü ilə aşıq olur». Yuxuda fövqəltəbii qüvvələr tərəfindən buta alan aşiqlərin ayılarkən ağız-burunlarından köpük gəlməsinə toxunan araşdırmaçı bildirir: «Buta verilən aşiq həmin anlarda xaotik bir durum keçirir, ölümlə olum arasında ekstaz vəziyyətə düşür. Folklorşünas M.Təhmasib «vurğun vurmaq» ifadəsinə nəzərən «vurğun» ifadəsinin eşq pərisi, məhəbbət məbudu olduğu fikrini irəli sürür və «vurulmaq — aşiq olmaq» mənasının da burdan törədiyini iddia edir. Lakin unutmayaq ki, «cin vurmaq», ya «vurğun vurmaq» ifadələri tibbi dildə işlənən «komaya düşmək, ya ağır stress — sarsıntı keçirmək, ya da kliniki ölüm halına düşmək» və s. kimi bu tipli ağır xəstəliklərin el arasında işlənən variantlarıdır. Onda yenə burdan yuxarıda yürütdüyümüz mülahizəmizin təsdiqi meydana çıxır. Yəni ölüm həddinə yetişən aşiq təzədən dirilik haqqı qazanıb haqq aşiqliyi statusuna yiyələnir. Məhz bununla da ikinci bir ömür — mahiyyətcə yeni bir həyat qazanan gənc öz əvvəlki ömrünü də itirib, yerinə başqa bir mənəvi cəhətdən fərqlənən dünya qurur: ruhi-mənəvi aləmi təzələnmiş bir aşiq simasında təcəlla tapır. Məhz xaotik vəziyyətə düşməkdən yararlanan aşiq obrazı yeni bir simada təcəssümünü tapır. Elə bu mühüm keyfiyyətini qazandığı üçün də M.Təhmasib qeyd edir ki, buta qəhrəmanın daxili aləmini dəyişdirir, hətta dastanlarımızdakı bu tipli qəhrəmanların butadan əvvəlki mənliyi ilə sonrakı mənliyi ziddiyyət təşkil edir. Sevgi — eşq duyğusu insanı mənən cilalayır, keyfiyyətcə dəyişdirir, tərbiyələndirir və ruhən durulaşdırır.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 15-17 sentyabr.- S.14.